Azərbaycanda nazir vəzifəsindən azad edildi


Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib.

Bu barədə Nuhçıxan.az saytı məlumat yayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.
 
Ziya Məmmədovun qardaşı prorektor təyin olundu


Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetində prorektor təyin olunub.

Bu barədə ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat yayıb.

O bildirib ki, Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib:

“AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib”.
 
Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş olub


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşüblər. ONA-nın TASS-a istinadən xəbərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
ABŞ-la İran müharibə həddində: “Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır”















Vaşinqton üçün İran Şimali Koreyanın nüvə silahından qurtulmaqdan, Suriyada hərbi varlığı qorumaqdan və Venesuellada çevrilişin həyata keçirilməsindən ön plana keçərək başlıca mövzuya çevrilib”.

Minval.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi barədə fikirlərini bildirərkən söyləyib.

“Misal üçün ABŞ dövlət katibi Mayk Pompeo həftə ərzində İran mövzusuna görə iki səfərini təxirə salıb. Birinci dəfə o Berlinə getməliydi, ancaq o bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar atıldı ki, artıq “Amerika Almaniyanın müttəfiqi deyil, Vaşinqton bizi saymır”. Və ya bu gün Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda təxirə salındı, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi” – Şahinoğlu deyib.

Elxan bəy bildirib ki, Amerikanın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir, Rusiya da narahat olmağa başlayıb:

“Təsəvvür edin ki, Rusiyanın tanınmış şovinist siyasətçisi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda diqqəti İrana yönətlməyi bu ifadəylə təklif etdi: “Ukrayna aktual deyil, İrana diqqət yetirək. Amerika İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhəddi bağlamalıyıq”. Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır, ABŞ-İsrail planı nədirsə bölgəyə yaxşı heç nə vəd etmir”.

Politoloq qeyd edib ki, Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır, İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar.
Neft şirkətində İsgəndər Şirəli erası bitsə də... - Oliqarxın kapitalı və qara əməlləri üzə çıxır















Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heçdə yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurlarımızın bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər. Belə qurumlardan biridə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Bununla bağlı cumhuriyyət.az-a daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli bu günlərdə vəzifəsi ilə vidalaşıb. Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktubları,ilə yanaşı onun son günlər idarə daxilindəki qanunsuzluqlarının pik həddə çatması olub.
Mənbənin məlumatına görə Komleks Qazma İşləri Trestinə Racu Vəliyev adlı yeni baş mühəndis təyin olunub. Bütün kadrları qohumluq prinsipləri ilə təyin edən İsgəndər Şirəli bu təyinatı həzm etmək istəməyib və idarə daxilində gənc kadra qarşı açıq açığına kampaniya aparıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə İ.Şirəli tapşırıq verib ki, heç bir şöbə və idarə rəisi baş mühəndisə zəng etməsin və zənginə cavab verməsin, ona heç bir sənəd filan göstərməsinlər. Racu Vəliyevi lazımsız fiqura çevirmək niyyəti güdən İsgəndər Şirəli iclasların birində açıq şəkildə ona bildirib ki, “bu Trestin tam sahibi mənəm, sən kimsən ki göndəriblər bura, səni əzib keçərəm üstündən”. Belə bir münasibəti qəbul etməyən R.Vəliyev ərizə yazaraq işdən çıxıb. Bunun ardınca proses ən yüksək səviyyədə araşdırılıb və nəticədə may ayından etibarən İsgəndər Şirəlinin özü də vəzifədən alınıb.
Onu da bildirək ki, Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Tresti kimi böyük bir quruma 20 ildən artıq rəhbərlik edən İsgəndər Şirəli bu müddət ərzində böyük bir kapitala sahib olub. Bununla bağlı cumhuriyyet.az-a bəzi məlumat daxil olub. İ.Şirəlinin daşınmaz əmlak siyahısına aşağıdakılar daxildir: Ağ Şəhərdə 8 obyekt və 1 mənzil; köhnə Qaqarin körpüsünün yanında 1 obyekt və 1 mənzil; Həzi Aslanov ətrafında 5 mənzil, 3 torpaq sahəsi, 16 mərtədəbədə 2 mənzil -8 və 12-ci mərtəbələrdə; Gənclik metrosu yaxınlığında 1 beşotaqlı mənzil, Heydər Əliyev sarayı ətrafında 2 obyekt; Zabitlər bağında 2 obyekt; Bilgəh bağlarında 9 cu dalanda 2 bağ villası; Qaraçuxurda 104 saylı məktəblə üzbəüz 4 obyekt; Neftçala şəhərində 2 mənzil – biri şəhərdə, digəri dəniz qırağında; Neftçala rayonunda iribuynuzlu mal ferması və balıq vətəgəsi; Şamaxıda özünün dediyi kimi 2 kral evi. Deyilənə görə obyektlərin hər birində mühafizəçi saxlanılır.
İsgəndər Şirəlinin fəaliyyətinin ən ilginc məqamlarından biri də onun maliyyə məsələləri ilə bağlıdır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bütün maliyyə işləri və qara əməliyyatlar İranə adlı qız tərəfindən həyata keçirilir. İsgəndər Şirəlinin bütün gizlin hesablarından məlumatlı olan bu xanımın fəaliyyətinin gizli məqamları haqda növbəti yazımızda bəhs edəcəyik.
AzTV-nin keçmiş rəhbərinin oğluna vəzifə verildi















