Son xəbərlər

Bu gün səhər saat 09:00-dan etibarən Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələri, Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, eləcə də Xudat şəhərinin bir neçə kəndində qaz təchizatı dayandırılıb.

Minval.İnfo xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.

Bundan başqa, bu gün saat 09:00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonu, Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.

Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az-ın xəbərinə görə, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin ön oturacağında əyləşən qadın sərnişin qapını açaraq özünü yola atıb.

Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşüb, qızı qucağına alaraq avtomobilə qoyub, daha sonra yoluna davam edib.

Hadisəyə səbəb kimi avtomobildə mübahisənin olduğu ehtimal edilir.

Rostovda yol qəzasında ölən və xəsarət alan azərbaycanlıların adları bilinib - YENİLƏNİB29 iyul saat 08:10 radələrində Rusiyanın Rostov vilayətində, M-4 “Don” avtomobil yolunun 958-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib ki, Moskva-Bakı istiqamətində hərəkətdə olan Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi, 20 EB 289 dövlət nişanlı mikroavtobus Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində mikroavtobusun sürücüsü Allahverdili Eşqin Elxan oğlu və sərnişini Musayeva Zəmanə İsmayıl qızı ölüb.

Qeyd olunan avtomobilin digər sərnişinləri Məmmədova Vaxilo Qərib qızı, Cəfərova Nuran Yafi qızı, Salayev Bəxtiyar Vatamur oğlu, Gözəlov İlkin Heydər oğlu, Rufullayev Rauf Faziq oğlu, Təmirov Emil Affar oğlu, Musayev Zaur Nazim oğlu və Mustafayev Namaz İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Rostov vilayətinin Zverevo şəhərinin mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Səfirlikdən yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə yaradıldığı və məsələnin nəzarətdə saxlanıldığı bildirilib. Qeyd olunub ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıdakı ad və soyadlarda qeyri-dəqiqlik ola bilər. ​

Şəkidə 20 yaşlı gənc intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəki şəhəri, Qara Qarayev küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.

1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 20 yaşlı gəncin intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

boğulma ile ilgili görsel sonucuSuya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edir; Xəzər sahillərinin zəbti vətəndaşları uyğun olmayan çimərliklərə yönləndirir…

Sabunçu rayonu, Kürdəxanı çimərliyində 4 nəfər boğularaq ölüb. Sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də, 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayev dənizdə boğulublar. Hər 4 gəncin cansız bədənləri sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

İyulun 28-də Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, həmin gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar.

Xəzərin bu cür xüsusiyyətlərini bilməyənlər şərq küləyinin cənub küləyi ilə ( və ya əksinə) əvəzləndiyi günlərdə çimərliklərdə xüsusi olaraq ehtiyatlı davranmalıdırlar. Artıq eyni səbəblərdən Xəzərin İran sahillərində çimərliklərə iyulun 31-nə qədər girmək qadağan olunub. Qadağa İranın şimalında, Mazandaran vilayətində qüvvədədir. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Qadağa bu il çimərlik mövsümündə Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxsin ardıcıl boğulmasından sonra qüvvəyə minib.

Xəzərin Azərbaycan sahillərində də vəziyyət bu baxımdan ürəkparçalayandır. Bu il yay mövsümü başlayandan dənizdə boğulanların sayı hər həftə artır. Son bir həftədə Kürdəxanıda 4 nəfər, Xəzər və Abşeron rayonlarındakı qeyri-çimərlik ərazilərdə 2 nəfər batıb. Əvvəlki həftə 12 yaşlı Bayram Kərimli Novxanı çimərliyində boğulub. Elə həmin gün Bilgəh çimərliyində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb. Bundan başqa, 4 nəfər də boğulma təhlükəsi ilə üzləşib, xilasedicilər onları son anda xilas edə bilib. Neftçalada 3 nəfər dənizdə boğulub. Hadisə günorta saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib. 26 yaşlı Fariz Alkişiyev, 29 yaşlı Fərid Babayev, həmçinin 27 yaşlı Şəhriyar Nəcəfov birlikdə dənizdə çimərkən batıblar. İyulun 21-də isə Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi Fərman İsaqov dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batıb. Bakının Sabunçu rayonu ərazisindəki dənizdə isə bir nəfər qeyri-çimərlikdə üzərkən boğulub. Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, boğulan şəxs 19 yaşlı Sadiq Abbasovdur. 22 yaşlı Azərbaycan vətəndaşı Andrey Xaritonov da iyulun 21-də dostları ilə birlikdə Buzovna qəsəbəsindəki “Zağulba” çimərliyində ehtiyatsızlıq ucbatından boğulub. Eləcə də Astara rayonunda bir nəfər qeyri-çimərlik sahəsində, dənizdə çimərkən boğulub.

