Son xəbərlər

Ali Məhkəmədə yaradılan Komissiya sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri, onların aparatlarında xidmət etmiş, oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müraciət ünvanlayıb.

Oxu.az-ın xəbərinə görə, müraciət istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi ilə bağlıdır.

Həmin şəxslər Komissiyaya ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itirildiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti) təqdim etməlidirlər.

Həmçinin əmək kitabçasının surəti tələb olunur. Həmin əmək kitabçası notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən təsdiq edilməlidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrindən şəxsi işin xidmət dəftərçəsi əsasında xidmət müddəti, yeri, vəzifəsi, hərbi rütbəsi və verilmiş əmrlər barədə arayış da təqdim edilməlidir.

Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azadolmanı müəyyən edən sənəd və ya sənədlər (olduğu təqdirdə), bank hesabı barədə məlumat da sənədlər arasında olmalıdır.

1994-cü il fevralın 1-dən 2010-ci il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Ali Məhkəməyə kompensasiyanın ödənişi üçün ayrılmış vəsait cari il üçün nəzərdə tutulub.

Buna görə də kompensasiya almaq hüququ olan şəxslərdən xahiş olunub ki, ki, sənədlərini 1 dekabr 2019-cu il tarixinə qədər Komissiyaya təqdim etsinlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elan etdiyi kimi, Suriya ərazisinə qoşun yeritdi. Ərdoğanın əsas planı Türkiyənin Suriya ilə həmsərhəd zonası boyunca 30 km. enində ərazini nəzarətə götürməkdir. Ankara bu addımı öz ərazilərini kürd terrorçularından qorumaq məqsədilə atdığını bildirir. Bu ərazilər Ankaranın nəzarətinə keçdikdən sonra, Türkiyə ərazisində müvəqqəti məskunlaşmış 3,6 milyona yaxın suriyalı qaçqının burada yerləşdirilməsi nəzərdə tutulub.
Maraqlıdır ki, Türkiyənin Suriyaya qoşun yeritmək planına regionda maraqları toqquşan ABŞ və Rusiyanın heç biri etiraz etmədi. İki qarşıduran qüvvənin Ankarayla həmrəy olmasını Ərdoğanın diplomatik gedişlərinin uğurlu nəticəsi hesab etmək olar.

Hələ bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Ankara Suriyaya qoşun yeridərsə Türkiyənin iqtisadiyyatına ciddi zərbə vurulacaq. Ancaq hazırkı məqamda Ağ ev Ankaranın bu addımına qarşı çıxmadığını bildirsə də, regionda Türkiyəni dəstəkləməyəcəyini də söyləyir. ABŞ öz qoşunlarını Suriyadan çıxarmaq qərarına gəlib və mövqelərini Türkiyəyə təhvil verəcək.

Əslində, ABŞ qoşunları Suriyaya “İslam Dövləti” terror qruplaşması ilə mübarizə üçün yeridilmişdi. “İslam Dövləti” ilə mübarizə məqsədilə amerikalılar yerli kürd hərbi dəstələri (Kürd Xalq Özünümüdafiə Dəstələri - YPG) ilə ittifaq quraraq, onların köməyilə bu ərazidə “İslam Dövləti”nin mövqelərinin zəiflədilməsinə nail oldular. Kürd qruplaşmaları regionda mövqelərini möhkəmləndirmək və gələcəkdə Amerikanın dəstəyilə muxtariyyət əldə etmək ümidilə ABŞ-la fəal əməkdaşlığa qoşulmuşdular. Ancaq Amerikanın öz mövqelərini Türkiyəyə təhvil verməsi kürdlər üçün gözlənilməz oldu və onlar Vaşinqtonun bu addımını “arxadan vurulan zərbə”kimi qiymətləndirməkdə haqlıdırlar.

Lakin Suriyadan qoşunlarını çıxaran Amerikanın regionda öz mövqeyini etibar edəcəyi yeganə dövlət Türkiyədir. Əgər ABŞ kürd qruplaşmalarına dəstək verərək, onların həmin ərazilərdə qalmasına şərait yaradarsa, bu zaman kürdlərin ruslarla ittifaqa daxil olması təhlükəni göz önünə almalı idi. Kürd qruplaşmalarının hələ SSRİ dövründən ruslarla sıx əməkdaşlığını nəzərə aldıqda, bu təhlükənin reallığına heç bir şübhə qalmır. Üstəgəl, Rusiyanın Suriyadakı kürd qruplaşmalarının liderləri ilə danışıqlar apardığını və gələcəkdə onlara Suriya tərkibində muxtariyyatın verilməsi barədə məlumatlar da yayılmışdı. Təbii ki, bu yolla Moskva Suriyada hazırda güclü mövqeyə malik olan kürd qruplaşmalarını öz tərəfinə çəkməklə ABŞ-ın mövqelərinə zəiflətməyə çalışırdı.

