İrana gedən azərbaycanlıların sayında 71,4 faiz artım müşahidə olunur.

Azərbaycan vətəndaşlarının daha çox üz tutduğu ölkələrdən biri İran hesab olunur. Demək olar ki, ilin hər fəslində İrana səyahət edən vətəndaşlarımız var. Bu axının maraq doğuran tərəfləri isə şübhəsiz ki, mövcuddur.

Görəsən, vətəndaşlarımızın İrana üz tutmağına hansı amillər təsir edir?

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, turizm üzrə ekspert Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirib ki, vətəndaşlarımız daha çox turizm, səhiyyə və ticarət məsələlələri ilə bağlı İrana gedirlər:

“Birincisi, İran ərazisində fəaliyyət göstərən dini mərkəzlərin mövcud olmasıdır. Bəzi vətəndaşlarımız məhz dini səfər məqsədi ilə yola çıxırlar. Bu axın miqrasiya axınına birbaşa təsir edir. İkinci səbəb daha çox tibbi istiqamət üzrədir. Müayinə, müalicə və ya əməliyyat üçün İrana gedən azərbaycanlıların sayında artım hər zaman müşahidə olunur. Hətta bu məsələni İran rəsmiləri xüsusən dilə gətirmişdilər və səhiyyə turizmi kimi dəyərləndirmişdilər. Üçüncü amil İranda kifayət qədər soydaşlarımızın yaşamasıdır. Əksər vətəndaşlar İranda yaşayan qohumlarını ziyarət etmək üçün bu ölkəyə üz tuturlar. Dördüncü səbəb isə ticarət mübadiləsi ilə bağlıdır. Azərbaycanda kifayət qədər İran şirkətləri var və bu şirkətlər əsasən ticarət sahəsində təmsil olunurlar. Nəticədə vətəndaşlarımızn əksəriyyəti İranla Azərbaycan arasında olan ticarət mübadiləsində fəal şəkildə iştirak edirlər. Bu fəallıq xüsusən də orta və xırda ticarətdə özünü biruzə verir”.

Ekspert vurğulayıb ki, Azərbaycanla İran arasında çox sıx miqrasiya xidmətinin olmasında turist axının rolu böyükdür:

“Bu axın fonunda vətəndaşlarımızın müəyyən qazancları olur. Məsələn, vətəndaşlarımızın İranda yerləşən müqəddəs yerləri ziyarət etməsi onların maraqlarına cavab verir. Kapital baxımından turist axını İrana müəyyən vəsait qazandırsa da, dini baxımdan vətəndaşlarımız məqsədlərinə çatır. Eyni zamanda qohumlarla görüş məsələsində də bu tendensiya keçərlidir. Səhiyyə və turizm məsələsində isə İranda qiymətlər vətəndaşlarımız üçün əlverişlidir. Xüsusən də sərhədyanı bölgələrdə yaşayan vətəndaşlarımız ticari baxımdan İrana üz tutmağa daha çox meyllidir. Ümumilikdə bu nüanslar daxili turizm imkanlarının azalmasına səbəb olur. Lakin Azərbaycanın turizm sahəsində xarici turist seqmentinin əsas olduğunu unutmamalıyıq. Yəni, ölkəmizə bir çox xarici ölkələrdən də turistlər gəlir. Bu fonda vətəndaşlarımızın İrana üz tutması ciddi zərərə səbəb olmur”.

İranlı turistlərin Azərbaycana marağına da toxunan A.Allahverənov qeyd edib ki, iranlılar ölkəmizə daha çox bayramlarda gəlməyə üstünlük verir:

“İranlılar xüsusən Novruz və Ramazan bayramlarında ölkəmizə səyahət edirlər. Onların əksəriyyəti artıq Azərbaycanda dostluq-qardaşlıq əlaqələri quran şəxslər olur. Bayram ərəfələrində Azərbaycana gələn iranlıların sayı pik həddə çatır. Digər aylarda isə ölkəyə gələn iranlı turistlərin sayı az olur”.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən azərbaycanlıların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olub. Bu vətəndaşlarının 39,1%-i İrana z tutub.

