Metropoliten rəhbərliyinə növbəti inanılmaz sərt ittihamlar













“Maşinistlərə bildirilir ki, hərəkət zamanı qatarların və sərnişinlərin təhlükəsizliyini bir kənara qoyub, idman hərəkətləri edin…”

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı-qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş Nazim Abdullayev, maşinistlər Asif Rzayev və Fikrət Şıxaliyev növbəti dəfə “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilərin sözlərinə görə, mətbuatda problemləri ilə bağlı məsələ qabardılsa da, hələ də metropolitendə vəziyyət düzəlməyib, əksinə, daha da pisləşib.

Onlar redaksiyamıza birgə müraciətlərində aşağıdakıları bildiriblər: “Nazirlər Kabinetinin 28 oktyabr 2010-cu il tarixli 189 saylı qərarının 2.1.2-ci bəndində, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, 2.2.8-ci bəndində isə qatarların həm hərəkət, həm də obyektlərin yanğın təhlükəsizliyinin təmin edilməsi göstərilib. Həmçinin ”Metropolitenin texniki istismar qaydaları” kitabının 18.36-cı bəndində, yolda hərəkət zamanı maşinistə yolun boşluğuna, yolayrıcı qurğuların vəziyyətinə, işarələrə nəzarət etməkdən və qatarı idarə etməkdən yayınmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, bu ilin aprel ayının 17-də Hərəkət qatarının istismar üzrə iş departamentinin rəisi Akif Əhmədov tərəfindən iş yerində (maşinist kabinəsində) yuxulama hallarını istisna etməkdən ötəri təlimatlar çatdırılıb. Təlimatda maşinistlərə bildirilir ki, hərəkət zamanı qatarların və sərnişinlərin təhlükəsizliyini bir kənara qoyub, idman hərəkətləri edin. Yəni maşinistlərə idarəetmədən yayınmaq tövsiyə edilir. Yəqin ki, bundan sonra maşinist peşəsinə qəbul İdman Akademiyasının məzunları arasında aparılacaq”.

Metropoliten rəhbərliyinə növbəti inanılmaz sərt ittihamlar


Şikayətçilər haqqında bəhs etdikləri təlimatın nüsxəsini redaksiyaya təqdim ediblər. Onlar daha sonra aşağıdakıları söyləyiblər: “25.09.2017-ci il tarixindən etibarən Zaur Hüseynovun əmri ilə maşinistləri yeni, çox ağır iş qrafikinə keçirildikdən sonra onlar bu əzablı qrafikə uyğunlaşa bilmirlər. Onlar maşinist kabinəsində yatır, stansiyaları qismən və ya dayanmadan keçirlər. Məsələn, aprelin 15-də 30 saylı marşrutun maşinisti Elçin Ağayev ”20 Yanvar” stansiyasını qismən keçib. Aprelin 16-da 39 saylı marşrutun maşinisti Vüsal Hacıyev “Ulduz” stansiyasını dayanmadan keçib. Aprelin 21-də 9 saylı marşrutun maşinisti Rəşad Baxşəliyev “Qara Qarayev”dən “Koroğlu” stansiyasına 5 vaqonun qapısını açıq qoyaraq gedib. Bu, olduqca təhlükəli bir məsələdir. Ay ərzində bu kimi hallar tez-tez baş verir. Halbuki əvvəlki illərdə nadir hallarda belə hadisə olardı. Metropoliten sahəsi üzrə “Təlimatçı maşinist” başlığında, təlimatçı maşinistlərin lokomotiv briqadaları ilə bilavasitə lokomotivlərdə, trenajorlarda işçi sxem və modellərdə texniki, nəzəri, əməli təlim keçmələri göstərilib. Metropolitenin Təlim-Tədris Mərkəzinin texniki kabinetində maşinistlər üçün vaqon kabinəsi trenajoru quraşdırılıb ki, bu da maşinistlərin biliklərinin artırılmasına deyil, onların qoruxudulmalarına, qərəzli imtahan edilmələrinə xidmət göstərir”.