Suda boğulanların statistikasındakı uşaqlar və yeniyetmələr çoxluq təşkil edir. Boğulanların sayının bu qədər artmasına səbəb valideyn nəzarətsizliyi, insanların özlərinə qarşı məsuliyyətsizliyi, yoxsa dənizdə baş verən ekoloji proseslər, küləkli hava nəticəsində yaranan axınlardır?

Mütəxəssislər bildirir ki, bəzən boğulan şəxslər daha yaxşı üzmək qabiliyyəti olanlardır. Burada psixoloji amil təsir edir və şəxs özünə güvənərək daha dərinliyə gedir, nəticədə faciə baş verir. Digər əsas səbəblərdən biri kimi qıcolma göstərilir. Mütəxəssislər bildirir ki, əsasən epilepsiyası olan şəxslərdə dənizdə qıcolma qaçılmaz olur. Bundan başqa, bədənində mikroelementlər çatışmadıqda, eləcə də suda üzən insanın bədəninin soyuması, əzələlərin dincəlmədən uzunmüddətli işləməsi, suyun hərarətinin kəskin enməsi nəticəsində də qıcolmalar yarana bilir.

Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a bu fikriləri açıqlamışdı.

Sitat: “Bu il yay mövsümü daha küləkli keçir. Bunun nəticəsində dənizdə geoloji proseslər gedir, axınlar daha çox dəyişir, burulğanlar əmələ gəlir, su dərinlikləri yaranır. Çox təəssüf ki, çox hallarda bu dərinləşmə tədricən deyil, birdən baş verir ki, bu da çox təhlükəlidir.

Lakin dənizdə boğulanların sayının artmasını insan faktoru ilə əlaqələndirirəm. Demək olar ki, bu məsələdə məsuliyyətsizlik, uşaqların nəzarətdən kənar qoyulması, üzə bilməmək və yaxud təhlükəli yerlərdə üzmək, xilasedicilərin xəbərdarlıqlarına baxmayaraq, kənara çıxmaq, belə hallarda faciə qaçılmaz olur. Küləkli havada dənizə girmək, ümumiyyətlə, olmaz. Çünki külək dalğaları vurur və o da özü ilə bərabər ətrafdakı əşyaları, hətta insanı dənizin dərinliklərinə aparır”.

Vətəndaşların çimmək üçün yararsız çimərlik ərazilərinə üz tutmaları da başqa bir söhbətin mövzusudur. Xəzər sahilləri illərdir ki, kilometrlərlə uzanan daş hasarlarla bağlanmaqla zəbt olunub. Zəbt olunan ərazilər isə, bir qayda olaraq, istirahət üçün uyğun şəraiti olan yerlərdir. Ona görə də vətəndaşlar daha uyğunsuz çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Beləliklə, Xəzərdəki ekoloji durumla yanaşı, Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi qalmaqdadır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Bu açıqlama hasarlanaraq zəbt olunan ərazilərə şamil olunmur. Digər tərəfdən, BŞİH-in çağırışlarına çox az hallarda özəl çimərliklər əməl edir. Bu, azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq qeyri-uyğun və ya özəl çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Lakin məsələ bu günə qədər həllini tapmayıb. Odur ki, Xəzər “əjdaha”ya dönüb vətəndaşları udmaqdadır.

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.

Minval.info APA-ya istinadən xəbər verir ki, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.