2017-ci ildə Bakıda avtoqəza törədən Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev ortaya şok faktlar çıxarıb; hüquqşünas Mütallib Tekiş və onun həyat yoldaşının iddialarına aydınlıq gətirib 

Ötən gün Türkiyənin “Haber Türk” telekanalı iş adamı Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevin 2 il əvvəl Bakı şəhərində törətdiyi avtomobil qəzası ilə bağlı reportaj hazırlayıb.

Musavat.com xəbər verir ki, həmin qəzada Türkiyə vətəndaşı Mütallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş də ağır yaralanmışdılar.

Bu reportaj yayınlandıqdan sonra Elman Allahverdiyevin və oğlu Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev təkziblə çıxış edib. Musavat.com təkzibi təqdim edir:

“Məlumat üçün bildiririk ki, Mütallib Tekişin həmin TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir.

Mütallib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən, qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi “Gardenia” MMC-nin təsisçisi, iş adamı Elman Allahverdiyev tərəfindən ödənilmiş və 2 il ərzində reabilitasiya dönəmini tam başa vurmuşlar.

2019-cu ilin yanvar ayının sonuna qədər bütün xərclərin ödənildiyini Mutallib Tekiş özü 31 may 2019-cu il tarixdə yayılan videoda etiraf etmişdir.

“Müayinə və müalicə xərclərindən başqa Mütəllib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilmişdir. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilmişdir və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur”

Müayinə və müalicə xərclərindən başqa Mütəllib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilmişdir. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilmişdir və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur.

Mütallib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən, qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, Cənubi Afrika Respublikasında bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində – yəni, qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilmişdir.

Qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi “Gardenia” MMC tərəfindən Mütallib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilmişdir, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməmişdir.

 

Nəzərinizə çatdırırıq ki, Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir. Mütallib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilmişdir. Ona dəfələrlə bildirilmişdir ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcəkdir.

Mutallib Tekişə isə bu təklifdən yayınaraq, mətbuat vasitəsi ilə təzyiqlər edərək, özünün istədiyi pul vəsaitini alacağını bildirir. Buradan haqlı sual ortaya çıxır: nəyə görə Mütallib Tekiş məhkəməyə müraciət etməkdən boyun qaçırır? Müxtəlif orqanlara, Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamalarda onun müalicəsi ilə bağlı Azərbaycan Respublikasında, Türkiyə Respublikasında yüz min dollarlarla ölçülən müalicə xərclərindən, onlara ödənilmiş vəsaitlərdən bir kəlmə də belə söz açmır.

Bütün müsahibələrdə, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş Nazirin müavini cənab Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır.

Tərəfimizdən “Haber Türk” kanalına yayılmış məlumatın həqiqətə uyğun olmadığı barədə açıqlama göndəriləcəkdir.

İş admı Elman Allahverdiyevin vəkili olaraq mətbuat vasitəsi ilə müraciət edərək bildirirəm ki, gəlin bu problemi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edək.

Muxtar Mustafayev,

Nail Allahverdiyevin və “Gardenia” MMC-nin

təsisçisi Elman Allahverdiyevin vəkili, 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 

Beynəlxalq Vəkillər Birliyinin  (UİA) üzvü, 

Amerika Vəkillər Assosiasiyasının (ABA) üzvü”

Musavat.com “Haber Türk” kanalında yayımlanan videosujeti təqdim edir: 

Prezident onların maaşını da qaldırdı - Sərəncam
Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, sənədə əsasən, məhkəmə hakimlərinin maaşları artırılıb.

Xatırladaq ki, bu sərəncamla Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.

"Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Qanunun 106-cı maddəsinə edilən digər dəyişikliklə hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar. Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar.
Abid Şərifov maşınının üstünə çıxandan danışdı: “Ayıbdır, heç bir çərçivəyə sığmır”
Sosial şəbəkələrdə “Kanal13”ün əməkdaşı Nurlan Librenin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntüləri müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib:

“Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!”

