General-mayor Natiq Əliyev İŞDƏN ÇIXARILDI
General-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müvafiq sərəncam imzalayıb.

İlham Əliyev Vladimir Putinə məktub yazıb
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç,

Sizi dövlət bayramınız - Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəliləyir. Fəal xarici siyasət kursu Sizin ölkənizin dünya arenasında mövqeyinin gücləndirilməsi üçün etibarlı təməldir.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir.

Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

Fürsətdən istifadə edib koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirirəm.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, uğurlar, bütün rusiyalılara firavanlıq və əmin-amanlıq diləyirəm”.

Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.

"Report"un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə,  polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub.

O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

“Dünən mənim adıma saxta “Facebook” profili açılmışdı.Çox primitiv formada Daxili İşlər Nazirliyinin və polisin ünvanına saxta statuslar yazılmış və paylaşılmışdı. Mənimlə az-çox ünsiyyətdə olan şəxslər bu cızmaqaraların mənim dəsti-xəttimə, deyim tərzimə uyğun olmadığını başa düşmüş, bunun mənimlə Daxili İşlər Nazirliyi arasında qarşıdurma yaratmaq məqsədi daşıdığını mənə bildirdilər”.

Bu barədə demokrat.az-a Milli Məclisin deputatı Vahid Əhmədov özü məlumat verib.

Deputat bildirib ki, sosial şəbəkələrdə əvvəldə, indidə heç bir hesabı olmayıb:

“Təbii ki, mən bunu araşdırmalı idim. Bu məqsədlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müracıət etdim və çox qısa müddət ərzində onlar tərəfindən görülmüş tədbirlər nəticəsində həmin saxta hesab blok edildi və silindi. Mən problemin opertativ şəkildə həllinə görə nazir cənab Vilayət Eyvazova və nazirliyin kollektivinə öz təşəkkürümü bildirirəm”.

Bu sətirləri yazanda belə, ürəyim sıxılır, gözlərim dolur….. 28 il keçib. Mənim üçün  çox ağırdır bu rəqəmi yazmaq.
 
Şuşanın işğalına gеdən yоl Mеşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Хоcalıdan… kеçdi. Bütün bunlara baхmayaraq, Şuşanın işğalına hеç kəs inanmırdı, ağlına bеlə gətirmirdi. Ancaq bu hadisə baş vеrdi və Şuşa 1992-il mayın 8-də SSRİ vaxtından Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı motoatıcı alayın birbaşa dəstəyi ilə еrmənilər tərəfindən işğal еdildi. Şuşanın işğal günü bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür.
Şuşa işğal edilərkən, əldə olunan məlumatlara görə, bu quldurlar tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə yeksan etmişdir.
Bəli, ХХ əsrin sonunda Şuşa tariхdə görünməmiş faciəli hadisələrlə üzləşdi, müvəqqəti də olsa işğal оlundu. Övladları yеrindən – yurdundan didərgin düşdü, şəhidlər vеrdi, ancaq əsrlər bоyu оlduğu kimi sınmadı, əyilmədi və Şuşa indi də yaşayır. Onun əhalisi rеspublikanın 59 rayоnunda 700 yaşayış məntəqəsində məskunlaşmışdır.
İndi bir tarixi keçmişə nəzər salaq. Şuşamızı bir daha gözümüzün önündə canladıraq. Çünki Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.
 