Azərbaycanda Ucar rayonunda bir ailənin 11 yaşlı övladını aylarla müalicələrə məhkum edən xəstəliyin mənbəyinin aparılan analizlərdən sonra şor olduğu məlum olub.

Belə ki, 11 yaşlı Nicat bir səhər evlərindən öz inəklərinin südündən hazırlanan şor yeyib, axşama doğru uşağın halı pisləşib. Qızdırma, halsızlıq və ayaqlarının heysiz olmasını valideynləri adi soyuqdəyməyə yozur. Lakin getdikcə uşağın vəziyyəti ağırlaşır və o yataqdan qalxa bilmir.

Medicina.az bildirir ki, rayonda diaqnoz ilk mərhələdə düzgün təyin olunmadığından uşaq Bakıya gətirilir. Aparılan analizlərdən sonra onda Brüselyoz xəstəliyi diaqnozu təsdiqlənir.

Belə ki, şorun hazırlandığı süddə heyvandan keçən xəstəlik törədicisi olub  və süd yaxşı sterilə edilməyib. Xəstə inəkdən hazırlanan şoru yeyən uşağa bu  mikroblar keçib. Eyni süddən qəbul edən anada da bu xəstəlik olub, amma qadın özü sağalmışdı.

Uşaq aylarla davam edən müalicədən sonra səhhətinə qovuşub, lakin həkimlərin bildirdiyinə görə, mikrob orqanizmdən təmizlənməyəcək və uzun müddət fəsadlar verə bilər. Nicat hələ də müalicələrə davam edir və bir şorun yaratdığı fəsadlara görə bu vaxta kimi müayinə və müalicələr ailəyə 2300 manata başa gəlib.

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.  

Minval.İnfo xəbər verir ki, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­ub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” mar­kalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Minval.İnfo

Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətdiyini desə də, mərhumun anası bunun yalan olduğunu deyir.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının boğazını kəsərək və bədəninə 18 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən 49 yaşlı Tufan Qurbanovun məhkəməsi keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilmə mərhələsi davam etdirilib.

Nəsimi Rayon Polis İdarəsi, 19-cu Polis Bölməsinin əməkdaşı Kamal Quliyev ifadəsində şahid kimi dindirilən zaman bildirib ki, 2019-cu ilin əvvəlində Tufan Qurbanov ona zəng edərək qaz sayğacının qırıldığını deyib: “Mən həm onunla tanış idim, həm də ərazinin sahə müvəkkiliyəm. Həyətlərinə gedib baxdım, Tufan dedi ki, həyat yoldaşım edib. Dedim ayıbdır, bunu polisə belə demə. Tufan dedi ki, yox, sən bilmirsən, mənim ailəmlə intriqam var. Bir həftədən sonra gördüm ki, Tufanın qayınanası balaca qızla polis bölməsinin qabağındadır. Qadından nə üçün gəldiyini maraqlandım, dedi, Tufan qızımı boşayır, nəvəmin də paltarlarını vermir, hava soyuqdur deyə uşaq məktəbə gedə bilmir. Mən Tufana zəng edib danışdım, dedi, bura öz evləridir, gəlib paltarları aparsınlar. On dəqiqə sonra Tufan mənə zəng edib dedi ki, “Kamal müəllim, yudum”. Dedim, başa düşmədim, nəyi? Dedi, “namusumu, qeyrətimi yudum, başını kəsdim. Mən daha kənddə camaatın üzünə dik baxacam. Nə qədər ki, burdayam, gəl məni tut apar”. Dedim, olduğun yerdə gözlə, gəlirəm. Tez ora getdim, yolda olanda rəhbərliyə də məlumat verdim. Çatanda gördüm, qadının başını kəsib, başı bədəndən ayrı deyildi, amma xırtdəyini kəsmişdi. Qadın artıq ölmüşdü, Tufan da həyətdə dayanmışdı. Onu maşına mindirib şöbəyə gətirdim”.

Hakim şahidə qadının meyidinin şəklini göstərib və polis fotodakı xəsarətin hadisə yerində gördüyü ilə eyni olduğunu təsdiqləyib. Hakim bildirib ki, bu başkəsmə yox, boğaz nahiyəsindən bıçaq xəsarətidir.