O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib:

“Mən heç maraqlanmıram da ki, o kimdir, nəçidir, işdən çıxarılıb yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım və həvəsim də yoxdur ki, onunla maraqlanım. Çıxarıblarsa da özləri bilər, saxlayıblarsa da özləri bilərlər. Amma mən belə şeyi nə görmüşdüm, nə də eşitmişdim. Qismətdə bunu da görmək varmış. Allah sonrasından saxlasın. Belə getsə, jurnalistlər çox şey edəcəklər, zorla intervyu də alacaqlar, hələ başqa şeylər də edəcəklər. O hərəkət zorla intervyu almaq idi də, istəyim olmadığı halda maşının belinə minir, maşını saxlayır. Ayıbdır, heç bir çərçivəyə sığmır bu hərəkətlər”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.

“Kanal13”ün rəhbəri Anar Orucovun bildirdiyinə görə, həmin əməkdaş artıq işdən azad edilib.

ABŞ-İran mümkün hərbi qarşıdurması Cənubi Qafqazı da təhdid edir…

Fars körfəzində İran ətrafında gərginlik davam edir. İranın İngiltərəyə məxsus tankerləri saxlaması körfəzdə onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Xatırladaq ki, iyulun 4-də Cəbəllütariq boğazında İngiltərə hərbçilərinin İrana məxsus “Grace-1″ tankerini saxlamasına cavab olaraq, Tehran ötən həftə əvvəlcə qanunsuz neft daşıyan gəmini, ardınca isə Britaniyaya məxsus iki tankeri saxlayıb. Daha sonra tankerlərdən biri buraxılsa da, ikincisi hələ də İran sahillərindədir. İran rəsmiləri tankeri dənizçilik qaydalarını pozmaqda ittiham edir. Britaniya hökuməti isə bunu Cəbəllütariqdəki hadisəyə cavab adlandırır.

ABŞ hökuməti isə bəyan edib ki, Fars körfəzi və Ərəbistan dənizi hövzəsində gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi alyans yaradılacaq. Körfəzdə bu formada gərginliyin yüksəlməsi savaş riskini də yüksəldir. Məlum olduğu kimi, artıq Britaniya rəsmi olaraq körfəzdə İrana qarşı cəbhədə yer alıb. Daha əvvəl bu “koalisiyada” BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, qismən də Misir, Küveyt və Bəhreyn İrana qarşı ABŞ-ın yanında dayanıb. Bu isə o deməkdir ki, ABŞ-ın faktiki olaraq İrana qarşı qeyri-rəsmi koalisiyası formalaşır – baxmayaraq ki, ərəb ölkələri İrana qarşı birbaşa hərbi əməliyyatlara qatılmaq istəmir.

Ancaq İran ətrafında təhlükə və mümkün müharibə ehtimalı – hansı ki, hər keçən gün daha da yüksəlir – indi İrandan daha çox qonşu ölkələri narahat edir. Yeri gəlmişkən, bir qədər əvvəl Qərb mediası Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinin ABŞ rəsmilərinə İrana qarşı əməliyyatda iştirak etmək istəmədiklərini bildiriblər. Ancaq aydın məsələdir ki, İraq əməliyyatında olduğu kimi, ABŞ-a ərəb ölkələri yalnız siyasi və logistik dəstək üçün lazımdır.

