Son xəbərlər

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü yolu keçmək istəyən qadını vurub. 

“Minval.İnfo” xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

“Daewoo” markalı 99-RZ-697 dövlət nömrə nişanlı avtomobil qoşa xəttin tələblərinə məhəl qoymayıb və əks yola çıxıb. Bu zaman avtomobil yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçmək istəyən qadını vurub.

Qadın zərbənin təsirindən yerə yıxılıb və hadisədən dərhal sonra sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Minval.İnfo APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, yol qəzası zamanı “Chery Tiggo”, “Mercedes Vito” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, “Chery” markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.

 

 

 

 

Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.

“Minval.info” bildirir ki, Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi “Opel” markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb. Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. F.Atakişiyev saxlanılıb.

Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.

Bu barədə sakinlər məlumat veriblər. Bildirilir ki, bulvarda bir neçə yerdə ilanla rastlaşılıb.

Bundan başqa da, şəhərin müxtəlif yerlərində sürünənlərə rast gəlinib. Hətta ilanlar insanları gediş-gəliş etdiyi ərazilərə də dadanıblar. Vətəndaşlardan biri “28 Mall”da ilanla rastlaşıb. İlanı ticarət mərkəzinin avtodayanacağında görüblər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.

İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərindən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.

Zooloq Xəzər sahilində də ilanlara rast gəlməni adi hal hesab edib:

“Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır.

Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil”.

37 yaşlı Gülayın ünvanı qadın sığınacağıdır. Özünə bir küncdə yer tapıb yaşamağa çalışır.

Deyir dünyaya gəlməyi də çətin olub: “Deyiblər ya anası, ya uşaq. Bəlkə də elə o vaxtdan doğulmasaydım daha yaxşı olardı”. Amma təsadüfdənmi, ya alın yazısındamı anası da, özü də sağ qalıb. 1979-cu il noyabrın 21-də dünyaya göz açıb Gülay. Valideynlərinin ilk ovladı olub. Normal ailə, ata-ana yanında böyüyüb. Ondan sonra ailədə daha bir qız və bir oğlan doğulub. Özünü dərk edəndən ən böyük arzusu ali məktəbdə oxumaq olub. O da hamı kimi məktəbə gedib. Riyaziyyat üzrə olimpiadada, atıcılıq üzrə yarışlarda birinci yerə çıxıb. Gülay oxumağı o qədər sevirmiş ki, qışda ayaqqabısı ayağını yara edəndə dərsdən qalmasın deyə, qarda yay ayaqqabısı ilə məktəbə gedirmiş: “Əvvəllər ailəmdən narazı deyildim. Oxumaq üçün hər şeyimi verdim, amma faydası olmadı. Bəzən hətta suallar verirdilər – atanı çox istəyirsən, ya ananı, cavab verirdim heç kəsi. Çünki həqiqətən də mənim heç kəsə istəyim olmayıb. Mən ancaq kitablarımı sevmişəm”.

Təhsil almaq arzusu 100 dolların qurbanı olub

Təhsil almaq arzusu gerçəkləşməyib Gülayın. Atası əvvəl böyük kolbasa zavodlarından birinin müdiri, sonra restoran sahibi olub. Buna baxmayaraq o, qızın ali təhsil almaqda dəstək olmayıb: “Oxumaq arzum 100 dolların qurbanı olub. Mən ilk nəvə idim ailədə. Bizlərdə ilk nəvəyə hər ad günümdə qızıl beşlik gətirirdilər. Adıma 10-15 qızıl beşlik yığılmışdı. Anama dedim ki, onun ikisini ver mənə, təhsil almaq istəyirəm. Anam dedi ki,  atandan icazəsiz verə bilmərəm. Bizim evdə o zamanlar heç nəyin sayı-hesabı yox idi. O qızıldan ikisi mənə verilsəydi də, hiss olunmayacaqdı. Amma anam vermədi. Səhərisi atam maşını ilə qəza törətdi, maşınının mühərriki dağılmışdı. Anam boynundakı qızıl boyunbağını çıxardıb verdi. Bir dəmir parçasına qızıl verildi, amma mənim təhsilimə yox”.