Daha sonra şahid Nüsrət Vahabov ifadə verib və T.Qurbanovun qonşusu olduğunu deyib: “Qadının qışqırtı səsləri gəldi, mən onların həyətinə girəndə artıq hadisə olmuşdu. Polislər Tufanı maşına mindirib aparanda qışqırırdı ki, “bütün qonşular eşidin, namusumu təmizlədim”.

Tufan Qurbanov deyib ki, arvadı xəstəxanada işləyib: “Telefonunu xəstəxanada qoyub gəlirdi, orada başqa kişiylə yazışırdı, şəkillər də vardı telefonunda. Gecə “smen” adı ilə evdən çıxırdı, hara getdiyi də bilinmirdi”.

Hakim bildirib ki, işdə əsas şahid olan Zakir Xudiyev məhkəmə çağırışlarına cavab vermir, prosesə gəlmir.

Məlum olub ki, həmin şəxs istintaqda da problem yaradıb, tez-tez istintaqdan yayınırmış.

Məlumata görə. Z.Xudiyevin T.Qurbanovun mərhum arvadı Lalə ilə münasibəti olub və Tufan arvadını Zakirə görə öldürüb.

Mərhumun anası, hüquqi varisi Səmimə İsmayılova ifadə verib. O deyib ki, qızının öldürülməsi ilə bağlı deyilənlər yalandır:

“Onlar 1997-ci ildə ailə qurublar. 5 il övladları olmadı. Sonra 3 uşaqları dünyaya gəldi. Münasibətləri də sonuncu uşaqdan sonra pozuldu. Bu dedi ki, üçüncü uşaq bundan deyil. Dedim ki, Allahın var, bu nə sözdür? Həmin söz hələ də qulağımdadır. Bu adam heç yerdə işləməyib. Harda da işləyib arxasınca polis gəlib. İşlədiyi yerdən oğurluq edib. Qızım əziyyət çəkib, zülm görüb. Əriştə kəsib, düşbərə büküb, satıb, pul qazanıb. Mən onun uşaqlarına özüm baxmışam. Bütün müalicələrini özüm  eləmişəm. Sənədlərin hamısı evdədir.  Qızım illərlə döyülüb, işgəncə görüb. Çənəsini sındırıb, başına ağır zərbələr endirib. Qızım iki dəfə də polisə şikayət eləmişdi. Axırıncı dəfə dedi ki, artıq bezib, yaşaya bilmir”.

Mərhumun anası deyib ki, qızı boşanmaq istədiyi üçün öldürülüb. O bildirib ki, qızı haqda deyilənlər yalandır.

Xatırladaq ki, hadisə 2019-cu il fevralın 11-də Binəqədi rayonu ərazisində baş verib.

Gündüz saat 13:00 radələrində İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib. Qətldə onun 49 yaşlı əri Qurbanov Tufan Baba oğlu günahlandırılır. Ehtimala görə, sözügedən tarixdə kişi böyük mətbəx bıçağı ilə arvadına 18 bıçaq zərbəsi endirib və onun boğazını kəsib.

Tufan Qurbanov qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

“Arvadının ölümünü Ramizin boynuna qoymaq istəyirlər” - “Buta Palace”ın art-direktorunun anası
Ötən ilin dekabrında “Buta Palace”ın art-direktoru Ramiz Taxvelinin arvadı Adelya Taxveli yaşadığı evin balkonundan düşərək ölüb. İlkin məlumatda onun intihar etdiyi haqda məlumat yayılsa da, sonradan qətl olduğu qənaətinə gəlindi və əri Ramiz Taxveli günahkar bilinərək həbs olundu. Məhkəmə prosesləri zamanı məlum oldu ki, R.Taxveli məhkəməyə əlil arabasında gətirilir və özünü qəribə aparır. R.Taxvelinin anası Gülarə Məmmədova redaksiyamıza müraciət edərək oğluna verilən ittihamlar və hadisə barədə danışmaq istədiyini bildirib. 

