Son xəbərlər

 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər













Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış oldular.

Məlumat verildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyrici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.

Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyrici-boyaq fabrikinə təhvil veriləcək.

Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!