Bu hal həyatında ən böyük zərbə olub, deyir Gülay. Elə bundan sonra da onun faciəli ailə həyatı başlayıb. Onu oxumağa qoymadıqları üçün acığa düşür və sevmədiyi biri ilə ailə qurur. Özü dediyi kimi kasıb, heç nəyi olmayan bir oğlanla izdivaca razı olur: “Mən o adama dedim ki, götür qaç məni. Mən heç ağ gəlinlik belə geyinmədim, ağ gəlinlik ayaqqabım belə olmadı, bəzənmədim. Sadəcə getdim. Düşündüm ki, bəlkə ər evində oxuya bilərəm…”

Gülay, toyun səhəri günü gəlin çökdüyü evdən qaçmaq istədiyini deyir: “Toyun səhəri günü səhv elədiyimi anladım. Yenə də şükür edirəm, çünki xasiyyətimi bilirəm. Ən böyük səhvim oxumaq uğrunda mübarizə aparmamaq olub. Bir də həyatda həmişə yalansız, xəyanət olmayan dünya axtarıram. O dünyanı kitablarda axtarmışam. Düzdür, hələ tapmamışam, amma yəqin məndən sonrakılar tapar”.

Ailə qurduqdan bir il sonra qızı olur. Bütün arzu və istəklərini bu qızına bağlayır. Özünün çatmadığı arzulara qızının çatmasını əl açıb Allahdan istəyir. Həyat yoldaşının xəyanətlərinə dözərək, qızını böyütməyə başlayır.

“Bəzən qadınlar kişilərin xəyanətindən danışırlar. Onsuz da bu xəyanət həmişə olub və olacaq. Amma kişi xəyanəti edib evində bildirməyəndir”.

“Bacım dedi: “Sənin artığına qalmamışam”

Gülay ikinci dəfə ana olur, oğlu dünyaya gəlir. 16 illik ailə həyatının sona çatmasına Gülayın bacısı ilə həyat yoldaşı arasındakı münasibət səbəb olur. Gülay 9 yaşlı qızı ilə  rayondan qayıdıb doğma bacısını həyat yoldaşı ilə birgə yataqda görür. Gülayın dünyası həmin andan yıxılır. Qızı da çox pis olur bu hadisəyə.

“Bacımla ərimə dedim ki, əgər bir-birinizi istəyirsinizsə, mən çıxım gedim. Bacım mənə – “sənin artığına qalmamışam” – dedi. Onun bu sözü mənə ərimin  xəyanətindən daha  pis təsir etdi”.

Gülay 9 yaşlı körpəsinin təkidi ilə 16 illik ailə həyatına son qoymağa qərar verir. Boşandıqdan sonra qızını özü ilə götürüb kirayə ev axtarışına çıxır. Maddi çətinlik ucbatından oğlu atasının yanında qalır. Həmin vaxtdan Gülayın qızının ürəyi xəstəliyə tutulur. Gülay deyir ki, hazırda 19 yaşı olan qızının ürəyi paroqdur.

“Artıq itirəcəyim heç nə yoxdur”

Hər kəs ondan üz döndərib, həyat kimi. Boşanan Gülay qızı ilə birgə özünə yeni həyat qurmağa başlayır. Tovuza gedir və 72 yaşlı bir kişinin evində işləməyə başlayır. Bir müddətdən sonra ev yiyəsindən xoşagəlməz təklif alır və qızını götürüb ordan gedir. Kirayə ev tutur, işləyib pul qazanır, qızına baxır. Boşanandan sonra heç kim ondan niyə bu addımı atdığını soruşmayıb deyir Gülay. Hər kəs üz döndərir ondan. Gülay anasını itirir. 4 il sonra atası yenidən evlənir, bütün var-dövlətini də ikinci arvadın adına keçirir. Atası qızının boşanmasının əsl səbəbini bütün bunlardan sonra bilir və 6 ay sonra ürək tutmasından ölür. Gülay onun ən böyük arzusunu ürəyində qoyan atasını da itirir.  “Qardaşım da öz işindədir. Qohum-əqrabalarım da öz işində. Hər kəs yaxşıdır. Amma hamısı məndən üz döndərib. Günahım odur ki, həyatımda ilk dəfə sevmək istədim. Bəlkə bəlkə nəvaziş göstərən olar, bəlkə həqiqətən də sevən olar”.

