06 may 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi görüşü keçirilib. DSX-dan verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud münasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.