Son xəbərlər

20 cinayətin üstü “isti izlər”lə açıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərlə bağlı reyd keçirilib.

 APA xəbər verir ki, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb.

Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfinbdən “saxla” əmri verilib.

Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib.

Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan suni tıxac vasitəsilə saxlanılıb.

 

Sürücü Yasamal Rayon Polis İdarəsinin  27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.

O, bir müddət əvvəl sürücülk hüququndan məhrumda edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi idarəetməsində olan “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını klobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “saxla” əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomboili saxlaya bilib.

Sürücü heç bir sənədə təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.

Bir az əvvəl Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da inanılmaz anlar yaşanıb.

Verilişə müraciət edən Nuranə adlı xanım sevdiyi oğlan tərəfindən zorlandığını iddia edib. Onun iddiaları hər kəsi dəhşətə gətirib.

Nuranənin sözlərinə görə, sevdiyi oğlan onu anası ilə tanış olmaq adı ilə evə aparıb və iyrənc əməlini həyata keçirib. Bir az sonra verilişə adı çəkilən şəxsin anası da qoşulub. Ananın açıqlamaları hətta teleaparıcını da özündən çıxardıb. Nuranəni təhqir edən qadının telefon zəngi efirdən kəsilib. Qadın bildirib ki, oğlu ilə Nuranə sosial şəbəkələrdən tanış olub. Oğlu Nuranəni heç vaxt sevməyib.

Verilişdə iştirak edən Şeyx Əbdül də məsələyə sərt reaksiya bildirib. O, aidiyyatı qrumların bu işə göz yumamasına çağrış edib.

Olduqca dəhşətli etirafların səsləndiyi verilişi sizə təqdim edirik.

 


Son bir ildə, ilyarımda Azərbaycana turist axını müşahidə olunur. Xüsusilə ərəb ölkələrindən bizim gözəl məmləkətə böyük maraq hiss edilir. Amma turistlər ölkəyə təkcə xeyir vermir, problem də gətirir.

Bizimyol.info xəbər verir ki, turistlərin ölkəyə saxta dollar gətirdiyi bildirilir. Bu haqda sosial şəbəkədə ictimai fəal Aysel Ələkbərzadə yazıb. Onun iddiasına görə, son iki gün ərzində təkcə bir banka 4 saxta dollar gətirilib. Amma bu pullarla gələnlərin heç biri əcnəbi deyil.

Məsələ ondadır ki, ölkəyə saxta əsginas gətirən əcnəbilər bunları əsasən taksi sürücülərinə, yolüstü restoranlara, iaşə obyektlərinin işçilərinə, dolayısıyla sadə adamlara verirlər. Həmin məqamlarda əsginasın keyfiyyətini yoxlamaq mümkün deyil. İş ortaya sadə adamlar pulu manata dəyişmək istəyəndə üzə çıxır.

Aysel Ələkbərzadə belə əsginaslardan birinin də ona verildiyi yazır. Sonradan saxta 100-lük dolları banka təhvil verib. İctimai fəal 100-lük manatların da çox saxtalaşdırıldığını qeyd edib.

Bakı metrosunda problem: qatar boşaldıldı
Bakı metrosunda sərnişinlər boşaldılıb.

Oxu.Az xəbər verir ki, Bakı metrosunda qatarlardan birində texniki problem yaranıb.

Bu səbəbdən sərnişinlər boşaldılıb. Stansiyalarda sərnişin sıxlığı müşahidə edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiar Məmmədov faktı təsdiq edib. O bildirib ki, son günlər metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir:

“Bu gün “Sahil” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarda texniki problem yaranıb. Qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq qatar boşaldılıb və texniki baxış üçün depoya göndərilib.

Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Hazırda qatarlar arasında interval qrafikə uyğun şəkildə davam etdirilir. Ümumiyyətlə, son dönəmlər metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım var. Bu gün isə stansiyalarda sərnişin sıxlığı müşahidə edilir”.


Nazirlər Kabinetinin əməkdaşı vəfat edib.

Report xəbər verir ki, Baş Nazirin birinci müavini Yaqub Eyyubovun köməkçisi, 3-cü dərəcəli dövlət müşaviri Ayaz Yusifov dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Abşeron rayonunda seksual manyak peyda olub.

Minval.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, günorta saatlarında valideynlər evdə olmayanda mənzillərə daxil olan naməlum şəxs azyaşlı qızlara hücum edərək onlara qarşı seksual xarakterli hərəkətlər edir.

Artıq zərərçəkənlərdən biri, Masazır qəsəbə sakini R.Z polisə müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə 14 yaşlı qızı Aygünü (ad şərtidir) aldadaraq evə daxil olan naməlum şəxs qızına qarşı zorla seksual xarakterli hərəkətlər edib.

Abşeron RPŞ hazırda həmin şəxsi axtarır. Onun bu tipli başqa cinayətlər etməsi də istisna edilmir.

Düşmən atəşkəs rejimini yenə pozduErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə itki üz verib.

Minval.info xəbər verir ki, partiyanın mətbuat xidmətindən verilən məlumata görə, MMP sədrinin qardaşı Nazim Hacıyev vəfat edib.

Qeyd edək ki, mərhum bir müddət öncə insult keçirmişdi. Nazim Hacıyev bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin.

“Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin, habelə həmin cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olan vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ilkin araşdırmalarla «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla yanaşı, «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma)və 313-cü (Vəzifə saxtakarlığı)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməkə qanuni mənafelərini pozmuş olduqları sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir”.