Prezident bəzi məmurlardan narazıdır














Məmurlara ictimai nəzarətin gücləndirilməsi məsələsi aktullaşır; deputat Fəzail Ağamalı: “Nə qədər cənab prezident bunları xalqa xidmət üçün çağırmalıdır?!”

Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında rayon sakinləri ilə görüşündə yerlərdə bəzi məmurların hələ də əhalinin problemlərinə laqeyd qaldıqlarını bildirib və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini yenidən gündəmə gətirib.

Prezident bildirib ki, əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir: “Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.

Qeyd edək ki, prezident İlham Əliyev ictimai nəzarət institutunun gücləndirilməsinin vacibliyini tez-tez gündəmə gətirir. Ekspertlər bildirir ki, bu təsadüfi deyil, çünki ictimai nəzarətin güclü olduğu dövlətlər inkişaf edir. Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur. Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin və şəxsən prezidentin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunun qüvvəyə minməsi məhz ictimai nəzarət institutunun formalaşması üçün idi. Bu qanunun qəbulu ilə dövlət və hökumət strukturlarının əksəriyyətinin yanında ictimai şuralar yaradılıb.

İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır. Lakin belə görünür ki, ictimai şuralar ictimai nəzarət funksiyasını heç də arzu olunan səviyyədə yerinə yetirmirlər.

Ekspertlər bildirir ki, ictimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları yaxından əməkdaşlıq edirlər.

İctimai nəzarətin güclənməsinin vacibliyi və bu mexanizmin necə qurulması ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirdi ki, bəzi məmurların vətəndaşlara laqeydliyi, işinin öhdəsindən layiqincə gələ bilməməsi problemi həqiqətən də var: “Təəssüf doğuran odur ki, dəfələrlə ölkə prezidentinin önə çəkdiyi, xüsusi diqqət verdiyi və özünü nümunə göstərdiyi bir davranış-xalqa xidmət məsələsi yenə də ayrı-ayrı məmurlar tərəfindən diqqətə alınmamaqdadır. Bəzi məmurların vətəndaşlara normal münasibət göstərməməsi problem olaraq hələ də qalır. Bu çox böyük təəssüf doğurur. Nə qədər cənab prezident bunları xalqa xidmət üçün bütün imkanlarını səfərbər etməyə çağırmalıdır?! Bu insanlar, nəhayət, nəticə çıxarmalıdırlar. Onlar həmin vəzifəyə ona görə təyin olunublar ki, o vəzifənin səlahiyyətləri çərçivəsində ölkə prezidentinin, Azərbaycan qanunlarının onların qarşısına qoyduğu vəzifələri yerinə yetirsinlər, xalqa yüksək səviyyədə xidmət göstərsinlər, onların problemlərini həll etsinlər və həmin problemlərin həlli məsələsi prezidentə qədər gedib çıxmasın. Axı prezidentin çiynində kifayət qədər yük var, dövlətin yetərincə həll olunası işləri var. Bu baxımdan mən düşünürəm ki, yerlərdə əhalinin problemlərinə biganə olan məmurlar nəticə çıxarmalıdırlar. Mən o fikirdə deyiləm ki, ölkədə bütün məmurlar işlərinin öhdəsindən gələ bilmirlər. Mənim sözlərim də bəzi məmurlara aiddir. Ölkəmizin prezidentinin iradlarından nəticə çıxarmaq lazımdır”.

F.Ağamalı qeyd etdi ki, prezidentin ictimai nəzarətin güclənməsi ilə bağlı dəfələrlə çağırışlarının şahidi olmuşuq və bu bir daha göstərir ki, ictimai nəzarət institutunun güclənməsi zəruridir: “İctimai nəzarətin güclənməsi məsələsində kütləvi informasiya vasitələrinin də üzərinə böyük yük düşür. Onlar ayrı-ayrı məmurların fəaliyyətindəki nöqsanları çəkinmədən gündəliyə gətirməli, ictimiləşdirməlidirlər. Vətəndaşlarımız isə fəal olmalı, qanunları bilməlidir. O zaman ictimai nəzarət güclənəcək və effektli olacaq. Ölkə prezidentinin çağırışı tamamilə demokratik cəmiyyətlərin ruhuna uyğun olan çağırışdır. Çünki ictimai nəzarət institutu güclü olan cəmiyyətlər daha inkişaf edir. Eyni zamanda QHT-lər də ictimai nəzarətin güclənməsində rol oynamalıdırlar. Həmçinin Milli Məclisin deputatları bu mexanizmin effektli olmasında rol oynaya bilərlər. Milli Məclisin deputatları ilə seçiciləri arasında hər zaman təmaslar, görüşlər olur. Seçicilər məruz qaldıqları problemlərlə bağlı deputatlarına müraciətlər edirlər və deputatlar ciddi xarakter daşıyan problemləri Milli Məclisin iclasında qaldırırlar. Bu da ictimai nəzarətin bir formasıdır. İctimai nəzarət institutunun güclü olması üçün ictimai şuralar yaradılması haqqında qanun qəbul etmişik. Bu qanun ciddi şəkildə işləməlidir. İctimai nəzarəti həyata keçirən ictimai şuralar icra strukturlarından asılı olmayan tamamilə müstəqil insanlardan təşkil olunmalıdır. Belə olmalıdır ki, ictimai şuralardakı insanlar nöqsanları üzə çıxarsınlar və onu müxtəlif instansiyalara çatdırsınlar, ictimailəşdirsinlər. Baxmayaraq ki, bir çox dövlət və qurumlarda ictimai şuralar yaradılıb, lakin bu sistem bütövlükdə ölkə miqyasında ciddi işlək vəziyyətə gətirilməlidir”.
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb – Təfərrüat