Şuşa Qarabağın incisidir, Azərbaycanın qəlbidir. Yaralı qəlbi…
 
Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb,  Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
XVIII əsrin ortalarında Səfəvilər dövlətinin ərazisində 20-yə qədər xanlıqlar yarandı. Ərazicə ən böyük xanlıqlardan biri də Qarabağ xanlığı idi. Bu xanlığın əsasını Pənah Əli xan qoymuş və onun mərkəzi şiş uclu dağlar əhatəsində yеrləşən Pənahabad sonralar Qala, Şişə və nəhayət Şuşa adlandırılmışdır. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olmuş və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.
Pənah xan 1693-cü ildə Cavanşir elinin Sarıcalı oymağında varlı bir ailədə anadan olmuşdur. Pənah xanın əsil – nəsibi Cavanşir elindəndir. Bunların ata-babaları Cavanşir elində məşhur, adlı-sanlı, əsilli – nəcabətli, xeyriyyəçi, mal-dövlət sahibi olmuş adamlar idi. Pənah xanın atasına İbrahimxəlil ağa, babasına isə Pənahəli bəy deyərmişlər. Bunların hər ikisi Sarıcalı – Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, döyüşlərdə, xüsusilə Nadir şahın apardığı müharibələrdə igidlik göstərmişlər.(Qarabağnamələr. 1-ci kitab. “Yazıçı” B., 1989. səh. 110)
Pənah xan gənc yaşlarından Nadir şahın ordusunda xidmət etmiş, onun bir çox hərbi səfərlərində iştirak edərək qəhrəmanlıq göstərmişdi. Nadir şah Pənah xanın igidliyini və istedadını nəzərə alaraq onu ordularından birinə sərkərdə təyin etmişdi.
Nadir şahın ölümündən sonra Pənah xan Qarabağda Cavanşirlər, Otuzikilər və s. Türk tayfalarının köməyindən istifadə edib Qarabağ xanlığının əsasını qoyur.
“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir.
Qarabağ ərazisi yaradılarkən onun ərazisi geniş idi. Bir ir çox tədqiqatçıların və tarixçilərin yazdığına görə o zaman xanlığın ərazisi Cənub tərəfdən Xudafərin körpüsündən “Sınıq körpü”yə (Qırmızı körpü) qədər, şərq tərəfdən Kür çayının araz çayı ilə birləşən Cavad kəndinə qədər uzanırdı. Qərb tərəfdən isə hündür Qarabağ dağları ilə əhatə olunub, uzunluğu 275 verst, eni isə 200 verst sahəni əhatə edirdi. Şimal tərəfdən isə Qarabağ Gəncə ətrafına, yəni Goran çayına qədər uzanırdı. Bunlardan əlavə Mil və Muğan düzlərinin bir hissəsi də Qarabağ düzənliklərinə qarışırdı. Zəngəzur, Qapan, Naxçıvan sərhəddi və Ordubadın Əylis kəndinə qədər geniş sahələr Qarabağın inzibati ərazi bölgüsünə aid idi.
Pənah xanın hakimiyyəti illərində onun səyi və qayğısı nəticəsində Pənahabad (Şuşa) şəhəri böyük bir ticarət mərkəzi oldu. Şəhərdə tikinti işləri sürətlə genişlənirdi. Şəhərdə əhalini su ilə təmin etmək üçün bir neçə quyu qazıldı. Şəhərdə bazar meydançası, məscid, hamam, mədrəsə və s. inşa edilmişdi. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şuşada olmuş səyyahların verdiyi məlumatlara görə o zaman şəhərdə 2 minə qədər ev və 10 mindən yuxarı adam yaşayırdı. Yeni salınmış şəhərdəki tikinti işləri, xüsusilə meydançalar, evlər və küçələr, Azərbaycanın Bərdə, Gəncə, Şamaxı kimi qədim şəhərlərindəkindən seçilirdi. Şuşanın küçələri nisbətən geniş, evlərin damı isə başqa müsəlman şəhərlərinin evləri kimi yastı deyil, bucaq şəklində idi.
Pənah xanın ölümündən sonra onun oğlu İbrahimxəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu.
XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isəxristian (albanmənşəli) ailələri təşkil edirdi.
Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar (türklər) təşkil edirdi. Rusiya ilə Qarabağ xanlığı arasında 4 may 1805-ci il kürəkçay müqaviləsinin imzalanması ilə Rus imperiyasının tərkibinə daxil olan Qarabağ ərazilərinin xristianlaşdırılması siyasətinin əsasını qоyuldu. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin (hayların) sayının sürətlə artması Rusiyanın 1828-ci ildə Qacarlarla (İranla) Türkmənçay və 1829-cu ildə isə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına (Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və s.) köçürülməsinə başlanıldı. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən illər ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. köçürmə siyasəti nəticəsində azərbaycanlıların (türklərin) sayı 64,8 %-ə еndi, еrmənilərin sayı isə 34,8 %-ə qalхdı. Rus qafqazşünası N.Şavrov yazırdı ki, “XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3milyon erməninin 1 milyonu gəlmədir”.
Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən yeni yaradılmış Qarabağ əyalətinin, 1840-cı ildə isə Şuşa qəzasının mərkəzinə çevrildi.
Çar hökumətinin təşəbbüsü və himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü daşnak partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.
1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. Çar hökuməti ermənilərə böyük kömək göstərirdilər. Lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də “Difai” partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.
 
Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər.. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.
 
1918-20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətanəti, şuşalıların qəhrəmanlığı və cəsarəti sayəsində, böyük itkilər hesabına da olsa şəhər ermənilərə təslim edilmədi. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər.
 
1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi.
 
Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N.S.Xruşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi və Şuşa yenidən dirçəldi. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi. (Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009)
 
Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.
 
Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.
Şuşa “mağarası” Cıdır düzünün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir. 1976-cı ildə mağarada aparılmış qazıntı işləri zamanı eramızdan əvvəl VII-IV əsrlərə aid arxeoloji materiallar tapılmışdır.
 
Şuşada aşağı və yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər var idi.
 
Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.
 
Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.
 
Şuşalıların çoxu bəy və xan nəslindən idi. Buna görə də çox təmkinli olublar. Şuşalıları hövsələdən çıxarmaq bir o qədər də asan məsələ deyildi. Amma bu təmkinin də öz həddi vardı. Bu həddi pozan hər kəs qarşısında qorxmaz, cəsur, ölümün gözünə dik baxan cəngavər görürdü.
 
Şuşada söyüş və nalayiq ifadələr eşitmək olmazdı. Şuşa bəlkə də dünyada yeganə yer idi ki, burada hətta ən nadinc uşaqlar futbol oynayanda söyüş söymürdülər. Şuşa çox firavan və təhlükəsiz şəhər idi. Respublika və dünya əhəmiyyətli mədəniyyət və tarixi abidələrinin zənginliyinə görə hələ sovet dövründə ona qoruq şəhər statusu verilmişdi.
Şuşa şəhəri məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin vətənidir. Xalq arasındayaxşıdemişlər:
 – Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir! Həqiqətən belədir. Cəsarətlə demək olar ki, Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir.
 
Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmayacaq.
 
