Son xəbərlər

Prezident sərəncamlar imzaladı














Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb.

Prezident İlham Əliyev “Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Bundan başqa dövlət başçısının digər sərəncamları ilə Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi















Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Bu, bu gün Prezidentin fərmanı ilə ““Güzəştli mənzil” sistemi haqqında Əsasnamə””yə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, Əsasnamənin 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilir.

Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

1. mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;

4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

5. mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.
Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

ONA xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Cahangir Hacıyevin kosmik talançılığı - kosmonavt qadına 12 milyon peşkəş olunub














Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə proses davam edir. Məhkəmədə üzə çıxan faktlar ölkənin ən böyük və sistem mahiyyətli bankında illərlə talançılığın hansı səviyyədə olmasını göstərir. Cahangir Hacıyevin dost-tanışını məsul vəzifələrə yerləşdirilməsi Beynəlxalq Bankın çöküşünü labüd edən səbəblərdəndir. Kosmosa uçan ilk müsəlman qadına Cahangir Hacıyevin kadrları nə az, nə çox, düz 12 milyon dollar kredit veriblər. Ənuşə Ənsari 12 milyon dolları alıb və Beynəlxalq Bankın varlığını, sadəcə, “unudub”.

Məşhur azərbaycanlı milyarder Telman İsmayılova Hacıyevin dost-tanışı yarısından çoxu dövlətin olan bankından 70 milyon dollar kredit veriblər. Telman İsmayılov krediti ödəyə bilməyib. Amma Anuşə Ənsari kimi “unutqan”lıq da etməyib, özünün şirkətlərinin bir neçəsini Cahangir Hacıyevin nəzarətinə keçirib.

Bütün bunlar Cahangir Hacıyevlə birgə mühakimə olunan sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərlərinin məhkəməsində Cahangir Hacıyevin yaxın dostu Fuad Abdullayev tərəfindən açıqlanıb. Şahid qismində ifadə verən Fuad Abdullayev deyib ki, 1992-ci ildən Beynəlxalq Bankda işləyib. Bildirib ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olandan sonra 2001-ci ildə onu Moskva filialının rəhbəri təyin edib. Orada bir çox layihə işləri həyata keçirilib. Fuad Abdullayev kosmik talançılığın, Telman İsmayılova kredit verilməsi göstərişinin Cahangir Hacıyevdən gəldiyini deyib.

Sitat: “Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürdü. Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Layihəni həyata keçirmək üçün ona kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilmədi. 2013-cü ildən isə ödənişləri dayandırdı. Daha sonra isə Telman İsmayılov dörd şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi”.

F.Abdullayev kosmosa turist kimi uçan ilk müsəlman qadın olan Ənuşə Ənsarinin bankdan kredit götürməsi ilə bağlı da maraqlı açıqlama verib.

Sitat: “Ənuşə Ənsari ABŞ-da ”Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Sonradan kreditin faizi ödənilsə də, əsas borc qalmışdı. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".

Ənuşə Ənsari 2006-cı ildə kosmos turizmi çərçivəsində kosmosa çıxan ilk müsəlman qadındır. İranın Məşhəd şəhərində anadan olub, sonradan ata-anası ilə birgə Tehranda yaşayıb. 1984-cü ildə isə valideynləri istedadlı övladlarına daha mükəmməl təhsil verə bilmək üçün ABŞ-a köçüblər. Burada informatika və elektronika üzrə təhsil alan Ənuşə Corc Vaşinqton Universitetində magistr dərəcəsi alıb. Sonra ABŞ-ın məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyir. Burada tanış olduğu Həmid Ənsari ilə ailə qurur. 1993-cü ildə Ənuşə, Həmid və onun qardaşı Əmir Telecom “Technologies” kompaniyasını qurublar. Artıq 2006-cı ildə Ənuşənin başında durduğu investisiya firması Rusiyanın federal kosmik agentliyi ilə kommersiya işləri üçün istifadə etmək məqsədilə suborbital kosmik gəmilər donanması yaratmaq barədə saziş bağlayıb. Bundan sonra Ənuşə artıq kosmosa uçuş barədə düşünür.

O, 4-cü turist kosmonavt olacaq yapon biznesmeni Daysuke Enomoto ilə alternativ olur. Və sonda tibbi göstəricilərinə əsasən yapon iş adamına uçmaq qadağan edilir və Ənuşə kosmik heyətin siyahısına salınır. Beləliklə, 18 sentyabr 2006-cı ildə Ənuşə Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşür. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür. Kompüter şirkətinin kompüter proqramları üzrə mütəxəssisi kimi çalışan Ənuşə uçuşdan yalnız 9 il sonra mətbuata Aya səfərindən açıqlamalar verməyə başlayıb. O bildirib ki, kainatdakı mövqeyimizi görmək məni çox təsir etdi.