Amerikanın Türkiyə ilə sövdələşməyə getməsinin səbəbləri tək bununla bitmir. Hazırda Türkiyədə sığınmış 3.6 milyon suriyalı qaçqın var və onlar potensial miqrant ordusudur. Ankara Suriyaya qoşun yeridərək, nəzarətə götürəcəyi ərazilərdə bu qaçqınları yerləşdirməsə, Avropa növbəti miqrant axını ilə üzləşməli olacaq. Digər tərəfdən, Türkiyə ərazisindəki qaçıqınların siyasi cəhətdən strateji əhəmiyyətə malik olduqlarını da vurğulamaq lazımdır. Söhbət ondan gedir ki, bu qaçqınlar Əsəd rejiminə qarşı çıxan müxalif qüvvələrin nümayəndələridir və onların Suriya ərazisini tərk etmələri əslində Bəşər Əsədin hakimiyyətinin qısa müddətdə bərpa olunmasına dəstəkdir. Buna görə, onların yenidən Suriya ərazisində məskunlaşdırılmaları vacibdir ki, ölkə tam olaraq “əsədsevərlər”in nəzarətinə keçməsin.

Beləliklə, Ərdoğan Türkiyə sərhəddi boyu əraziləri tutmaqla birincisi öz ölkəsi üçün təhlükə mənbəyi olan kürd terrorçularını zərərsizləşdirir. Bu ərazilərə həm kürdlər, həm də Suriya hökumətinə müxalif olan suriyalı qaçqınları yerləşdirməklə Suriya ərazisindəki terrorçu kürdlərlə Türkiyə ərazisindəki terrorçu kürdlərin əlaqəsini kəsir.

İkincisi, Türkiyəni Əsəd tərəfdarlarının mövqelərindən gələ biləcək təhlükələrdən sığortalamış olur. Çünki müxalif qüvvələr özlərini qorumaq üçün Əsəd təfdarlarından gələ biləcək istənilən zərbəyə qarşı müqavimət göstərməyə məcburdurlar ki, bu halda həm də, Türkiyə sərhədlərini müdafiə edəcəklər.

Və nəhayət, Türkiyə 3,6 milyon müxalif suriyanın himayədarı kimi Suriyanın gələcək taleyinin həllində böyük bir pay sahibinə çevriləcək və söz haqqına malik olacaq. Rusiya, İran və Türkiyə liderlərinin Suriyaya ilə bağlı son görüşlərində də Suriyadakı böhranın həlli ilə bağlı “Konstitusiya komitəsi” nin yaradıldığı, komitəyə ölkədə qarşıduran tərəflərin hər birinin nümayəndəsinin daxil edildiyini və məhz bu komitənin ölkənin gələcəyi ilə bağlı razılaşmış həll variantını hazırlayıb müzakirəyə çıxaracağı elan olundu. Təbii ki, “Konstitusiya komitəsi”ndə Əsəd tərəfdarları ilə yanaşı, real müxalifətin tərəfdarlarının yer almasını Türkiyə təmin edəcək.