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın tarixi şəxsiyyətlərini, ziyalılarını, milli qəhrəmanlarını tanımaq bir vətəndaşlıq borcudur:
 
Qasım bəy Zakir (1784-1857) – Şair, Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın banilərindən biri.
• Xurşidbanu Natəvan (1830-1897) – XIX əsrin ən görkəmli Azərbaycan şairəsi.
• Mir Möhsün Nəvvab (1833-1918) – Şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı.
• Nəcəf bəy Vəzirov (1854-1926) – XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi.
• Əbdürrəhimbəy Haqverdiyev (1870-1933) – Dramaturq, nasir, rejissor, alim.
• Yusif Vəzir Çəmənzəminli (1887-1943) – Görkəmli Azərbaycan yazıçısı.
• Firidun bəy Köçərli ( 1863-1920) – Ədəbiyyatşünas və tənqidçi. “Azərbaycan türklərinin ədəbiyyatı” adlı irihəcmli əsərin müəllifi.
• Kərimbəy Mehmandarov (1854-1929) – Həkim.
• Həmidə xanım Cavanşir (1873-1955) – Azərbaycanın ilk maarifçi qadınlarından biri.
• Validə Xaspolad qızı Tutayuk (1914-1980) – Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü.
• Bədəl bəy Bəşiroğlu Bədəlbəyli (1875-1932) – Azərbaycanın Maarif xadimi
• Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu – Firəng Əhməd) (1869-1939) – İdeoloq, jurnalist, publisist, məşhur “Difahi” təşkilatınınyaradıcısı.
• Əbdülbaqi Bülbülcan Zülalov (1841-1927) – Xanəndə.
• CabbarQaryağdıoğlu (1861-1941) – Xanəndə.
• İslam Əbdül oğlu Abdullayev (Segah İslam) (1876-1964) – Xanəndə.
• Qasım Abdullayev (ZabulQasım) (1873-1927) – Xanəndə.
• SeyidŞuşinski (1889-1965) – Xanəndə.
• Bülbül (Murtuza) Rza oğlu (1897-1961) – SSRİ Xalq artisti, müğənni.
• XanŞuşinski (1901-1979) – Xanəndə.
• Rəşid Behbudov (1915-1989) – SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, müğənni.
• SadıqƏsədullaoğlu (Sadıqcan) (1846-1902) – Tarzən.
• QurbanPrimov (1880-1965) – Tarzən.
• Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (1885-1948) – Dünya şöhrətli bəstəkar, Şərqin ilk operasının yaradıcısı.
• Fikrət Cəmiloğlu Əmirov (1922-1984) – Bəstəkar
• Niyazi Hacıbəyov (1912-1984) – SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar, dirijor.
• Mehdi Əsədulla oğlu Məmmədov (1918-1985) – SSRİ Xalq artisti, aktyor, rejissor, pedaqoq.
• Barat Həbibqızı Şəkinskaya (1914-1978) – Azərbaycan Respublikasının xalq artisti
• Lətif Hüseyn oğlu Kərimov (1906-1991) – Rəssam, Azərbaycan müasir xalça sənəti məktəbinin yaradıcısı.
• Fərəcbəy Ağayev (1811-1891) – Çar ordusunun General-leytenantı.
• Səməd bəy Mehmandarov (1856-1931) – General-leytenant, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri.
• Yaqub Allahqulu oğlu Quliyev (1900-1942) – General-mayor, Stalinqrad qəhrəmanı.
• AslanVəzirovFərhadoğlu (1910-1988) – Polkovnik, Sovet İttifaqı Qəhrəmanı.
• Xəlil Məmmədoğlu Məmmədov – Sovet İttifaqı Qəhrəmanı.
• Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu (1911-1986) – Görkəmli rejissor, Azərbaycanın xalq artisti.
• Bədəlbəyli Əfrasiyab Bədəlbəyoğlu (1907-1976) – bəstəkar, dirijor, musiqişünas, librettoçu.
• Bədəlbəyli Fərhad Şəmsi oğlu (1947) – Məşhur pianoçu, Azərbaycanın xalq artisti.
• Ələsgərov Süleyman Əyyub oğlu (1924-2001) – Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti.
• Hacıbəyli Ceyhun Ədülhüseyn oğlu (1890-1862) – ADR-nın görkəmli dövlət xadimi, publisist.
• Hacıbəyov Sultan İsmayıl oğlu (1919-1974) – Bəstəkar, Azərbaycanın xalq artisti, pedaqoq.
• Hüseynov Rafiq – Tanınmış diktor, Azərbaycanın xalq artisti.
• Məhərrəmov İdris Məhəmməd oğlu – Partiya və dövlət xadimi.
• Kərimova Flora Ələkbərqızı – Müğənni, Azərbaycanın xalq artisti.
və başqaları.
 
MİLLİ QƏHRƏMANLARI
 
• Hüseynov Sadıq Dayandur oğlu (1961-1992)
• Qəmbərov Ramiz Bulud oğlu (1962-1992)
• Məmmədov Nizami Murad oğlu (1958-1992)
• Teymurov Rizvan Rəhman oğlu (1967-1991)
Yadellilərin bu şəhəri özününküləşdirmək arzusu heç vaxt gerçəkləşməyəcək. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyəcək.
Şah İsmayıl Xətai, Nadir şah, Xan Qacar, Cavad xan, Mehmandarov, Şıxlinski kimi sərkərdələri olan xalqın torpağı işğalda qala bilməz. Çox da uzaqda olmayan gün gələcək, Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə  yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq. Uşaq səslərinin cingiltisi və Qarabağ muğamının, musiqisinin sədaları ətrafa yayılacaq.
Mən bu yazını yazmaya bilməzdim. Çünki atamın və babalarımın doğulduğu Kəlbəcərin qardaşıdı Şuşa!
 
