![]() |
![]() |
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
APA xəbər verir ki, 1949-cu il təvəllüdlü H.Cəbrayılov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya aparılıb və əməliyyat olunub.
Mərhum Pirşağı qəbiristanlığında dəfn olunacaq. Yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.
Qeyd edək ki, H.Cəbrayılov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də çalışırdı.
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən geyim mağazasında müştəriləri hər yerdə izləyirlər.
Bu barədə müştərilər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.
Qeyd edilir ki, 8-ci mikrorayonda yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub.
Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür.
Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib. Onu sizə təqdim edirik:
Nizami rayonunda quldurluq hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxs 1957-ci il təvəllüdlü Şəhrayə Qocasıyeva məxsus mənzilin qapısını döyüb. Qapını açan Ş.Qoçasıyeva naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs qadını döyüb. Sonra evdə olan 180 manat pulunu götürərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində İstintaq araşdırmaları aparılır.
Xırdalan şəhərində intihar hadisəsi baş verib.
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evində yaşayan 1977-ci il təvəllüdlü Şamilov Ceyhun Müsənnif oğlu özünü evdə asıb. Onun asılmış meyiti yaxınları tərəfindən aşkarlanıb.
C.Şamilovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bu gün səhər saat 09:00-dan etibarən Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələri, Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, eləcə də Xudat şəhərinin bir neçə kəndində qaz təchizatı dayandırılıb.
Minval.İnfo xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.
Bundan başqa, bu gün saat 09:00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonu, Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.
Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın xəbərinə görə, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin ön oturacağında əyləşən qadın sərnişin qapını açaraq özünü yola atıb.
Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşüb, qızı qucağına alaraq avtomobilə qoyub, daha sonra yoluna davam edib.
Hadisəyə səbəb kimi avtomobildə mübahisənin olduğu ehtimal edilir.
29 iyul saat 08:10 radələrində Rusiyanın Rostov vilayətində, M-4 “Don” avtomobil yolunun 958-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib ki, Moskva-Bakı istiqamətində hərəkətdə olan Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi, 20 EB 289 dövlət nişanlı mikroavtobus Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində mikroavtobusun sürücüsü Allahverdili Eşqin Elxan oğlu və sərnişini Musayeva Zəmanə İsmayıl qızı ölüb.
Qeyd olunan avtomobilin digər sərnişinləri Məmmədova Vaxilo Qərib qızı, Cəfərova Nuran Yafi qızı, Salayev Bəxtiyar Vatamur oğlu, Gözəlov İlkin Heydər oğlu, Rufullayev Rauf Faziq oğlu, Təmirov Emil Affar oğlu, Musayev Zaur Nazim oğlu və Mustafayev Namaz İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Rostov vilayətinin Zverevo şəhərinin mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Səfirlikdən yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə yaradıldığı və məsələnin nəzarətdə saxlanıldığı bildirilib. Qeyd olunub ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıdakı ad və soyadlarda qeyri-dəqiqlik ola bilər.
Şəkidə 20 yaşlı gənc intihar edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəki şəhəri, Qara Qarayev küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.
1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 20 yaşlı gəncin intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edir; Xəzər sahillərinin zəbti vətəndaşları uyğun olmayan çimərliklərə yönləndirir…
Sabunçu rayonu, Kürdəxanı çimərliyində 4 nəfər boğularaq ölüb. Sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də, 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayev dənizdə boğulublar. Hər 4 gəncin cansız bədənləri sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
İyulun 28-də Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, həmin gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar.
Xəzərin bu cür xüsusiyyətlərini bilməyənlər şərq küləyinin cənub küləyi ilə ( və ya əksinə) əvəzləndiyi günlərdə çimərliklərdə xüsusi olaraq ehtiyatlı davranmalıdırlar. Artıq eyni səbəblərdən Xəzərin İran sahillərində çimərliklərə iyulun 31-nə qədər girmək qadağan olunub. Qadağa İranın şimalında, Mazandaran vilayətində qüvvədədir. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Qadağa bu il çimərlik mövsümündə Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxsin ardıcıl boğulmasından sonra qüvvəyə minib.
