“O əsgər atəş açsaydı, pis nəticələri olardı” - Tofiq Zülfüqarov
“Mən hesab edirəm ki, 18 yaşlı əsgərin üstünə dəstə ilə adam gələndə, o atəş açsaydı, daha böyük pis nəticələri olardı. Yəni onu əhatəyə alıb, hansı ki silahının darağını açaraq qaçıb kimsə... Bu, əlbəttə ki, təxribatdır. Və hesab edirəm ki, burda əsgəri günahlandırmaq düzgün olmaz”.

Cahan.info xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov “Keşikçi Dağ”da baş verən insidenti şərh edərkən deyib. 

Bildirək ki, sosial şəbəkələrdə orada növbədə olan əsgərlər ittiham olunur, sərhəd pozucularına atəş açmasının lazımlığı vurğulanır.

T. Zülfüüqarov hesab edir ki, həmin ərazidə daha peşəkar və güclü növbə təşkil edilməlidir: 

“Belə hesab edirəm ki, səhv ondan ibarətdir ki, o dəstənin qarşısına gərək naryad 2 nəfərdən ibarət yox, xüsusi hazırlaşmış bir dəstəddən təşkil olunaraq çıxmalı idi. Hansı ki, bu cür iğtişaşların qarşısını professional şəkildə ala bilsinlər. Yəni gələcəkdə biz bunu nəzərə almalıyıq, burada xüsusi mobil dəstələr yerləşdirilməlidir. Hesab edirəm ki, bu addımlar atılasaydı, daha yaxşı olardı. 

Yenə deyirəm bu 18 yaşlı oğlan soyuqqanlılıq göstərib, atəş açmıyıb camaata. Çünki hiss olunur ki, təxribatın məqsədi də elə bu idi”.

Təxribata gəldikdə isə Zülfüqarov bildirib ki, Gürcüstanda bundan bir neçə gün öncə baş verən böhranın və Gürcüstan provaslav kilsəsinin Xarici Əlaqələr İdarəsinin təşəbbüsü ilə Provaslav Assembliyasının tədbirinin rolu var: “Ondan sonra bu cür hadisələr baş verib. İndi də biz görürük ki, provaslav aktivistlər kimi bu Keşikçi dağında dırnaq arası ictimai tədbirlərdə, nümayişlərdə iştirak ediblər. Sovetlər vaxtında bu cür qurumların kim tərəfindən idarə olunması bəlli idi və onu da qeyd etmək istəyirəm ki, Gürcüstanın daxili vəziyyəti onu göstərir ki, orda Rusiya və qərb qüvvələri arasında toqquşma gedir. Bu baxımdan bəzi addımlar atılır. 

İlk növbədə Rusiyapərəst qüvvələr istəyirlər ki, Gürcüstan-Azərbaycan arasında əlaqələr pozulsun, təzə bir konflikt əmələ gəlsin və qərbin imkanları bu bölgədə ciddi şəkildə azalsın. 

Cünki biz başa düşürük ki, bu nöqtə geopolitik baxımdan vacib nöqtədir. Bu regional və trans-regional proyektləri təhlükə altında qoya bilər. Bu baxımdan bu təxribatın sifarişçiləri bəllidir və biz bu təxribata emosiasız yanaşmalıyıq. Gürcülərin sağlam qüvvələri ilə əməkdaşlıq edib, gələcəkdə bu cür təxribatların qarşısını almalıyıq”.

T. Zülfüqarov deyir ki, yaxşı haldır ki, Gürcüstanın rəsmi orqanları da, sərhədçiləri təmsil edən rəhbərlik də bəyanat verib və bu təxribatı pisləyiblər: “Bununla da hiss olunur ki, aramızda əlaqələr, əməkdaşlıq mövcuddur. Amma lokal səviyyədə görürük ki, bu əlaqələr bir o qədər sıx deyil. Hiss olunur ki, əsas məqsəd Gürcüstan və Azərbaycan ictimaiyyətininin zəif nöqtələrinə toxunub, onların qarşı-qarşıya qoyulmasıdır. 

Çox vacibdir ki, bu iki ölkə arasında əməkdaşlıq daha da gücləndirilsin, bu birinci şərtdir.