Metropoliten rəhbərliyinə növbəti inanılmaz sərt ittihamlar


Şikayətçilər söyləyiblər ki, “Qatarların hərəkətinin təşkili və manevr işi” üzrə təlimatın 6.9-cu bəndində nasaz əyləcləri olan, nasaz qoşqu qurğularının xəttə buraxılması qadağan edilir: “Metropolitendə isə gecə işində motovozlarla daşınan yüklər heç bir təhlükəsizlik tədbirləri görülmədən daşınır. Yük platformalarının əksəriyyətində əyləc sistemi yoxdur. Dəfələrlə Zaur Hüseynova bu barədə məlumat verilməsinə, məktub çatdırılmağına baxmayaraq heç bir tədbir görülmür. Bu barədə də akt var da var” (şikayətçilər aktı təqdim etdilər- Ə.R).

Depolar üzrə İş Departamentinin akkumulyatorların təmiri sahəsində vəziyyət çox acınacaqlıdır. Zaur Hüseynovun dövründə alınan keyfiyyətsiz akkumulyator batareyalarının əksəriyyəti artıq sıradan çıxıb, xeyli hissəsində isə işləmə müddəti çoxdan başa çatıb. Keçmiş sovet respublikalarında çoxdan ömrünü başa vurmuş H-80 tipli akkumulyator batareyaları Bakı Metropolitenində hələ də işlənilir. Şikayətçilər akkumulyatorlarının vaxtı ötmüş vaqonların nömrələrini də redaksiyamıza təqdim ediblər.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-yə ittihamlarla bağlı sorğu göndərsək də müvafiq cavab ala bilmədik.
Prezident İlham Əliyev Çinə işgüzar səfərə gəlib














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşılayıblar.
Mübariz Mənsimov: “Bu təxribatdır, uymayın!” – İş adamından bəyanat














Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov son günlərdə sosial şəbəkədə adının təxribat məqsədilə hallandırılmasına münasibət bildirib.

Tanınmış iş adamı siyasətçi olmadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, siyasətə gəlmək niyyətində də deyil.

“Son günlər sosial mediada əslində, xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə trol hesablar və səhifələr tərəfindən məqsədyönlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur. O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər insanlarımız və dövlətimiz üçün etmişəm”, – M.Mənsimov bildirib.

Şirkət rəhbəri haqqında yayılan məlumatları təxribat adlandırıb və ictimaiyyəti buna uymamağa çağırıb:

“Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur”.

“Mən demişəm. İndi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır. Bəziləri kimi arxadan oyun oynamıram. Və yediyim qaba tüpürmərəm! Mən hər zaman Prezidentimin, xalqımın yanındayam” – Mübariz Məsimov sonda əlavə edib.
Eldar Mahmudov “düyünü” əmisi oğlunun məhkəməsində açıla bilər














İlham İsmayıl: “MTN-də nə baş veribsə, Eldar Mahmudovun göstərişi ilə həyata keçib”

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq. Cinayət işinin materialları artıq Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə zərərçəkənlərin sayı da bəllidir.

7 nəfər sırasında YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədov da var. O, “Bakı Metropoliteni” QSC-nin rəisi vəzifəsində çalışarkən yolu MTN-dən düşən vəzifə sahiblərindəndir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə ifadə verərkən Tağı Əhmədov bildirmişdi ki, ona 3 milyon manat ziyan dəyib. Sabiq rəis ondan 3 milyon manatın alınmasında Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun da adını çəkmişdi. Geniş ifadəsində Tağı Əhmədov “Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi” deyə bildirmişdi. V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. 2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov 2005-ci ildə “Hərbi xidmətlər gorə” medalı, 2006-ci ildə “Vətən uğrunda” medalı, 2008-ci ildə “İgidliyə görə” medalı, 2012-ci ildə isə “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi ilə təltif edilib, qısa müddət ərzində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksəlib. V.Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı “MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki, MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşiy kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur. Akif Çovdarov və digər MTN-çilərin məhkəməsində V.Mahmudov Tağı Əhmədov epizodu üzrə ifadə vermişdi. V.Mahmudov bildirmişdi ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib, qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib. Prokuror belə cavan yaşda polkovnik-leytenant rütbəsi alması ilə maraqlanarkən V.Mahmudov qısa cavab vermişdi: “Eldar Mahmudov nazirim və əzizim olub”.