Gülayın 19 yaşlı qızı universitet tələbəsidir. O da anasından imtina edib. Gülay bunun səbəbini imkansızlığında görür. 9-cu sinif şagirdi olan oğlu isə anasına hər zəngində gələcəkdə ona kömək edəcəyini deyir: “Həqiqətən indi zəmanə elədir ki, valideyn belə imkanlı övladını seçir. İmkanın varsa, həyat sənindir. Əvvəllər əgər adamı geyiminə görə qarşılayıb, ağlına görə  yola salırlar, indi adamı geyimə görə qarşılayıb, elə geyimə görə də yola salırlar. Qızımın elə bir yaşı idi ki, artıq istəkləri çoxalırdı. Mən həmin müddətdə uşağa baxıcılıq edirdim, ev təmizləyirdim. Elə oldu ki, kirayə pulunu belə verə bilmədim və orda qalmağa başladıq. İmkanım çox olsa, yenə də qohumlarım da çox olacaq, tanışlarım da”.

Gülayın artıq itirəcəyi heç nə yoxdur: “Övladlarım öz yollarını seçdilər. İstəyirəm həyatımda bir gün halal pulum olsun, qızıma istədiyi nəyisə alım və deyim ki, hər şey pul demək deyil. Qızım pul lazım olanda yazır. Mən istəsəm onun qarşısına universitetdə çıxa bilərəm. Amma onun özünə görə edə bilmirəm”.

Gülay öz ayaqları üzərində durmaq istəyir: “Düşmənlərimi sevindirmək istəmirəm. İstəyirəm hər qadın güclü, dözümlü olsun. Bu yaşımda mən küçələrdə qalmışam. Heç nə yox, qızım bir dəfə “ana” desəydi, heç “ana” deməsin, yəqin yaxşı ana deyiləm, desəydi “Gülay hər şey yaşı olacaq”, bəlkə də mən çoxdan ayaqda idim”.

Özünə qəsd edən qadın…

Gülayın əli heç nəyə çatmır. Bircə özündən başqa. Dəfələrlə özünə qəsd edib, amma deyir, o dünya belə onu qəbul etmək istəmir, hələ də nəfəs salır, ürəyi döyünür. Nə üçün özü də bilmir: “qızım məndən pul istədi. Mənə dedi ki, sürünməkdənsə, get öl. Mən də götürdüm damarlarımı doğradım, dərman içdim, ölmədim. Demək ki, hələ zamanı deyil.

O dünyada haqq-ədalət var. Amma bu dünyada insanı elə özününkülər yandırıb kül edir. Hərdən ürəyim elə göynəyir, götürüb nəyisə basıram əlimə ki, qoy bu göynərti o göynərtini unutdursun, amma olmur. Əlimi də yandırmışam, amma heç nə ürəyimi sakitləşdirmir. Artıq həyatda heç kimdən heç nə gözləmirəm”…

Gülay ürəyindəkiləri və hiss etdiklərini kağıza köçürür. Yaşadıqlarından ssenari hazırlayıb. O ssenari əsasında film çəkilməsini arzulayır: “İstərdim həyatımdan bir film çəkim. Filmin sonunu belə bitirərdim. Yeməklər bişirərdim, bir süfrə açardım. Qızım, oğlum və mən bərabər oturardıq. Elə orda da nəfəsim kəsilərdi. Özüm öz ayağımın üzərində durmasam mən mənliyimi itirmiş olacağam. Mən heç kimdən heç nə istəmirəm. Qadın həyatda üç kişiyə güvənir deyirlər: ataya, qardaşa və yoldaşa. Üçü də mənim əlimi buraxdı. Əgər atam əlimi buraxdısa, mən başqalarından nə gözləyim?”

Gerçəkləşməyən arzularının nisgilini canında daşıyan Gülayın son arzusu…

“Yaşamaqdan yorulmuşam. Heç bir şeyə ümidim yoxdur. Səhər durum, hər şey yaxşı olacaq, qızım gələcək, ailəm olacaq deyə bir ümidim yoxdur. Ona görə də son arzum budur ki, məni kimsəsizlər qəbiristanlığında basdırsınlar. İstəmirəm adım olsun, baş daşım olsun”.