İkincisi, biz çox diqqətlə Gürcüstanda olan prosesləri izləməliyik. Çünki əsas proses ruspərəst və qərbpərəst qüvvələrin toqquşmasıdır. Buna parlamentdəki hadisələr, seçkidəki hadisələr sübutdur. 

Hiss edirəm ki, bu hadisə onların davamıdır və biz bu məsləyə çox ciddi şəkildə yanaşmalıyıq. Eyni zamanda yaddan çıxartmamalıyıq ki, ermənipərəst qüvvələr də Rusiyada çox aktivdirlər. Elə mətbuata da nəzər salsaq görərik ki, əsas canfəşanlıq göstərən jurnalistlər erməni mənşəylilərdir. Raman Babayan, Marqarita Simonyan və s.

Bu baxımdan Ermənistanın da burada maraqları aydın görünür. 

Maraqlar nədən ibarətdir? İndi onlar başa düşülürlər ki, Paşinyan Admistrasiyası üçün Rusiyanın təhlükəsizlik qarantiyalarına inanmırlar. Azərbaycan tərəfindən təhlükə gördükləri üçün də istəyirlər ki, ikinci cəbhə açsınlar və diqqət Gürcüstana yönlənsin.

Ona görə belə təxribatlara emosional yox, təmkinli və düşüncəli yanaşmaq lazımdır. Bizdən heç kim düşmən tərəfindən yazılmış senariyə uyğun addım atılmamalıdır. Ona görə də sosial şəbəkələrdə mövcud olan emosional reaksiya hesab edirəm ki, bir növ Qarabağda baş verən hadisələrin təsiri olan inersiya kimi qəbul olunmalıdır. Mənim fikrim belədir”
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Mərkəzin Nizamnaməsi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.
Bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qeyd edək ki, Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji durumunu yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olub və bu istiqamətdə qarşıda duran tapşırıqları bir daha vəzifəli şəxslərə çatdırıb.

Müdafiə naziri qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib, eləcə də qoşunların döyüşə hazırolma səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Musavat.com
Milli Məclisin deputatı Cavanşir Feyziyevin avtomobili ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov barəsində olan hökmdən məhkəməyə müraciət edib.

Unikal.org xəbər verir ki, hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə F.Abasovun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın Azər Əliyevin idarə etdiyi “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib.

Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Xəzər Rayon Məhkəməsi A.Əliyevin barəsində bəraət hökmü çıxıb. Hökmə əsasən, F.Abasov 3 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan F.Abasov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, “Porsche Cayenne GTS” markalı avtomobil Milli Məclisin deputatı Cavanşir Feyziyevin adınadır. O, zərərçəkmiş qismində tanınıb.
Image result for Siyavuş Novruzov

Siyavuş Novruzov

YAP-ın icra katibinin müavini növbədənkənar parlament seçkisi ehtimalı barədə danışdı

“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə  növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a müsahibəsində deyib.

Növbədənkənar seçki ehtimalının nə dərəcədə real olub-olmadığına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz: “Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir”.

Hakimiyyət təmsilçiləri tərəfindən dəfələrlə bildirilib ki, parlament seçkiləri öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Lakin yenə də növbədənkənar seçkilərlər bağlı məlumatlara rast gəlinir. Bu arada Milli Məclis üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpasından da danışılır.  AXP sədri Pənah Hüseyn Sfera.az-a açıqlamasında parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğunu deyib. “Bu istiqamətdə köklü islahatlar və dəyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi ideyası da gündəmdədir. Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək” – P.Hüseyn deyib.

Deputat Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: “Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar. Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.

Qeyd edək ki, REAL sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

Mövzu ilə əlaqədar YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırdı:

– Siyavuş bəy, hakim partiyanın növbədənkənar seçki çağırmaq planı varmı? Bununla bağlı müzakirələr aparılırmı?

– Buna zərurət yoxdur. Bir məsələ ilə bağlı o vaxt addım atılır ki, zərurət yaranır. Bu il görürsünüz, parlament nə qədər məhsuldar işlədi. Hətta iyulun 15-dək işlədi. Hansı ki, iyulun 1-də parlamentin plenar iclasları bitirdi. Ancaq bu dəfə 15-dək işlədi. Qanunlar qəbul olunmalı idi ki, əhalinin rifah halı yaxşılaşsın, sosial problemlər həllini tapsın. O vaxt hansısa qurumu buraxırsan ki, lazımsız olur. Yoxsa bizim parlament normal işləyir. Bu söhbətləri ortaya atan adam bunu zəruri edən məsələlərdən danışmır. Demir ki, parlamentin buraxılmasını zəruri edən nədir? Kiminsə parlamentə seçilməyə arzu-istəyi varsa, bir az səbr eləsin. Seçkiyə cəmisi 1 il qalıb. Yəni 1 il səbr eləyə bilmirlər? Hələ o da seçilsə… (Gülür) Hələ ki gündəmdə belə bir məsələ yoxdur.