G.Məmmədovanın “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:

- Oğlunuz Ramiz Taxveli arvadını döyüb işgəncə verdikdən sonra 5-ci mərtəbədən ataraq onu xüsusi amansızlıqla öldürməkdə ittiham edilir. İttihamla bağlı razılaşmadığınız fikirlər nədir?

- Mənim ümumiyyətlə, etirazım budur ki, hələ heç nə sübut olunmayıb. Mən deyə bilmərəm ki, Ramiz onu öldürməyib. Mən deyirəm ki, Ramizin onu balkondan atmasına dair sübut yoxdur. Əgər o, bu işdə təqsirləndirilən şəxsdirsə, cinayət işi materiallarında bir dəlil olmalıdır ki, bu cinayəti Ramizin etdiyini sübut etsin. Bu cinayət işində ancaq şübhələr, ehtimallar var. Bu şübhələr də əsas vermir ki, onlar cinayət işi açıb, kimisə həbs etsinlər. 

- Bəs maşınından narkotik tapılması ilə bağlı nə deyə bilərsiz?

- Ramiz tutulandan bir gün sonra gəliblər, onların evində işləyən Rəna xanımdan açarı alıb maşına baxıblar. Orada Ramiz olmayıb. 

- Amma Ramiz özü də məhkəməyə etiraf etdi ki, narkotik çəkib.

- Buna etiraz edə bilmirəm, çünki bundan məlumatım yoxdur.

- Bəs onda, Adelya Taxvelinin ölümü ilə bağlı sizin təxmininiz nədir? Hadisə necə olub?

- Mən bilmirəm, elə onu bilmək istəyirəm ki, hadisə necə olub. Mən orada olmamışam. Amma deyə bilərəm ki, Ramiz heç vaxt qəddar olmayıb, arvadı ilə vəhşicəsinə davranmayıb, onu döyməyib, sürüməyib. Bu uydurmalar gəlinim Adelyanın qohumlarından gəlir.“Arvadının ölümünü Ramizin boynuna qoymaq istəyirlər” - “Buta Palace”ın art-direktorunun anası









- Məhkəmə prosesində Adelya Taxvelinin anası Samirə xanım deyirdi ki, Ramiz tez-tez özünü qəribə aparırdı. Qonaqlığa gəlirdi, 4 saat maşından düşmürdü. Onun həmin vaxt narkotikin təsiri altında olduğunu bildirmişdi. İstintaq da belə hadisələrin üzərindən bu qənaətə gəlib ki, Ramiz hadisə vaxtı marixuananın təsiri altında olduğu üçün arvadına qarşı belə davranıb.

- Mən həkiməm, oxumuşam, bilirəm ki, marixuananın təsiri altında adam vəhşiyə dönmür. Dediyiniz hadisə Adelyagilin bağında olub. Ramiz o vəziyyətdəydisə, niyə həkim çağırıb ona kömək etmirdilər? Sonra da Adelya ilə uşaqları da oturdublar maşına, Ramiz sürüb, evə gəliblər. Hansı normal bunu edər?

- İttihamda yazılır ki, Ramiz Adelyanı atmadan öncə yataq otağından qızı Aliyanı oyadıb və ona da işgəncə verib. Aliya hadisənin necə baş verməsi ilə bağlı sizə nəsə deyib?

- Aliya anadangəlmə əqli qüsurludur, danışa bilmir, qavrama problemi var, inkişafdan zəifdir. O şahid kimi ifadə verə bilməz, istintaq da onu dindirməyib. Digər uşağın isə 3 yaşı tamam olmayıb. Bu hadisənin şahidi yoxdur. Hadisədən sonra Ramiz çarpayıda oturub uşaqlara albomdan şəkilləri göstərib.

- Ramiz məhkəmədə hadisəni törətmədiyini də demirdi, o, sadəcə heç bir şey xatırlamadığını deyirdi. 

- Bəli. Bilirsiniz nəyə görə xatırlamır?

- İstintaqın qənaətinə görə, həmin vaxt narkotikin təsiri altında olduğu üçün xatırlamır.

