Neçə illərdir ki, orta məktəblərdə dərs proqramının, dərs yükünün ağırlığı və dərs vəsaitlərindəki səhvlər cəmiyyətdə, həmçinin Milli Məclisdə ciddi müzakirə predmeti olsa da, Təhsil Nazirliyi tərəfindən səslənən problemlərin həlli istiqamətində nəticəli addımlar atılmır. Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyevaya müraciət etdik.
Məsələ ilə bağlı “Ölkə.Az”a müsahibəsində Sona Əliyeva bildirib ki, bu məsələ ilə bağlı cəmiyyətə düzgün olmayan fikirlər çatdırılır:
“Təhsil Nazirliyi valdeynlərə və şagirdlərə dəftər, qələm və bu kimi ləvazimatlardan başqa hər hansı dərs kitabını, iş dəftəri, test və ya digər dərs vəsaiti almağı tövsiyyə etmir. Buna ehtiyac da yoxdur. Çünki nazirlik özü şagirdləri bu dərs vəsaitləri ilə təmin edir. Bu əlavə dərs vəsaitlərinin alınması məktəblərdəki ibtidai sinif müəllimləri tərəfindən həyata keçirilir. Ona görə də bu məsələ Təhsil Nazirliyinin üzərinə qoyulmamalıdır”.
- Necə yəni müəllimlər edir? Məgər dərs cədvəlini müəllim hazırlayır? Cədvəl nazirlik tərəfindən hazırlanmırmı? Dərs proqramı nazirlik tərəfindən müəyyən edilmirmi?
- Məktəblərdə şagirdlərin 6 saat dərsi olur və onlar üçün maksimum 6 kitab və buna uyğun dəftər tələb olunur. Təhsil Nazirliyi də deyir ki, cədvələ uyğun kitabını və dəftərinı götür, get məktəbə... Daha demir ki, əlavə test, iş dəftəri və sairəni yığ çantana... Daşımağa da gücün çatmasın. Bunu müəllimlər edir. Baxın, biz mətkəbdə oxuyanda belə şeylər var idimi? Yox!.
- Ümumiyyətlə sovet təhsil sistemi ilə indiki təhsil sistemi tamamilə fərqli sistemlərdir. O zaman dərs proqramları və dərs yükü bu qədər ağır deyildi.
- Düz..
- Gəlin etiraf edək ki, bu gün xüsusən də ibtidai siniflərdə dərs proqramı və dərs yükü həddən artıq ağırdır. Uşaqlar proqramı qavramaqda çətinlik çəkirlər.Bunu necə aradan qaldırmaq olar? - Mən də tədris proqramındakı kurikulumların nisbətən çətin olduğunu qəbul edirəm. Artıq kurikulumun tətbiqi ilə ilk mərhələ bu il 11-ci siniflərdə başa çatır. Ona görə də hazırda Təhsil nazirliyində yeni kurikulumlar üzərində iş gedir. Bu kurikulumlar nə qədər asanlaşacaq və ya asanlaşmayacaq deyə bilmərəm. Amma iş gedir. Hesab edirəm ki, bu 10 il ərzindəki çatışmazlıqlar, problemlər yeni kurikulumların hazırlanmasında öz əksini tapacaq. Əgər problemlər olacaqsa, onlarla bağlı yenidən fikir bildiriləcək.
Mən də o fikirlər razıyam ki, bu gün ibtidai siniflərin dərs proqramı və yükündə ağırlıq var. Ancaq 5-ci sinifdən yuxarılarda elə də ağır deyil.
- Sizcə birinci və ikinci sinfə qrammatikanın tədrisi nə dərəcədə məntiqəuyğundur?
- Belə şikayətlər daha çox ibtidai təhsillə bağlıdır. Yuxarı siniflərlə bağlı belə şikayətlər çox azdır. Olanda da bəzən riyaziyyat fənni ilə bağlı olur. Hətta elə olub ki, özüm də həmin məsələnin həllində çətinlik çəkmişəm. Ona görə də bu məsələlər davamlı olaraq Təhsil nazirliyinin diqqətinə çatdırılmalıdır. Bunlarla bağlı geniş komissiya yaradılsın və komissiya bütün şikayətləri nəzərdə keçirsin.
- Bəs dərs vəsaitlərinin keyfiyyəti necə?