Bu, Ənuşə Ənsari haqda ümumdünya torunda olan məlumatlardır. Onun adı 750 milyon dollarlıq biznes layihələrdə keçir. Barəsində xeyli xoş sözlər yazılır. Cahangir Hacıyev və onun dostları Ənuşə Ənsarinin kosmik turist olmasına aldanıb ona 12 milyon dollar veriblər? Bu inandırıcı görünmür. Hacıyevin belə sadəlövh olması məntiqə sığmır. Bəs 12 milyon dolların hansısa bir qadına peşkəş edilməsinin səbəbi nə olub?

Bu sual açıq qalır.

Cahangir Hacıyev və komandasının sadəlövh olmadığını göstərən məqamlar çoxdur. Məsələn, Cahangir Hacıyevin razılığı ilə Qazaxıstanda “Kultuk” neft yatağı alınıb.

Bu epizod üzrə də Fuad Abdullayevin adı şahid qismində keçir. O ifadəsində deyib.

Sitat: “Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Lüksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir”.

Beynəlxalq Bankın “xortumlanmasında” adı mərkəzi fiqurlardan biri kimi keçən Xəqani Bəşirovla bağlı nədənsə heç bir tədbir görülmür. Bu gün Fransada yaşayan Xəqani Bəşirov Azərbaycan Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantlardan biridir. Onun əsas fəaliyyəti Azərbaycandan pulların xarici offşor zonalara daşınıb yerləşdirilməsindən ibarət olub. C.Hacıyevin benefisiarı hesab edilən, adı hələ bir neçə il əvvəl bankdan yüz milyonlarla dollar kreditin götürülərək mənimsənilməsində keçən, hətta bu iş üzrə bir neçə ay həbsdə saxlanılan Xəqani Bəşirov sonradan müəmmalı şəkildə azad olunub. Onun adı Beynəlxalq Bankdan milyardlarla manatın mənimsənilməsi işində keçsə də, barəsindəki cinayət işinin nə yerdə olması məlum deyil. X.Bəşirov hələ “kredit oliqarxları”nın həbsi başlamazdan xeyli əvvəldən Azərbaycanda deyildi. Bu gün C.Hacıyevlə müttəhimlər kürsüsünü bölüşən Dünyamin Xəlilov X.Bəşirovun ortaqlarından olub. Dünyamin Xəlilov bu gün həbsdədir, Xəqani Bəşirov isə azadlıqda gəzir. Onun adı 14 şirkətdə direktor kimi keçib, şirkətlərinin müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və nəhayət, həmin Dünyamin Xəlilovun “General Construction” şirkəti yer alırdı. Bəşirovun fəaliyyətinin əsas istiqamətləri Azərbaycandan pulların xaricə daşınıb offşor zonalarda yerləşdirilməsi və daşınmaz əmlaka, digər sahələrə yatırılması olub. X.Bəşirov Bakıda həbsdə saxlanıldığı günlərdə ABŞ-ın “Global Financial İntegrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı. Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı. Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.

Yəni 9 il ərzində ölkədən 81 milyard dollar qaçırılıb. Bu məbləğin tam olaraq Hacıyevin komandasının ayağına “yazılması” doğru olmasa da, onun və dostlarının rolu danılmazdır.

Hazırda Cahangir Hacıyev və onunla birgə məhkəmə qarşısına çıxarılan şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi D.Xəlilovun cəzasını 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.
“Yeni Müsavat”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər













Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış oldular.

Məlumat verildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyrici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.

Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyrici-boyaq fabrikinə təhvil veriləcək.

Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.
“Nazirlik demir ki, əlavə test və iş dəftərini uşağın çantasına yığın” — Millət vəkili














Neçə illərdir ki, orta məktəblərdə dərs proqramının, dərs yükünün ağırlığı və dərs vəsaitlərindəki səhvlər cəmiyyətdə, həmçinin Milli Məclisdə ciddi müzakirə predmeti olsa da, Təhsil Nazirliyi tərəfindən səslənən problemlərin həlli istiqamətində nəticəli addımlar atılmır.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyevaya müraciət etdik.

Məsələ ilə bağlı “Ölkə.Az”a müsahibəsində Sona Əliyeva bildirib ki, bu məsələ ilə bağlı cəmiyyətə düzgün olmayan fikirlər çatdırılır:

“Təhsil Nazirliyi valdeynlərə və şagirdlərə dəftər, qələm və bu kimi ləvazimatlardan başqa hər hansı dərs kitabını, iş dəftəri, test və ya digər dərs vəsaiti almağı tövsiyyə etmir. Buna ehtiyac da yoxdur. Çünki nazirlik özü şagirdləri bu dərs vəsaitləri ilə təmin edir. Bu əlavə dərs vəsaitlərinin alınması məktəblərdəki ibtidai sinif müəllimləri tərəfindən həyata keçirilir. Ona görə də bu məsələ Təhsil Nazirliyinin üzərinə qoyulmamalıdır”.

