“Azəriqaz” Prezident İlham Əliyevin iradından sonra söz verdi – RƏSMİ














Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda bir çox məsələlərə toxunan Prezident “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bəzi nöqsanlara yol verildiyini qeyd edib:

“ “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev Modern.az-a açıqlama verib.

R.Əliyev bildirib ki, ölkə rəhbərinin toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq:

“Ötən ilin dekabr ayının 1-nə kimi “Azəriqaz” 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Qeyd etdiyim tarixdən etibarən həmin qərar qüvvədən düşüb.

Qərarın qüvvədən düşməsilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdüaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”.

R.Hacıyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması “Strateji yol xəritəsi”ndə də nəzərdə tutulub:

“2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı zavodu tikiləcək. “Azəriqaz”ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz “QOST”a uyğundur.

Sadəcə bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başaldıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq”.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/uHailCVjy54" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
"Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var" — Azərbaycan Prezidenti














"Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

İlham Əliyev vurğulayıb ki, bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: “Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.
Dövlətimizin başçısı əlavə edib ki, bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək: “Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur”.
"Şəhid ailələrinə ən azı 800 mənzil veriləcək" — Prezident















"Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcək. Bu günə qədər 6200 avtomobil verilib. Bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur."
"Report xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur.
 
Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”















Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

“Report” xəbər verir ki, dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmadığını qeyd edib: “Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq: “Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.
Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür















Sabiq nazirin “Synergy Group”na daxil olan 2 şirkəti ləğv olundu, İSMA-nın mağazaları fəaliyyətini dayandırdı

Sabiq vergilər naziri Fazil Məmmədovun böyük biznes imperiyasının Azərbaycan daxilindəki aktivlərinin “milliləşdirilməsi” prosesi yeni mərhələyə qədəm qoyub. Onun 2010-cu ildə təsis etdiyi “Synergy Group” MMC-yə daxil olan “Blossom Property” və “Blossom House” şirkətlərinin könüllü ləğvi elan edilib. 2013-cü ilin sonunda Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 9 ünvanında, kapitalına 10 min manat qoyulmuş “Blossom” firma adlı 5 şirkət təsis edilib. “Blossom Property” MMC-nin direktoru İlkin Quliyevdir. O, həmçinin Şəmkir rayonunda yerləşən “Synergy Capital Group” MMC-yə rəhbərlik edir. Mürsəl Əliyev “Blossom Mart” şirkətini idarə edir. Bu şəxs “Synergy” qrupuna aid bir çox şirkəti idarə edir. Digər şirkətlərə (“Blossom Capital”, “Blossom House” və “Blossom Group”) direktor təyin edilməyib.

Bundan başqa, Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb. Bakıda Heydər Əliyev prospektində və “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazalar bağlıdır. Eyni zamanda isma.az saytının işləməməsi də diqqəti cəlb edir. Faktı İSMA brendinin daxil olduğu “Synergy Group”dan da təsdiq ediblər.

Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür


“Synergy Group”un marketinq direktoru Murad Mirzəyev “Marja”ya açıqlamasında bildirib ki, İsmayıllı Velosiped Zavoduna məxsus mağaza fəaliyyətini dayandırıb. Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: ““20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcəkdir. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib”. Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit” mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək”.

Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür


Murad Mirzəyev bildirib ki, zavod fəaliyyətini dayandırmayıb. Zavodun isma.az saytının işləməməsi isə texniki problemdir, tezliklə sayt fəaliyyət göstətərəcək.

Fazil Məmmədov vəzifəsindən çıxarılandan sonra Gəncədəki obyektlərində təftiş başladığı deyilirdi. Hazırda Gəncə Beynəlxalq Xəstəxanasının da Fazil Məmmədovun nəzarətindən çıxarılmasına yönələn prosesin başlandığı da iddia edilir. F.Məmmədov uzun illər Azərbaycanın iri məmur oliqarxları sırasında qərarlaşan əsas fiqurlardan olub. 2000-ci ildə vergilər naziri təyin olunana qədər 1-2 milyonu böyük para hesab edən Fazil Məmmədov 2017-ci ildə vəzifədən çıxarılarkən sərvəti 100 milyonla ölçülə biləcək qədər artmışdı. Onun böyük biznes imperiyası var.

Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür


17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər yayılıb və bu günə qədər təkzib edilməyib. Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Fazil Məmmədov nazirliyi dövründə Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır. Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı.

Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri “özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləmək istəyib, lakin yayılan son məlumatlar onu deməyə əsas verir ki, sabiq nazirin böyük biznesinin gizlədilmiş parçaları da “budanma”dan kənar qalmayacaq… Daha bir iddia da budur ki, Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür.
Prezident icra başçılarına xəbərdarlıq etdi















“Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O qeyd edib ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar:

“Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq.

Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.

Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.
Bakının İrəvana qarşı blokada strategiyası - Ermənistanın puç olan “İpək yolu” arzusu















Ermənistanın Azərbaycana əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə “bəxş elədiyi” ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanmasıdır. Nəticə etibarilə Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir dünya iqtisadi sisteminə çıxış əldə elə, inteqrasiya oluna bilmir və faktiki surətdə “izqoy” (“tullantı”) ölkəyə çevrilib.

Diqqət çəkicidir ki, erməni xalqı bu acı durumdan bir il öncə etdiyi “məxmər inqilab” və hakimiyyətə gətirdiyi “demokrat” Nikol Paşinyan hesabına da qurtula bilmir. Bu, mümkün də deyil. Çünki normal tərəqqi üçün öncə gərək azad və müstəqil ölkə olasan. Sonra öz qonşularına qarşı açıq, səmimi və ədalətli mövqe tutasan, qonşunun torpaqlarına, harama göz dikməyəsən. Qonşularla dost-mehriban münasibətlər qura bilməyən, onlara qarşı ərazi iddiası ilə yaşayan bir xalqın - həm də öz ağasına güvənib bu iddia ilə yaşayan xalqın - rifaha qovuşması mümkünsüz. O ki ola Azərbaycan və Türkiyə kimi Ermənistan üçün açar dövlətlər rolu oynayan qonşular...

*****

Rəsmi İrəvan zaman ötdükcə bu sərt reallığı daha aydın şəkildə dərk eləməli olacaq. Erməni istəsə də, istəməsə də, proses artıq gedir və düşmən ölkəyə yeni bəd sürprizlər vəd edir. O sırada işğalçı ölkənin kənarda qaldığı, Azərbaycanın isə iştirakçılarından biri olduğu “Böyük İpək Yolu” layihəsini qeyd eləmək olar. Keçən həftə Pekində həmin layihə ilə bağlı “Bir kəmər - bir yol” 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu keçirildi. Azərbaycan prezidenti İlham Əliyev də mötəbər tədbirdə iştirak və çıxış elədi.

Bir sıra digər dövlətlərin rəhbərlərinin də qatıldığı Forum “İpək yolu”, o cümlədən “Dəmir ipək yolu” layihəsinin reallaşması yolunda mühüm hadisə sayıla bilər. Şübhə yox ki, bunun müsbət nəticələrini tezliklə görəcəyik. Nəticələrdən biri də Ermənistanın bu layihə ilə bağlı arzusunun çilik-çilik olmasıdır. Bunu erməni iqtisadçı-ekspertlər də etiraf edirlər. 

“Ermənistanın axırıncı 3 hökuməti ”İpək yolu" layihələrini maliyyələşdirən İnfrastruktur Sərmayələri üzrə Asya Bankının təsisçisi olmaq üçün 5 milyon dollar xərcləməyi özünə rəva görmədi". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın sabiq baş naziri, iqtisadçı Qrant Baqratyan özünün facebook səhifəsində Pekin forumunu şərh edərkən yazıb.