Rusiyanın Türkiyənin addımlarına etiraz etməməsinin səbəbi isə, Kreml üçün Vaşinqtondansa, Ankara ilə danışıqlar aparmaq daha rahat olması ilə bağlıdır. Başqa sözlə desək, Kreml “pis”lə “çox pis” arasında seçim etmək məcburiyyətində qalıb və daha optimal variant kimi Türkiyə ilə əməkdaşlığa razı olub. Amerika qoşunlarının çıxması müqabilində Türkiyənin həmin mövqeləri tutması Moskva özü üçün daha optimal variant hesab edir. Çünki hər iki ölkə lideri arasında münasibətlər kifayət qədər yaxındır və Rusiya ABŞ-la müqayisədə Türkiyəyə təsir etmək üçün daha çox imkanlara malikdir.
Azvision.az
Meqan Markla görə kral ailəsini yeniBritaniya kral ailəsini yeni böyük qalmaqal gözləyir. Qalmaqalın baiskarı isə nə qədər təəccüblü olsa da, şahzadə Harridir. Hər şey şahzadənin Meqan Marklın atası Tomasa ünvanladığı əməktubu dərc etdirən KİV-i məhkəməyə verməyə hazırlaşmasından başlayıb. Məhkəmə işinin ilkin baxışı zamanı məlum olub ki, ifadə vermək üçün Meqanın atası Tomas da məhkəməyə dəvət olunacaq. Tomasın əhvalını nəzərə alsaq, məlumdur ki, o, Meqan haqqında heç də xoşagələn fikir səsləndirməyəcək. Ən pisi odur ki, məhkəməyə Meqan özü də dəvət olunmalıdır. Görünən odur ki, məhkəmədə baş verənlər əsl qalmaqala çevriləcək və Meqanın onsuz da yaxşı olmayan reputasiyasını tamamilə məhv edəcək.

"Ölkə.Az" bildirir ki, bu barədə Mirror.co.uk nəşri məlumat verib.

Qeyd etmək lazımdır ki, Meqan son dörd il ərzində atası ilə görüşməyib. İlk iki ili başı film çəkilişlərinə və şahzadə ilə sevgi görüşlərinə qarışıq olduğu üçün atasına ayırmağa vaxt tapmayan Meqan ailə qurandan sonra onunla münasibətləri tamamilə kəsib. Səbəb isə Tomasın qızının toyunda iştirak etməməsi olub. Meqanın işıq üzü görən həmin məktubu atasına ilk və son cavabı olub. Çünki Tomas bütün müsahibələrində qızını ikiüzlü, xeyirsiz övlad kimi qələmə verib.

Tomas məhkəmədə necə müdafiə olunacağını da açıqlayıb. O deyib ki, qızının məktubunu “Mail on Sunday” nəşrinə Meqanın dostlarının təkidi ilə təqdim edib.  

Avropanın “ağ ürəyi” əriyirViktor ləqəbli qartal boynuna bərkidilmiş GoPro kamerası ilə Alp dağlarının üzərindən uçaraq qlobal istiləşmənin nəticələrini "lentə alıb".

“Ölkə.Az” Sputnik Azərbaycan-a istinadən bildirir ki, videonu Eagle Wings Foundation xeyriyyə cəmiyyəti “YouTube” kanalında paylaşıb.

Kameranı quşun boynuna elə bərkidiblər ki, kadrlarda onun başı və müşahidə etdiyi mənzərə görünür.

Çəkilişdə iqlim dəyişikliyi aşkar müşahidə olunur. Əvvəllər dağların başında qara bürünən binalar indi açıq-aydın görünür. Dağlardakı buzlaqların əriməsi də videoda əksini tapıb.

Alp dağlarında buzlaqların əriməsini insanlar 2019-cu ilin yanvarında müşahidə ediblər.

Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsi ilə bağlı yeni məlumatlar açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Dmitri Kiselyovun "Rossiya 1" telekanalında yayımlanan "Vestni nedeli" proqramında nümayiş olunan süjetdə bildirilib.

Jurnalist Aleksandr Roqatkinin MAR-dan hazırladığı reportajda qətl hadisəsinin yeganə şahidi, rusiyalı jurnalistləri daşıyan avtomobilin sürücüsü Benvenyü Dovokamadan müsahibə yayımlanıb. Sürücü rusiyalı jurnalistləri Sibut şəhərindən şimal istiqamətində apardığını, şəhərdən 20-25 km məsafədə iki silahlı şəxs tərəfindən saxlanıldıqlarını söyləyib: "Bu zaman yol kənarından üzü bağlı daha bir neçə nəfər çıxdı. Bizi maşından düşməyə məcbur etdilər. Onlar müsəlman geyimində idilər. Ərəbcə danışırdılar. Müştərilərimdən biri onlarla ərəb dilində danışmağa başladı".

Sürücünün sözlərinə görə, silahlılarla ərəbcə danışan, mübahisə edən şəxs Orxan Camal olub:

"Vəziyyət gərginləşirdi. Onlar bizi itələməyə başladılar. Sonra silahdan atəş açdılar. Müştərilərimdən ikisi yerə uzanmışdı. Üçüncü, bədəni iri olan isə müqavimət göstərməyə cəhd edirdi. Heç kəs görmədən mən maşına tərəf getdim, maşının bütün qapıları açıq idi. Tez maşına oturub sürüb getdim. Beləcə xilas oldum. Silahlı şəxslər maşını güllə yağışına tutmuşdular".