Səbinə Hüseynova / 09 iyun 2020. İstanbul
“İşin arxasında xarici kəşfiyyat var və sabah bunun üstü açılanda hamı mənə “halal olsun” deyəcək”
 
Yasamal insidenti – iyunun 7-8-də xüsusi karantin rejiminin pozulmasından qaynaqlanan və polisin vətəndaşlara qarşı olduqca sərt tədbirlərə əl atmasınadək gedib çıxan hadisənin müzakirəsi gündəmdən düşmür. Böyük Quruluş Partiyasının sədri, Milli Məclis üzvü Fazil Mustafanın polis əməkdaşlarının müdafiəsinə qalxaraq, polisin üzərinə zibil atmağı güllə atmağa bərabər tutması müzakirələri mübahisə, oradan da söyüşmə müstəvisinə daşıdı. Bundan sonra polis zorakılığına məruz qalmış sakinləri müdafiə edənlərlə deputat arasında qarşılıqlı təhqir üst səviyyəyə qalxdı.

 
Fazil Mustafanın məsələ ilə bağlı ayna.az-a verdiyi müsahibəni təqdim edirik:
 
– Fazil bəy, camaatı hər şeydən əvvəl bilirsiniz, nə maraqlandırır? Niyə hökuməti, hakim partiyanı təmsil edən hansısa şəxs deyil, məhz Fazil Mustafa – müxalifət partiyasının sədri hökumətin addımının müdafiəsinə qalxdı? Həm də aşırı şəkildə!
 
– Mən hökuməti yox, dövləti müdafiə edirəm. Karantin rejimində vətəndaşın sağlamlığını qoruyan iki təbəqə var: həkimlər və polislər. Biz polisi hökumət kimi müdafiə eləmirik. Karantin rejiminin qaydalarını qoruyan vacib ünsür kimi müdafiə edirik. Polis Daxili İşlər Nazirliyi olaraq hökumətin bir strukturudur. Lakin bu gün polisin funksiyası mənim vətəndaş olaraq sağlamlığımı qorumaqdan ibarətdir və sağlamlığımı qorumaq üçün də başqa vətəndaşın virusu yoluxdurmasına imkan yaratmamalıdır. Polisi ona görə dəstəkləyirəm ki, kiminsə karantin vaxtı küçəyə çıxaraq məsuliyyətsiz formada xəstəliyi mənə yaymasına imkan vermir. Məsələnin mahiyyəti budur.
– Amma polisi müdafiə etməkdə, sanki tələsdiniz. Çünki sizin açıqlamalarınızdan sonra Daxili İşlər Nazirliyi rəsmi münasibət bildirdi və bir polisin işdən çıxarıldığını bəyan etdi. Ardınca Milli Məclisin birinci vitse-spikeri səviyyəsində polisin nöqsanı etiraf olundu. Bunlardan sonra tələsdiyinizi qəbul edirsiniz?
 
– Qətiyyən. Mən niyə tələsməliyəm ki? Sadəcə, burada hadisələr iki yerə bölünür. Yəni cəmiyyət iki məsələdən hansına önəm verməlidir?! Məlumdur ki, polis birinci dəfədir, zorakılıq eləmir. Sadəcə, kameralarda əks olunmayıb digər hallar. Məgər, polis bu günə qədər adam döyməyib, rüşvət almayıb? Biz polisi təmizə çıxarmırıq ki… Kameralarda da aydın görünür ki, polis qanunsuz hərəkət edib. Hər şey qanunauyğun edilməli idi, lakin edilmədi. Burada təəccüblü bir şey yoxdur ki, insanlar şoka düşsünlər. Hər gün rastlaşdıqları insidentdir. Söhbət Gəncə hadisələrini yaşamış bir cəmiyyətin eyni ssenarinin simptomlarını hansısa bir formada yaşamasından və bu dövlətə qarşı müəyyən addımların atılmasından gedir. Biz bu məsələdə önəmi daha çox polisin üzərinə zibil atılmasına verdik ki, bu, birbaşa dövlətin üzərinə zibil atılmasıdır və sürü psixologiyası ilə də bunu dəstəkləmək, məhz dövlətə qarşı narazılığı polis üzərindən bildirmək deməkdir. Bu isə yanlış bir xətdir. Çünki sabah polis o küçədən çəkilsə, ölkədə epidemiya baş alıb gedəcək. Sabah həkim virusa yoluxsa, xidmət edən olmayacaq və ölkə İtaliyadan pis vəziyyətə düşəcək. Polisin əməlində zorakılıq varsa, bunun əleyhinə şikayət mexanizmi var və bundan istifadə oluna bilər. Amma insanlar kütləvi şəkildə zibilləri binalardan polisin üzərinə atır və onu funksiyasını yerinə yetirməyə imkan vermirsə, təbii ki, qarşısısı alınmalıdır. Bəli, polis zorakılıq tətbiq edib və cəzasını almalıdır. Biz demirik ki, polis ağıllı hərəkət edib! Amma söhbət, guya insan haqlarını qorumaq adıyla xarici ölkələrin əlində alət olmuş adamların yönləndirilməsindən gedir. Hətta, Bəxtiyar Hacıyev bu hadisəni Xocalı faciəsi ilə müqayisə etdi. Məgər, orada ölüm-itim oldu? Gündə yüzlərlə belə zorakılıq halları olur, edənlər də cəzalarını alırlar. Bəs, bunu ermənilərin törətdiyi soyqırıma bərabər tumaq nə deməkdir? Bu, ixtişaşa çağırış deyil?
 