- Xeyr. Ona görə ki, Ramiz tutulandan 5 gün sonra eşitdik ki, komadadır. Birinci onu Nəsimi rayon polisi tutmuşdu, sonra bizə dedilər ki, Kürdəxanıya aparılıb. Biz də hər gün gedirdik, ona vermək üçün ərzaqları alırdılar, deyirdilər vəziyyəti yaxşıdır. Amma bizi görüşdürmürdülər. Beş gün sonra bildik ki, Neyrocərrahiyyə xəstəxanasında komadadır.

- Ramiz Taxveli məhkəməyə əlil arabasında gətirilir və qeyri-adi hərəkətlər edir. Həbsdən əvvəl onda belə bir əlamətlər var idi?

- Əlbəttə yox, travmadan sonra olub. İstintaq deyir ki, Ramiz Adelyanı döyüb, sonra ayaqlarından tutaraq qaldırıb və balkondan atıb. Əlil arabasında olan, ayaqları işləməyən adam bunu necə edə bilərdi? Ramizi evdən sap-sağlam aparıblar. İstintaqda onun başından o qədər vurublar ki, beyninə qan sızıb, gematomalar yaranıb, ayaqları tutulub, görməsi zəifləyib, yaddaşı itib, amneziya yaranıb, komaya düşüb. Sonra ondan soruşublar ki, hadisə necə olub, o da deyib ki, yadımda deyil. Bu formada da istintaq aparıblar. Ekspert rəy verib ki, istintaq aparmaq olar.

“Arvadının ölümünü Ramizin boynuna qoymaq istəyirlər” - “Buta Palace”ın art-direktorunun anası











- Bəs istintaq əvvəl normal gəzən adamın indi məhkəməyə əlil arabasında gətirilməsini necə izah edir?

- Deyirlər ki, təcridxanada kamerada hansısa dustaqla mübahisə edib, onlar onu itələyiblər. Sonra Ramiz özü öz başını divara vurub, sonra da iflic olub. Axı bu hadisə ilə bağlı da cinayət işi açılmalıdır. Onu da deyirlər ki, Ramiz heç nə xatırlamadığı üçün iş bağlanıb. Ramiz indi heç nə xatırlamadığı üçün hər şeyi onun boynuna qoymaq çox asandır. Hətta istəsələr, Fransız inqilabını da Ramizin üstünə yıxa bilərlər. 

- Sizcə, Ramizi niyə döyüblər?

- Ya bunu ediblər ki, danışa bilməsin ya da məcbur qalıb qol çəksin. Ramiz heç bir sənədə qol çəkməyib.

- Belə deyək, bir müstəntiq üçün hadisəni intihar kimi rəsmilədirib işi bağlamaq daha rahatdır. Bu iş də ilk dəfə intihar kimi yayılmışdı. Nəyə görə hansısa istintaqçı “Buta Palace”ın art-direktorunu döyüb, ittiham vermək üçün bu qədər işlər görüb özünü də əziyyətə salsın? Burada nə maraq ola bilər ki?

- İstintaq düzgün aparılmayıb, sənədlər üzə çıxmayıb, sübutlar gizlədilir. Ona görə də kiminsə marağı var. Sözsüz ki, kimsə yuxarıdan aşağıya qədər bu instansiyalara tapşırıq verir ki, bu işi belə aparın.

- Kimdir o?

- İşə aidiyyatı olan adamdır. Sifariş olduğuna əminəm. Kimin sifariş verdiyini də təxmin edirəm. Amma onun adını sizə deyə bilmirəm. Mən də bilmək istəyirəm ki, bu sifarişçinin məqsədi nədir. 

- Bəs işin sifariş olduğunu necə əsaslandıra bilərsiz?