DYP-dən polislə sürücünün davasına REAKSİYA
Sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər.
Oxu.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar bildirib ki, həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib:

“Hadisə iyunun 1-də Qobustan ərazisində olub. Kürdəmir sakini yükdaşıma qaydasını pozduğuna görə saxlanılıb. Amma sürücü polis əməkdaşlarına tabe olmayıb. Belə ki, nə sürücülük sənədlərini verib, nə də mərkəzi informasiya sistemində onun şəxsiyyətini müəyyən etmək üçün lazım olan ad və soyadını bildirib. Bunların hamısının görüntüsü də var. Biz artıq onunla bağlı araşdırma aparmışıq.

Ümumiyyətlə, sürücü saxlandığı zaman polislərə tabe olmayıb, şəxsiyyətini müəyyənləşdirmək üçün polisə aparılanda da əməkdaşlara qarşı müqavimət göstərib. Daha sonra həmin şəxs haqqında Qobustan məhkəməsində polisə müqavimət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə qərar çıxarılıb”.
K.Əliyev qeyd edib ki, polis əməkdaşı da onunla ünsiyyət zamanı müxtəlif qeyri-etik ifadələrə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub:

“Burada birtərəfli cəza verilməyib. Həm əməkdaşa cəza verilib, həm də vətəndaş məsuliyyətə cəlb olunub. İnspektor onunla uzun müddət çox mədəni rəftar edib. Sürücü onu polis bölməsinə aparan əməkdaşlara müqavimət göstərib, qızışdırıcı ifadələr işlədib. Bunu da qəsdən edib. Bu vaxt isə əməkdaş dözməyərək qeyri-etik ifadələr işlədib”.

 

 
Qadınla birinci kim yatacaq? — Bakıda "bomj"ların seks davası ölümlə nəticələndi
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azad Dandışın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Azad Dandışın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 30-da Sabunçu rayonunda baş verib.

Ramana qəsəsində 1984-cü il təvəllüdlü İsakov Valeri Anatolyeviçin meyiti yaşadığı mənzildə tapılıb.

Məhkəmə-tibbi ekspertizası İsakovun baş nahiyəsində hematoma aşkarlayıb. Eyni zamanda, onun burnunda da zədə aşkarlanıb.

O da məlum olub ki, İsakov alkoqol aludəçisi imiş, meşşan həyat tərzi keçirib və vərəm xəstəsi olub.

Qətldə şübhəli bilinən Ramana qəsəbəsinin sakini Azad Dandış saxlanılıb.
Azad Dandışa qarşı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Azad Dandış ilkin ifadəsində etiraf edib ki, İsakovun başına dəfələrlə küt alətlə vurub və nəticədə o, ölüb.

Bununla yanaşı, o da məlum olub ki, adamların hər ikisi heç yerdə işləməyib, həddindən artıq ucuz spirt qəbul ediblər, səfil həyat keçiriblər.

Qətl baş verməmişdən qabaq kişilər adətləri üzrə ucuz araq alaraq içmək qərarına gəliblər. Bu dəfə onlar üç nəfər olublar. Onlara səfil həyatı yaşayan içki düşkünü bir qadın da qoşulub. Bundan sonra yoldaşlar həmin xanımla birinci kimin yatacağı üstündə mübahisə ediblər.

Mübahisə uzanaraq davaya çevrilib və qətl hadisəsi baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
“Leyla” şadlıq sarayının administratoru toy sahiblərinin pulunu götürüb qaçdı
Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən “Leyla” şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

Bu barədə “Report”a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.

Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb.

Şadlıq sarayı isə iyul ayının ortalarında bağlanıb və 10 gün ərzində sarayda müəyyən dəyişikliklər edilərək mərasim evi kimi fəaliyyətə başlayıb.

“Leyla” şadlıq sarayında avqustun 4-nə toy təyin edən şəxsin sözlərinə görə, toya 10 gün qalmış saraya yaxınlaşıb və sifariş verdiyi dəvətnamələri götürüb. Lakin əlavə dəvətnaməyə ehtiyac olduğundan bir gün sonra yenidən şadlıq sarayına gələn toy sahibi gördüyü mənzərədən şoka düşüb və huşunu itirərək yerə yıxılıb: “Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir, molla oturub “Yasin” oxuyur. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, bura 1 həftədir mərasim evi kimi fəaliyyətə başlayıb. Maraqlandım ki, məndən və mənim kimi 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürərək aradan çıxıb”.

