Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edir; Xəzər sahillərinin zəbti vətəndaşları uyğun olmayan çimərliklərə yönləndirir…
Sabunçu rayonu, Kürdəxanı çimərliyində 4 nəfər boğularaq ölüb. Sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də, 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayev dənizdə boğulublar. Hər 4 gəncin cansız bədənləri sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
İyulun 28-də Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, həmin gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar.
Xəzərin bu cür xüsusiyyətlərini bilməyənlər şərq küləyinin cənub küləyi ilə ( və ya əksinə) əvəzləndiyi günlərdə çimərliklərdə xüsusi olaraq ehtiyatlı davranmalıdırlar. Artıq eyni səbəblərdən Xəzərin İran sahillərində çimərliklərə iyulun 31-nə qədər girmək qadağan olunub. Qadağa İranın şimalında, Mazandaran vilayətində qüvvədədir. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Qadağa bu il çimərlik mövsümündə Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxsin ardıcıl boğulmasından sonra qüvvəyə minib.
Xəzərin Azərbaycan sahillərində də vəziyyət bu baxımdan ürəkparçalayandır. Bu il yay mövsümü başlayandan dənizdə boğulanların sayı hər həftə artır. Son bir həftədə Kürdəxanıda 4 nəfər, Xəzər və Abşeron rayonlarındakı qeyri-çimərlik ərazilərdə 2 nəfər batıb. Əvvəlki həftə 12 yaşlı Bayram Kərimli Novxanı çimərliyində boğulub. Elə həmin gün Bilgəh çimərliyində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb. Bundan başqa, 4 nəfər də boğulma təhlükəsi ilə üzləşib, xilasedicilər onları son anda xilas edə bilib. Neftçalada 3 nəfər dənizdə boğulub. Hadisə günorta saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib. 26 yaşlı Fariz Alkişiyev, 29 yaşlı Fərid Babayev, həmçinin 27 yaşlı Şəhriyar Nəcəfov birlikdə dənizdə çimərkən batıblar. İyulun 21-də isə Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi Fərman İsaqov dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batıb. Bakının Sabunçu rayonu ərazisindəki dənizdə isə bir nəfər qeyri-çimərlikdə üzərkən boğulub. Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, boğulan şəxs 19 yaşlı Sadiq Abbasovdur. 22 yaşlı Azərbaycan vətəndaşı Andrey Xaritonov da iyulun 21-də dostları ilə birlikdə Buzovna qəsəbəsindəki “Zağulba” çimərliyində ehtiyatsızlıq ucbatından boğulub. Eləcə də Astara rayonunda bir nəfər qeyri-çimərlik sahəsində, dənizdə çimərkən boğulub.
Suda boğulanların statistikasındakı uşaqlar və yeniyetmələr çoxluq təşkil edir. Boğulanların sayının bu qədər artmasına səbəb valideyn nəzarətsizliyi, insanların özlərinə qarşı məsuliyyətsizliyi, yoxsa dənizdə baş verən ekoloji proseslər, küləkli hava nəticəsində yaranan axınlardır?
Mütəxəssislər bildirir ki, bəzən boğulan şəxslər daha yaxşı üzmək qabiliyyəti olanlardır. Burada psixoloji amil təsir edir və şəxs özünə güvənərək daha dərinliyə gedir, nəticədə faciə baş verir. Digər əsas səbəblərdən biri kimi qıcolma göstərilir. Mütəxəssislər bildirir ki, əsasən epilepsiyası olan şəxslərdə dənizdə qıcolma qaçılmaz olur. Bundan başqa, bədənində mikroelementlər çatışmadıqda, eləcə də suda üzən insanın bədəninin soyuması, əzələlərin dincəlmədən uzunmüddətli işləməsi, suyun hərarətinin kəskin enməsi nəticəsində də qıcolmalar yarana bilir.
Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a bu fikriləri açıqlamışdı.
Sitat: “Bu il yay mövsümü daha küləkli keçir. Bunun nəticəsində dənizdə geoloji proseslər gedir, axınlar daha çox dəyişir, burulğanlar əmələ gəlir, su dərinlikləri yaranır. Çox təəssüf ki, çox hallarda bu dərinləşmə tədricən deyil, birdən baş verir ki, bu da çox təhlükəlidir.
Lakin dənizdə boğulanların sayının artmasını insan faktoru ilə əlaqələndirirəm. Demək olar ki, bu məsələdə məsuliyyətsizlik, uşaqların nəzarətdən kənar qoyulması, üzə bilməmək və yaxud təhlükəli yerlərdə üzmək, xilasedicilərin xəbərdarlıqlarına baxmayaraq, kənara çıxmaq, belə hallarda faciə qaçılmaz olur. Küləkli havada dənizə girmək, ümumiyyətlə, olmaz. Çünki külək dalğaları vurur və o da özü ilə bərabər ətrafdakı əşyaları, hətta insanı dənizin dərinliklərinə aparır”.