- İstintaqın gedişatı ilə. Ramiz komadan çıxandan sonra müstəntiq vəkilimiz və mənim yanımda xəstəxanada ondan ifadə alır. İttihamı oxuyur, amma Ramiz özündə deyil. Bu da onu çağırıb oyadır, deyir “Ramiz, mənim sənə bayaq dediklərim yadındadır?”, deyir yox. Başlayır növbəti dəfə oxuyur, sonda onun əlini tutub məcbur edir ki, qol çəksin. Bunların hamısını bizim yanımızda edib. Ramizin heç bir sənəddə imzası yoxdur. Amma ilk tutulduğu gün dövlət tərəfindən ona təyin olunan Şahid adlı vəkil ittihama qol çəkib ki, Ramiz etiraf edib. Amma həmin sənəddə Ramizin imzası yoxdur, huşu özündə olmadığı üçün qol çəkə bilməyib. Ramiz travma alıb, yaddaşı itib. İki cür yaddaş itkisi var, keçmişdə olanları unutmaq, bir də yaxın zamanda olanları unutmaq. Ramiz yaxın zamanda olanları xatırlamır. Ondan soruşurlar kimsən, ad-soyadını deyir, onlar da yazırlar ki, dindirmək olar, əqli yerindədir.

- Siz Ramizi tutulandan sonra nə vaxt gördünüz?

- Bir həftə sonra Neyrocərrahiyədə gördük, amma danışa bilmirdi, kameradan baxdıq. İki ay sonra özü ilə ünsiyyət qura bildik. Bədəni göm-göy idi, izlər vardı. Bu barədə Neyrocərrahiyədə həkim də rəy verib, amma istintaq bu göyərmələrə heç bir açıqlama vermir. Özü də yaddaşını itirdiyi üçün heç nə xatırlamır, ona nə etdiklərini bilmir. MRT ediblər, başında iki gemotoma var. Ramiz əməliyyat olunmasa, kor olacaq.

“Arvadının ölümünü Ramizin boynuna qoymaq istəyirlər” - “Buta Palace”ın art-direktorunun anası













- Bəs onda, Adelyanı Ramiz öldürməyibsə, sizcə, əslində hadisə necə olub?

- Birinci gün nə demişdilər? İntihar. Sonra hər şeyi dəyişib başqa cür etdilər. Hadisə vaxtı binanın həyətində olan şəxs ifadəsində deyib ki, Adelya yerə düşəndə qışqırıq səsi eşitməyib. Əgər kimisə döyüb, onunla əlbəyaxa olub balkondan aşağı atırlarsa, məntiqlə, həmin adam həyəcanla qışqırmalıdır. Bu bir saniyəlik iş deyil ki. Amma özünü atan adam qışqırmaz.

“Arvadının ölümünü Ramizin boynuna qoymaq istəyirlər” - “Buta Palace”ın art-direktorunun anası










- Bəs Adelyanın özünü öldürməsi üçün əsas var idi? Ailə münasibətləri necə idi? Gəlininiz sizə bir söz demişdi?

- Mənim o ailə ilə neçə vaxtdır əlaqəm yoxdur. Məni uzaqlaşdırmışdılar. Zəng edirdim açmırdılar, evlərinə neçə dəfə getdim qapını açmadılar. Məni nəyə görə uzaqlaşdırdıqlarını bilmədim. İkinci uşaq olanda dedim böyüklük edim, hədiyyə alıb getdim, qapını açmadılar. Ramiz də heç vaxt mənə ailəsindən şikayət etmirdi, deyirdi Adelyanı çox sevirəm.

- İttihamda qeyd olunmuşdu ki, Ramiz Aliyanın xəstə doğulmasına görə tez-tez Adelyanı günahlandıraraq evdə mübahisələr yaradıb, uşağın müalicəsi ilə maraqlanmayıb, heç bir kömək etməyib. Bu barədə nə deyə bilərsiz?

- Ramiz uşaqlarla nəfəs alırdı. Həmişə onlardan danışanda gözləri dolurdu. Aliyanı daha çox istəyirdi. Onu İsrailə, İrana, Türkiyəyə, Rusiyaya aparıb müalicə etdirib. Hamısının da pulunu özü ödəyib.

- Aydındır.

- Mənə heç nə aydın deyil. Bilmirəm ki, Ramizi niyə tutublar, niyə döyüblər, niyə bu işgəncələri veriblər, niyə onu əlil arabasına məhkum ediblər, niyə işi onun boynuna qoymaq istəyirlər. Mən bunların cavabını bilmək istəyirəm.