Son xəbərlər

Sabah hava necə olacaq?Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan "Ölkə.Az"a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. 

Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 23-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bakıda lift quraşdıran fəhlə faciəvi şəkildə öldü

Bakıda binaya yeni lift quraşdıran şəxs vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 21-də Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən yaşayış binasında baş verib. “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən, 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində liftlə tavan arasında qalaraq sıxılıb və orada vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ağac kəsən şirkət 26760 manat cərimələndi

Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında  ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, araşdırma  zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.

Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət  26760 manat məbləğində cərimə olunub.

Bu gün Ermənistan Ordusunun əsgəri Artur Martunoviç Nalbandyan müəmmalı şəkildə öldürülüb.

Turkustan.info məlumatına görə, Ermənistan mediasına bu xəbəri Qarabağdakı erməni mənbələri ötürüb. Məlumatda bildirilir ki, erməni əsgəri qəza nəticəsində həlak olub. Qarabağın şimalında yerləşdirilən erməni separatçılarının əsgəri naməlum şəraitdə ölüb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.  /konkret.az/

Düşmən atəş­kəsi pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata əsasən, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Kəngərli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldıRepçi Pərviz Quluzadə (Paster) azadlığa buraxılıb.

"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, məşhur repçi ötən gün gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər edərkən polis tərəfindən saxlanılıb.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

FHN universitetdə yanğın xəbərini təkzib etdiFHN ADNSU-da yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.

"Ölkə.Az" xəbər verir ki, FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında deyib ki, nazirliyin "112" xidmətinə ADNSU-da yanğın olması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər çıxıb. Lakin məlumat təsdiqini tapmayıb:

"Yanğın olması barədə yayılan məlumatlar yalandır".

Bu günün havasıBu günə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 22-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta  olacaq.

Yanvarın 22-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Hacıqabulda bir neçə avtomobil piyadanın üstündən keçdi
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında baş verib.

Avtomobillərin qarşısına çıxan hələlik kimliyi məlum olmayan piyadanı "Ford" markalı yük avtomobili vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində süni məskunlaşdırma siyasətini davam etdirir.

Ermənistan KİV xəbərlərinə görə, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 50 evin istifadəyə verildiyi kənddə daha 100 evin tikintisi aparılır. Bundan başqa, oyun meydançaları və məktəbin istifadəyə verilməsi də nəzərdə tutulur.

Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb. 2011-ci ildə Livandan Aqavnoya köçən Andranik Çavuşyan kəndə rəhbərlik edəcək.

Qeyd edək ki, Laçın rayonun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir. (modern.az)