Goranboy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.
Oxu.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi vəzifəsində işləyirdi. O eyni zamanda İcra başçısının sürücüsü olub.
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı oğlu həbs edilib.
BakuPost xəbər verir ki, hadisə Masallı rayonunda baş verib. İş adamının qardaşı oğlu Zeynalov Sadiq Əşrəf oğlu oğurluq etdiyinə görə tutulub.
İstintaq materiallarna görə, Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb. Onun həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib.
Qeyd edək ki, “Hacı Mazan” son bir neçə ay ərzində qalmaqallarla yadda qalır və özü barəsində də cinayət işinin istintaqı davam etdirilir. O, inşa etdiyi binanın sakini Faiq Seyfullayevin evinə hücum etməkdə və onu döyməkdə günahlandırılır.
Bir müddət əvvəl isə iş adamının oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz:
Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib. İdarədən verilən məlumatda bildirilir ki, son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.
"BDYPİ bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir. Qəzaların analizi həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb", - deyə müraciətdə bildirilir.
"BDYPİ bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırıb. Eləcə də sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır", - müraciətdə qeyd edilir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəydə qətl törətməkdə təqsirləndirilən Zakir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 14-nə təyin edilib.
İttihama görə, ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Mayın 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsrafil Hüseynov” baş verən qəzada xəsarət alan əcnəbilərdən biri dünyasını dəyişib.
Bu barədə gəmini icarəyə götürən “Saipem” şirkətinin məlumatında deyilir.
“Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayış zamanı yaralanmış 11 əməkdaşlarımız (o cümlədən Azərbaycan vətəndaşları) mayın 11-də, xüsusi tibbi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndərilib.
Şirkətin yüngül xəsarət almış üç əcnəbi əməkdaşı artıq vətənlərinə yola salınıb.
“Saipem” şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan bir əməkdaş bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşların həyatına heç bir təhlükə yoxdur”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 15 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan biri evə buraxılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Ağayar Nəsirov iş otağında ölmüş vəziyyətdə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Hüquq müdafiəçilərinə görə, ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması da mümkündür… Qarşıdan 28 may – Cümhuriyyət günü gəlir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ilidir. Xatırladaq ki, cümhuriyyətin yaradılmasının 100-cü ildönümü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bu günlə bağlı 2018-ci ildə çoxsaylı tədbirlər təşkil edilib, ölkə prezidenti tərəfindən sərəncamlar imzalandı. Eləcə də prezident 2018-ci ilin 24 may tarixində əfv sərəncamı da verdi.
Bu ilin martında Novruz bayramı ilə bağlı verilən əfv sərəncamı isə “böyük əfv” kimi xarakterizə olundu. Gerçəkdən də sonuncu dəfə imzalanan əfv sərəncamı ilə azadlığa çıxanların siyahısı kifayət qədər böyük oldu. Onların arasında siyasilər də az deyildi. Bu əfv sərəncamı ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandı. Hətta hakimiyyətə müxalif olan şəxslər belə prezidentin bu addımını alqışlayıb, ona təşəkkür etdilər.
Bu il Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə azad olunan dustaqlar siyahısında 50-dən çox siyasi məhbus var idi. Avropa İttifaqının alqışladığı bu qərar ən böyük əfv fərmanı kimi qiymətləndirildi. Hazırda hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıdığı AXCP sədrinin müavini Seymur Həzi, Asif Yusifli, jurnalist Əfqan Muxtarlı, Saleh Rüstəmov, Səid Dadaşbəyli həbsdədirlər. İctimaiyyətdə belə bir fikirlər var ki, bu ilin mayında növbəti əfv sərəncamı imzalanacaq və bununla da digər yuxarıda adını çəkdiyimiz şəxslər azadlığa buraxılacaqlar.