İran Ətrafında gərginlik ile ilgili görsel sonucu

Hazırda İran ətrafında Yaxın Şərqin 11 ölkəsində ABŞ ordusunun 46 hərbi bazasında 54 min hərbçi var. Bu ölkələr Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İsrail, Suriya, İordaniya, İraq və Omandır. ABŞ-ın körfəzdə ən böyük hərbi bazası Qətərdə yerləşən və 10 mindən çox hərbçinin olduğu əl-Udeyd hərbi hava bazasıdır. Bundan başqa, ABŞ ordusunun Hind okeanı bölgəsində xidmət edən 5-ci hərbi donanması Bəhreyndə yerləşir. İran ətrafında gərginlik yüksəldikdən sonra ABŞ hökuməti Aralıq dənizində İtaliya sahillərində xidmət edən “USS Abraham Linkoln” təyyarədaşıyanı, eləcə də Qətərə 4 ədəd B-52 bombardmançıları və 2 min hərbi qulluqçu göndərib. Bura Türkiyə, Əfqanıstan, Pakistan kimi ölkələrdə yerləşən hərbçiləri əlavə etsək, o zaman təxmini məlumatlara əsasən, İran ətrafında 70-120 min arası ABŞ hərbçisi var. Bu isə böyük qüvvədir. Ancaq əlbəttə, İran kimi ölkəyə qarşı müharibə üçün əlavə hərbi gücə ehtiyac var.

Vaşinqton isə hələlik təmkinli danışır. İrana qarşı müharibə etmək istəmədiyini, məqsədinin iqtisadi sanksiyalar vasitəsilə Tehranın nüvə və ballistik raket proqramını dayandırmaq, eləcə də Yaxın Şərqdəki silahlı qruplara dəstəyinin qarşısını almaq olduğunu bəyan edir. Ancaq Vaşinqton rəsmiləri açıq bəyan etməsələr də İrana qarşı daxildəki narazı qrupları, o cümlədən etnik separatizm qüvvələrini – kürdlər, ərəblər, bəluclar kimi – riskli qrupları mərkəzi hökumətə qarşı hərəkətə gətirmək istəyir.

İran ətrafında qeyri-müəyyənliyin davam etdiyi vaxtda iyulun 22-də İraqın baş naziri Adil Əbdülmehdi gözlənilmədən Tehrana səfər edib. Baş nazirin İrana səfəri barədə hətta bir gün əvvəl belə hər hansı məlumat verilməyib. Axşamüstü gözlənilmədən Tehranda peyda olan Əbdülhemdini prezident Həsən Ruhani qarşılayıb. Ötən ilin oktyabrında İraqın baş naziri seçilən Adil Əbdülmehdi bu ilin aprelində ilk dəfə Tehrana səfər edib. Görünür ki, baş nazirin İrana gözlənilməz səfəri İran ətrafında yaranmış gərginliklə əlaqədardır. Məlum olduğu kimi, İraq İranla böyük sərhədi olan və ABŞ-ın faktiki olaraq 5 min hərbi qulluqçusunun (rəsmi rəqəmlərə əsasən – K.R.) olduğu ölkədir. Təsadüfi deyil ki, may ayında İran-ABŞ münasibətləri gərginləşəndə ilk dəfə Bağdadda ABŞ səfirliyinə raket atıldı, ötən ay isə ABŞ hərbi bazasına raket atıldı. Çünki hazırda İraqda həm İranın, həm də ABŞ-ın ciddi təsiri var. Yəni İrana qarşı əməliyyat zamanı ilk risk altına düşəcək ölkə İraqdır. Bu mənada İraq ehtimal olunan ABŞ-İran müharibəsindən ciddi şəkildə narahatdır. Onsuz da müharibələr və terrordan özünə gələ bilməyən İraq növbəti dəfə amansız müharibənin ortasında qala, bu dəfə dağıntı və təsirləri daha dəhşətli ola bilər.

Nə qədər arzuolunmaz olsa da, mümkün İran-ABŞ müharibəsinin ikinci riskli ölkəsi Azərbaycan ola bilər. Təkcə ona görə yox ki, müharibə zamanı İranda çoxlu sayda Azərbaycan əhalisi öldürülə, eləcə də evlərini tərk edib Azərbaycana qaça bilər, həm də ona görə ki, savaşın alovları bizim ölkəni də vura bilər. Məsələ ondadır ki, ABŞ və İran arasında ehtimal olunan toqquşma cənubda – Fars körfəzi, Hörmüz boğazı ətrafında gözlənilsə də, Azərbaycanı başqa bir təhlükə gözləyə bilər. Daha doğrusu, gözləyir.