Zərərçəkən əlavə edib ki, sarayın önündə “şadlıq sarayı” sözü sökülüb, yerinə “mərasim evi” yazılıb: “Sarayın içərisi mərasim evinə uyğun şəkildə hazırlanıb və təmir işləri aparılırdı. Orada çalışan ustalar bildirdilər ki, hər gün 10-a yaxın toy sahibi saraya gəlir. Sarayın sahibinin baş verən hadisələrdən administratorun yoxa çıxdığından sonra məlumatı olub. O, iki ay əvvəl administratora toy üçün sifarişlərin götürülməsini dayandırmağı və kimdən beh alıbsa qaytarmağı tələb edib. Administrator isə qaçıb”.

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.

Azad İsazadə: “Nümayiş intiharı var, onun içində protest niyyəti dayanır”

Bir vaxtlar “Koroğlu” metrosunun yaxınlığındakı asma körpü “intihar körpüsü” adlandırılırdı. Bu ona görə beləydi ki, həmin qovşaqdan özünü atmaq cəhdləri bir tendensiyaya çevrilmişdi.

İntihar etmək istəyən körpüyə çıxırdı. Sonra məftillərlə əhatələndi, asayiş üçün mühafizə polisi yerləşdirildi ki, canına qəsdetmə hallarının qarşısı alınsın.  Onların əksəriyyəti ölümün pəncəsindən xilas edilirdi. Məlum olur ki, əksəriyyəti üzləşdiyi haqsızlığa etiraz olaraq özünü öldürməyə qalxıb.

Əslində, onların elədikləri intihara cəhddən daha çox sosial etiraza, bir aksiyaya bənzəyirdi. Bəziləri deputat Qənirə Paşayevanı hadisə yerinə səsləyirdi ki, onun sözünü eşidib yuxarı orqanlara çatdırsın.

Son günlərdə Bakıda yenə “özümü öldürəcəm” halları müşahidə olunur. Avqustun 1-də 21 yaşlı gənc özünü dənizə atıb.

Hadisə şahidlərinin sözlərinə görə, onun meyiti ərazidə polis əməkdaşları tərəfindən sahilə çıxarılıb.

Avqustun 3-də 23-26 yaşlı Murad adlı şəxs metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı körpüdən özünü yerə atıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

Aeroport yolunda isə yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin ön oturacağında sərnişin xanım qapını açaraq özünü yola atıb. Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir.

Avqustun 3-də Əliyeva Tamara Vaqif qızı özünü 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atıb. O, ağır xəsarətlər alıb və ətrafdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ayın 4-nə də diqqət edək: Bakının 3-cü mikrorayon dairəsi üzərindəki körpüdə kimliyi məlum olmayan şəxs əlindəki bıçaqla özünə xəsarət yetirmək istəyib.

İnsident baş verən əraziyə FHN-nin xüsusi xilasetmə qrupu cəlb olunub. Hadisə səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Avqustun 5-də isə Xaçmazın Ləman kənd sakini, 77 yaşlı Hacıyev Zakir Xəlil oğlu səhər saatlarında yaşadığı evdə bıçaqla bədəninin müxtəlif nahiyələrini, o cümlədən əlini kəsib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti yaxşıdır.

Qeyd etmək lazımdır ki, son dövrlərdə intiharların daha çox sosial problemlərdən yox, şəxsi həyatda olan sıxıntılardan baş verdiyi müşahidə edilir. Nakam məhəbbətlə üzləşən gənclər, həyat yoldaşı ilə yola getməyənlər, dərin əzablar və depressiyada olanlar intihara əl atır.

Necə ki, o dövrdə Hötenin “Gənc Verterin iztirabları” romanını oxuyan hər üç gəncdən ikisi intihara əl atırdı.

Onlar eşqi uğursuzluğa düçar olmuş oxucular idi ki, kitab onları intihara tətikləyirdi. Və sonra romanın satışı qadağan edilmişdi.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov ile ilgili görsel sonucu

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov  oxu.az-a deyib ki, intihar risklərinin artması baxımından avqust təhlükəli ay hesab edilir.