– Özünüz də qeyd etdiniz ki, bu, polisin ilk zorakılığı deyil. Lakin ilk dəfə zorakılıq faktı bu qədər ictimailəşdi. Həm də polislərin özləri tərəfindən. Onların lentə aldıqları kadrları sosial şəbəkələrdə yayıldı. Bəs, polis bununla nə demək istəyirdi?
 
– Polis daxilindəki müəyyən bir qrup, müəyyən dərəcədə ictimai problemlərin yaranmasına xidmət edən şəxslər bilərəkdən, ya bilməyərəkdən bu addımı atdı və qanunsuz davranışla təxribat törətdilər.
 
– Polis daxilində təxribat…?

– Bəli. Vətəndaşın başına qanunsuz halda yumruq vurmaq, qadını təhqir edərək videoya çəkmək, əlbəttə ki, düzgün deyil. Yaxud çəkib bunu yaymaq olarmı? Ola bilsin ki, bu, bir əməliyyatdır və hər əməliyyat çəkilir. Yaxşı, bunu yaymaq nə qədər düzgündür? Digər tərəfdən, vətəndaşı tutub aparıblar. Vətəndaş isə deyir ki, onu döyüblər. Döydüyün adamı dərhal buraxırsan ki, onun döyüldüyü təsdiqini tapsın? Məgər, ssenarinin nəyə doğru getdiyini görmürsünüz? Ona görə də küyə düşərək Azərbaycan dövlətinin təməlinin sarsılmasına xidmət etmək olmaz. İnsan haqları təbii ki, qorunmalıdır. Amma karantin vaxtı onsuz da insan haqlarının pozulması dövrüdür və hamımızın haqqı pozulub. Hamımıza deyiblər ki, evdə oturmaq lazımdır. Kimin haqqı tapdalanmayıb ki? Amma bu, məcburidir. Dövlət bunu öz ağlıyla etməyib. Bunu ABŞ da, Türkiyə də, Çin də edir. Hətta, Çində qapıları qaynaqla bağlayırdılar ki, camaat çölə çıxmasın. Bizdə hələ yumşaq formada deyilir ki, “bunu edin”. Maska ilə bağlı cəza təyin etmişik, amma polis özü maska paylayır, cəzalandırmır. Bəs, belə olan halda insanlar niyə məsuliyyətsiz davranırlar? buna görə də yoluxanların sayı artmaqdadır. Başa düşürəm ki, yoxsulluqdur, insanların gəlirləri aşağı düşüb. Amma indi ümumilli fədakarlıq, dəyanət göstərmək lazımdır. Lakin insanlar bunun əvəzinə bütün bunları təmin edən qüvvələri sındırırlar. Biz sındırılanların yanında yer almalıyıq, yoxsa qaydaları pozanları qorumalıyıq? Mən müxalifət partiyasının rəhbəriyəm, amma bu dövlətin vətəndaşıyam, dövlətimin sarsılmasını istəmirəm. Mənə nə var ki, hökumət hansı qərarı verəcək, ya verməyəcək?! Söhbət bu günlər ərzində ümumi tabeçilikdən gedir. Tabe olmalıyıq ki, bu proses də sürətlə başa çatsın.
 
– Bayaq polisin apardığı və yayımladığı çəkilişlə bağlı dediyiniz fikrə qayıtmaq istəyirəm. Dediniz ki, kimlərsə təxribata əl atıblar. Amma onların heç biri cəzalandırılmadı…
 
– Artıq bir nəfər cəzalandırılıb, işdən çıxarılıb və xidməti araşdırma aprılır.
 
– Həmin şəxs videoçəkiliş aparan deyil, qadını təhqir edəndir. Halbuki, çəkilişlər bir neçə polis əməkdaşı tərəfindən, müxtəlif istiqamətlərdən çəkilib.
 
– Aldığım məlumata görə, onların da bir neçəsi haqqında xidməti araşdırma aparılıb və cəzalandırılıblar.
 
– Gələk Sizin sosial şəbəkələrdəki ifadələrinizə. Biz sizi daim ziyalı, maarifpərvər deputat kimi tanımışıq. Amma ifadələriniz şok effekti yaratdı: Fazil Mustafa vətəndaşlara “it sürüsü deyir”…
 
– O, Bəxtiyar Hacıyevə deyilmiş sözdür. Bu, polisə, həkimə, xalqa, millətə deyilməyib. Kim ki, özünü o “sürü”də görürsə, özünə aid edə bilər. Mən o ifadələri polisə zibil atanları dəstəkləyənlərə demişəm, polis zorakılığına qarşı çıxanlara deməmişəm. Mən deyirəm ki, Azərbaycan polisinə zibil atanları dəstəkləyənlər it sürüsüdür. Başqa nə ad verim onlara – ziyalı?
 