– Bəs parlament üzvlərinin sayının artırılması təşəbbüsünə necə baxırsınız? Belə yanaşmalar var ki, əhalimizin sayı artdığı üçün parlamentin say tərkibində də dəyişiklik edilməlidir, Milli Məclis 150, yaxud 200 nəfərdən ibarət olmalıdır. Bu barədə nə deyə bilərsiniz?

– Bütün bunlar hamısı referendumla qəbul olunan məsələlərdir. 1995-ci ildə keçirilən referendumla say müəyyənləşdirilib. İndi bununla əsaslandırırlar ki, o vaxt əhalinin sayı 7,5 milyon idi, indi artıb, 10 milyon olub. Məgər Amerikada, ya Böyük Britaniyada əhalinin sayı artmayıb? Amma ötən əsrdə konqresmenlərin sayı nə qədər idisə, o qədər də qalıb. Say artdıqca seçici sayı da artır. Əvvəl 37-40 minə 1 nəfər düşürdüsə, indi artıq 45 minə çatır seçici sayı.

– Bəzi həmkarlarınız proporsional seçki sisteminin bərpasını təklif edirlər. Sizin yanaşmanız necədir?

– Bunlar hamısı referendumla həllini tapa biləcək məsələlərdir.

– Siz hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi, buna zərurət görürsünüz?

– Bilirsiniz necədir? Hansı formada olursa-olsun YAP həmişə seçkilərə hazırlaşıb və 25 ildən artıqdır ki, bütün seçkilərdə qalib gəlib. İstəyir belə təmsilçilik olsun, ya başqa cür, fərq etməz. Birbaşa təmsilçilik daha yaxşıdır. Yəni hər kəs öz dairəsini təmsil edir. Proporsional sistemin də özünün bir çox xüsusiyyətləri var. Bunların yadında Azərbaycandakı proporsional seçki sistemi qalıb ki, adlarını birinci, ya ikinci yazacaqlar və parlamentə seçiləcəklər. Məsələn, sədr və müavin adını yazacaq, iki yer parlamentə düşəcəksə, onlar keçəcəklər. Amma proporsional sistemin başqa formaları da var. Verilən səslərə görə sıralanma olur. Götürək ki, hər bir partiya 25-30 namizəd irəli sürüb və partiya ilə yanaşı, həmin şəxslərə də seçici gəlib ayrıca səs verir. Kim çox səs toplayırsa, o, birinci olur, az səs toplayan axırıncı yerdə qərarlaşır. Bu sistemin belə forması da var. Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki, hər partiya öz siyahısı ilə namizədlərini irəli sürdü, qurtardı getdi. Əslinə qalsa, bizdə yarımproporsional sistemdir. Yəni hər bir partiya namizəd irəli sürür, namizədə imza toplayır, ona dəstək verir, təbliğat-təşviqatını aparır, plakatlarını çap edir, maliyyə dəstəyi göstərir. Proporsional elə budur da. Bunlar əgər siyasi partiyanın güclənməsi fikri ilə proporsionalı ortaya atırlarsa, mojaritarın özündə də yarımproporsional mövcuddur. Siyasi partiyanın 60 dairədən yuxarıda namizədləri qeydə alınıbsa, vahid şəkildə təbliğat-təşviqat işi aparır, televiziyada pulsuz efir vaxtı qazanır və s.

– Siyavuş bəy, ümumilikdə parlament seçkilərinədək Seçki Məcəlləsinə dəyişikliklər məsələsi gündəmdədir?

