İnsan qalib gəlir
(Pritça)
Bir azdan Günəş gündəlik marşrutuna çıxacaqdı, Qafqaz dağlarını işıqlandıracaq, canlandıracaqdı. Hələlik isə Ay göydə işıq saçırdı, göy allahlığı uğrunda mübarizə aparırdı. Cansız təbiət bu mübarizəni milyon illərdir ki, səssiz və hərəkətsiz bir biganəliklə seyr edirdi. Canlı təbiət isə hərəkətə gəlmişdi, quşların səsi, heyvanların hənirtisi eşidilirdi. Torpaq, yarpaq və çiçək qoxusu bir-birinə qarışmışdı, bu qoxunu yalnız təbiətə bağlı olanlar hiss edirdi. Ovçu da təbiətin bir hissəsi idi, təbiətin qoxusunu ləzzətlə ciyərlərinə çəkirdi. İnsanı təbiətə bağlayan bağlar hələ qırılmamışdı, dəmir dövrü hələ başlanmamışdı...
Sönməkdə olan ayın işığında dağ yamacı ilə yuxarı qalxan ovçunun hündür silueti aydın seçilirdi. Sağ əlində ağır dəyənək vardı, sol əli sağ əlinə dəstək verməyə hər an hazırdı. Kürəyinə aşırdığı kamanın yayı sinəsinə sıxılmışdı, sol çiynindən dəri oxqabı asılmışdı. O, cığırla ehtiyatla, amma sürətlə gedirdi, irəlilədikcə çiynindən asılmış oxqabı yüngülcə yellənirdi. Cığır qarşıdan sola əyildi və meşəyə girdi. Meşə qaranlıq və soyuqdu, yüz illik ağacların nəhəng çətirləri ayın işığını içəri buraxmırdı. Ovçu öyrəncəli idi, onun geniş açılmış iri gözləri qaranlıqda pişik kimi görürdü. Bir azdan meşə seyrəldi və cığır bozaran havada qara-boz görünən bir talaya çıxdı. Başlanğıcında 100 dirsəkdən enli olan tala yuxarı qalxdıqca daralır, hardasa 200 dirsəkdən sonra qurtarır, yenidən meşə başlayırdı. Talanın daraldığı və meşəyə qarışdığı yerdə hündür palıdın altından dağlar neməti bulaq qaynayırdı. Bulaq demək hətta nahaqdır, çay kimi axırdı, ovçu bu yeri yaxşı tanıyırdı. Bulaqdan 15-20 dirsək aralı buynuzlarını aşağı sallamış iri bir maral otlayırdı. Artıq ağarmağa başlayan havada ovunu aydın görən ovçu dərhal sağa, kolların dalına keçdi və ayaqlarının şehdən islandığını hiss etdi. Onun fikri sağa doğru hərəkət etmək və böyük bir qövs cızaraq, marala bir ox məsafəsində yaxınlaşmaq idi. Ovçunun həddindən artıq ehtiyatlı, səhər şehi ilə sulanmış göy otların həddindən artıq dadlı olduğunu nəzərə alsaq, bu, o qədər də çətin deyildi...
Xəfif meh talanın ayağından başına, ovçudan marala doğru əsirdi. Və maral təhlükəni dərhal hiss etdi. İri buynuzlu yaraşıqlı başını yuxarı qaldırdı, qulaqları şəkləndi və gözləri ala-qaranlığa zilləndi. Amma ovçu ova çıxmazdan əvvəl soyuq su ilə yaxşı yuyunmuş və bütün bədənini xoş ətirli şam zoğları ilə sürtmüşdü. Təhlükə hardansa başqa tərəfdən gəlirdi və bunu ovçu da hiss edirdi. Tala sükuta qərq olmuşdu və çay kimi şırıldayan bulağın səsi aydın eşidilirdi. Birdən talanın başlandığı yerdən, kolların arasından xallı meşə bəbiri çıxdı və sürətlə irəli şığıdı. Maral da eyni sürətlə sıçradı, amma gec idi. Bəbir fürsəti əldən vermədi, bir-iki sıçrayışa marala çatdı və boğazından yapışdı. Maralın yeganə silahı olan buynuzları ona mane olurdu, bir-iki dəqiqəlik çarpışma və acı sonluq – maral artıq yerdə idi. Ovçu bu dinamikanı maraqla seyr edirdi, vaxt onun xeyrinə işləyirdi. Bəbirin maralla əlləşdiyi vaxt fürsətdən istifadə etmiş və kolların arxası ilə xeyli irəliləmişdi.