- Necə yəni müəllimlər edir? Məgər dərs cədvəlini müəllim hazırlayır? Cədvəl nazirlik tərəfindən hazırlanmırmı? Dərs proqramı nazirlik tərəfindən müəyyən edilmirmi?

- Məktəblərdə şagirdlərin 6 saat dərsi olur və onlar üçün maksimum 6 kitab və buna uyğun dəftər tələb olunur. Təhsil Nazirliyi də deyir ki, cədvələ uyğun kitabını və dəftərinı götür, get məktəbə... Daha demir ki, əlavə test, iş dəftəri və sairəni yığ çantana... Daşımağa da gücün çatmasın. Bunu müəllimlər edir. Baxın, biz mətkəbdə oxuyanda belə şeylər var idimi? Yox!.

- Ümumiyyətlə sovet təhsil sistemi ilə indiki təhsil sistemi tamamilə fərqli sistemlərdir. O zaman dərs proqramları və dərs yükü bu qədər ağır deyildi.

- Düz..

- Gəlin etiraf edək ki, bu gün xüsusən də ibtidai siniflərdə dərs proqramı və dərs yükü həddən artıq ağırdır. Uşaqlar proqramı qavramaqda çətinlik çəkirlər.Bunu necə aradan qaldırmaq olar?
- Mən də tədris proqramındakı kurikulumların nisbətən çətin olduğunu qəbul edirəm. Artıq kurikulumun tətbiqi ilə ilk mərhələ bu il 11-ci siniflərdə başa çatır. Ona görə də hazırda Təhsil nazirliyində yeni kurikulumlar üzərində iş gedir. Bu kurikulumlar nə qədər asanlaşacaq və ya asanlaşmayacaq deyə bilmərəm. Amma iş gedir. Hesab edirəm ki, bu 10 il ərzindəki çatışmazlıqlar, problemlər yeni kurikulumların hazırlanmasında öz əksini tapacaq. Əgər problemlər olacaqsa, onlarla bağlı yenidən fikir bildiriləcək.

Mən də o fikirlər razıyam ki, bu gün ibtidai siniflərin dərs proqramı və yükündə ağırlıq var. Ancaq 5-ci sinifdən yuxarılarda elə də ağır deyil.

- Sizcə birinci və ikinci sinfə qrammatikanın tədrisi nə dərəcədə məntiqəuyğundur?

- Belə şikayətlər daha çox ibtidai təhsillə bağlıdır. Yuxarı siniflərlə bağlı belə şikayətlər çox azdır. Olanda da bəzən riyaziyyat fənni ilə bağlı olur. Hətta elə olub ki, özüm də həmin məsələnin həllində çətinlik çəkmişəm. Ona görə də bu məsələlər davamlı olaraq Təhsil nazirliyinin diqqətinə çatdırılmalıdır. Bunlarla bağlı geniş komissiya yaradılsın və komissiya bütün şikayətləri nəzərdə keçirsin.

- Bəs dərs vəsaitlərinin keyfiyyəti necə?

- Hesab edirəm ki, dərsliklərin çap keyfiyyəti barədə elə də ciddi problem yoxdur. Normaldır.

- Bəs dərsliklərdəki səhvlər barədə nə deyə bilərsiniz. Bu məsələ vaxtaşırı sosial şəbəkələrdə faktlarla göstərilir, ancaq nəticəsi yoxdur?

-Bəli, bu səhvlər var və hamı tərəfindən qəbul olunur. Nazirlik həmin səhvləri növbəti çap zamanı aradan qaldırmağa çalışır. Ümumiyyətlə orta məktəb dərsliklərində səhvlər sovet dönəmindən var və bu problem bu gün də davam edir. Bunun üçün geniş komissiya yaradılmalı və aidiyyatı qurumlardan bura peşəkarlar daxil edilməlidir. Bura hətta müəllimlər də dəvət edilməlidir. Onlar dərslikləri dəfələrlə yoxlayıb çapa göndərməlidirlər. Çünki kitab elə bir şeydir ki, şagird orada nə oxuyursa, onu həqiqət kimi qəbul edir. Bu problem aradam qaldırılmalıdır.
Elçin Quliyev gürcü həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib















06 may 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.
DSX-dan verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. 
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
İlham Əliyev birinci xanımla Qobustana gedib














Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər.
Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. 
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
“Dövlət rüsumu haqqında” qanuna DƏYİŞİKLİK















Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Qanunun 17-ci maddəsinə əlavə bənd əlavə olunur. 