İran Ətrafında gərginlik ile ilgili görsel sonucu

Əldə etdiyimiz bilgilərə əsasən, Rusiya dövlətinin mümkün İran-ABŞ savaşı ilə bağlı xüsusi ssenarisi var. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, İrana qarşı müharibə başlayacağı təqdirdə Rusiya dövləti Cənubi Qafqaz respublikaları üzərində hərbi nəzarətini quracaq. Ermənistanda Rusiyanın hərbi bazaları olduğu üçün söhbət Gürcüstan və Azərbaycandan gedir. Bu nəzarətin hansı formada təmin olunacağı məlum olmasa da, bildirilir ki, müharibə vəziyyətində regiona müharibəni əsas gətirərək 3-cü dövlətin hərbi güclərinin yerləşdirilməsinin qarşısını almaq üçün Moskva bu qabaqlayıcı planı hazırlayıb. Çünki ruslar hesab edir ki, İrana qarşı müharibə zamanı yaranmış vəziyyətdə onun Qərb rəqibləri Cənubi Qafqazda hərbi iştirakını təmin edə, bazalar qura bilər. Üstəlik, mümkün müharibə zamanı Rusiyanın İranla əlaqəsinin daha yaxşı qurulması lazımdır.

İran Ətrafında gərginlik ile ilgili görsel sonucu

Qeyd edək ki, Rusiya Dövlət Duması bir neçə il əvvəl sərhədlərdə terror təhlükəsi olarsa, sərhəd bölgəsində içərilərə doğru hərbi qüvvə yerləşdirməyə icazə verən qanun qəbul edib. Bu isə o deməkdir ki, ruslar mümkün İran müharibəsi zamanı yaranmış vəziyyətdən istifadə etməyə çalışacaq. 20 il əvvəl Serbiyaya qarşı NATO əməliyyatları zamanı Rusiya ordusu Belqrad hava limanını ələ keçirməklə NATO-nun hava limanına girməsinin qarşısını almışdı. Belə anlaşılır ki, ruslar eyni ssenarini bu dəfə İrana qarşı müharibə zamanı istifadə etməyi planlaşdırır. Bu planın detalları, deyildiyi kimi, hələlik məlum olmasa da, əməliyyat planının olduğu haqda ciddi mənbələrdən məlumat var. Görünən odur ki, İrana qarşı əməliyyat həm də Azərbaycan üçün riskə çevrilir. O da ehtimal olunur ki, son zamanlar Gürcüstan ətrafında baş verənlər qonşumuzda bu təhlükə haqda məlumatın olduğunu göstərir.

Kənan Rövşənoğlu
“Yeni Müsavat”

Politoloq: “Düşünmürəm ki, kimsə bir nəfərin üzərində oyun qursun…”

2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçki ili yaxınlaşdıqca ölkədə siyasi proseslərin necə cərəyan edəcəyi barədə müxtəlif proqnozlar, mülahizələr irəli sürülür. Daha çox diqqəti cəlb edən mülahizələrdən biri də Azərbaycanda 2013-cü ildəkinə bənzər yeni bir “Rüstəm İbrahimbəyov” ssenarisinin qurula biləcəyidir.

Bu barədə iddialarda deyilir ki, 2013-cü il prezident seçkiləri öncəsi olduğu kimi bu dəfə də xaricdən qurulan ssenari ilə müxalifət düşərgəsini yeni bir tanınmış şəxsin ətrafında birləşdirib həm hakimiyyətə təzyiq etməyə, həm də əslində müxalifətin də sonda uduzmasına hesablanan proses həyata keçirilə bilər. Hətta budəfəki “Rüstəm İbrahimbəyov ssenarisi”nin qəhrəmanı rolunda kimin ola biləcəyi haqda da adlar çəkilməklə mülahizələr yürüdülür. Məsələn, iddiaların birində işarə edilir ki, bu şəxs məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ola bilər.