V.Mahmudov Tağı Əhmədovdan 3 milyon dolların alınması ilə bağlı iddiaları rədd etmişdi. V.Mahmudov bu iş üzrə ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən büdcədən pul mənimsənilməsi ilə bağlı “heç nədən xəbəri” olmadığını, “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890 min manat, 405 min dollar və 790 min avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”, demişdi. V.Mahmudovun adı son olaraq Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və digərlərinin hazırda davam edən məhkəməsi zamanı gündəmə gəlib. Bildirilir ki, V.Mahmudov MTN-in Bakı rayon rəhbərlərinin əli ilə sahibkarları talan edirmiş ki, bu da məhkəmədə ciddi fakt kimi səslənib. V.Mahmudovun məhz bundan sonra həbsinə qərar verilib, 2017-ci ilin noyabrında isə sabiq nazir cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Vüqar Mahmudovun cinayət işi üzrə məhkəməsi ərəfəsində Eldar Mahmudovun həbsi məsələsi müzakirə mövzusuna çevrilib. Sabiq nazirin əmisi oğlunun məhkəməsində həbs edilə biləcəyi ehtimalları səsləndirilir.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyir ki, Vüqar Mahmudovun məhkəməsində Eldar Mahmudovun həbsə alınacağı ehtimalına inanmır. İlham İsmayıl fikrini belə əsaslandırır: “Eldar Mahmudovun həbsini gözləmirəm. Onun adı əmisi oğlu Vüqar Mahmudovun adı hallanan cinayətlərdən daha böyük cinayətlərdə hallanır. Həmin cinayətlərə görə Eldar Mahmudovu saxlamayıblarsa, kimisə qanunsuz saxlamaq, kimlərdənsə pul almaq, xərac toplamaq kimi ittihamlarla da onu tutmayacaqlar. İndiki halda hazırkı idarəetmə sistemi ilə onu belə bir perspektiv gözləmir”.

İlham İsmayıl indiki vəziyyətin dəyişə biləcəyini də istisna etmir: “Onun himayədarları qalınca ona dəyməyəcəklər. İstintaqa çağırıb dindirib buraxa bilərlər, amma indiki halda həbsdən söhbət getmir. Mümkündür ki, əmisi oğlunun işi üzrə məhkəməyə də dəvət edib sorğu-sual edərlər, amma konkret addım atılmayacaq. 2015-ci ilin oktyabrında vəziyyət daha kəskin idi. Eldar Mahmudovun işçilərindən həbs edilənlər vardı, hətta intihar edənlər də oldu. Bunlar sadə məsələlər deyildi. Hamı bilir ki, MTN-də heç kəs Eldar Mahmudovsuz bir addım belə ata bilməzdi. MTN-də nə baş veribsə, Eldar Mahmudovun göstərişi ilə həyata keçib. Eldar Mahmudovu əmisi oğlunun məhkəməsinə 1-2 dəfə çağırıb söhbət edə bilərlər. Bunu görüntü xatirinə, ”Eldar Mahmudovun heç bir səlahiyyəti yoxdur” düşüncəsini formalaşdırmaq üçün edə bilərlər”.

İlham İsmayıl “MTN işi” üzrə Eldar Mahmudovun statusunun ictimaiyyətə açıqlanmamasından da danışıb: “Belə nəticə çıxarmaq olur ki, Eldar Mahmudovun əlində kompromatlar var. Eldar Mahmudovun 4 ildir ki, azadlıqda qalmasının başqa məntiqi izahı yoxdur. Bu işdə hüquqdan söhbət getmir. Çünki Eldar Mahmudovun həbsi üçün hüquqi əsaslar o qədər uzaqdan görünür ki…”