- Hesab edirəm ki, dərsliklərin çap keyfiyyəti barədə elə də ciddi problem yoxdur. Normaldır.
- Bəs dərsliklərdəki səhvlər barədə nə deyə bilərsiniz. Bu məsələ vaxtaşırı sosial şəbəkələrdə faktlarla göstərilir, ancaq nəticəsi yoxdur?
-Bəli, bu səhvlər var və hamı tərəfindən qəbul olunur. Nazirlik həmin səhvləri növbəti çap zamanı aradan qaldırmağa çalışır. Ümumiyyətlə orta məktəb dərsliklərində səhvlər sovet dönəmindən var və bu problem bu gün də davam edir. Bunun üçün geniş komissiya yaradılmalı və aidiyyatı qurumlardan bura peşəkarlar daxil edilməlidir. Bura hətta müəllimlər də dəvət edilməlidir. Onlar dərslikləri dəfələrlə yoxlayıb çapa göndərməlidirlər. Çünki kitab elə bir şeydir ki, şagird orada nə oxuyursa, onu həqiqət kimi qəbul edir. Bu problem aradam qaldırılmalıdır.
06 may 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi görüşü keçirilib. DSX-dan verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud münasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirə olunub. Qanunun 17-ci maddəsinə əlavə bənd əlavə olunur.
Əlavə olunan 17.8 bəndə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir. Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.
Qanun layihəsinə dəyişiklik parlamentin plenar iclasına tövsiyyə olunub
Ekspertlər “Xələf Xələfov kimi peşəkar diplomata böyük ehtiyacımız var” deyirlər
Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfovun yenidən xarici işlər nazirinin müavini təyin edilməsi geniş müzakirələr doğurub. Beş ay öncəyə qədər indiki vəzifəsində olan X.Xələfovun hansı səbəbdən geri qaytarıldığı yönündə müxtəlif mülahizələr irəli sürülür.
Deputat Fəzail Ağamalı musavat.com-a X.Xələfova XİN-də ehtiyacın olduğunu söylədi: “Xələf Xələfov kifayət qədər təcrübəsi olan diplomatlarımızdan biridir. O, uzun illər XİN-də yüksək vəzifələrdə çalışıb, ən müxtəlif ciddi və mürəkkəb proseslərin içərisində olub, onun Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həll edilməsinə öz töhfələrini verib. Sanki Xələf Xələfov getdikdən sonra artıq Gürcüstanla sərhəd məsələsi başladı. Gürcüstanla yaranan bu sərhəd məsələsi, bu ölkənin prezidentinin məsələyə gözləmədiyimiz şəkildə bu cür mövqe sərgiləməsi, Xəzərin statusu ilə bağlı İran və Türkmənistanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında fərqli yanaşmaların olması və digər bu kimi məsələlər XİN-də Xələf Xələfov kimi diplomatın olmasına ehtiyac yaradır. Eyni zamanda biz işğal edilən ərazilərimizi azad etdikdən sonra münasibətlərimizi hansı bir səviyyədə, sərhədlər çərçivəsində müəyyənləşdirən zaman bizim Xələf Xələfov kimi peşəkar diplomata böyük ehtiyacımız var. Ona görə də düşünürəm ki, ölkə prezidentinin atdığı bu addım çox düzgündür.
Hörmətli baş nazirimiz aparat rəhbərliyinə sınaqlardan keçmiş, kifayət qədər təcrübəsi olan istənilən bir şəxsi təyin edə bilər. Lakin o şəxs Xələf Xələfovun aparmış olduğu missiyanı yerinə yetirə bilməz. Çünki bunun üçün xüsusi bir qalibiyyət, istedad və uzun illərdən bəri toplanmış təcrübə lazımdır. Bu baxımdan düşünürəm ki, Xələf Xələfovun xarici işlər nazirinin müavini təyin edilməsi, eyni zamanda sərhədlərlə bağlı danışıqlarda prezidentimizin səlahiyyətli nümayəndəsi kimi təsdiq edilməsi çox uğurlu bir addımdır. Ölkə başçısının bu addımını birmənalı şəkildə dəstəkləyir, yüksək qiymətləndirirəm. Onun xarici işlər naziri təyin edilməsinin vacibliyi barədə verdiyiniz suala gəlincə, deyə bilərəm ki, bu məsələ ölkə prezidentinin səlahiyyətindədir. Cənab prezident belə bir addım atsa, bu onun konstitusion hüquqi kimi başa düşülməli və qəbul edilməlidir. Xələf Xələfovun dövlətçiliyimiz qarşısında çox böyük töhfələri var”.