Bəbir ovunu talada yemək fikrində deyildi, zəhmətsiz ət həvəskarları hər an peyda ola bilərdi. Xallı bəbir maralın boğazından tutub sola, kolların arasına doğru sürüməyə başladı. Ovçu maraldan kiçik olan bu gözəl heyvanın qüvvətinə heyran qaldı, bu iri buynuzlu maralın ancaq başını iki ovçu zorla qaldırardı. Ovçu dəyənəyi yerə qoydu və kürəyinə aşırdığı kamanı əlinə aldı, səbirlə bəbirin kolların dalına keçəcəyi və açıq hədəfə gələcəyi anı gözlədi. Təzə qanın şirin qoxusu bəbiri məst etmişdi, tələsirdi. Amma kollara çatmamış dayandı, hətta maralın boğazını buraxdı, həyəcanla başını qaldırıb ətrafa baxdı. Talanın başından ağır bir bağırtı eşidildi və nəhəng meşə pələngi sıçrayıb talaya çıxdı. Hava yavaş-yavaş açılırdı və pələngin qırmızımtıl dərisində qara zolaqlar daha gözəl görünürdü. Ağır bağırtı boğuq mırıltıya çevrildi, daha güclü öz haqqını tələb edirdi. Bəbir də bunu bilirdi, amma halal ovunu haram ovçuya vermək niyyətində deyildi. Pələng isə özünə arxayın idi, addım-addım irəli gedirdi. Bəbir cəsarətlə gözləyirdi, amma aradakı məsafə bir sıçrayış həddinə, yəni 10-15 dirsəyə çatanda yavaş-yavaş geri çəkilməyə başladı. Haqq onun tərəfində olsa da, qüvvələr bərabər deyildi, bunu meşə “cəngavərləri”nin hər ikisi hiss edirdi. Bəbirin varlığı artıq pələngi maraqlandırmırdı və birinci sol tərəfə tullanıb kolların arasına girəndə başını da qaldırmadı. Ovçu hər ehtimala qarşı kamanı qaldırdı, amma bəbir heç ona tərəf baxmadı, qorxu pis şeydir - kolların arasında yox oldu.
Pələng bəbir kimi ovunu kolluğa çəkmək fikrində deyildi, o, özünü meşələr şahı hesab edirdi və çağrılmamış qonaqlardan ehtiyat etmirdi. Ağır bir mırıltı ilə ovunu yeməkdə idi, təzə qanın şirin iyi onu da məst etmişdi. Ovçu fürsətdən istifadə edib yaxınlaşırdı, kamanı sol əlinə almışdı, dəyənək sağ əlində idi. Hava artıq əməll-başlı açılmışdı, aranlar qızarıb qan rənginə boyanmışdı. Günəş hələ tam görünməsə də, onun qırmızı elçiləri bütün mövqeləri ələ keçirmişdi. Ay göy allahlığı uğrunda mübarizəni uduzmuşdu və göydə solğun çevrəsi qalmışdı. Bir sözlə, göydə də, yerdə də mübarizə gedirdi, amma hələ heç biri başa çatmamışdı...
Amma pələng birdən dayandı, təzə qana bulaşmış başını yuxarı qaldırdı, havanı acgözlüklə qoxuladı. Ovçu da ayaq saxladı, təhlükə yaxınlaşırdı. Amma onu heç bir mırıltı, bağırtı müşayiət etmirdi. Ovçu da, pələng də dəhşətdən donmuşdu, zira təbiətdə canlını qorxudan ən böyük təhlükə təhlükənin dərk olunmamasıdır. İnsanın və bütün canlıların ölümdən bu qədər qorxmasının əsas səbəbi də budur – ÖLÜM DƏRK OLUNMAYAN ZƏRURƏTDİR. Nəhayət, kolların şaqqıltısı eşidildi və bayaq pələngin çıxdığı yerdən nəhəng bir heyvan atılıb talaya düşdü...
Burda mən mətləbə dəxli var deyə, mətləbdən bir az uzaqlaşmaq və diqqəti oxucunu maraqlandıracaq bir məqama yönəltmək istərdim. Diqqətli oxucu, yəqin, sual edə bilər ki, niyə yırtıcıların üçü də talaya məhz yuxarı tərəfdən, talanın başlandığı yerdən yaxınlaşırdı? Yuxarıda dediyim kimi, külək aşağıdan əsirdi və bütün ovçular ovu aldatmaq, daha çox yaxınlaşmaq üçün yuxarıdan gəlməli idi. Bəs ovçu niyə aşağıdan gəlirdi? Məsələ ondadır ki, ovçunun kəndi aşağılarda, dağın yamacında yerləşirdi, o, dağın başına qalxıb yuxarıdan yaxınlaşa bilərdi, amma çoxlu vaxt və qüvvə itirərdi. Ovda isə, bunlar hər ikisi həlledici amillərdir.