– Hələ ondan qabaq, dekabrda bələdiyyə seçkiləri var. Bələdiyyə seçkiləri ilə əlaqədar bizim də bir sıra təkliflərimiz var. Gərək əvvəlcə bu məsələlər öz həllini tapsın. Mən uzun müddətdir seçki ilə məşğulam. Prezidentliyə namizədə hansı sənədlər tələb olunursa, bələdiyyə üzvünə də o sənədlər tələb olunur. Hər bir bələdiyyə üzvünə 70 səhifədən artıq sənəd hazırlayıb ayrı-ayrı dairələrə təqdim etməlisən. Üst-üstə gələndə, 17 mindən yuxarı bələdiyyə üzvü var, 20 min namizəd irəli sürəndə təsəvvür edin ki, 100 min səhifəlik material təqdim etməlisən. Bu da əlavə çətinlik yaradır.

– Bəs gözləmək olarmı ki, digər sahələrdə olduğu kimi, siyasi sahədə də islahatlara start veriləcək?

– Təbii ki. Yəqin payızda ümumi qaydada müzakirələr olunar və ondan sonra bu məsələlərə baxılar.

Söhbətimizin sonunda S.Novruzov bildirdi ki, deputatlara yay tətili verilsə də, o, iş başındadır. İcra katibinin müavini dedi ki, Çindən böyük bir nümayəndə heyəti gələcək, ona görə də qonaqların qarşılanması üçün hazırlıqlar görülür: “Tək bu məsələ də deyil. Hazırda ”Yay məktəbləri”nə heyətlər göndəririk, qayıdanları digərləri ilə əvəz edirik. Digər tədbirlərimiz də var, sosial layihələr həyata keçiririk. Normal iş rejimində çalışırıq”.

Rusiyanın ən böyük mobil operatoru olan “Meqafon” şirkəti saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hörmətsizliklə bağlı daxili təhqiqat aparır.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycannın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildrilib.

Qeyd olunub ki. sayta həmin məlumatı yerəşdirməyə məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivısində dissiplin cəzası gözləyir.

“Meqafon” şirkəti baş vermiş insidentlə bağlı təəssüfləndiyini ifadə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni kadr dəyişikliyi olub.

Minval.info xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev tutduğu vəzifəsindən azad edilərək başqa bir şöbəyə təyinat alıb.

Onu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində Ceyhun Səfərov əvəzləyəcək.

Xatırladaq ki, C.Səfərov 2003-cü ildən ATV kanalında aparıcı kimi çalışıb.

Ankara ilə Vaşinqton arasındakı gərginlik növbəti mərhələyə keçir 

ABŞ-ın davamlı etirazlarına və təhdidlərinə baxmayaraq, Türkiyə imzasına və sözünə sahib çıxaraq, iradə nümayiş etdirdi və Rusiya ilə anlaşmaya sadiq qaldı. Artıq keçən həftədən etibarən Türkiyəyə S-400-lərin gətirilməsi prosesi başlandı.

Bununla da Vaşinqton və Ankara arasındakı gərginliyin növbəti mərhələyə adladığını söyləmək olar. Axar.az saytı bununla bağlı maraqlı təhlil yazısı hazırlayıb. Bildirilir ki, ABŞ-ı narazı salan əsas məqam Ankaranın NATO üzvü kimi Rusiya silahı alması və bununla beşinci nəsil təyyarə hesab olunan F-35 layihəsini təhlükə altına qoymasıdır. Vaşinqtonun fikrincə, bu sistemlər F-35-lərlə bağlı məlumatların gələcəkdə Rusiyanın əlinə düşməsinə imkan yaradacaq. Ankara isə bununla razılaşmır, F-35-lərin gözəgörünməz imkanının olması iddiasının S-400-lər vasitəsilə yox olacağı qorxusuna sahib olduğu fikrini təbliğat hesab edir.