Politoloqların təhlilinə görə, siyasi fəaliyyəti olan şəxslər həbsxana divarları arasında olduqları zaman bəzi daxili və xarici qüvvələr tərəfindən bir qəhrəman kimi ictimaiyyətə təqdim olunurlar. Azadlığa çıxdığı zaman isə onların siyasətdə elə bir əhəmiyyətli fiqur olmadıqları aydınlaşır. Məhz bu səbəbdən də ekspertlər bildirirlər ki, siyasilərin azadlığa buraxılması daha məqsədəuyğundur.
Bəs may ayında əfv sərəncamı olacaqmı?
Hər zaman əfv sərəncamından öncə Əfv Komissiyasının tez-tez iclasları keçirilir. Həmin iclaslarda məhbusların ərizələrinə baxılır və siyahı hazırlanır. Adətən bu iclaslar keçirildikdə ictimaiyyətə açıqlama verilir və nə qədər məhbusun ərizəsinə baxılması ilə bağlı məlumat yayılır. Sonuncu əfv sərəncamı ərəfəsində də Əfv Komissiyasının iclasları barəsində mətbuatda tez-tez informasiyalar yayılırdı. Lakin hazırkı ərəfədə belə bir məlumatlara rast gəlinmir…
“Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Səadət Bənəniyarlı bildirdi ki, onların tərtib etdikləri siyahıdan bir neçə siyasi fəaliyyəti olan şəxs həbsdədir: “Onlar barəsində də işlər gedir və inanırıq ki, bu şəxslərin də məsələsi müsbət həll ediləcək. Əfv fərmanının verilməsi prezidentin səlahiyyətinə aiddir. O, bu kimi bayramlar zamanı əfvlə bağlı sərəncam imzalayır. Ancaq son olaraq böyük əfvin olduğunu nəzərə alaraq hesab edirəm ki, may ayında əfv olmayacaq. Ancaq olarsa təbii ki, bu, çox yaxşı olar”.
Səadət Bənəniyarlının sözlərinə görə, onların tərtib etdikləri siyahıdan, son əfv sərəncamı ilə 61 nəfər azadlığa çıxıb.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da “Yeni Müsavat”a bildirdi ki, ötən əfv sərəncamının imzalanmasından çox az zaman keçib. Ona görə də yenidən əfvin olacağını gözləmir: “Martda böyük siyahını əhatə edən əfv sərəncamının imzalanması onu deməyə əsas verir ki, mayda əfv olmayacaq. Amma ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halları ola bilər. Bu istiqamətdə işləyirik”, – deyə S.Qocamanlı qeyd etdi.
Hüquq müdafiəçisi hesab edir ki, dustağın əfv yazması vacib deyil: “Onun yerinə doğmaları, təşkilatlar müraciət yaza bilərlər. Son əfv veriləndə bir çoxları heç müraciət etməmişdilər. Çünki bilavasitə prezidentin səlahiyyətində olduğuna görə dövlət başçısı humanistlik nümayiş etdirdi, ailələrə sevinc bəxş elədi”.
Hüquq müdafiəçiləri bildirdilər ki, böyük əfv sərəncamı imzalansa da, onlar fəaliyyətlərinə əvvəl olduğu kimi fasilə verməyiblər. Müraciətlər hazırlayıb, işlərini davam etdirirlər.
London şəhərinin İlford rayonu ərazisində yerləşən bir məsciddə silahlı atışma baş verib.
ONA tass.ru-ya istinadla xəbə verir ki, bu barədə yerli polis Tvitter səhifəsində məlumat yayıb.
Hadisə müsəlmanların ibadət üçün topladığı “Yeddi Kral Məscidi”ndə qeydə alındığı vurğulanıb. Hadisə yerinə gələn polis bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. “Daily Mirror” nəşrinin məlumatına görə isə, baş vermiş hadisənin terrorla əlaqəsi yoxdur. Atəşin boş güllələrdən açılması bu versiyanın doğruluğunu göstərir.
Qeyd edək ki, hadisədən sonra sözügedən məscid müvəqqəti olaraq bağlanıb.