Ovçu diqqət kəsilmişdi, o, 25 illik ömründə belə qəribə bir heyvan görməmişdi, amma eşitmişdi. Səhnəyə yeni çıxan “aktyor” da pişikkimilərdəndi, amma daha böyük, daha əzəmətli idi. Artıq hava açılmışdı, günəş dağları işıqlandırmış, təbiəti canlandırmışdı. Günəşin işığında “yeni aktyor”un günəş rəngli dərisi bərq vururdu, belindəki zolaqlar bu dərini daha da gözəlləşdirirdi. Doğrudur, bu zolaqlar pələngin zolaqları kimi sıx və tünd deyildi, amma daha sahmanlı, daha yaraşıqlı idi. Quyruğu uzun deyildi, yarımçıq idi, əzələli cisminə nisbətən başı balacaydı, az qala, bir dirsək uzunluğunda olan köpək dişləri ağzından xeyli kənara çıxırdı və qaban dişi kimi aşağı sallanırdı. Bu, artıq kökü kəsilməkdə olan bir canlı - qılınc dişli mağara aslanı idi. Təbiətin qanunudur - güclü gələndə, zəif geri çəkilirdi. Təsəvvür etmək belə çətindir – qorxunc qonur ayını adi “nahar” hesab edən qüdrətli meşə pələngi addım-addım geriləyirdi, mağara aslanı addım-addım irəli gəlirdi. Amma pələng birdən dayandı, boğuq bir səs çıxarıb irəli şığıdı. Elə bir yay dartıldı, ox atıldı, mağara aslanı havaya sıçradı. Qırmızı və sarı rənglər, açıq və tünd zolaqlar, boğuq mırıltılar bir-birinə qarışdı. Döyüş qəfil başlandığı kimi qəfil də sona çatdı, sanki bəbir maralı boğazlamışdı. Boğulmaqda olan pələngin xırıltısı eşidildi, aslanın qılınc dişləri onun boğazına keçmişdi.
Mağara aslanı meşə pələnginin səhvini təkrar etmədi, dərhal maralın üstünə getmədi. Qüdrətli heyvan sanki kökünün kəsildiyini hiss edirdi, daha ehtiyatlı idi. Başını qaldırdı, havanı sürətlə qoxuladı, nəticədən razı qalmadı, qulaqları başına sıxıldı, qısa quyruğu yuxarı qalxdı. Ovçu geri çəkilmək fürsətini əldən verdiyini dərhal hiss etdi, artıq gec idi. O, kamanı, ox qabını cəld yerə atdı, oxun-yayın yeri deyildi. Aslan bir-iki sıçrayışa aradakı məsafəni qət etdi. Amma ovçu da kolluqdan çıxıb talaya atıla bildi, kolluq onun hərəkətini çətinləşdirirdi, bir dəfəyə 15-20 dirsək tullanan aslana şans verirdi. Yenə elə bir yay dartıldı, ox atıldı, mağara aslanı havaya sıçradı. Ovçu həddindən artıq cəld idi, hətta bu sahədə xallı bəbirlə bəhsə girə bilərdi. Vaxtında kənara tullana bildi və nəhəng aslan ağırlığına rəğmən sakitcə, ondan 3-4 dirsək aralı otların üstünə düşdü. Aslan havada fırlana bilməzdi, o, yerə düşməli, yerdə fırlanmalı və yenidən həmlə etməli idi. Ovçu bunu bilirdi, heyvan isə gözləmirdi, insanın heyvandan ən böyük üstünlüyü də bu – TƏXƏYYÜL idi. Ovçu üzü aslana tərəf idi, artıq dəyənəyi hər iki əlində sıxıb yuxarı qaldırmışdı. Aslan hələ havada ikən insan irəli atıldı və yerə düşən heyvanın başına ağır dəyənəklə güclü zərbə endirdi. Sınan sümüyün şaqqıltısı və qalib insanın hayqırtısı eşidildi...
P.S. Bu hadisədən min illər, milyon illər əvvəl Qafqazda yaşayan insanlar, ovçunu sələfləri ayağa qalxdı, “EŞQ OLSUN!” dedilər. Bu hadisədən min illər, milyon illər keçdi, Qafqazda ovçunun xələfləri 5-10 gəlmə gədənin qabağından qaçdı, Vətəni düşmənə satdı. Ovçunun sələfləri yenidən ayağa qalxdı, “LƏNƏT OLSUN!” dedilər...