Bəs bu proseslərin növbəti gedişatı nə deyir, S-400 Türkiyəni NATO-dan qoparacaqmı? Əslində Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti D.Trampla görüşündən məmnun ayrılmışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osakada G-20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trump-la görüşəndən sonra ümidvar olduğunu bildirmişdi ki, Vaşinqton Ankaraya qarşı Rusiyadan S-400 raket komplekslərini aldığına görə sanksiya yürütməyəcək. “Bizim ondan (Trampdan-red.] eşitdiyimiz odur ki, buna [sanksiyalara] bənzər heç nə olmayacaq”, – Ərdoğan Osakada görüşdən sonra bildirmişdi. Trampın özü isə demişdi ki, ABŞ-ın əvvəlki administrasiyası Türkiyə ilə ədalətli rəftar etməyib, lakin eyni zamanda qeyd etmişdi ki, sanksiyalar məsələsi Vaşinqtonda hələ müzakirə edilməkdədir. Hesab olunur ki, Ankara hazırda bütün vasitələrlə ABŞ-ı özündən uzaqlaşdırmamağa çalışır və müxtəlif vasitələrlə yaranan problemi həll etməyə çalışır. Hətta ABŞ sanksiya tətbiq etsə belə, Ankara ABŞ-la əlaqələrini normallaşdırmağa cəhd göstərəcək. Lakin görünən budur ki, Ankaranın xoşməramlı davranışlarına rəğmən, ABŞ fərqli davranır.

Bəzi ekspertlər hesab edir ki, S-400 Türkiyə üçün başağrısına çevriləcək. Ancaq bunu Qərbin başağrısı sayanlar da var. Proseslərin Ankaranın NATO-dan çıxmasına gətirə biləcəyini zənn edənlər də tapılır. Hesab olunur ki, Türkiyəni Avrasiya Birliyinə cəlb etməyə, qazanmağa çalışan Rusiya Türkiyəni tələyə salıb. Bütün bu iddialarla bağlı ekspertlərimizə müraciət etdik.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması qardaş ölkənin təhlükəsizliyi üçün zəruri bir addım idi və rəsmi Ankara milli maraqları əsas götürərək bu addımı atdı: “Hesab edirəm ki, Türkiyənin Rusiyadan nə üçün S-400 zenit-raket kompleksi aldığının səbəblərini müəyyənləşdirmək üçün bir az öncəyə ekskurs etmək lazımdır. Türkiyənin israrlı tələblərinə baxmayaraq 2015-ci ilin oktyabrında ABŞ ”Patriot” zenit komplekslərini bu ölkənin ərazisindən çıxardı. Bu komplekslər 2013-cü ildə Türkiyənin hava məkanını Suriya və İrandan gələn təhlükədən qorumaq üçün Qaziantepdə yerləşdirilmişdi. 2015-ci ildə Rusiya və Suriya hərbi hava qüvvələri əməliyyata başladıqdan sonra NATO müttəfiqinin müdafiəsini təmin etmək əvəzinə Patriot sistemlərinin Türkiyədən çıxarılmasının məqsədəuyğun olduğunu bəyan etdi. Türkiyə ərazisində “Patriot” zenit kompleksi batareyaları yerləşən Almaniya və Niderland da Alyansın bəyanatına uyğun davrandılar. NATO müttəfiqi olan Türkiyənin nəinki təhlükəsizliyini təmin etdi, əksinə, bölgədə fəallaşan Rusiya və İranla, həmçinin terror qrupları ilə qarşı-qarşıya və tək qoydu. Qənaətimə görə, məqsəd Türkiyəni Rusiya və İranla qarşıdurmaya çəkmək və bölgədəki münaqişə ocaqlarının sərhədlərini daha da genişləndirmək idi. Rusiyaya məxsus hərbi təyyarənin vurulması da məhz bu məqsədə xidmət edirdi. Yaranmış vəziyyət Türkiyəni çıxış yolu tapmağa məcbur edirdi. İlham Əliyev və Nursultan Nazarbayevin səyləri, Türkiyə və Rusiya liderlərinin soyuqqanlı davranışları Ankara-Moskva münasibətlərindəki gərginliyin azalmasına və əməkdaşlığa gətirib çıxardı. Və nəticədə S-400-lər artıq Türkiyədədir”.