– Söhbət qarşıdakı şəxslərin kimliyindən deyil, deputatın leksikonundan gedir.
 
– Deputat dövləti sarsıdan insanlara nə deməlidir? Mən bunu dövlətin polisinin, dolayı yolla, dövlətin başına zibil atan hər kəsə demişəm və bu gün də deyirəm ki, onlar it sürüsüdür. Çünki onlar vətəndaş ola bilməzlər. Digər tərəfdən, başa düşürəm ki, insanlarda emosiya və gərginlik var. Bəs, dövlətin vətəndaşı necə ola bilər ki, zibil atmağı dəstəkləsin? Kim də dəstəkləyirsə, onlara deyirəm. Mən demişəm ki, “polisə zibil atmaq güllə atmağa bərbarədir”. Yəni bu gün polisə zibil atan sabah güllə də atar. Necə ki, Gəncədə belə oldu. Gəncədə xalqın bəyənmədiyi icra başçısını vurdular, sonra da polisi öldürdülər. Ona görə də cəmiyyət qızışdırıcı rol almamalıdır. Dövlətin avtoritetinin sarsılmasına yol verə bilmərik. Kimsə polisdən razı qalmaya bilər, hətta nifrət də edə bilər. Bunu başa düşürəm. Amma kütləvi şəkildə bunu etmək ixtişaşa təşəbbüsdür. Sabah polis küçədən çəkilsə, elə o binanın içindəki insanlar bir-birilərinə problem yaradacaqlar. Biz neyləməliyik? Gözləyək ki, xaos yaransın, sonra da polisdən xahiş edək ki, qətiyyətli ol? Polis də qətiyyətli olanda başına zibil yağdırırlar. Polis bir neçə dəfə xəbərdarlıq edirsə, artıq məcburdur ki, başqaları bu ərköyünlüyü davam etdirməsin deyə tədbir görsün. Bunu etməsə, sabah hamı küçəyə çıxacaq. O zaman necə olacaq?
 
– Siz həm də hüquqşünassınız. İşlətdiyiniz sözügedən ifadələr sizə qarşı məhkəmə predmeti ola bilməz?
 
– Xeyr, niyə məhkəmə predmeti olsun? Buyurub sübut eləsinlər. Məhkəmə predmeti nə ola bilər? Məhkəmə predmeti konkret kimisə təhqir edəndə ola bilər.
 
– Götürək konkret şəxs olaraq Bəxtiyar Hacıyevi…
 
– Bəxtiyar Hacıyev Azərbaycan dövlətində iğtişaş yaratmaq istəyən adamdır. Xocalı hadisəsini “Yasamal 2020” faciəsi deyərək eyniləşdirir. Bu adam Azərbaycan dövlətinin düşmənidir.
 
– Bizə məsələnin hüquqi tərəfi maraqlıdır.
 
– Hüquqi tərəfdən problem yoxdur. Hüquqi tərəfini sübut edə bilərəm ki, Azərbaycan polisinə qarşı belə bir müqavimət polisə təxribatdır. Ona görə də vətəndaş olaraq polisi qorumaq üçün bu addımı atıram.
 
– Yəni, bu arqumentlə məhkəmədə haqlı çıxa bilərsiniz?
 
– Əlbəttə. İndiyə qədər hansı dini, milli, sosial qaragüruhun qarşısından qaçmışam? Hansı millət vəkili dura bilər bunun qabağında? Səhifələrdə söyürlər, təhqir edirlər, hamsının siyahısını çıxarmışam. Mən onlara qarşı məhkəmə mexanizmi ilə getmirəm, intellektual mübarizə aparıram. Yəni ki, bunu Xocalı soyqrımı ilə bərabərləşdirmək birbaşa xaricdən gələn təlimatdır və məqsəd Azərbaycan cəmiyyətində iğtişaş yaratmaqdır. Buna qarşı indidən addım atmasaq, dövlətin sütunları sarsılacaq. Niyə mən bu məsələnin üzərinə gedirəm? Çünki mən bu təhlükəni görürəm. Kütlənin xoşuna gələcək, ya gəlməyəcək deyə, beş-on nəfər dar düşüncəli adamın anlayışına görə yanaşmıram məsələyə. Biz dövlətin, millətin parçalanamasını istəmirik. Hər dəfə hakimiyyət boşluğunda torpaq itirmişik, bu dəfə də itirə bilərik. Bu dəfə də Ermənistan, Rusiya, İran gözlərini zilləyib üstümüzə. Qəsdən də belə bir iğtişaş yaratmaq böyük problemə səbəb olacaq. Biz Amerika deyilik ki, ayaqda qala bilək.
 
– Dediyim kimi, siz ixtisasca hüquqşünassınız. Eyni zamanda, sırf dövlət marağından çıxış edirsiniz. Bizə maraqlıdır: Hüquq, yoxsa nəyin bahasına olursa olsun, dövlət marağı?
 