Əlavə olunan 17.8 bəndə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir. 
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Qanun layihəsinə dəyişiklik parlamentin plenar iclasına tövsiyyə olunub
Xələf Xələfovun XİN-ə dönüşünün pərdəarxası














Ekspertlər “Xələf Xələfov kimi peşəkar diplomata böyük ehtiyacımız var” deyirlər

Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfovun yenidən xarici işlər nazirinin müavini təyin edilməsi geniş müzakirələr doğurub. Beş ay öncəyə qədər indiki vəzifəsində olan X.Xələfovun hansı səbəbdən geri qaytarıldığı yönündə müxtəlif mülahizələr irəli sürülür.

Deputat Fəzail Ağamalı musavat.com-a X.Xələfova XİN-də ehtiyacın olduğunu söylədi: “Xələf Xələfov kifayət qədər təcrübəsi olan diplomatlarımızdan biridir. O, uzun illər XİN-də yüksək vəzifələrdə çalışıb, ən müxtəlif ciddi və mürəkkəb proseslərin içərisində olub, onun Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həll edilməsinə öz töhfələrini verib. Sanki Xələf Xələfov getdikdən sonra artıq Gürcüstanla sərhəd məsələsi başladı. Gürcüstanla yaranan bu sərhəd məsələsi, bu ölkənin prezidentinin məsələyə gözləmədiyimiz şəkildə bu cür mövqe sərgiləməsi, Xəzərin statusu ilə bağlı İran və Türkmənistanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında fərqli yanaşmaların olması və digər bu kimi məsələlər XİN-də Xələf Xələfov kimi diplomatın olmasına ehtiyac yaradır. Eyni zamanda biz işğal edilən ərazilərimizi azad etdikdən sonra münasibətlərimizi hansı bir səviyyədə, sərhədlər çərçivəsində müəyyənləşdirən zaman bizim Xələf Xələfov kimi peşəkar diplomata böyük ehtiyacımız var. Ona görə də düşünürəm ki, ölkə prezidentinin atdığı bu addım çox düzgündür.

Hörmətli baş nazirimiz aparat rəhbərliyinə sınaqlardan keçmiş, kifayət qədər təcrübəsi olan istənilən bir şəxsi təyin edə bilər. Lakin o şəxs Xələf Xələfovun aparmış olduğu missiyanı yerinə yetirə bilməz. Çünki bunun üçün xüsusi bir qalibiyyət, istedad və uzun illərdən bəri toplanmış təcrübə lazımdır. Bu baxımdan düşünürəm ki, Xələf Xələfovun xarici işlər nazirinin müavini təyin edilməsi, eyni zamanda sərhədlərlə bağlı danışıqlarda prezidentimizin səlahiyyətli nümayəndəsi kimi təsdiq edilməsi çox uğurlu bir addımdır. Ölkə başçısının bu addımını birmənalı şəkildə dəstəkləyir, yüksək qiymətləndirirəm. Onun xarici işlər naziri təyin edilməsinin vacibliyi barədə verdiyiniz suala gəlincə, deyə bilərəm ki, bu məsələ ölkə prezidentinin səlahiyyətindədir. Cənab prezident belə bir addım atsa, bu onun konstitusion hüquqi kimi başa düşülməli və qəbul edilməlidir. Xələf Xələfovun dövlətçiliyimiz qarşısında çox böyük töhfələri var”.

Deputat hakimiyyətin kadr potensialının az olması barədə deyilənlərlə razılaşmır: “Şübhəsiz ki, XİN-də bu işlərlə məşğul ola biləcək şəxslər var. Amma onların biliyi, bacarıqları, görünür, Xələf Xələfov səviyyədə deyil. Onun kimi diplomat olmaq üçün uzun illərə ehtiyac var. Diplomatik missiya elədir ki, orada bilik, savad, ağıl, dünyagörüşlə bərabər həm də təcrübəyə böyük ehtiyac var. XİN-in də ciddi kadr problemi içərisində olduğunu düşünmürəm. Orada yeni nəslin nümayəndələri də var. Onlar çox istedadlı və perspektivlidirlər. Bir neçə ay öncəyə qədər XİN-də mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyevi burada misal çəkə bilərəm”.

“Atlas” Araşdırmalar Mərkəzi bu təyinatla bağlı analitik yazı ilə çıxış edib: “Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı o, 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi.

Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu. Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı. Prezidenti sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu. Elə təyinatın əsl mahiyyəti də bundadır.

Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsi ilə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki konvensiya bu məsələni həll etməyib.

İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhəddində baş verən insidentlər bu istiqamətdə də danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb.

Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki?”