Baqratyan bu xüsusda daha sonra bildirir: “Pekində ikinci ”İpək yolu" forumu keçirilir. Forumda 40-a yaxın ölkənin rəhbərləri iştirak edir. Burada Putin, Nazarbayev, Əliyev və başqaları var. 3 əsas yolun 6 yarımvariantı üzrə son dəqiqləşmələr aparılır. Maliyyələşməni 100 milyard dollar kapitala və 1 trilyon dollar kredit resursuna malik İnfrastruktur Sərmayələri üzrə Asya Bankı həyata keçirir. Ermənistanın son 3 hökuməti isə bu bankın təsisçisi olmaq üçün 5 milyon dollara qıymadı. İndi isə həmin bankın vəsaiti hesabına rusiyalılar, azərbaycanlılar, gürcülər, qazaxlar və qırğızlar genişmiqyaslı inşaat işləri aparırlar. Avrasiya kontinenti 10 il sonra tanınmaz dərəcədə dəyişəcək. Yaxşı, qaz boru xətləri bizdən yan keçir. Neft boruları və dəmir yolları da eləcə. Yəni biz heç olmasa, avtonəqliyyat proqramlarına da cəlb oluna bilmərik?", - deyə keçmiş baş nazir və iqtisadçı ritorik bir şəkildə indiki Paşinyan hökumətindən soruşur.

Ona görə “ritorik” ki, qeyri-azad, müstəqil iqtisadi və xarici siyasət yürüdə bilməyən, üstəlik, əlverişsiz coğrafi mövqeyə malik Ermənistan heç bir iri iqtisadi layihə üçün artıq önəm kəsb eləmir. Odur ki, İrəvan “İpək yolu”na çıxış axtarmaqdan öncə yaxşı olar, Rusiyadan qurtuluş yolu arasın və müstəqil dövlət atributları əldə eləsin. Bu isə dəfələrlə qeyd elədiyimiz kimi, Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərini qaydaya salmaqdan keçir.

*****

“İpək yolu”na çıxmaq üçün ilk növbədə Qarabağı sahibinə qaytarmaq gərəkdir. Bu, olmayacaqsa, Ermənistanda hakimiyyət dəyişikliyinin də hər hansı anlamı olmayacaq. Necə ki, keçənilki “demokratik inqilab” da erməni xalqını ağ günə çıxarmadı: işğalçı ölkə tənəzzülə doğru yolunu davam etdirir, bir il öncəki inqilab eyforiyasını isə sürətlə dərin məyusluq əvəz etməkdədir.

“Çoxsaylı faktorlar var ki, bir sualı bu gün aktual edir: həqiqətənmi bizdə ötən il inqilab baş verib, yoxsa sadəcə, hakimiyyət dəyişikliyi?” “Yeni Müsavat” xəbər verir ki, bu sitat 1 in.am portalındakı dünənki baş məqaləndəndir.

Müəllif yazır: “Məsələn, ölkədə super-baş nazir sistemi qalır ki, bu da əsla bir il öncə inqilab baş verdiyinə dəlalət eləmir. Yaxud hakimiyyət daxilində real fraksiyaçılıq yerinə klan əlamətləri üzrə qruplaşmalar yaradılır ki, bu da köhnə sistemə xas idi. Və ya iqtisadi inqilab haqda bəyan edilsə də, hökumət cəmiyyətin başını ”rəqəmlərlə", köhnə idarəçiliyə xas üsullarla qatmaqda davam edir. Acı reallıq isə belədir ki, iqtisadiyyatda kriminal-oliqarxik struktur qalır. Bu da nəinki inqilabi təşəbbüsləri, adicə inkişafı belə boşa çıxarır".

Məqalədə Ermənistanın xarici siyasət kursu ilə bağlı gözləntilərin də boşa çıxdığı təəssüflə vurğulanır: “İnqilab dəyərlərinin maddiləşməməsi rusiyayönlü və birvektorlu qalmaqda davam edən xarici siyasətdə özünü daha aydın şəkildə göstərir. Nəticədə biz Ermənistan-Rusiya münasibətlərində böhranlı hallarla yanaşı, Ermənistan-AB və Ermənistan-ABŞ münasibətlərində durğunluqla üzləşmişik”.