– Bu məsələdə dövlətin marağı. Davanı, hökumətə, polisə nifrəti sonraya saxlamaq lazmdır. Mən başa düşürəm ki, vətəndaş işsizdir, acdır, sosail yardım hər kəsə çatmayıb. Biz də bunun üçün savaşırıq və çalışırıq ki, vətəndaş ayaqda qalsın. Amma söhbət ondan gedir ki, karantin hamının hüquqlarını pozub. Amma iki təbəqə var ki, biz onlara güzəştlə yanaşmalıyıq. Üç aydır ki, o polislər evlərindən didərgin düşüblər. Bu insanların əsəbini nəzərə almaq lazım deyil? Buna belə yanaşmaq hansı vicdan meyarına sığa bilər? Bu gün dövlətçilik prizmasından danışmaq lazımdır. Biz 1993-də bunu yaşamışıq. 1993-də biz qətiyyətli addım atmadığımıza görə, dedilər ki, Gəncədə qardaş qanı tökdünüz. Sonra göründü ki, tökülən qardaş qanını manipulyasiya edənlər Qarabağı verdilər. İndi bu təcrübəni yaşamış insan kimi mənə hakimiyyətdə kimin olması önəmli deyil, dövləti çökməyə qoymaq olmaz ki, sabah da Naxçıvan, Gəncə getməsin. Budur problemin kökü. Ona görə də bu dirənişi göstərirəm ki, xalq mənim xalqımdır. Onu təmsil edirəm.
 
– İstənilən halda “it sürüsü” ifadəsi aqressiyaya səbəb oldu. Hətta, gözləyənlər oldu ki, Fazil Mustafa sonradan bu ifadəni əsəbindən işlətdiyini deyə. Düşündünüz bu haqda?
 
– Bunu mənə söyüş söyən Bəxtiyara və onun kimilərə yazdım. Şəxsi yazışmalarda, səhifələrində mənə qarşı kampaniya apardılar. Ətrafımdakı insanlara tapşırdım ki, mənə söyənləri siz də söyün, qorxmayın. Bu qaragüruhu beynimizə buraxa bilmərik. Sadəcə, mənim fikirlərimi konteksdən çıxarıb məqsədyönlü şəkildə ortaya atıblar. Təsəvvür edin ki, xaricdə yaşayanlar hamısı mənim fikrimi paylaşır və söyürlər. Mən demişəm ki, karantin dövründə Azərbaycan polisinə zibil atmaq güllə və bomba atmağa bərabərdir. Ondan sonra mənim bu ifadələrim meydana çıxdı. Onlar kimlərinsə narazılığını kiminsə üzərindən yönəldirlər. Onlar kimdir? Səviyyəsiz, cəmiyyətdə ən az nüfuza malik olan insanlar.
 
– Bu hadisə zamanı xeyli sayda insanı qarşınıza aldınız, kütləvi qəzəb dalğası ilə üz-üzə qaldınız. Biz də baş verənləri izləyirdik. Hətta, bizə oxucular yazırlar ki, “həmin deputatdan soruşun, bundan sonra da seçkilərə getməyi və seçilməyi hədəfləyirmi?”
 
– Xalqın və dövlətin marağını qoruyan insanlar mütləq şəkildə seçkiyə getməlidir. Mən dini mövzuda da, tarxi mövzuda da, siyasi mövzuda da fikirlərimi açıq formada söyləmişəm. O zamanlar dini mövzuda çıxışıma qarşı da böyük bir şəbəkə hücum etmişdi. Bunlar yenə bir az inanclıdırlar. Bu dəfə isə bir siyasi plaforma formalaşıb və bunların inancı yoxdur. Bunlar sadəcə küyə gediblər və epizodik həyəcanla prosesə başlayıblar. Siyasətdə mən kiminsə söyülməsinin tərəfdarı olan adam deyiləm. Ona görə də bu işə heç kimi qoşmuram, tək mübarizə aparıram. Demişəm ki, birinci özüm tutularam, amma üzvlərimi tutdurmaram. Başqaları kimi gedib evdə istiarhət edib, tərəfdarlarımı küçəyə töküb tutduran adam deyiləm. Lidersənsə, özün fədakarlıq etməlisən. Emosional adamlarla dövlət qurulmaz. Heydər Əliyev ona görə hakimiyyətə gələ bildi ki, belə insanlardan uzaqlaşdı. Əbülfəz Elçibəyi də həmin insanlar yıxdı. Elçibəy dedi-qoduyla, hay-küylə gələn insanlara aldandı. Dedi, bəlkə arxamda duracaqlar, amma Sürət Hüseynov başlayan kimi, hamısı qaçdı. Bu insanlara etibar yoxdur. Dövləti 100 min dedi-qoduçu qorumur, dövləti 300 spartalı qoruyur. Siz diqqət edin, bunu mən açıq deyirəm, “Yasamal 2020 = Xocalı 1992” xarici kəşfiyyatın tezisidir, bunu unutmayın. Bunun arxasında ciddi planlaşdırma var, sabah bunun üstü açılanda hamı deyəcək ki, Fazil Mustafaya halal olsun.
 
– Bu, informasiyadır, yoxsa Sizin təhliliniz?
 
– Hər halda kifayət qədər informasiyalı adamam və kifayət qədər də kimin hardan gəldiyini yaxşı bilirəm. Kim bu pozisiyada hansı istqamətdə hərəkət edirsə, siyasi təcrübəmə görə çox yaxşı başa düşürəm. Ona görə də nəyisə irəli sürəndə, hər şeyi açıb demək olmur. Hər halda, ucundan-qulağından nəsə deyirəmsə, bunu ciddiyə almaq lazımdır.
 