Deputat hakimiyyətin kadr potensialının az olması barədə deyilənlərlə razılaşmır: “Şübhəsiz ki, XİN-də bu işlərlə məşğul ola biləcək şəxslər var. Amma onların biliyi, bacarıqları, görünür, Xələf Xələfov səviyyədə deyil. Onun kimi diplomat olmaq üçün uzun illərə ehtiyac var. Diplomatik missiya elədir ki, orada bilik, savad, ağıl, dünyagörüşlə bərabər həm də təcrübəyə böyük ehtiyac var. XİN-in də ciddi kadr problemi içərisində olduğunu düşünmürəm. Orada yeni nəslin nümayəndələri də var. Onlar çox istedadlı və perspektivlidirlər. Bir neçə ay öncəyə qədər XİN-də mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyevi burada misal çəkə bilərəm”.
“Atlas” Araşdırmalar Mərkəzi bu təyinatla bağlı analitik yazı ilə çıxış edib: “Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı o, 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi.
Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu. Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı. Prezidenti sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu. Elə təyinatın əsl mahiyyəti də bundadır.
Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsi ilə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki konvensiya bu məsələni həll etməyib.
İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhəddində baş verən insidentlər bu istiqamətdə də danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb.
Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki?”
Rusiya Fövqəladə Hallar Nazirliyinə Azərbaycanın Moskvadakı səfirliyində yanğın çıxması ilə bağlı məlumat daxil olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi nazirlikdəki mənbəsinə istinadən məlumat yayıb.
Hazırda FHN əməkdaşları informasiyanın doğruluğunu yoxlayırlar. Hadisə yerinə bir neçə yanğınsöndürmə maşını cəlb edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.
“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, – P.Bülbüloğlu deyib.
“Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, regional ekologiya və təbii sərvətlər idarələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olacaq.
Belə ki, Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilib və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək. Həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilib.
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilib və onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılıb.
Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Trend-ə müsahibə verib.
Cahan.info həmin müsahibəni təqdim edir:
- Son günlərdə Azərbaycan iqtidarı əleyhinə əsassız bəyanatlar səsləndirən Əli İnsanovun davranışına qiymət verməyinizi istərdik.
- Əli İnsanov Prezident İlham Əliyevin humanist addımı ilə əfv sərəncamı əsasında vaxtından əvvəl azadlığa buraxıldı. Hesab edirəm ki, ləyaqət hissini itirməyən istənilən adam ölkə başçısının bu jestinə uyğun davranış sərgiləməli idi. Ən azından bir təşəkkür ifadə etməli idi. Dəfələrlə Heydər Əliyevə sadiq olduğunu bəyan edən insan onun məzarını ziyarət etməli idi. Əli İnsanov isə bunu etmədi və cəmiyyətdə ona qarşı münasibət daha da pisləşməyə doğru dəyişdi.
Əli İnsanov təşəkkür etmək əvəzinə mətbuata verdiyi müsahibədə şər və böhtan atmağa davam etdi. Biz Yeni Azərbaycan Partiyası olaraq Əli İnsanovun mətbuatda hər hansı bir bəyanatla çıxış etməsinə etiraz etmirik. Bizim etirazımız onun bəyanatında səsləndirdiyi və təbii olaraq Azərbaycanın milli maraqlarına uyğun gəlməyən məqamlarla bağlıdır.
Əli İnsanov erməni lobbisinin dəstəyinə arxalanmaq məqsədilə onların müdafiəçisi kimi çıxış etməyə başlayıb. Düşünürəm ki, bunun əsas səbəbi onunla əlaqədardır ki, Əli İnsanov azadlığa çıxdıqdan sonra ümid etdiyi xalqın dəstəyini görmədi və özünü ermənilərin, eləcə də onların lobbisinin qanadının altına salmağa çalışdı. O bəyan edib ki, guya ermənilər ona görə ölkəmizə qarşı separatçı mübarizəyə başlayıblar ki, onların Azərbaycanda hüquqları pozulur.