Şübhə yoxdur ki, Vüqar Mahmudov bütün bunları sabiq nazirin göstərişi və razılığı əsasında gerçəkləşdirib
Xəbər verildiyi kimi, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub. Cinayət işinin materialları artıq Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə zərərçəkənlərin sayı da bəllidir. V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı “MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki, MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2004-cü ildən Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov 2012-ci ilin iyununda 17944 və 50139, 2013-cü ilin yanvarında 50.418 və 129.646, 2013-cü ilin fevralında 18.440, 2013-cü ilin martında 20,385, 2013-cü ilin mayında 17.718, 2013-cü ilin oktyabrında 113.969 manat və 50.085 ABŞ dollarından ibarət cəmi 423.744 ABŞ dollarını sürücüsü Nail İbrahimovun, 2012-2014-cü illər ərzində 794.316 ABŞ dolları məbləğində isə “Kaspian Kristal” MMC-in rəhbəri olan qohumu Fuad Hacıyevin vasitəsilə “AGBank” ASC-dən Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən ayrı-ayrı hüquqi şəxslərin xarici ölkə banklarındakı hesablarına köçürülməsini təmin edib.

Vüqar Mahmudov ümumilikdə qeyri-qanuni yollarla 1.218.060 ABŞ dollarını ölkədən çıxarıb. Şübhə yoxdur ki, bütün bunlar sabiq nazirin göstərişi və razılığı əsasında baş tutub.(musavat.com)

Ukrayna parlamenti aprelin 25-də “Ukrayna dilinin dövlət səviyyəsində tətbiqinin təmin edilməsi haqqında” qanun qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu qanun onun ölkə ərazisində başqa dillərlə müqayisədə üstünlüyünü təsbit edir.

Bildirilib ki, qanun layihəsinin lehinə 278 deputat, əleyhinə isə 226 deputat səs verib. Qanuna əsasən, vətəndaşlar bundan sonra Ukrayna ərazisində bütün sahələrdə dövlət dilindən məcburi olaraq istifadə etməlidirlər.

Ukrayna dilindən istifadəyə dil müfəttişi nəzarət edəcək. Onlar bütün dövlət orqanlarının, ictimai və siyasi təşkilatların iclaslarına qatıla, dil haqqında qanuna riayət olunmasını tələb edə bilərlər. Dil müfəttişi qanunu pozanları cərimələyəcək.

Prezident Anriyə başsağlığı verib














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə başsağlığı məktubu göndərib.
Məktubda deyilir: 

"Əlahəzrət, 
Atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi. 

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Eldar Mahmudovun himayəsində pardaxlanan biznes... - İDDİA















Azərbaycanın kolbasa-sosiska bazarında mübhəm istehsalçılardan biri də “Hacı Turqay”dır

İstehlakçılar tez-tez sual edirlər ki, hansı firmanın məhsulları etibarlıdır. İnsanlar ailələrinə etibar etdikləri şirkətin məhsullarını aparmaq istəyirlər. 
Lakin bazarda müxtəlif şirkətlər var, hərəsi barəsində tükürpədici iddialar səslənir.

Birisi xərçəng xəstəliyi yaymaqda, birisi qoca, xəstə ətdən kolbasa hazırlamaqda, birisi halal adı ilə haram kolbasa hazırlamaqda ittiham olunur. “Hacı Turqay” firmasının da fəaliyyəti, sahibi və keyfiyyəti haqda qəribə məlumatlar dolaşır.

“MT Ltd.” firmasının “Hacı Turqay” nişanlı məhsullarının tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Mütəxəssislərin dediyinə görə, Azərbaycanda natrium nitrit olmadan heç bir kolbasa və sosiska məmulatı istehsal olunmur. Digər müsəlman ölkələrində (məsələn, Türkiyə, İran) isə bu maddədən istifadə olunmadan kolbasa və sosiska istehsal edilir.