E.Mirzəbəylinin sözlərinə görə, Türkiyə 1974-cü ildən sonra ilk dəfə idi ki, NATO üzrə müttəfiqlərinin deyil, öz maraqlarını əsas götürdü: “Rusiyanın təqdim etdiyi əlverişli şərtlər də buna imkan yaratdı. Rusiyanın Türkiyəni tələyə saldığı barədə söylənilənlər isə bəsit, ilk ağıla gələn yanaşmalardan başqa bir şey deyil. Rusiya ilə normal münasibətlər Türkiyə üçün bütün müstəvilərdə əverişlidir. Rusiya nəhəng xammal ölkəsidir və Türkiyədə bu xammalın emalı, müxtəlif məhsulların istehsalı üçün əlverişli şərait var. Rusiya nəhəng bazardır və Türkiyənin aqrar, sənaye və tikinti sektorunun bu bazara ehtiyacı var. Avropa ölkələrinin heç biri Türkiyə biznesinə Rusiyanın yaratdığı şəraiti və imkanları yaratmırlar, əksinə, bu məsələdə onlar Türkiyə ilə rəqabətdədirlər. Digər tərəfdən, Rusiya bazarına maneəsiz çıxış Türkiyəyə təkcə bu ölkənin sərhədləri çərçivəsində iqtisadi manevr imkanları yaratmır, eyni zamanda Avrasiya məkanının nəhəng bir hissəsinə çıxış imkanları verir, Rusiyanın təsir dairəsinə daxil olan ölkələrlə əməkdaşlıq imkanlarını maneəsiz genişləndirmək imkanı yaradır. Bunun alternativini ABŞ, yaxud Avropa İttifaqı təqdim edirmi? Yox, etmir. Türkiyə ilə NATO üzrə müttəfiqlik bağlarının qırılması isə hazırda heç kimin, o cümlədən ABŞ və NATO-nun digər üzv dövlətlərinin də marağında deyil. Bu bağ qırılarsa, regionda yeni və kifayət qədər güclü hərbi-siyasi ittifaqın formalaşması üçün zəmin yarana bilər. Bu baxımdan ABŞ-ın Türkiyəyə münasibətdə kökə və zopa siyasətini hələlik davam etdirəcəyini düşünürəm. Türkiyə üçün daha əlverişli şərtlər irəli sürülə bilər. ABŞ-ın Türkiyəyə qarşı kəskin addımlar atmayacaq. Ən azı prezident seçkilərinədək bu siyasət davam edəcək”.

 

Politoloq Məhəmməd Əsədullazadə isə artıq S-400-lərin hissəsinin artıq Türkiyəyə gətirildiyini deyərək bildirdi ki, bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi: ”Bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu. Xüsusi olaraq qeyd edim ki, S-400 ZRK-nın 12-15 iyul arası Türkiyəyə daşınmasının hərbi çevrilişə cəhd günü ilə üst-üstə düşməsi Qərbə mesajıdır. NATO-nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fonunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək”.

M.Əsədullazadə hesab edir ki, Türkiyə rəhbərliyi bu silahları almaqla, Rusiya ilə siyasi yaxınlaşmaqla 2016-cı il iyul hərbi çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı öz dirənişini nümayiş etdirdi. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi”.

“Su olmasa, qışda əridib qarı yeyərsən,

Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən”

(Sabir)

Bu yaxında kənd təsərrüfatı nazirinin müavini dükan-bazarda bahaçılıqla bağlı demişdi ki, təlaşa ehtiyac yoxdur. Əlbəttə. Mən də hansısa nazirlikdə işləsəm heç zaman təlaş etməzdim. Eyni zamanda nazirlikdə işləməyənlər üçün də təlaş lazımsız şeydir. Ət olmaz, böcək yeyərik. Deyir, beynəlxalq təşkilatlar da camaata həşərat yeməyi məsləhət görür: əqrəb, hörümçək, qarışqa, tarakan… Uzun sözün qısası, hərəkət edən nə varsa yemək olar. Tərtəmiz zülal imiş. Yaxın illərdə planetdə camaat o qədər artacaq ki, bunlara mal-qara əti çatdırmaq mümkün olmayacaqdır. Kim indidən həşərat yeməyi öyrənsə, salamat qalacaqdır. (O vaxtacan Ermənistan boşalacaq, biz Qarabağı alacağıq. Ümid edirəm MTN Eldar da Metro Tağının 3 milyon dollarını qaytarmış olar. Yaşlı, şair adamdır, qoca vaxtında çətinlik görməsin). Ağcaqanadı otaqda şəxsi qanınla bəsləyəndə əsl təbii, GMO-suz, orqanik yemək alınır. Əqrəbin zəhəri isə qaynadanda yox olur – bunu mən telekanalizasiyalarımızın hansındasa mətbəx verilişində gördüm. Orada rayonda yaşayan müəllimlər və həkimlər dolanışıq üçün ilan-qurbağadan ləziz milli xörəklər hazırlamağı məşq və təlim edirdilər. Deyir, qurbağadan yaxşı yayma xəngəl, qarışqadan isə basdırma olurmuş. Milçəyin əla yarpaq dolması çıxır. Hələ çəyirtkə antrikotu… Mmmm… Ləzzətdir. Vaxt gələcək, şadlıq sarayında mətbəxdən quzu əti tapılması milləti narahat edəcəkdir, baxarsınız.