Güman edirəm ki, Əli İnsanov ermənilərin Azərbaycana qarşı separatçı hərəkətlərinin 1988-1989-cu illərdə başladığından xəbərsiz ola bilməz. Çünki onun da o vaxt Ermənistanda yaşayan qohum-əqrəbaları həmin illərdə deportasiyaya məruz qalıblar. Əli İnsanov bu faktı insafsızcasına təhrif edərək ermənilərin separatçı hərəkətlərinin mənbəyi kimi guya Azərbaycanda yaşamaq inkanlarının məhdudlaşdırılmasını önə çəkir.
Əlbəttə ki, Əli İnsanov bununla hamıya məlum olan böyük tarixi faktlara da böyük kölgə salmış olur. Məsələn, 1905-1907-ci, 1915-1918-ci illərdə ermənilər tərəfindən Azərbaycana olan çoxsaylı hücumlar, Bakı, Şamaxı və digər şəhərlərimizdə günahsız azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, onların türkə, azərbaycanlıya olan nifrətindən qaynaqlanan mübarizəsi kimi reallığa çevrilib. Bütün bunları bilərək onun - təbii ki, Əli İnsanov bunları bilməmiş deyil - ermənilərin guya Azərbaycan iqtidarının günahı ucbatından Azərbaycandan narazı düşməsi haqqında əsassız bəyanatları üzücüdür. Bu əsassız bəyanatların bir adı var – milli xəyanət. Bu, Azərbaycanın milli maraqlarını torpaqlarımızı işğal etmiş erməni separatçılarının ayaqlarının altına atmaqdır.
Son çıxışında o özünü daha çox ermənilərin müdafiəçisi kimi təqdim etməyə çalışır. Hesab edirəm ki, Əli İnsanovun bu hərəkətləri Azərbaycan xalqı tərəfindən bağışlanılmayacaq.
O bəyan edir ki, hər hansı bir siyasi partiya yaratmaq fikrindədir. Bu siyasi partiyaya o, kimləri cəlb edəcək? Erməniləri, erməni diasporunu?
Əli İnsanov Azərbaycanın bugünkü reallıqlarını çox yaramaz formada təhrif edir. Guya Azərbaycanda insan hüquqları pozulur, əhali çətinliklər içərisində yaşayır. Əli İnsanov Bakının timsalında Azərbaycanda nə qədər möhtəşəm dəyişikliklərin baş verdiyinin şahidi ola-ola bütün bu gerçəkliklərə göz yumur. Bu isə onun məkrli niyyətindən xəbər verir.
İnsanın bir siması, vahid mövqeyi olmalıdır. Vaxtilə Azərbaycanda 10 il müddətində nazir vəzifəsində işləyərkən iqtidarı bəlağətlə tərifləyib, müxalifətə qarşı kəskin mövqe nümayiş etdirən Əli İnsanov bu gün tamamilə əksini söyləyir. Belə olan halda bir söz ortaya çıxır - simasızlıq.
- Sosial şəbəkələrdə saxta profillərdən istifadə edərək Azərbaycana, ayrı-ayrı insanlara qarşı qarayaxma kampaniyasının aparılması da bu gün cəmiyyəti narahat edən problemlərdən biridir. Sizcə, bu cür kampaniyalar hansı məqsəd daşıyır?
- Azərbaycanda söz, mətbuat, fikir, vicdan azadlığı təmin olunub. İstənilən insan öz fikrini açıq şəkildə ifadə etmək imkanına malikdir. Eyni zamanda insanların siyasi hüquq və azadlıqları təmin olunub, ayrı-ayrı siyasi təşkilatlarda birləşə bilirlər, Azərbaycanda çoxlu sayda müxalifət partiyaları var. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Bunun üçün ciddi əsaslar var. Bu əsaslar Azərbaycanın inkişafı, müasirləşmə, yeniləşmə, insanların təhlükəsizliyinin qorunması və özlərini sərbəst hiss etməsi ilə əlaqədardır. Digər bir məqam isə əhalinin sosial rifahının yüksək səviyyədə təmin olunmasıdır.
