Son xəbərlər

Xaçmazda ağır qəzaXaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına 6 nəfər çatdırılıb.

Yaralılar – Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanada hal-hazırda bir nəfər – 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov qalıb. Ona sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Suraxanı rayonunda xəstəxana binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında yanğın olub.

Alov qısa zamanda bir neçə palataya da keçib.

Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kvm ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.

FHN-nin əraziyə cəlb olunmuş briqadasından Oxu.Az-a bildirilib ki, ilkin ehtimallara görə, yanğın binanın damında yerləşən elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru intihar edib.

Minval.info Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində, yaşayış evlərindən birində baş verib.

1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev həmin evin həyətində özünü asıb. Onun meyiti anası tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 39 yaşlı Musa Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

“Report” xəbər verir ki, 9 mikrorayonda yerləşən “Üzeyir” şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Ər və arvad hakim qarşısında – vəzifəli şəxslərin adından istifadə, dələduzluq, saxta sənəd…

Dələduzluqda ittiham olunan ər və arvad hakim qarşısına çıxarılıb. Onlar vəzifəli şəxslərin adından istifadə etməkdə təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Balağa Əlbəşirov və onun həyat yoldaşı Heyran Əlbəşirovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasında zərərçəkmişlərdən bir neçəsi iştirak edib. Onlarla təqsirləndirilən şəxslər arasında bir neçə dəfə gərginlik yaşanıb.

Balağa Əlbişirov günahsız olduğunu, bunu hamıya sübut edəcəyini deyib.

Rəsmi ittihama görə, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Əlbəşirova Heyran Mürsəl qızının qanunsuz hərəkətləri barədə həmin nazirlik tərəfindən toplanmış material aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 26 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Sosial şəbəkədə Hövsan sakinləri və xüsusən bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifadələr işlədən gənc cəzalandırılıb.

20-25 yaşlı gənc, kənd camaatı tərəfindən tapılaraq ondan üzr istəməsi tələb edilib. Sözügedən şəxs kənd sakinlərinin tələbinə əməl edib:

“Özümdə olmamışam, nə demişəmsə özümə demişəm, nəslimlə qələt etmişəm. İnsan səhvini başa düşəndə çox peşman olur. Çox peşmanam. Analar, bacılar, xahiş edirəm, məni üzrlü sayın”.
Sözügedən videonu təqdim edirik.

Qeyd: Videoda qeyri-etik ifadələr var.

Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.

Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. /report/

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.