Bakı şəhər Sabunçu rayon Prokurorluğunda kadr dəyişikliyi olub.

Publika.az xəbər verir ki, Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyev baş prokuror Zakir Qaralovun əmri ilə vəzifədən azad edilib. O, Xətai rayon Prokurorunun müavini vəzifəsinə təyin edilib.

Xətai rayon prokurorunun müavini Fəqan Mahmudov isə Sabunçu rayonuna – Nazim Xudiyevin yerinə təyin edilib.

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin keçmiş rəhbəri Nizami Xudiyevin oğludur.

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Abdullayev Ağasəlim Sahib oğlu

Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

İslamzadə Akif Qədir oğlu

Quliyeva Səidə Əbülfəz qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Rəhimli İlham Əziz oğlu.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Heydər Əliyevin müdrik fikirləri















Bu gün Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasından 96 il ötür.
Bu gün münasibətilə Heydər Əliyev haqqında silsilə yazılarına davam edir. Bu dəfə isə oxucularımıza Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirlərini çatdırırıq.

Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük.

* * *
Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.

* * *
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir.

* * *
Mən bu gün bir azərbaycanlı kimi, özündə həm millimənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik.

* * *
Bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik.

* * *
Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur.

* * *
Biz müstəqillik əldə edəndən sonra İslam dinimizi özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu.

* * *
Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik.

* * *
Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq.

* * *
Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

* * *
Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik.
* * *
Başqa dinlərdə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda, Qafqazda da öz əksini tapıbdır.

* * *
Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk.

* * *
Biz Azərbaycanın milli-mənəvi dəyərlərini ümumbəşəri dəyərlərlə zənginləşdirən və onların vəhdətindən doğan elm, ədəbiyyat, incəsənət əsərlərini, onları yaradanları həmişə yüksək qiymətləndirmişik.

* * *
Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.

* * *
Novruz təbiətin oyanması, ürəklərdə saf niyyətlərin, xoş arzuların yaşadığı bir gündür.

* * *
İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, dinimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr gəlib bizə hakim olsunlar və mənəvi dəyərlərimizə yenidən xəsarət gətirsinlər.

* * *
Bulaq, su həmişə insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətiribdir. Su verən, bulaq yaradan, çay açan hər bir insane həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır.

* * *
Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir.

* * *
Ölkəmiz keçmişdəki kimi, xüsusən də bu gün bəşəri dəyərləri xüsusilə bərqərar edərək, onları öz milli ənənələri ilə, milli-mənəvi dəyərləri ilə birləşdirir.

* * *
Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var.

* * *
Vicdan azadlığı toxunulmazdır.

* * *
Bizim Azərbaycanda kişi sözü çox tutumlu sözdür... Sözün əsl mənasında “kişi” o deməkdir ki, bu adam sözü bütöv adamdır, sözünün sahibidir, kişilərə xas hər cür ləyaqətə, keyfiyyətlərə malikdir, sözü ilə əməli birdir.

* * *
Tikmək, yaratmaq, qurmaq, abadlaşdırmaq həmişə cəmiyyətdə, xalqda böyük minnətdarlıq hissi doğurmuşdur.

* * *
Həyatın mənası - mənəviyyatdır.

* * *
Yaşayış nə qədər çətin olsa da, gərək insan mənəviyyatı yüksək olsun. Mənəviyyatın yüksəkliyi də insanın millət kimi mənliyindədir, məziyyətindədir, vətənpərvərliyindədir. Ona görə də gərək insan öz tarixini, millətinin kökünü, öz millətinin keçmişdə yaratdığı abidələri bilsin. Ona görə bilsin ki, öz milləti, xalqı ilə daim fəxr etsin, vətənpərvər olsun, xalqına, millətinə, torpağına, dövlətinə sədaqətli olsun.