Son bir neçə ay ərzində Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılması ilə bağlı addımlar atılıb. Əmək haqları, pensiyalar, müavinətlər, tələbə təqaüdlərinin artırılmasına dövlət tərəfindən böyük vəsaitlər xərclənir. Bütün bunlar birmənalı şəkildə insanların hakimiyyətə olan münasibətinin daha da yaxşılaşması üçün zəmin yaradır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşları mütləq çoxluq etibarilə Prezident İlham Əliyevi, onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu da təbii olaraq hakimiyyətdə olan partiyanın elektoratının sayını artırır. Belə olan halda isə müxalifətin elektoratı azalır. Müxalifət öz elektoratını formalaşdırıb möhkəmləndirmək üçün mükəmməl konsepsiya və strategiya ortaya qoya bilmir. Bir neçə ildir ki, əks qütbdə olanlar normal bir siyasi platforma müəyyənləşdirib əsas hədəf və niyyətlərini insanlara çatdıra bilməyiblər. Buna görə də Azərbaycan cəmiyyətində bugünkü müxalifətə inam qalmayıb. Bunu mütləq şəkildə etiraf etmək lazımdır.
Müxalifət itirdiyi mövqelərini yanlış yolla bərpa etməyə çalışır. Bu da söyüş, təhqir, böhtan kampaniyasıdır. Bu isə istənilən halda başucalığı gətirmir. Eyni zamanda bu kampaniya onların tərəfdarlarının sayını da azaldır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün müasir texnologiyaların yaratdığı imkanlardan çirkin məqsədlə istifadə edənlər var. Onlar sosial şəbəkələrdə saxta profillər, yalançı adlarla az sayda insanlar cəlb etməklə hakimiyyətdə olanları təhqir edir, cəmiyyətin hörmətli üzvlərini təhqirə, mənəvi terrora məruz qoyurlar. İnsanlar onların kimlər tərəfindən təhqir olunduğunu, mənəvi terrora məruz qaldığını bilmirlər. Çünki bunlar yalançı profillər, adı məlum olmayan insanlardır. Bu, Azərbaycan cəmiyyətində ciddi narazılıq mənbəyinə çevrilib. Biz bunu qətiyyətlə pisləyirik. Onlar açıq şəkildə mübarizə aparmalı, öz fikir və məqsədlərini aydın ifadə etməlidirlər. Təhqir və böhtanla hakimiyyət uğrunda mübarizə aparmaq mümkün deyil. Əgər hakimiyyət uğrunda mübarizə aparırsansa, düzgün olmalı, insan hüquqlarına hörmətlə yanaşmalısan. Böhtanla imic formalaşdırmaq mümkün deyil.
Bugünkü müxalifət nümayəndələrinin əksəriyyəti yalnız söyüş söyən, təhqir edən bir marginal bir qrupa çevrilib. Bu, cəmiyyət üçün böyük təhlükə mənbəyidir. Yalnız onların düz yola gələcəyi təqdirdə normal bir situasiya yaranar.
Təəssüf ki, bu gün müxalifət yalan və böhtan təqdim edir. Bu cür insanlarla dialoq aparmaq qeyri-mümkündür. Cəmiyyət müxalifətin mənəviyyatsızlıq mövqeyinə yuvarlanmasını qətiyyətlə pisləyir. Azərbaycanda siyasəti çirkaba çevirmək lazım deyil. Azərbaycan uğurlu bir dövlət kimi özünü təsdiq edib, böyük inkişaf perspektivləri var və hamımız bir vətəndaş olaraq ona çalışmalıyıq ki, ölkəmiz bu inkişaf yolundan hansısa maneələrə görə geri çəkilməsin.
- Bu gün müxalifət nümayəndələri tərəfindən tez-tez dialoq məsələsi səsləndirilir. Lakin müxalifətin öz daxilində bir parçalanma var. Sizcə dialoq aparıla biləcək müxalifət var?
- Bugünkü reallıqlardan biri odur ki, Azərbaycan müxalifəti özünü dağıdıcı bir güc kimi ifadə edir. Təsəvvür edin, vaxtilə bir yerdə olan müxalifət partiyaları indi parçalanıb, birləşmək niyyətləri belə yoxdur. Vaxtilə vahid siyasi qüvvə olan Xalq Cəbhəsi, daha sonra Müsavat Partiyası kimi fəaliyyət göstərənlər bir neçə yerə parçalandılar. Onların hakimiyyətdə olduğu 90-cı illərin əvvəllərində cəmiyyət parçalanmışdı. Şimal və Cənubda müəyyən qüvvələr ortaya çıxmışdı, mərkəzdə müxtəlif məqsədlərə və siyasi partiyalara xidmət edən silahlı qüvvələr tüğyan edirdi, ölkə parçalanırdı. Hakimiyyətin daxilində bir-biri ilə mübarizə aparan dəstələr var idi. Bakıdan Gəncəyə, Gəncədən Bakıya silahlı qüvvələr göndərirdilər ki, hakimiyyəti parçalasınlar.