Sürücü hadisə yerindən qaçdığını və yaxınlıqdakı jandarmaya hadisə barədə məlumat verdiyini söyləyib.

Süjetdə hadisə ilə bağlı istintaqın davam etdirildiyi bildirilib. O da qeyd olunub ki, rusiyalı jurnalistlərin yerli cinayətkar qrup tərəfindən öldürülməsi ehtimalı yüksəkdir. Belə ki, məlum hadisədən 4 gün qabaq həmin silahlı şəxslər Bangi şəhərinə hücum edib, yerli sakinlərdən 40 nəfəri qətlə yetiriblər.

Süjetdə Orxan Camal və digər rusiyalı jurnalistlərin olduğu avtomobil də nümayiş olunub. Bildirilib ki, gülləbaran edilən avtomobil indiyə kimi İstintaq İdarəsində saxlanılır.

Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb.

Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.


İnsan qalib gəlir

(Pritça)

Bir azdan Günəş gündəlik marşrutuna çıxacaqdı, Qafqaz dağlarını işıqlandıracaq, canlandıracaqdı. Hələlik isə Ay göydə işıq saçırdı, göy allahlığı uğrunda mübarizə aparırdı. Cansız təbiət bu mübarizəni milyon illərdir ki, səssiz və hərəkətsiz bir biganəliklə seyr edirdi. Canlı təbiət isə hərəkətə gəlmişdi, quşların səsi, heyvanların hənirtisi eşidilirdi. Torpaq, yarpaq və çiçək qoxusu bir-birinə qarışmışdı, bu qoxunu yalnız təbiətə bağlı olanlar hiss edirdi. Ovçu da təbiətin bir hissəsi idi, təbiətin qoxusunu ləzzətlə ciyərlərinə çəkirdi. İnsanı təbiətə bağlayan bağlar hələ qırılmamışdı, dəmir dövrü hələ başlanmamışdı...

Sönməkdə olan ayın işığında dağ yamacı ilə yuxarı qalxan ovçunun hündür silueti aydın seçilirdi. Sağ əlində ağır dəyənək vardı, sol əli sağ əlinə dəstək verməyə hər an hazırdı. Kürəyinə aşırdığı kamanın yayı sinəsinə sıxılmışdı, sol çiynindən dəri oxqabı asılmışdı. O, cığırla ehtiyatla, amma sürətlə gedirdi, irəlilədikcə çiynindən asılmış oxqabı yüngülcə yellənirdi. Cığır qarşıdan sola əyildi və meşəyə girdi. Meşə qaranlıq və soyuqdu, yüz illik ağacların nəhəng çətirləri ayın işığını içəri buraxmırdı. Ovçu öyrəncəli idi, onun geniş açılmış iri gözləri qaranlıqda pişik kimi görürdü. Bir azdan meşə seyrəldi və cığır bozaran havada qara-boz görünən bir talaya çıxdı. Başlanğıcında 100 dirsəkdən enli olan tala yuxarı qalxdıqca daralır, hardasa 200 dirsəkdən sonra qurtarır, yenidən meşə başlayırdı. Talanın daraldığı və meşəyə qarışdığı yerdə hündür palıdın altından dağlar neməti bulaq qaynayırdı. Bulaq demək hətta nahaqdır, çay kimi axırdı, ovçu bu yeri yaxşı tanıyırdı. Bulaqdan 15-20 dirsək aralı buynuzlarını aşağı sallamış iri bir maral otlayırdı. Artıq ağarmağa başlayan havada ovunu aydın görən ovçu dərhal sağa, kolların dalına keçdi və ayaqlarının şehdən islandığını hiss etdi. Onun fikri sağa doğru hərəkət etmək və böyük bir qövs cızaraq, marala bir ox məsafəsində yaxınlaşmaq idi. Ovçunun həddindən artıq ehtiyatlı, səhər şehi ilə sulanmış göy otların həddindən artıq dadlı olduğunu nəzərə alsaq, bu, o qədər də çətin deyildi...