Xəzərin Azərbaycan sahillərində də vəziyyət bu baxımdan ürəkparçalayandır. Bu il yay mövsümü başlayandan dənizdə boğulanların sayı hər həftə artır. Son bir həftədə Kürdəxanıda 4 nəfər, Xəzər və Abşeron rayonlarındakı qeyri-çimərlik ərazilərdə 2 nəfər batıb. Əvvəlki həftə 12 yaşlı Bayram Kərimli Novxanı çimərliyində boğulub. Elə həmin gün Bilgəh çimərliyində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb. Bundan başqa, 4 nəfər də boğulma təhlükəsi ilə üzləşib, xilasedicilər onları son anda xilas edə bilib. Neftçalada 3 nəfər dənizdə boğulub. Hadisə günorta saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib. 26 yaşlı Fariz Alkişiyev, 29 yaşlı Fərid Babayev, həmçinin 27 yaşlı Şəhriyar Nəcəfov birlikdə dənizdə çimərkən batıblar. İyulun 21-də isə Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi Fərman İsaqov dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batıb. Bakının Sabunçu rayonu ərazisindəki dənizdə isə bir nəfər qeyri-çimərlikdə üzərkən boğulub. Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, boğulan şəxs 19 yaşlı Sadiq Abbasovdur. 22 yaşlı Azərbaycan vətəndaşı Andrey Xaritonov da iyulun 21-də dostları ilə birlikdə Buzovna qəsəbəsindəki “Zağulba” çimərliyində ehtiyatsızlıq ucbatından boğulub. Eləcə də Astara rayonunda bir nəfər qeyri-çimərlik sahəsində, dənizdə çimərkən boğulub.
Suda boğulanların statistikasındakı uşaqlar və yeniyetmələr çoxluq təşkil edir. Boğulanların sayının bu qədər artmasına səbəb valideyn nəzarətsizliyi, insanların özlərinə qarşı məsuliyyətsizliyi, yoxsa dənizdə baş verən ekoloji proseslər, küləkli hava nəticəsində yaranan axınlardır?
Mütəxəssislər bildirir ki, bəzən boğulan şəxslər daha yaxşı üzmək qabiliyyəti olanlardır. Burada psixoloji amil təsir edir və şəxs özünə güvənərək daha dərinliyə gedir, nəticədə faciə baş verir. Digər əsas səbəblərdən biri kimi qıcolma göstərilir. Mütəxəssislər bildirir ki, əsasən epilepsiyası olan şəxslərdə dənizdə qıcolma qaçılmaz olur. Bundan başqa, bədənində mikroelementlər çatışmadıqda, eləcə də suda üzən insanın bədəninin soyuması, əzələlərin dincəlmədən uzunmüddətli işləməsi, suyun hərarətinin kəskin enməsi nəticəsində də qıcolmalar yarana bilir.
Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a bu fikriləri açıqlamışdı.
Sitat: “Bu il yay mövsümü daha küləkli keçir. Bunun nəticəsində dənizdə geoloji proseslər gedir, axınlar daha çox dəyişir, burulğanlar əmələ gəlir, su dərinlikləri yaranır. Çox təəssüf ki, çox hallarda bu dərinləşmə tədricən deyil, birdən baş verir ki, bu da çox təhlükəlidir.
Lakin dənizdə boğulanların sayının artmasını insan faktoru ilə əlaqələndirirəm. Demək olar ki, bu məsələdə məsuliyyətsizlik, uşaqların nəzarətdən kənar qoyulması, üzə bilməmək və yaxud təhlükəli yerlərdə üzmək, xilasedicilərin xəbərdarlıqlarına baxmayaraq, kənara çıxmaq, belə hallarda faciə qaçılmaz olur. Küləkli havada dənizə girmək, ümumiyyətlə, olmaz. Çünki külək dalğaları vurur və o da özü ilə bərabər ətrafdakı əşyaları, hətta insanı dənizin dərinliklərinə aparır”.
Vətəndaşların çimmək üçün yararsız çimərlik ərazilərinə üz tutmaları da başqa bir söhbətin mövzusudur. Xəzər sahilləri illərdir ki, kilometrlərlə uzanan daş hasarlarla bağlanmaqla zəbt olunub. Zəbt olunan ərazilər isə, bir qayda olaraq, istirahət üçün uyğun şəraiti olan yerlərdir. Ona görə də vətəndaşlar daha uyğunsuz çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Beləliklə, Xəzərdəki ekoloji durumla yanaşı, Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi qalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Bu açıqlama hasarlanaraq zəbt olunan ərazilərə şamil olunmur. Digər tərəfdən, BŞİH-in çağırışlarına çox az hallarda özəl çimərliklər əməl edir. Bu, azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq qeyri-uyğun və ya özəl çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Lakin məsələ bu günə qədər həllini tapmayıb. Odur ki, Xəzər “əjdaha”ya dönüb vətəndaşları udmaqdadır.
Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.
Minval.info APA-ya istinadən xəbər verir ki, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.