Yəni bizim “halal” məhsul istehsal etmək fikrində olan şirkətlərimiz ən azı qonşu ölkələrin təcrübəsindən yararlana bilər. “M&T Ltd.” firmasına məxsus olan kolbasa.az saytı fəaliyyətini bir müddətdir ki, dayandırıb.

Bununla da şirkətin istehsal etdiyi məhsulların tərkibi haqda məlumatı etiketdən almaq mümkün olmadığı kimi əti haradan və hansı şirkətlərdən alması da məlum deyil.

Maraqlısı budur ki, Qafqaz Müsəlmanlar İdarəsi də sözügedən şirkətin “Hacı Turqay” məhsullarına hallalıq sertifikatı verməyib.

Bir neçə il qabaq “Hacı Turqay” ticarət nişanı altında halal məhsullar istehsal edən “M&T” Ltd firmasının laboratoriya müdiri Azadə Rzayeva hazırlanan məhsullara donuz piyi əvəzinə kərə yağı qatıldığını bildirib.

Onun sözlərinə görə, kərə yağı ilə hazırlanan kolbasa və sosislər donuz piyi ilə hazırlanandan fərqli dada malik olsa da, yalnız halal məhsullardan istifadə edənlər bu fərqi bilmirlər.

Onun sözlərinə görə, şirkətin halallıq sertifikatı halal ət kəsimi haqqındadır, burada məhsulun hazırlanması prosesindəki halallıqdan söhbət getmir. Bütün bu iddialar və səslənən fikirlər istehlakçıları çaşqınlıq içərisində saxlayıb.

Hər halda şirkət yaxşı olar ki, mediaya qapılarını açsın, araşdırma aparılsın, mağazalardan aldığımız “Hacı Turqay”ın tərkibinin nədən ibarət olduğu aydınlaşsın, alıcılar da arxayın olsunlar.

“Hacı Turqay” şirkəti haqqında digər məlumata əsasən sahibkar qanunla ona təyin olunmuş gəlir vergisindən uzun illər yayınaraq, fəaliyyətini bu gündə davam etdirməkdədir.

GundemXeber.Az bildirir ki, bu məsələdə keçmiş MTN-dəki havadarının gücündən istifadə edib. “Halal mal" istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Əgər maliyyə mənbəyi haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, bu halal sayıla bilməz"

Ölkəmizdə istənilən sahədə fəaliyyət göstərən sahibkarlar qanuna əsasən ona təyin olunmuş gəlir vergisini ödəməlidir və əks halda cinayət məsuliyyətinə cəlb edilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının onkoloji xəstəliklər yaratdığı barədə həyəcan təbili çalır.

Bu çağırışlar Azərbaycanda fəaliyyət göstərən və istehsal etdiyi məhsulların təmizliyinə hər zaman şübhələr olan kolbasa şirkətlərini yenidən gündəmə gətirib.

Eldar Mahmudovun himayəsində pardaxlanan biznes... - İDDİA









Alimlər həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır.

Son illər isə kolbasa hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

Məsələ barədə pia.az yazıb ki, bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərdə ətdən deyil, “poroşok”lardan- protein tozundan hazırlanır. Bu praktikadan istifadə edən dövlətlərin başında Rusiya və Çin gəlir.

Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşoklar”dan kolbasa hazırlamaq qadağan olunub. Türkiyədə poroşoklardan istifadə qadağan olunsa da, bu qadağalara tam riayət olunmur.

Məlumata görə, Rusiyadan Azərbaycana gətirilən kolbasaların demək olar ki, hamısı Çin məhsulu “poroşok”dan hazırlanıb. Həmin “poroşok”lar Çinin qlobal internet satış şirkəti olan “Alibaba” tərəfindən açıq satışa çıxarılır.
Suriyadan Qarabağa uzanan QORXUNC TƏHLÜKƏ: - böyük dövlətlərin ÇİRKİN PLANININ DETALLARI














Özlərini 104 il öncə - 1915-ci il hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri adlandıran bir qrup erməni PKK/PYD terror təşkilatının himayəsi altında yenidən təşkilatlanıb. Daha əvvəl müxtəlif terrorçu qruplarla birlikdə fəaliyyət göstərən ermənilər bu dəfə öz taborlarını qurmağa cəhd göstərir. Terror təşkilatının yayım orqanlarının verdiyi məlumata görə, erməni qrupa Suriyada öldürülən terrorçu kommunist Nubar Ozanyanın (Orxan Bakırcıyan) adı verilib.

Hər gün hərbi və psixoloji təlimlər keçən terrorçuların qaldığı qərargahın divarlarında qəribə yazılara və fotolara rast gəlinir. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı Əsənboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmeçiyanın fotosudur.