Xəfif meh talanın ayağından başına, ovçudan marala doğru əsirdi. Və maral təhlükəni dərhal hiss etdi. İri buynuzlu yaraşıqlı başını yuxarı qaldırdı, qulaqları şəkləndi və gözləri ala-qaranlığa zilləndi. Amma ovçu ova çıxmazdan əvvəl soyuq su ilə yaxşı yuyunmuş və bütün bədənini xoş ətirli şam zoğları ilə sürtmüşdü. Təhlükə hardansa başqa tərəfdən gəlirdi və bunu ovçu da hiss edirdi. Tala sükuta qərq olmuşdu və çay kimi şırıldayan bulağın səsi aydın eşidilirdi. Birdən talanın başlandığı yerdən, kolların arasından xallı meşə bəbiri çıxdı və sürətlə irəli şığıdı. Maral da eyni sürətlə sıçradı, amma gec idi. Bəbir fürsəti əldən vermədi, bir-iki sıçrayışa marala çatdı və boğazından yapışdı. Maralın yeganə silahı olan buynuzları ona mane olurdu, bir-iki dəqiqəlik çarpışma və acı sonluq – maral artıq yerdə idi. Ovçu bu dinamikanı maraqla seyr edirdi, vaxt onun xeyrinə işləyirdi. Bəbirin maralla əlləşdiyi vaxt fürsətdən istifadə etmiş və kolların arxası ilə xeyli irəliləmişdi.

Bəbir ovunu talada yemək fikrində deyildi, zəhmətsiz ət həvəskarları hər an peyda ola bilərdi. Xallı bəbir maralın boğazından tutub sola, kolların arasına doğru sürüməyə başladı. Ovçu maraldan kiçik olan bu gözəl heyvanın qüvvətinə heyran qaldı, bu iri buynuzlu maralın ancaq başını iki ovçu zorla qaldırardı. Ovçu dəyənəyi yerə qoydu və kürəyinə aşırdığı kamanı əlinə aldı, səbirlə bəbirin kolların dalına keçəcəyi və açıq hədəfə gələcəyi anı gözlədi. Təzə qanın şirin qoxusu bəbiri məst etmişdi, tələsirdi. Amma kollara çatmamış dayandı, hətta maralın boğazını buraxdı, həyəcanla başını qaldırıb ətrafa baxdı. Talanın başından ağır bir bağırtı eşidildi və nəhəng meşə pələngi sıçrayıb talaya çıxdı. Hava yavaş-yavaş açılırdı və pələngin qırmızımtıl dərisində qara zolaqlar daha gözəl görünürdü. Ağır bağırtı boğuq mırıltıya çevrildi, daha güclü öz haqqını tələb edirdi. Bəbir də bunu bilirdi, amma halal ovunu haram ovçuya vermək niyyətində deyildi. Pələng isə özünə arxayın idi, addım-addım irəli gedirdi. Bəbir cəsarətlə gözləyirdi, amma aradakı məsafə bir sıçrayış həddinə, yəni 10-15 dirsəyə çatanda yavaş-yavaş geri çəkilməyə başladı. Haqq onun tərəfində olsa da, qüvvələr bərabər deyildi, bunu meşə “cəngavərləri”nin hər ikisi hiss edirdi. Bəbirin varlığı artıq pələngi maraqlandırmırdı və birinci sol tərəfə tullanıb kolların arasına girəndə başını da qaldırmadı. Ovçu hər ehtimala qarşı kamanı qaldırdı, amma bəbir heç ona tərəf baxmadı, qorxu pis şeydir - kolların arasında yox oldu.

Pələng bəbir kimi ovunu kolluğa çəkmək fikrində deyildi, o, özünü meşələr şahı hesab edirdi və çağrılmamış qonaqlardan ehtiyat etmirdi. Ağır bir mırıltı ilə ovunu yeməkdə idi, təzə qanın şirin iyi onu da məst etmişdi. Ovçu fürsətdən istifadə edib yaxınlaşırdı, kamanı sol əlinə almışdı, dəyənək sağ əlində idi. Hava artıq əməll-başlı açılmışdı, aranlar qızarıb qan rənginə boyanmışdı. Günəş hələ tam görünməsə də, onun qırmızı elçiləri bütün mövqeləri ələ keçirmişdi. Ay göy allahlığı uğrunda mübarizəni uduzmuşdu və göydə solğun çevrəsi qalmışdı. Bir sözlə, göydə də, yerdə də mübarizə gedirdi, amma hələ heç biri başa çatmamışdı...