Bir az dini, halal-haram məsələsi var, onu da şeyximiz fətva ilə həll edər. Dövlət idarəsidir, nə işə yaramalıdır? Ümumiyyətlə, nazir müavini təlaşa ehtiyac olmadığını deyəndə həmçinin bizim dualarımızı nəzərdə tuturdu. Biz belə sınaqlardan çox çıxmışıq. Qiymət qalxanda bizim əllərimiz də havaya qalxır. Qiymət və əllərimiz düz mütənasib əlaqəyə malikdir. Pis mənada, təslimçilik kimi yox, dua etmək üçün. Şükranlıq üçün. Necə deyərlər, pis günümüz belə olsun… Daha pis ola bilərdi – öz potensialımıza, qabiliyyətimizə bələdik. O üzdən, dini kadrlara ehtiyac artır. Mühəndis ixtisaslarını ləğv eləsək də, bu ildən molla peşəsində artım vardır. Deyir, keçən il Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul olmuşdur, 2019-cu ildə dövlət qəbul planını artırmağa məcbur olaraq tələbə sayını 72 nəfərə qaldırmışdır. Əlhəmdüllah. Maşallah. Mollalarımız çox olmalıdır ki, xalqın göylə əlaqələri zəifləməsin, bağ-bostan, pomidor-xiyar dərdi çəkməsin. Fani dünyadır, axirət üçün çalışın. Vallah. Məsələn, mənim çoxlu pulum olsa holdinqimin adını “Axirət Holdinq”, ya da “Şükürolsun” qoyardım. Sözgəlişi, bu yaxında ölkənin ən böyük monopolisti iqtisadiyyatımızda monopoliyaların olmasından şikayətlənmişdi. Həmin vaxt o qədər güldüm, az qaldı qarnım cırılsın, sonra sakitləşdim, dedim, qarnım cırılar, boş olduğu görünər, xaricdən maliyyələşən axmaqlar çəkib internetə qoyarlar, respublikamızın müsbət imicini zədələyərlər. Patriotizm bax belə şeydir, gərək güləndə də elə güləsən, qarnın cırılmasın.

Təlaşsızlıq o qədər bizi arxayın salıb ki, bir arvad uşağını metroda unudub çıxıb getmişdi. Deyir, ağzı telefonda danışmağa qızışıb, növbəti stansiyalarda baxıb uşaq yanında yoxdur. Ancaq bunun özü respublikamızda asayişin, ictimai-siyasi sabitliyin sübutu deyildirmi? Uşağı harada istəsən qoy, başını burax, çıx get. Tam arxayın şəkildə. Axşamüstü hüquq-mühafizə orqanları özləri gətirib beşiyinə buraxacaqdır. Pampersini dəyişdirirlər. Hələ bəzi uçastkovılar milli laylay oxuyur, körpəni yatızdırıb gedirlər. Sərbəstlik, azadlıq, insan hüquqları, sərbəst toplaşma, sərməst goplaşma, sərrast zopalaşma, sərsəm sabunlaşma və sairə azadlıqlar necə inkişaf edibsə, maşinistlər qatarı açıq qapı ilə sürür, camaat metroda siqaret çəkir, manıslar hovuzda öpüşür, avtobus sürücüləri maşın sürə-sürə vatsapda sevgililərinə ürək işarəsi göndərirlər.

Elə mən də yazımın sonunda bütün oxucularıma öpücük işarəsi göndərirəm. Bu il öpücüklərimiz boldur, yaxşı məhsul var.

 

Fazil Məmmədov ile ilgili görsel sonucuŞəmkir 14 saylı Ərazi Vergilər İdarəsinə yeni rəis təyinatı olub.

“Qafqazinfo” xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə bu posta Səməd Vəliyev təyin olunub.  Yeni təyin olunan rəisin uzun illər bu sahədə çalışdığı bildirilir.

Qeyd edək ki, Səməd Vəliyev sabiq Vergilər naziri Fazil Məmmədovu qohumudur.