Musavat.com-un iyulun 22-də efirə gedən canlı yayınında debatda aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı da “Yeni Rüstəm İbrahimbəyov hazırlanır” iddiasını irəli sürüb. Ad çəkməsə də həmin şəxsin iş adamı Mübariz Mənsimov ola biləcəyinə dolayısı ilə işarə edib.

Bəs belə bir ssenarinin hazırlanması mümkündürmü? Mümkündürsə, bu ssenarinin M.Mənsimovun üzərində qurulması inandırıcıdırmı?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, seçkilər dövründə xaricdən yenə hansısa ssenarilər, oyunlar qurula bilər. Lakin xeyriyyəçi iş adamı Mübariz Mənsimovun o cür ssenarilərdə yer alması inandırıcı deyil: “Mən o fikirdən uzağam ki, Mübariz Mənsimov o cür ssenarilərdə, oyunlarda iştirak etsin və ”Rüstəm İbrahimbəyov” olmağa razılıq versin. Mənsimovla İbrahimbəyov arasında fərqliliklər var. Əvvəla, unutmayaq ki, onlar ayrı-ayrı ölkələrin vətəndaşlarıdırlar. Türkiyənin və Rusiyanın Azərbaycana münasibətləri tam fərqlidir. Bunu ciddi nüans hesab edirəm. Ona görə bu cür iddiaları ən azı tələsmiş hesab edirəm.

Digər tərəfdən, parlament seçkilərində düşünmürəm bir nəfərin üzərində oyun qurulsun. Hansısa, oyunlar qurulacaqsa ümumi proses yaratmaq şəklində qurula bilər. Parlament seçkilərində prezident seçkilərinə uyğun planların tətbiq edilməsi real görünmür”.

Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto
07 iyun 2019-cu il tarixində Ali Məhkəməsinin hakimi Əhməd Əhmədоvun sədrliyi ilə iddiaçılar Elşad Əli oğlu Tağıyev, Əhliman Məhəmməd oğlu Mustafayev ilə cavabdeh İlqar Ağarəhimovun işi üzrə keçirilmiş proses nəticəsində çıxarılan məhkəmə qərarı sonradan “qismən” dəyişdirilib.

Bu barədə Axar.az-a şikayətində İlqar Ağarəhimоv bildirib. O, redaksiyaya məhkəmə materiallarının surətini və “Е-xidmət-Işlər haqqında məlumat” intеrnеt saytından çıxarışları təqdim еdib.

Şikayətmi qeyd edib ki, hakim əvvəlcə qətnamənin “qismən ləğv edilərək” işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarsa da, sonradan qərar dəyişdirilərək, qətnamənin tam ləğv edildiyi qeyd edilib:

“Azərbaycan Rеspublikası Ali Məhkəməsinin Mülki Kоllеgiyasının 2(102)-4538\2019 saylı, 07.06.2019-cu il tarixli qərarının “qərara aldı” hissəsində göstərilir ki, iddiaçılar və cavabdеh MMC-nin kassasiya şikayətləri təmin edilib, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Həmin qərarın 3-cü səhifəsinin “hüquqi məsələlər” hissəsində, 1-ci abzasında qеyd еdilib ki, “Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir”.

Dеməli, kassasiya şikayətlərinin qismən təmin оlunması faktı qərarın əvvəlində də öz əksini tapıb, lakin sоnradan nədənsə, hеç bir açıqlama vеrilmədən qərar hissəsində dəyişdirilib.

Hazırkı iş üzrə apеllyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv еdilməsi haqda qərar isə “Е-xidmət-İşlər haqqında məlumat” intеrnеt saytında (http://sc.supremecourt.gov.az/job/search/2) açıq-aşkar görünür və “qətnamənin qismən ləğv еdilərək işin yеnidən baxılması üçün apеllyasiya instansiyası məhkəməsinə göndərilməsi” qеyd-şərtsiz intеrnеt saytında bütün cəmiyyətə bəyan еdilib.