– Az öncə tək müdafiə olunmaqdan danışdınız. Maraqlıdır, deputat həmkarlarınız Sizi bu qalmaqalda müdaifə etmədilər.
 
– Mənim müdafiəyə ehtiyacım yoxdur.
 
– O zaman “dövlətin müdafiəsinə qalxmadılar” deyək.
 
– Onların çoxu buna qədərki dövrdə də eyni aktivliyi göstəriblər. Mədəniyyət problemləri ilə bağlı yazmışdım sosial şəbəkədə. 150 mindən çox oxunma oldu. Eyni fəallığı başqalarından tələb etmirəm. Hər kəsin öz yolu var.
 
– Ola bilərmi ki, dalğanı üzərlərinə çəkmək istəməsinlər?
 
– Kimsə çəkmək istəməyə bilər. Bəzən bizim taleyimizdə görünür ki, dalğa götürmək deyilən güc və inam var. Tariximizin də, dinimizin də neqativləri üzərinə gedən adamam və orada da xeyli söyülürəm. Xeyli insanlar var ki, baxışımı sevmir. Bu xalq, məgər, Mirzə Fətəli Axundovu sevirdi, yoxsa Mirzə Cəlili, ya da Mirzə Ələkbər Sabiri?
 
– Yeri gəlmişkən, Axundovla dini baxışlarınız ziddiyətlidir.
 
– Ziddiyət təşkil etsə də, Axundov bizim aydınlanma mənbəyimzidir. Baxış fərqli ola bilər, mən insanın firkini linç etməyə düşmənəm. Fikrə dözümsüz fikir sahibini öldürən camiyyətdir. Axundovu öldürə bimədilər ki, onu çar hökuməti qorudu, polkovnik rütbəsi verdi, saxladı yanında ki, xalqın dəyəridir. Mirzə Cəlilin üstünə Tiflisə qoçular göndərdilər ki, öldürsünlər, çar hökuməti qoymadı. Gördülər ki, Sabir xəstədir, öləcək, ona görə dəymədilər. Amma sonra gördülər ki, bu xalqın aydınları öləndən sonra qırılıb xalqın ümidləri. Biz ona imkan verməməliyik. Bu gün yaxşı-pis dövlətimiz var. Bu gün dövlətimiz zəifləsə, düşünən adam qalmayacaq, axı burda. Biz bunu qorumalıyıq. Ona görə də bu fikirlərdən qorxmağa dəyməz. Əgər, biz ziyalıyıqsa, bütün bunları gözə almalıyıq.

10 iyun 2020-ci ildə Aİ-AZ PƏK həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər. Bəyanat Ermənistan Baş naziri Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə AP-nin münasibətini özündə ehtiva edir.

Bəyənatın mətnini təqdim edirik:

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım Jelyana Zovko tərəfindən Ermənistanla Dağlıq Qarabağ arasında yeni yolun tikintisi ilə bağlı

B İ R G Ə B Ə Y A N A T 

Keçən il elan edilmişdi ki, tezliklə Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə başlanılacaq. Yeni yol infrastrukturu Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcəkdir. Prinsip etibarilə biz Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirik. Bununla belə, sözügedən yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilmişdir.

Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər. Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq.

Biz bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi ifadə edirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün yaxşı niyyətli danışıqlarla bağlı öz öhdəliklərini və səylərini artırmağa çağırırıq.

Brüssel, 10 iyun 2020

Vətəndaşlar və polis qüvvələri bir-birinə qarşı ehtiyatlı olmalıdır, çünki faktiki olaraq ölkədə sabitliyi pozmaq istəyən qüvvələr var.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Yasamalda yaşanan olayı şərh edərkən deyib. O bildirib ki, insanların karantin rejimini pozması və polisin başına müxtəlif maddələr atması qəbuledilməzdir:

“Bununla belə, bu məsələyə sahə müvəkkillərinin baxması lazım idi. Şübhəsiz, günahkar olan hər kəs qanun çərçivəsində cəzalandırılmalıdır. Sadəcə, mövcud pandemiya dövründə polis də vətəndaşlara ehtiyatla yanaşmalıdır”.

Politoloqun fikrincə, bu gün ölkəmizdə polis-vətəndaş münasibətlərinin pozulmasında maraqlı qüvvələr çoxdur:

“Biz görürük ki, bəzi qüvvələr bundan istifadə edib, insanları polisin əleyhinə qaldırır. Düşünürəm, bu hadisədən ciddi nəticə çıxarmaq lazımdır. Bir yanlışlıq ciddi nəticələr doğura bilər. Polisin istər pandemiya, istərsə də pandemiyadan öncə etdiyi təqdirəlayiq işlər çoxdur. Bunun canlı şahidi olmuşuq. Amma bu gün qarşılıqlı münasibətlərin pozulmasında maraqlı qüvvələr çoxdur və mövcud vəziyyətdə bu məsələni ictimaiyyətə fərqli fonda təqdim edənləri də görürük.

Onlara ən xırda fürsət də vermək olmaz. Bu və bu kimi hallarda ehtiyatlı, həssas və anlayışlı olmaq lazımdır. Hazırda həm vətəndaşların, həm də polislərin əsəbləri tarıma çəkilib. Unutmayın ki, sadə vətəndaşlar da, polislər də cəmiyyətin bir parçasıdır. Son dərəcə diqqətli olmaq vacibdir”.