* * *
Mənəviyyat insana xas olan xüsusiyyətlərin hamısından yüksəkdir. Nə qədər böyük alim olursansa-ol, nə qədər böyük mütəxəssis olursansa-ol, nə qədər böyük dövlət xadimi olursansa-ol, əgər mənəviyyatca şikəstsənsə, sənin heç bir qiymətin yoxdur.

* * *
Mənəviyyatsızlıq cəmiyyətə zərbələr vurur, insanları pozur. Amma mənəviyyat insanları yüksəldir. Mənəviyyatlı çalışır ki, mənəviyyatsızlıq olmasın. Ancaq bu, çətindir, ağırdır. Eyni zamanda hər bir şəxs düşünməli, dərk etməlidir ki, onun üçün bu dünya daimi deyil.

* * *
İnsan üçün dünyada mənəvi haqqı daimi saxlamaq böyük bir şeydir. Əgər sənin mənəvi haqqın varsa, sən başqasına deyə bilərsən ki, yolundan çıxmısan. Əgər sənin mənəvi haqqın varsa, sən tabeliyində olan adama desən ki, düz yola get, əyrilik, rüşvətxorluq etmə, dövlətin malını dağıtma, əxlaqsızlıq etmə. Bunun üçün mənəvi haqqın olmalıdır.

* * *
Bizim gələcəyimiz milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlərlə, Avropa dəyərləri ilə sintezi vasitəsilə inkişaf edə bilər.

* * *
Novruz bütün bayramlardan ona görə seçilir ki, o, xalqın içindən gələn bayramdır. Hər bir insanın qəlbindən gələn, hər bir azərbaycanlının qəlbini sevindirən bayramdır.

* * *
Biz nə qədər çox yaşayırıqsa, Novruz bayramının Azərbaycan xalqı üçün, hər bir azərbaycanlı üçün nə qədər gərəkli və nə qədər sevimli olduğunu bir o qədər də hiss edirik.

* * *
Hər bir vicdanlı Azərbaycan vətəndaşının, azərbaycanlının borcu, vəzifəsi ondan ibarətdir ki, bizim gələcək nəslimiz daha da bilikli olsun, daha da sağlam olsun, dünya təcrübəsini daha da mənimsəmiş olsun.

* * *
Bir kimsəsiz uşağı, yaxud atılmış uşağı götürmək, bağrına basmaq, saxlamaq, böyütmək həddən ziyadə qiymətli bir isdir.

* * *
Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.

* * *
Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur.

* * *
Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

* * *
Azərbaycan milli-mənəvi dəyərlərinə qarsı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımi ölçülər götürüləcəkdir. Bu sözləri deyərək mən bir daha Azərbaycan xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin.

* * *
Millətə, dövlətə, dövlətçiliyə sədaqət çox geniş məfhumdur. Bəziləri bunun əksini ancaq dövlətə, sadəcə, birbaşa xəyanət kimi anlayırlar. Təbiidir ki, xəyanət ən təhlükəlidir. Ancaq eyni zamanda vətəninə, millətinə sədaqət hər bir şəxsin yüksək mənəviyyata malik olmasındadır.

* * *
İnsan həyatda gərək elə yaşasın ki, o, həmişə öz mənəviyyatı ilə fəxr etsin. Hər bir şeyi itirmək olar. Amma uşaq da, böyük də, hər bir insan gərək mənəviyyatını, iradəsini itirməsin, bütün çətinliklərin qarşısını alsın, onların qarşısında əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə fayda versin.

* * *
Həyatın mənası təkcə insanın bu həyatda yaşaması deyildir. Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin.

* * *
İnsanı hörmətə qaldıran onun zəhmətkeşliyidir, mənəvi təmizliyidir, millətə, dövlətə, xalqa sədaqətidir, onun xeyirxahlığıdır. Amma bunlarla hərabər, mütləq onun təvazökarlığıdır. Gərək heç vaxt təvazökarlığı unutmayasan.

* * *
Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz. Vətənə sədaqət andına xəyanət etmək olmaz. Xalqa sədaqət andına xəyanət etmək olmaz.

* * *
Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyünüz kimi, indi də yaşamaqdadır.

* * *
Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin, çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Dil hər bir millətin milliliyinin əsasıdır...
Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin.

* * *
Xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir.

* * *
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.
Prezident və xanımı ağac əkdi














Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi


Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.