Amma pələng birdən dayandı, təzə qana bulaşmış başını yuxarı qaldırdı, havanı acgözlüklə qoxuladı. Ovçu da ayaq saxladı, təhlükə yaxınlaşırdı. Amma onu heç bir mırıltı, bağırtı müşayiət etmirdi. Ovçu da, pələng də dəhşətdən donmuşdu, zira təbiətdə canlını qorxudan ən böyük təhlükə təhlükənin dərk olunmamasıdır. İnsanın və bütün canlıların ölümdən bu qədər qorxmasının əsas səbəbi də budur – ÖLÜM DƏRK OLUNMAYAN ZƏRURƏTDİR. Nəhayət, kolların şaqqıltısı eşidildi və bayaq pələngin çıxdığı yerdən nəhəng bir heyvan atılıb talaya düşdü...

Burda mən mətləbə dəxli var deyə, mətləbdən bir az uzaqlaşmaq və diqqəti oxucunu maraqlandıracaq bir məqama yönəltmək istərdim. Diqqətli oxucu, yəqin, sual edə bilər ki, niyə yırtıcıların üçü də talaya məhz yuxarı tərəfdən, talanın başlandığı yerdən yaxınlaşırdı? Yuxarıda dediyim kimi, külək aşağıdan əsirdi və bütün ovçular ovu aldatmaq, daha çox yaxınlaşmaq üçün yuxarıdan gəlməli idi. Bəs ovçu niyə aşağıdan gəlirdi? Məsələ ondadır ki, ovçunun kəndi aşağılarda, dağın yamacında yerləşirdi, o, dağın başına qalxıb yuxarıdan yaxınlaşa bilərdi, amma çoxlu vaxt və qüvvə itirərdi. Ovda isə, bunlar hər ikisi həlledici amillərdir.

Ovçu diqqət kəsilmişdi, o, 25 illik ömründə belə qəribə bir heyvan görməmişdi, amma eşitmişdi. Səhnəyə yeni çıxan “aktyor” da pişikkimilərdəndi, amma daha böyük, daha əzəmətli idi. Artıq hava açılmışdı, günəş dağları işıqlandırmış, təbiəti canlandırmışdı. Günəşin işığında “yeni aktyor”un günəş rəngli dərisi bərq vururdu, belindəki zolaqlar bu dərini daha da gözəlləşdirirdi. Doğrudur, bu zolaqlar pələngin zolaqları kimi sıx və tünd deyildi, amma daha sahmanlı, daha yaraşıqlı idi. Quyruğu uzun deyildi, yarımçıq idi, əzələli cisminə nisbətən başı balacaydı, az qala, bir dirsək uzunluğunda olan köpək dişləri ağzından xeyli kənara çıxırdı və qaban dişi kimi aşağı sallanırdı. Bu, artıq kökü kəsilməkdə olan bir canlı - qılınc dişli mağara aslanı idi. Təbiətin qanunudur - güclü gələndə, zəif geri çəkilirdi. Təsəvvür etmək belə çətindir – qorxunc qonur ayını adi “nahar” hesab edən qüdrətli meşə pələngi addım-addım geriləyirdi, mağara aslanı addım-addım irəli gəlirdi. Amma pələng birdən dayandı, boğuq bir səs çıxarıb irəli şığıdı. Elə bir yay dartıldı, ox atıldı, mağara aslanı havaya sıçradı. Qırmızı və sarı rənglər, açıq və tünd zolaqlar, boğuq mırıltılar bir-birinə qarışdı. Döyüş qəfil başlandığı kimi qəfil də sona çatdı, sanki bəbir maralı boğazlamışdı. Boğulmaqda olan pələngin xırıltısı eşidildi, aslanın qılınc dişləri onun boğazına keçmişdi.