İlham İsmayıl deyir ki, onun həbs edilməməsinin kökündə Eldar Mahmudovun hərəkətləri, perspektiv addımlarından çəkingənliyin dayandığını da istisna etmir: “Eldar Mahmudov 4 il əvvəl vəzifədən çıxarılıb. Ona tabe olan şəxslər həbsə alınıb. Ona isə dəyməyiblər. Onun vəzifəyə təyinat alma ehtimalı qalır”.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunub. Həmin dövrdə Eldar Mahmudov barəsində hər hansı bir məlumat verilməyib. 2017-ci ilin noyabrında V.Mahmudov tutulandan sonra 4 dəfə istintaqa dəvət olunub, sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. 2018-ci ilin iyununda isə sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Amma aylar ötsə də, bu qərardaddan xəbər çıxmayıb…
Ramil Usubov yeni idarə rəisi təyin etdi














Polis polkovniki Fuad Məmmədli Daxili İşlər Nazirliyinin Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Bu barədə DİN-dən məlumat verilib.

Bildirilir ki, F.Məmmədli bundan əvvəl müxtəlif vaxtlarda Quba və Salyan RPŞ-nin rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.
Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur














zərbaycanın böyük şəhərlərindən biri olan Xankəndində rəsmi dövlət orqanları mövcud deyil.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən yazır ki, 30 kv.km-ə yaxın sahəsi, 55 mindən çox əhalisi olan Xankəndi şəhərində nə icra hakimiyyəti orqanları, nə də məhkəmə orqanları fəaliyyət göstərir.

Yalnız qanunverici orqanda – Milli Məclisdə Xankəndi şəhərini təmsil edən millət vəkili fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, rəsmi məlumatlara görə şəhər əhalisinin təxminən 1/5-ni azərbaycanlılar təşkil edir. Hazırda Xankəndinin işğal altında olması səbəbindən şəhərin azərbaycanlı əhalisi ölkənin digər rayonlarında məskunlaşıblar.

Mərkəzi Seçki Komissiyası 122 saylı Xankəndi seçki dairəsində 13 məntəqə formalaşdırıb və son məlumata görə bu dairədə 4 838 seçici qeydə alınıb.

2005-ci ildən etibarən keçirilən bütün seçkilərdən sonra Xankəndi şəhərini Milli Məclisdə mərhum Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova təmsil edir. Onu da qeyd edək ki, Xankəndi şəhəri üzrə Milli Məclisə ilk dəfə 2005-ci ildə seçkilər keçirilib.

Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Xankəndi ilə yanaşı Ağdərə rayonu da bərpa edilərək öz rəsmi statusuna qovuşmalıdır:

“Xankəndində 1988-ci ilə qədər orta hesabla 16-17 min azərbaycanlı yaşayırdı. Bunlar ermənilər tərəfindən yurd-yuvasından qovuldu, didərgin salındı və öldürüldü. Xankəndi Azərbaycan Respublikasının şəhəridir və rəsmi bir qurumda təmsil olunmalıdır. Xankəndində təkcə düşmənlər yaşamayıb, azərbaycanlılar yaşayıb və ora tarixən Qarabağ xanın kəndi olub. Ermənilər buraya sonradan gəlib. Ona görə də mən burada müvafiq bir icra struktrunun olmasını məqsədəuyğun hesab etmişəm”.
İran fəlakətin bir addımlığında – Azərbaycana da böyük təhlükə var















“Güneydən Qüzeyə axın Azərbaycanı da məhvərindən qopara bilər…”

BBC yazır ki, Ağ Ev Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, Yunanıstan, İtaliya və Tayvana may ayına qədər vaxt vermişdi. Məqsəd o idi ki, həmin ölkələr alternativ neft idxalı üçün digər yollar tapsınlar. Bu ölkələr İrandan bundan sonra neft ala bilməzlər. Çünki ABŞ İrana iqtisadi sansksiyalar tətbiq edib.

Artıq Yunanıstan, İtaliya və Tayvan İrandan neft almır. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə İrandan neft almaqda davam etsə Amerika həmin ölkələrə də iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu isə arzu olunan deyil…

BBC yazır ki, ABŞ İrandan neft alan ölkələrə açıq mətnlə xəbərdarlıq edir ki, Səudiyyə Ərəbistanından və digər OPEC ölkələrindən neft alsınlar.