Parçalanmağa meylli qüvvələr cəmiyyəti birləşdirə biməz. Bu, cəmiyyət üçün böyük fəlakətə gətirib çıxara bilər. Təsəvvür edin, onlar hakimiyyətə gəlsələr, Azərbaycanda nə qədər bir-biri ilə mübarizə aparan hakimiyyətdaxili qüvvələr olar. Onlar dağıtmaq və parçalamağı daha yaxşı bacarır, cəmiyyətin birləşdirici güc mənbəyi kimi özlərini təsdiq edə bilmirlər. Dağıdıcı bir güc kimi fəaliyyət göstərən, birləşə bilməyən, öz aralarında normal dialoq təşkil edə bilməyən bir qüvvə Azərbaycan üçün nə vəd edə bilər?
Azərbaycan indi çox dəyişib, 90-cı illərin əvvəllərində vəziyyətlə müasir dövrü müqayisə etsək, bunun şahidi olarıq. Tarixi miqyasda baxanda iki Azərbaycan haqqında danışırıq. 90-cı illərin əvvəllərində fəlakətlə üz-üzə qalan, açlıq və səfalətin tuğyan etdiyi, parçalanma ərəfəsində olan və hazırkı, sürətlə inkişaf edən, gözəlləşən, müasirləşən, paytaxtı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən, dünyanın ən mötəbər tədbirlərinin keçirildiyi Azərbaycan. Bu, mənfur qüvvələrin istəmədiyi Azərbaycandır və imkan vermək olmaz ki, onlar yenidən fürsət tapıb əldə olunmuş nailiyyətləri dağıtsın, ölkəni yenə də 90-cı illərin əvvəllərindəki vəziyyətə gətirsinlər. Biz bu niyyətlə yaşayan müxalifətin qəti əleyhinəyik.
- Müxalif qüvvələrin xarici dairələrin təsiri altına düşməsi də bu gün əsas problemlərdən biridir.
- "5-ci kolon"a çevrilən müxalif qüvvələr güclü olmasa da, mövcuddur. Onlar müxtəlif niyyətlərlə xaricdən verilən tapşırıqlar, hədiyyələr və stimullaşdırıcı təkliflər əsasında fəaliyyət göstərirlər. Təbii ki, bu, Azərbaycanın nəinki hakimiyyəti üçün, bütövlükdə müstəqilliyi üçün təhlükədir. Azərbaycana qarşı olan ayrı-ayrı qüvvələr tərəfindən maliyyələşən bu qrupların aldıqları bütün tapşırıqlar milli maraqlara tamamilə ziddir.
Biz Azərbaycanın daxilində olan, özlərini siyasi təşkilat adlandıran qrupların "5-ci kolon"a çevrilməsinin qəti əleyhinəyik və bunun qarşısı mütləq şəkildə alınmalıdır.
Xarici ölkələrdə ölkəmizə qarşı təxribat planlarında iştirak edən bəzi azərbaycanlılar da "5-ci kolon"un hissələridir. Onlar əlaqələndirici funksiya yerinə yetirir, müəyyən tapşırıqları burdakı insanlara çatdırır və ideoloji zəmin hazırlayırlar. Bu ideoloji zəmin isə yalan, böhtan, təhqir əsasında həyata keçirilir. Onlar xaricdə sığınacaq alıb, Azərbaycan haqqında iftira yaymaqdadırlar. Bütün bunların hamısı Azərbaycan vətəndaşları tərəfindən düzgün qiymətləndirilir. Sübut etməyə ehtiyac yoxdur, bunu hamı görür.
ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət eləməsi analitiklərin müzakirə mövzusu olaraq qalır. Maraqlıdır ki, Rusiyada bu təşəbbüs qısqanclıq və narahatlıqla qarşılanıb. Halbuki ABŞ da Rusiya kimi Qarabağ məsələsində vasitəçi dövlət, üç həmsədrdən biridir.