Səbəb əslində müəllifə yaxşı bəlli olmalıdır: işğalçı Ermənistanın yeni rəhbərliyi də sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... 
“Yen Müsavat”
Xüsusi Təyinatlı Qüvvələrin 20 ili — FOTO / VİDEO














Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 20 il ötür.
Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri (Bordo Berelilər) müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. 

2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri də iştirak edib. Döyüşlər zamanı şəhidlər verilsə də, düşmənin çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. 
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.
Ələkbər Əliyev Emin Millinin 1 il öncə “Meydan TV”-dən getməsindən danışdı: “QHT mafiyası, qrantyeyənlər, dinozavrlar…”














Mühacir yazıçı: "Emin bizi "Meydan TV"-dən rədd etdikdən sonra, öncədən bəyan edilən xalqın layihəsi, xalqın maliyyəsi söhbəti də unuduldu”
“Meydan TV”nin rəhbəri Emin Milli istefa verib. Musavat.com bildirir ki, bu barədə o, yaydığı bəyanatda bildirib. E.Millinin bu addımı mediada və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Müzakirəçilər sırasında Emin Millinin 1 il öncə “Meydan TV”nin rəhbərliyindən uzaqlaşdığını iddia edənlər də olub. Bəs görəsən, bu həqiqətən də belədirmi? 1 il öncə sözügedən media qurumundan ayrılan Emin Milli onu niyə indi açıqlayır?

Bu barədə musavat.com-a danışan İsveçrədə yaşayan azərbaycanlı mühacir yazıçı Ələkbər Əliyev də Emin Millinin 1 il öncə “Meydan TV”nin rəhbərliyindən uzaqlaşdığını təsdiqlədi: “Bunun çoxdan baş verdiyini mən də, bizim dostlarımız da bilirdik. Ancaq bunu yaymaq, ictimailəşdirmək bizim işimiz deyil deyə, bu haqda danışmırdıq. Bir ilə yaxındır biz bilirdik ki, Emin Millinin “Meydan TV” ilə bir əlaqəsi qalmayıb. Tək mən yox, çox adam bunu bilirdi. Ona görə də, dünən Azərbaycanda bütün saytlar bunu yeni bir xəbər kimi yazanda mənə bir qədər gülməli gəldi. Sosial şəbəkələrdə ajiotaj yarandı. Mən Eminin niyə uzaqlaşdığını bilmirəm. Ancaq bildiyim odur ki, artıq bu layihə reysə oturub, orada yenilik üçün heç bir meydan yoxdur. Ona görə də, Emin Milli oradan uzaqlaşmağa qərar verib. Mənim eşitdiyim interpretasiya budur. Yəni, Emin deyir ki, bunu yaratdım, bu mənim əsərimdir, ancaq bu layihə indi öz həyatını yaşayır, mənə ehtiyac yoxdur. Bu layihənin Azərbaycanla heç bir bağlantısının qalmaması da Emini narahat etmiş ola bilər. Çünki layihənin rəhbərliyi azərbaycanlılardan ibarət deyil. Mən bunu ehtimal edirəm”.

Ələkbər Əliyev onu da vurğuladı ki, "Meydan TV" əvvəldən bəyan etdiyi kimi xalqın mediası olmadı, xalqdan maliyyələşməyi bacarmadı: “Azadlıq radiosu, BBC, Amerikanın səsi kimi media orqanlarının adı üstündədir, onlar Konqresdən, İngilis hökumətindən filan maliyyələşirlər. Burada bir sirr yoxdur. Bu media orqanlarında çalışan redaktorlar, jurnalistlər də xaricilər üçün çalışdıqlarını, onlardan maaş aldıqlarını danmırlar. Meydan TV-nin iddiası isə xalqın saytı, televiziyası olmaq idi. Beləcə tənqidi, müxalif yönümlü xəbər portalı kimi fəaliyyətə başladı. İdeya da belə idi ki, bütün azərbaycanlılar birləşsin, bu layihəni dəstəkləsinlər. Bu hər kəsin, hamımızın saytı olsun. Eminin ideyası idi bu. Görünür nələrsə düz getmədi, Eminin istədiyi kimi olmadı. "Meydan TV" təzə fəaliyyətə başlayanda biz də orada idik, hamımız Eminlə birgə başladıq. Sonra Eminə təzyiqlər oldu, Azərbaycandakı QHT mafiyası, qrantyeyənlər, dinozavrlar Eminə çox açıq şəkildə təzyiq etdilər. O da açıq şəkildə bizə məsələni anlatdı. Ona təzyiq etdilər və hətta təhqiramiz ifadələr işlətdilər ki, bu filankəsləri oradan rədd elə. Yoxsa, bizim QHT mafiyasının dəstəyini görməyəcəksən. Sənin bütün qrant kanallarını bağlayarıq. Haqqında yazarıq, səni xaricilərə şikayət edərik. 