Vətəndaşların çimmək üçün yararsız çimərlik ərazilərinə üz tutmaları da başqa bir söhbətin mövzusudur. Xəzər sahilləri illərdir ki, kilometrlərlə uzanan daş hasarlarla bağlanmaqla zəbt olunub. Zəbt olunan ərazilər isə, bir qayda olaraq, istirahət üçün uyğun şəraiti olan yerlərdir. Ona görə də vətəndaşlar daha uyğunsuz çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Beləliklə, Xəzərdəki ekoloji durumla yanaşı, Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi qalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Bu açıqlama hasarlanaraq zəbt olunan ərazilərə şamil olunmur. Digər tərəfdən, BŞİH-in çağırışlarına çox az hallarda özəl çimərliklər əməl edir. Bu, azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq qeyri-uyğun və ya özəl çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Lakin məsələ bu günə qədər həllini tapmayıb. Odur ki, Xəzər “əjdaha”ya dönüb vətəndaşları udmaqdadır.
Gürcüstanda fəaliyyət göstərən “Lanset” klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə məlumat “İnterpol”un rəsmi saytında yerləşdirilib.
İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.
Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu “İnterpol” xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.
“Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. “İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır”,- deyə rəsmi məlumatda qeyd olunur.
Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda “Lanset” klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır.
Avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.
Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla nişanlandığı üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib.
“Qafqazinfo”nun bölgə müxbiri bu gün yas yerinə baş çəkib. Bildirilib ki, Gülər bazar günü evin həyətində özünü asıb, bu gün isə 3 mərasimi keçirilir.
Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib:
“Nişan üçün gəlməmişəm, elə bir plan olmayıb. Qızımın intihar səbəbini bilmirəm. Hər kəs ağlına gələni yazır. Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”.
Ailə tanışlarının sözlərinə görə, nişan olmasa da, ailələr arasında elçilik olub. Qıza elçi düşən şəxs isə ondan 13-14 yaş böyük Renad İsayevdir.
Bildirilib ki, Gülərgil ailədə iki uşaq olub və ondan bir yaş böyük bacısı da var.
Gülərin təhsil aldığı Əliabad qəsəbə 1 №-li tam orta məktəbin direktoru İradə İbrahimxəlilova bildirib ki, mərhum əlaçı olmasa da, məktəbdə yaxşı oxuyub:
“Məktəb tədbirlərində aktivliyi, tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Ancaq məktəbi bu il bitirsə də, təhsilini davam etdirmək üçün hər hansı bir məktəbə sənədlərini təqdim etməyib”.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur.
Bunu sübut edən hadisələrdən növbəti biri Binəqədi rayonunda qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, gecə saatlarında rayon ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub. Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib.
Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar. Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.
Obyektə baş verən yanğının səbəbləri araşdırılır. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.
Xəbər verdiyimiz kimi, Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə "20 Yanvar" dairəsi yaxınlığında olub. Belə ki, “Silverado” markalı avtomobil körpünün üstündə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Baku.ws-in məlumatına görə, həmin maşında "Parni iz Baku" KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
APA xəbər verir ki, 1949-cu il təvəllüdlü H.Cəbrayılov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya aparılıb və əməliyyat olunub.
Mərhum Pirşağı qəbiristanlığında dəfn olunacaq. Yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.
Qeyd edək ki, H.Cəbrayılov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də çalışırdı.
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən geyim mağazasında müştəriləri hər yerdə izləyirlər.
Bu barədə müştərilər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.
Qeyd edilir ki, 8-ci mikrorayonda yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub.
Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür.
Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib. Onu sizə təqdim edirik:
Nizami rayonunda quldurluq hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxs 1957-ci il təvəllüdlü Şəhrayə Qocasıyeva məxsus mənzilin qapısını döyüb. Qapını açan Ş.Qoçasıyeva naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs qadını döyüb. Sonra evdə olan 180 manat pulunu götürərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində İstintaq araşdırmaları aparılır.
Xırdalan şəhərində intihar hadisəsi baş verib.
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evində yaşayan 1977-ci il təvəllüdlü Şamilov Ceyhun Müsənnif oğlu özünü evdə asıb. Onun asılmış meyiti yaxınları tərəfindən aşkarlanıb.
C.Şamilovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.