Sirr deyil ki, İran neft ixracını dayandırmaq zorunda qalsa, bu ölkə iqtisadi fəlakətlə üzləşəcək. İranın əsas gəlir mənbəyi neft və qaz ixracına bağlıdır. Bu gəlir mənbəyinin İranın əlindən çixması ölkənin tamamilə iflic olması və çökməsi deməkdir…

İranı gözləyən təhlükə təkcə bununla bağlı deyil. ABŞ və İsrailin istəyi ilə Səudiyyə Ərəbistanı başda olmaqla, “Ərəb NATO”su da İrana qarşı hərbi əməliyyatlara hazırlaşır…

Azərbaycanın qonşuluğunda baş verə biləcək belə dramatik hadisələr bizə yaxşı bir şey vəd etmir. Onu da unutmaq olmaz ki, İran əhalisinin az qala yarısı türkdür. Milyonlarla insanın Güneydən Qüzeyə axını Azərbaycanı da məhvərindən qopara bilər…(musavat.com)
Paşinyan Qarabağla bağlı məsuliyyəti xalqın boynuna qoydu














“Qarabağ məsələsini erməni xalqı həll etməlidir. Hər hansı bir hökumət və ya baş nazir yox”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yerəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib. O bildirib ki, Ermənistan xalqı nə vaxt ki Qarabağ münaqişəsinin həlli yolunu dəqiq tapsa, o zaman digər formullar asanlıqla yerinə yetiriləcək:

“Ən qəribəsi isə budur ki, bizim bu barədə ictimai müzakirəmiz olmayıb. Mən baş nazir olanda bəziləri müsahibə verib deyirdi ki, kimsə satqınlıq edib, yaxud edəcək. Ancaq heç kim soruşmurdu ki, mən danışıqlara gedəndə bu söhbətlər niyə edilirdi? Çünki siz hamınız məni Qarabağ məsələsinə görə danışıqlara göndərəndə demədiniz ki, bu problemi bu cür həll edəcəksən. Bu gün erməni xalqı baş nazirinə demədi ki, al bu sənin kağızın, onu əzbərlə, danışıqlara gir və məsələni bu yolla həll elə. Bu səbəbdən müxtəlif söz-söhbətlər gəzir”.

Paşinyan bildirib ki, onun, əlbəttə, Qarabağ münaqişəsinin həlli ilə bağlı öz görüşləri var, ancaq bu məsələdə erməni xalqının rəyi də vacibdir.
Xalidə Bayramovadan Elina hadisəsi ilə bağlı açıqlama – Direktor ifşa edildi















Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb.

O, Meydan TV-yə yazılı açıqlama göndərib. Həmin açıqlamadan bir daha məlum olub ki, Elina intihara cəhd etdikdən sonra təcili yardım dərhal hadisə yerinə çağırılmayıb.

“Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim” – Xalidə Bayramova deyib.

Beləliklə məlum olur ki, hadisə baş verib, bundan bir müddət sonra Sevinc Abbasova Xalidə Bayramovaya zəng edir, amma təcili yardım çağırmır. 1 saat sonra məktəbə Bayramova gəlir, amma hələ də təcili yardım çağırılmış olmur.

Həmin açıqlamanı təqdim edirik:

“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər.

Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam.

Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.
Siqaret çəkənlər cərimələnəcək – Yol Polisindən xəbərdarlıq















Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tütündən istifadə edən sürücülərə xəbərdarlıq edib.

Baş idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev ONA-ya açıqlamasında bildirib ki, taksidə tütündən istifadə inzibati məsuliyyət yaradır: “Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək bildirir ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradələrindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır. Eyni zamanda, təcrübə göstərir ki, tütündən istifadə əksər hallarda sürücünün diqqətinin yayınmasına gətirib çıxarır ki, bu da son nəticədə yol-hərəkəti qaydalarının pozulmasına, qəzaların, hətta avtomobildə yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər”.

“Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərli təsirləri barədə məlumat verməklə yanaşı taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, qanunvericiliyin tələbinə əsasən, taksi minik avtomobilində tütün çəkilməsinə görə – qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur. Odur ki, tütündən istifadə etməklə ailə büdcənizə, ən başlıcası isə özünüzün və başqalarının səhhətinə zərər vurmayın!” – deyə R. Quliyev sözlərinə əlavə edib