Amerikalı tanınmış təhlilçilərdən biri, ABŞ siyasi dairələri və Ağ Evə yaxın ekspert Stiven Blank isə Pompeonun Qarabağ təşəbbüsü ilə bağlı maraqlı ifadə işlətmişdi. Demişdi ki, nazirlərin Vaşinqton görüşü heç də ABŞ-ın “Lavrov planı”nı dəstəkləmək anlamına gəlmir, Ağ Ev həmin planı müdafiə eləməyə hazırlaşmır.
Məntiqlidir. Çünki Rusiyanın Qarabağa dair istənilən həll planı öncəliklə onun regiondakı maraqlarına əsaslanacaq. Bu üzdən rusiyalı politoloqlar xeyli vaxtdır Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gözlənilən Vaşinqton görüşünün əhəmiyyətini heçə endirmək, onu hətta gözdən salmaq yönündə açıqlamalar verir, ümumiyyətlə, Vaşinqtonun Qarabağ probleminin ədalətli həllində guya maraqlı olmadığını, hətta nizamlama prosesinə pəl vurmaq istədiyini iddia edirlər. Bu fonda isə Rusiyanın yeganə və ədalətli arbitr obrazını yaratmağa çalışırlar. Həmin rəylərdən birini təqdim edirik.
*****
“Dağlıq Qarabağ konflikti çox mürəkkəb konfliktdir. Əgər əvvəllər Serj Sərkisyan və İlham Əliyev öz oyunlarını oynayırdısa, inqilabçı Paşinyan hələ ki, inqilabi planda özünü heç nədə göstərməyib - bircə ondan başqa ki, Nikol Paşinyan ”Qarabağ birbaşa danışıqlarında iştirak eləməlidir" deyib. Bununla belə, o, köhnə formatda danışıqları davam etdirir". “Yeni Müsavat”ın məlumatına görə, bunu Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə rusiyalı ekspert Stanislav Tarasov 1 in.am erməni saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, ermənilər danışıqlarda ilk növbədə müharibəni önləmək məqsədilə iştirak edirlər: “Digər iki həmsədr dövlətin (ABŞ və Fransa - ”YM") Qarabağ problemi veclərinə də deyil, nədən ki, Qarabağ onlardan çox-çox uzaqdadır. Putin isə problemlə məşğul olur, ona görə ki, burada, bizimlə yanaşıdır. Əgər müharibə Yaxın Şərqdən Cənubi Qafqaza sıçrayarsa, o zaman bu, təkcə Azərbaycan və Ermənistana deyil, Rusiyaya da təsir edəcək. Biz hadisələrin belə inkişafını əngəlləməliyik. Rusiya üçün yekunda Qarabağın Azərbaycana, yoxsa Ermənistana qalacağının heç bir önəmi yoxdur. Biz Stepanakerti (Xankəndi - “YM”) Rusiyaya birləşdirməyə hazırlaşmırıq", - deyə Tarasov vurğulayıb.
Bunun ardınca o, faktiki surətdə Kremlin Qarabağ münaqişənin nizamlanmasında maraqlı olmadığını və Moskvanın əsl niyyətini ortaya qoyub: “Rusiyanın mövqeyinin Ermənistan və Azərbaycan üçün təhlükəliliyi bundadır: əgər bu iki münaqişə tərəfi razılığa gəlməzsə, əgər cənubdan, xüsusən də İran tərəfdən Araz boyu sabitsizlik təhlükəsi yaranarsa və bu, Cənubi Qafqaza təsir etməyə başlayarsa, o zaman ruslar Azərbaycanın və Ermənistanın etirazlarına rəğmən, Araza çıxacaqlar. Çünki ruslar nə azərbaycanlıları, nə də erməniləri müdafiə edəcəklər. Onlar yalnız özlərini və öz maraqlarını qoruyacaqlar. Məhz bu faktor hamını çəkindirir. Ruslar isə deyirlər ki, anlaşın, biz şərtlər irəli sürmürük. Ancaq əgər anlaşmasanız, əgər bizim burnumuzun altında müharibə olsa və bu, bizim üçün təhlükədir, onda sizin heç birinizi vecimizə almayacaq və öz problemlərimizi həll edəcəyik”.
*****
Arazın o tayı isə Güney Azərbaycan, beynəlxalq hüquqa görə isə İran dövlətidır. O İran ki, ABŞ-la münasibətləri indi olduqca kritik bir dönəmdən keçir. Hətta iki ölkə arasında hərbi qarşıdurma variantı istisna edilmir.