Suriyadan Qarabağa uzanan QORXUNC TƏHLÜKƏ: - böyük dövlətlərin ÇİRKİN PLANININ DETALLARI









PKK terror təşkilatı ilə ermənilərin radikal qrupları arasında münasibətlər bununla məhdudlaşmır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn PKK-çılar işğalçı qruplara dəstək vermişdi. Qəndil və Qamışlıdan gələn briliklər Ağrı bölgəsindən Ermənistana keçmişdi. Göyçə (Sevan) gölü bölgəsindən PKK üçün ayrılan Vardenes düşərgəsində qonaq olan 400 nəfərlik qrup Qarabağda müharibənin alovlanması ilə birlikdə qaynar nöqtələrə göndərilmişdi.

Politoloq, sabiq diplomat Fikrət Sadıxov məsələ ilə bağlı Publika.az-a açıqlamasında bildirdi ki, bu qruplaşma Dağlıq Qarabağ üçün təhlükə mənbəyi ola bilər:

“Belə qruplaşmalar, ilk növbədə, Türkiyənin sərhədlərinə təhlükədir. Təsadüfi deyil ki, Türkiyə Suriya ilə sərhədləri ciddi nəzarət altında saxlayır, bir sıra hərbi əməliyyatlardan sonra təmizlənmiş zona təşkil edir. Lakin erməni tərkibli qruplaşmaların olması təkcə Türkiyənin təhlükəsizliyinə təhdid deyil. Onlar bir çox hallarda öz maraqlarını digər dövlətlərə də istiqamətləndirirlər. Mən ermənilərdən yaradılmış bir terror qruplaşmasının nə zamansa gəlib Dağlıq Qarabağ separatçılarına köməklik edəyəcəklərinə şübhə etmirəm. Doğrudur, onların geniş qüvvələri yoxdur və demək olmaz ki, onlar ən müasir silahlarla təchiz olunublar. Lakin belə kiçikmiqyaslı qüvvələrin arxasında müəyyən güclər var. Təəssüflər olsun ki, bir sıra aparıcı dövlətlərin də bəzi dairələri belə qruplaşmaları öz mübarizələrində istifadə edir. Tarix bizə bunu sübut edir. Hər bir halda, biz ehtiyatlı olmalıyıq. Erməni terrorçuların Ermənistana gəlib Dağlıq Qarabağda təxribat törətmək təhlükəsinə qarşı qabaqlayıcı addımlar atmalıyıq. Beynəlxalq strukturları məlumatlandırmalıyıq, bəyanatlarla çıxış etməliyik. Çünki hərbi əməliyyatlardan qabaq diplomatik aktivlik nümayiş olunmalıdır.

Belə qruplaşmaların əsas niyyəti harada olursa-olsun, terror aktları törətməkdir. Qalmaqal yaratmaq, vəziyyəti gərginləşdirməkdir. Əgər PKK-nın himayəsində olan ermənilər Ermənistana dəvətsiz gəlsələr belə, əminəm ki, Ermənistanın siyasi rəhbərliyində heç də etirazla qarşılanmayacaqlar. Çünki onlar özləri də terrorçulara oxşar bir dəstədir. Azərbaycana qarşı etnik təmizlənmələrlə məşğul olursa, Xocalı soyqırımı kimi faciələr törədirsə, əlbəttə, onlar terrorla əlbir sayılır. Təəssüflər olsun ki, dünya dövlətləri bu təhlükəni görmür. Görəndə də ya onların başlarını sığallayır, ya da öz maraqları çərçivəsində onların xidmətindən istifadə edir”.
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb















Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

ONA-nın məlumatına görə, “Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib.

Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd edib. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Huawei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib. Azərbaycan ilə “Huawei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb, bu sahədə “Huawei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirib.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb
Novruz Məmmədovdan bina sakinlərini sevindirəcək — YENİ QƏRAR















“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” təsdiq edilib.
Bu barədə müvafiq qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri BNA tərəfindən ayrılır.

Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. 

Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə iki iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Hər iki halda müraciətə baxılmasından imtina şəxsin yenidən müraciət etməsinə mane olmur.

Müraciət qəbul olunduqdan sonra iki iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. 

Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur. 

Fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə, nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən təkrar müraciət edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir. 

Aşağıdakı hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir
1. nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə; 

2. fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə

3. fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə.

Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti üç ildir. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (üç ildən çox olmamaqla).

Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür. 

Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlaya bilərlər. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur.

Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.
Ramil Usubovdan daha bir — TƏYİNAT















Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Qafur Verdiyev Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib. 
O, bundan əvvəl Zaqatala RPŞ-nin Dövlət Yol Polisi Bölməsində inspektor vəzifəsində çalışıb.