Mağara aslanı meşə pələnginin səhvini təkrar etmədi, dərhal maralın üstünə getmədi. Qüdrətli heyvan sanki kökünün kəsildiyini hiss edirdi, daha ehtiyatlı idi. Başını qaldırdı, havanı sürətlə qoxuladı, nəticədən razı qalmadı, qulaqları başına sıxıldı, qısa quyruğu yuxarı qalxdı. Ovçu geri çəkilmək fürsətini əldən verdiyini dərhal hiss etdi, artıq gec idi. O, kamanı, ox qabını cəld yerə atdı, oxun-yayın yeri deyildi. Aslan bir-iki sıçrayışa aradakı məsafəni qət etdi. Amma ovçu da kolluqdan çıxıb talaya atıla bildi, kolluq onun hərəkətini çətinləşdirirdi, bir dəfəyə 15-20 dirsək tullanan aslana şans verirdi. Yenə elə bir yay dartıldı, ox atıldı, mağara aslanı havaya sıçradı. Ovçu həddindən artıq cəld idi, hətta bu sahədə xallı bəbirlə bəhsə girə bilərdi. Vaxtında kənara tullana bildi və nəhəng aslan ağırlığına rəğmən sakitcə, ondan 3-4 dirsək aralı otların üstünə düşdü. Aslan havada fırlana bilməzdi, o, yerə düşməli, yerdə fırlanmalı və yenidən həmlə etməli idi. Ovçu bunu bilirdi, heyvan isə gözləmirdi, insanın heyvandan ən böyük üstünlüyü də bu – TƏXƏYYÜL idi. Ovçu üzü aslana tərəf idi, artıq dəyənəyi hər iki əlində sıxıb yuxarı qaldırmışdı. Aslan hələ havada ikən insan irəli atıldı və yerə düşən heyvanın başına ağır dəyənəklə güclü zərbə endirdi. Sınan sümüyün şaqqıltısı və qalib insanın hayqırtısı eşidildi...

P.S. Bu hadisədən min illər, milyon illər əvvəl Qafqazda yaşayan insanlar, ovçunu sələfləri ayağa qalxdı, “EŞQ OLSUN!” dedilər. Bu hadisədən min illər, milyon illər keçdi, Qafqazda ovçunun xələfləri 5-10 gəlmə gədənin qabağından qaçdı, Vətəni düşmənə satdı. Ovçunun sələfləri yenidən ayağa qalxdı, “LƏNƏT OLSUN!” dedilər...

HDP-nin rəhbərlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin etdiyi terrorçular idarə edir. Sədrlər simvolik olaraq vəzifədə görünsə də, bələdiyyənin bütün fəaliyyətini dağdan göndərilən bu "tam səlahiyyətli” terrorçular yönəldir.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, HDP bələdiyyələrinin PKK tərəfindən idarə olunmasıyla bağlı bu məlumatlar gizli kəşfiyyat hesabatları və gizli şahid ifadələrindən sonra üzə çıxıb.

Hesabatlardan PKK-nın şəhər təşkilatı KCK daxilində qurulan "yerli idarə heyəti”ndə yer alan terrorçuların HDP bələdiyyələrinə cavabdeh olduğu məlum olub.

Həmin terrorçuların HDP-yə aid bələdiyyələrdə bütün fəaliyyətin PKK xəttinə uyğun aparılmasının təşkili, il və ilçə sədrləri ilə məclis üzvlərinə birbaşa əmr və təlimat vermə səlahiyyətinə sahib olduğu da təsbit edilib.

Gizli şahidlər və kəşfiyyat hesabatlarında əks olunan məlumatlara görə, dağdan göndərilən bu terrorçular fəaliyyət göstərdiyi bələdiyyənin həmsədrlərinin işdən çıxarılması və yerinə başqasının təyin olunması, məclis üzvlərinin vəzifəsinə son verilməsi kimi səlahiyyətlərə malikdir. Seçki prosesi zamanı HDP-dən bələdiyyə başçısı və məclis üzvlüyünə namizədlərin də "seçilməsi”, ideoloji müsahibələr, bələdiyyə daxilində vəzifə dəyişikliyi, kooperativlərin təşkil edilməsi, bələdiyyə işçilərinin təşkilatlanması, bələdiyyə sədr və həmsədrləri, məclis üzvlərinin təhsillərindən cavabdeh olduqları da məlum olub. Bundan başqa, HDP-çi sədrlərin bu terrorçulardan təlimat almadan və onlarla məsləhətləşmədən heç bir addım ata bilmədiyi də gizli şahid ifadələrində yer alıb.

Hesabatlara görə, KCK rəhbərliyi altında təşkil olunan yerli idarələrin fəaliyyət mərkəzi Diyarbəkirdir. Diyarbəkirdə qurulan yerli idarəetmə akademiyasında bələdiyyə başçılarına, həmsədrlərə və məclis üzvlərinə dağdan gələn terrorçular tərəfindən PKK ideologiyası çərçivəsində fəaliyyətlər haqqında təlim keçirilir. Bu yerli idarələr həm də PKK-nın maliyyə mərkəzidir, bələdiyyələrdən və onların işçilərinin maaşından hər ay müəyyən məbləğ tutularaq PKK-ya göndərilir.