Bəzi müşahidəçilərə görə, ABŞ Qarabağ məsələsində ciddi irəliləyişə, nəticə etibarilə Ermənistanın Rusiya orbitindın uzaqlaşmasına ən əvvəl o səbəbə səy edir ki, Tehran və Moskva Amerika maraqlarına qarşı bölgədə müştərək, sinxron hərəkət etmək imkanından məhrum olsun. Hər halda, həll edilməmiş Dağlıq Qarabağ konflikti rusiyalı politoloqun yuxarıdakı açıqlamasından da göründüyü kimi, Kremlə bölgəyə hərbi müdaxilə bəhanəsi verir. Moskva İrəvanla müttəfiqlik sazişinin istinad edərək və Ermənistandakı hərbi bazasına güvənərək buna əl ata bilər. Ona görə də Qarabağ ixtilafının həllində ABŞ-ın tələsməsi, Rusiyanın isə ləngiməsi məntiqli görünməlidir.
“Yeni Müsavat” onu da xatırladır ki, Donald Trampın prezidentliyi dövründə Rusiya, İran və Şimali Koreya ABŞ-ın qəbul elədiyi yeni Mili Təhlükəsizlik Strategiyasında “şər üçbucağı”, yəni Amerika maraqlarına ən ciddi təhlükə yaradan dövlətlər elan olunub...
*****
Beləcə, hərənin öz maraq-mənafeyi var. İran, Rusiya və ABŞ bölgədə nüfuz savaşında ikən Azərbaycan da təbii ki, özünün köklü maraqlarından, öncəliklə Qarabağla bağlı mənafeyindın çıxış edərək, öz strategiyasını cilalamaq zorundadır. Bu xüsusda başqa bir tanınmış rusiyalı hərbi analitik Denis Korkodinovun fikirlərini ciddiyə almağa dəyər.
“Yeni Müsavat”ın məlumatına görə, mətbuata açıqlamasında o, əminliklə deyib ki, əgər ABŞ-la İran arasında müharibə baş versə, o zaman toqquşma bu və ya digər şəkildə Yaxın Şərqin böyük bir hissəsini, İran körfəzini və Azərbaycan da daxil, Qafqazı əhatə edəcək.
“Amerikalı ”qırğılar"ın (Mayk Pompeo, Con Bolton) davakar ritorikası İranın yaxın qısamüddətli perspektivdə hərbi müdaxilə təhlükəsi altında olduğunu düşünməyə əsas verir. Ola bilsin, Donald Tramp qatı anti-irançılar olan Pompeo və Boltonun daxil olmadığı başqa bir siyasi əhatəyə malik olsaydı, o zaman iki ölkə arasında konfliktdən qaçmaq mümkün olmasa da, onu qeyri-müəyyən müddətə təxirə salmaq olardı", - deyə o qeyd edib.
Hərbi ekspert İranla ABŞ arasında mümkün müharibənin bir neçə episentrinin olacağını güman edir. “Müharibənin episentrlərdən biri Suriya və Livan, digəri İraq, o biri isə Güney Azərbaycan ola bilər... Tramp administrasiyası müstəqillik tələb edən Təbriz türkləri ilə İran (fars - ”YM") əhalisi arasında milli zəmində qarşıdurma yarada bilər. Bu da şübhəsiz ki, Bakının müəyyən reaksiyasını doğuracaq. Belə tendensiyanı önləmək üçün Tehran ehtimal ki, Azərbaycanda şiə istiqamətində islamlaşmanı sürətləndirməyə səy edəcək və Bakının Vaşinqton və Təl-Əvivlə yaxın əlaqələrinə görə növbəti dəfə narazılığını bildirəcək", - deyə politoloq əlavə edib.
*****
Beləliklə, Qarabağ məsələsi ilə çulğalaşmış İran məsələsi, İran-ABŞ, ABŞ-Rusiya qarşıdurması əslində bölgədə yeni bir situasiyanın xəbərçisi sayılmalıdır. İran ətrafında daralan çənbər Rusiya və İran arasında “sendviç” kimi sıxılan Azərbaycana xüsusilə ayıq-sayıq olmağı diktə edir. Bizim bu mürəkkəb geosiyasi oyunda səhv eləmək lüksümüz qalmayıb... “Yeni Müsavat”
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Məktubda deyilir: “Hörmətli Vladimir Vladimiroviç.
Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.