“Niyə məhz avqustun olduğunu demək çətindir – bu, mütəxəssislərin müşahidələrinin nəticələridir. İntiharlar üçün ən təhlükəli vaxt səhər saatlarıdır, ən təhlükəli gün isə cümədir”, – psixiatr bildirib. Onun sözlərinə görə, Azərbaycan intiharların sayına görə digər ölkələrdən geri qalır. 2015-2016-cı illərdə son iki illə müqayisədə daha çox intihar törədilib: “Həmin vaxt maliyyə böhranı, banka olan borclar və totalizatorlar (idman mərc oyunları) intiharların artmasına güclü təsir göstərib”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda hər 100 min nəfərə 4,3 intihar düşür. Bu göstərici Kanadada 15,1, ABŞ-da 21,1, Rusiyada 48,3, Türkiyədə 11,3, Fransada 17,9, İsveçdə isə 15,8-dir.

Psixoloq Azad İsazadə ile ilgili görsel sonucu

Psixoloq Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, nümayiş intiharı deyilən özünə qəsd növ var: “Onun içində protest bəndi var. Yəni, nümayiş ölümlə nəticələnmir və konkret bir səbəbə görə canına qıymaq istəyir. Bununla kiməsə intihara meylini göstərməyə can atır.  Amma görürsə cəhdin nəticəsi olmur, o zaman nümayiş intiharı reallığa çevrilir və faciə baş verir. Lakin elmi ədəbiyyatda avqustun intiharlar üçün risqli ay olmasının xüsusi izahı yoxdur. Müxtəlif təqdimatlar, şərhlər ola bilər”.

A.İsazadə intiharı depressiyanın zirvəsi sayır: “İnsanlar daha çox payızda ovqatda dəyişiklik hiss edirlər və intiharlar bu dövrə təsadüf olur. Niyə avqustda intihar çox olur, bunu demək çətindir. Ola bilsin ki, bu cür adamlar yayı intizarla gözləyir, düşünür ki, yay gələcək və planlar olacaq. Amma avqust yayın sonudur və həmin insanlar fikirləşir ki, yenə payız yaxınlaşır, heç nə dəyişmədi və bu zaman avqust sonuncu ay təəssüratı yaradır. Belə bir nəzəriyyə var”.

Psixoloq şəxsi həyatla əlaqədar intiharların həmişə eyni səviyyədə qaldığını açıqladı: “Rəqəm eynidir. Amma cəmiyyətdə maddi problemlər çoxalanda intiharın üstünə biri də gəlir.

Onda elə görünür ki, intihar çoxalıb. Məsələn, kredit intiharı artmışdı. Bu dalğa endi. Amma şəxsi problemlər həmişə olur deyə bu səbəbdən intiharların statistikası aşağı düşmür, eyni səviyyədədir”.

İntiharların artmasında medianın rolunun olması ilə razılaşmayan A.İsazadə hesab edir ki, mətbuat intiharın formasında təbliğatçı ola bilər: “Sovet vaxtı da intihar var idi, informasiya az idi. 70-ci illərdə Moskvada intiharla məşğul olan mərkəz yaradılmışdı.  Həm müalicə edilirdi, həm də  dövlətə intiharlarla bağlı məsləhət verilirdi. Medianın rolu intiharın formasında var.  Məsələn,  “Koroğlu” körpüsündən biri özünü atdı, başqası mediadan eşitdi və o da körpüdən özünü atmağa cəhd elədi. Bakıda körpü çoxdur, amma konkret bu körpüdən istifadə etdilər. Səddamın edamı da mediada veriləndən sonra o dövrdə özünü asma həmi halları həm Şərqdə, həm Azərbaycanda çoxaldı.  Sadəcə, kimsə intihar etmıək fikri ilə yaşayır, amma bilmir ki, hansı yola əl atsın. Bu mənada ədəbiyyat və media təsir edir”.

Şabranda “cin çıxarmaq” adı ilə 25 yaşlı gənci döyə-döyə öldürməkdə təqsirləndirilən Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, ötən il Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətiriliblər.

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq (cin çıxartmaq)adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans “müalicə” etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb

Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.