Sözügedən bələdiyyələrin uşaqların dağlara qaçırılmasında birbaşa iştirakı olduğu vurğulanır.

Türkiyə Kassasiya Məhkəməsi 15 yaşına çatmamış uşaqların terror təşkilatına qoşulmasını, "dövlətin ərazisi olan torpaqlardan bir hissəni dövlətdən ayırmağa yönəlik hərəkət”ləri nəzərə alaraq bu cinayəti törədənlərə ağrılaşdırılmış ömürlük həbs cəzası verilməsi ilə bağlı qərar qəbul edib.

Dağlıq Qarabağın azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirdiyi və bir sıra “tədbirlər”də iştirak etdikləri bildirilib.

"Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, belə səfərin qəbuledilməz olduğunu bəyan etməklə yanaşı, Fransa hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədiyi və azərbaycanlıların öz torpaqlarına geri dönmədiyi təqdirdə, qanunsuz cinayətkar rejim tərəfindən həyata keçirilən istənilən təxribat xarakterli addım və işğalın nəticələrinin “legitimləşdirilməsinə” yönələn “cəhdlər” heç bir nəticə verməyəcək və bizim öz torpaqlarımıza geri dönməyimizi əngəlləyə bilməyəcək".

Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Axar.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin siyahısına Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının da adları daxil edilib.

Qərara əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətininn kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunacaq.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

İyulun 30-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan əsilli müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya səsləndirilib. Sözügedən kompozisiyanı ötən gün Sami Yusif öz Yutub kanalında paylaşdıqdan sonra böyük rezonans doğurub.

Kompozisiyada xanəndə Təyyar Bayramov və Aşıq Samirə də yer alıb. Təyyar Bayramov Nəsiminin məşhur qəzəlinin iki beytini oxuyub. Qəzəlin 2-ci beytinin ikinci misrası əvəzinə xanəndə üçüncü beytin ikinci misrasını səsləndirib, daha sonra isə 3-cü beytin də kompozisiyada Təyyar tərəfindən ifa edildiyini görürük.

Beytin bütövlükdə bir məzmun kəsb etdiyini və fikri tamamladığını nəzərə alsaq, T.Bayramovun ifasındakı səhvin ciddi olduğunu demək olar. Nəsiminin bu qədər məşhur qəzəlində beytlərdəki misranın yerini səhv salmaq isə bağışlanmaz səhvdir və savadsızlıq da sayıla bilər.

Məsələ ilə bağlı Kult.az-a danışan əməkdar artist Təyyar Bayramov konsert haqda danışıb. Bildirib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə bir sıra dövlət rəsmiləri iştirak edib:

“Konsertdə Sami Yusifin bəstələri ifa olunub. Bütün musiqi alətləri milli olduğu kimi, ifaçıların da hamısı azərbaycanlı idi. Sami Yusif də birgə oxumaq üçün bizi seçmişdi. Bu bizim üçün çox sevindirici haldır”.

T.Bayramov sözügedən kompozisiyada qəzəlin ikinci beytinin ikinci misrası əvəzinə üçüncü beytin ikinci misrasını oxumasına da münasibət bildirib:

“Həmin tədbirdən əvvəl bir dəfə də konsert keçirilmişdi. Bütün məşqlərdə və birinci konsertdə misraların oxunmasında heç bir problem olmayıb. Canlı ifa zamanı hər şey ola bilər. Misralar ifaçının yadından çıxa bilər. Konsertdən sonra mənə məlumat verdilər ki, problem olub, amma ilk konsertdəki səsi montaj edib, həmin hissədə düzəliş edəcəklər. Görünür, etməyiblər. Düzü, hələ o konsertin videosuna baxmamışam”.

O, S.Yusiflə növbəti belə layihələr həyata keçirməyi planlaşdırdığını söyləyib:

“Sami Yusif müxtəlif təkliflər irəli sürüb və bildirib ki, ona da uyğun olan xalq mahnısı və ya Ramazan bayramı ilə bağlı hər hansı bir ifanı dünya arenasına çıxarmaq üçün dəstək verəcək.

Gələcəkdə ola bilsin, əməkdaşlığımız davam etsin. Sami Yusif hətta özünün bir mahnısında istifadə etmək üçün oğlum Kənan Bayramlının da səsini yazıb götürüb”.