Emin də bizə dedi ki, dostlar, siz kültür adamlarısız, hətta hökuməti tənqid etsəniz də bunu öz üslubunuzda edirsiniz. Burada isə İlham Əliyevi istefaya çağıran bir üslub olmalıdır, xalqı inqilaba səsləməliyik. Hökumətə yüklənmək lazımdır, yoxsa dəstək olmayacaq. Ona görə də, xoş getdiniz. Biz də dedik axı, biz bundan sonra üslubumuzu dəyişib “vidadiləşə” bilmərik, o zaman Vidadi də yox idi. (red- Vidadi İsgəndərlini nəzərdə tutur). Bizim öz tərzimiz var, imicimiz var. Ona görə də, Eminlə bizimki alınmadı. Qrantyeyənlərin təzyiqi ilə Emin bizi "Meydan TV"-dən rədd etdikdən sonra, öncədən bəyan edilən xalqın layihəsi, xalqın maliyyəsi söhbəti də unuduldu”.

Ə.Əliyevin sözlərinə görə, Meydan TV hazırda Qərb dövlətlərinin idarəsi altındadır: “Sayt Qərb fondlarının tabeçiliyinə keçdi, bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərir. Saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur. Diqqət edin bu pisdir, yaxşıdır demirəm. Qiymət vermirəm. Sadəcə olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"-nin Azadlıq radiosundan, BBC-dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə otutub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir. Emin Milli getdi, başqası gəldi – bunlar dekorasiyadır. Necə ki, bundan əvvəl Emin Milli "Meydan"-da heç nəyi həll etmirdi, bundan sonra da heç bir azərbaycanlı bu saytda heç nəyi həll etməyəcək…»

Musavat.com
Telman İsmayılova verilən 70 milyon, Qazaxıstanda alınan neft yatağı - Cahangir Hacıyevin 4.7 milyardlıq cinayət işi














Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fuad Abdullayev ifadə verib.

F.Abdullayev 1992-ci ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. Sonuncu vəzifəsi isə 2001-ci ildən 2015-ci ilə qədər "Moskva" filalının rəhbəri olub. Şahid ifadəsində kreditlərin Cahangir Hacıyevin göstərişi ilə alındığını bildirib. Söyləyib ki, bankdan ayrılandan sonra götürülmüş kreditlərin ödənilib-ödənilməməsindən xəbəri olmayıb.

Suallara cavab verən şahid Cahangir Hacıyevin Qazaxıstanda neft yatağı aldığını deyib: "Cahangir Hacıyevi Emin Sadiq adlı şəxslə tanış etdim. Neft yatağı alınanda bir neçə şəxsin adına rəsmiləşdi. 60 faiz bankın Hətəm Həsənov adlı əməkdaşının adına rəsmiləşdi. Yatağın alınmasına 16 milyon dollar pul verildi".

Məlum olub ki, hazırda bu işlə bağlı Qazaxıstanda mülki müstəvidə məhkəmə işi gedir. F.Abdullayev əlavə olaraq deyib ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, AST Telman da bankdan 70 milyon dollar kredit götürüb. Telman İsmayılov krediti ödəyə bilmədiyi üçün 4 şirkətini Cahangir Hacıyevin adamı Xəqani Bəşirovun nəzarətinə verib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Musavat.com