Şikayətçi bildirib ki, hakim Ə.Əhmədоvun məhkəmə iclasında еlan еtdiyi qərarın nəticə hissəsini sоnradan özünün təşəbbüsü ilə (və yaxud məlum оlmayan səbəb üzündən) dəyişdirməsi, ümumiyyətlə qərarın bütün hissələrinin bir-birinə uyğun оlmadığını sübut еtməklə, оnun İ.Ağarəhimоva qarşı qərəzli və ədalətsiz оlmasını müəyyən еdir.

Məsələ ilə bağlı Axar.az-a anışan Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli bildirib ki, heç bir hakimin məhkəmədə qəbul edilmiş yekun qərarı sonradan dəyişdirmək ixtiyarı yoxdur:

“Məhkəmə icrası zamanı nə qərar verilibsə, bu qərar yerində qalır və sonradan dəyişdirilə bilməz. Birinci növbədə işə üç hakim baxır və bir qərara gəlirlər. Daha sonra Azərbaycan Respublikası adından qərar verilir. Qərarlar şəxs adından verilmir. Qərarın dəyişdirilməsi mümkün deyil, amma bir məsələ var ki, verilən qərar tərəflərdən birini qane etmirsə, Ali Məhkəmənin plenumuna həmin qərardan şikayət verə bilər.

Qərar verilib, sonradan dəyişdirilməsi halları ola bilməz”.

Əlbəttə, A.Məmmədli kimi, hamı məhkəmədə elan edilən və rəsmi saytda yerləşdirilən qərarın dəyişdirilməsinin mümkün olmadığını bildirir.

Şikayətçinin təqdim etdiyi rəsmi saytın skrin-fotosu və məhkəmə qərarının surəti isə doğrudan da fərqlidir və bu artıq nonsesdir.
Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni qərar verildi
Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Yunis Səfərovun həbs müddəti gələn il fevralın 3-dək uzadılıb.

Xatırladaq ki, rəsmi məlumata görə, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 12 nəfər barəsində axtarış elan olunub.

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.

Ağdamın işğalından 26 il ötür.

Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.

Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı.

Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Leyla Abdullayeva: “İki ölkə ekspertlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”; Əflatun Amaşov: “İnanıram ki, ortaq məxrəcə gəlinəcək və məsələ həllini tapacaq”

“Keşikçidağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, Ermənistandakı faşist rejiminin bu işin əsas sifarişçilərindən biri olduğu heç kimdə şübhə doğurmur: “Ermənistanda yürüdülən yanlış siyasət nəticəsində ermənilər çox ağır vəziyyətdə yaşayırlar. Əgər İrəvanda yanlış siyasət yürüdülməsəydi, Ermənistan Cənubi Qafqazda strateji layihələrin iştirakçısı ola bilərdi. Ermənistandakı rejim Cənubi Qafqazda sülhün və təhlükəsizliyin pozulması üçün əlindən gələni edir. Onların arxasında olan qüvvələr erməni rejiminə yaxından köməklik edirlər. Bu cür təxribatlar Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərini poza bilməz. Amma hər bir təxribata qiymət verilməli və münasibət bildirilməlidir. Bizi narahat edən odur ki, Gürcüstanda müəyyən qüvvələr mütəmadi olaraq bu cür təxribatlara əl atırlar və həmişə cəzasız qalırlar. Əgər Gürcüstanın ərazisində gürcü dövlətçiliyinə həmişə sadiq olan, Gürcüstanın tarixində mühüm rol oynayan azərbaycanlılara qarşı siyasət yürüdülür və oradakı məscidlərimizin divarlarına donuz kəlləsi yapışdırılırsa, bu işin icraçıları cəzalandırılmalıdır”.

Y.Mahmudovun sözlərinə görə, gürcü təxribatçılarının öz sərhədlərini pozaraq Azərbaycan sərhədçilərinə hücum etməsi Gürcüstanın cavabdeh qurumlarının rəhbərlərinin məsuliyyətsizliyi üzündən baş verib: “Axı bir qrup şəxs hər iki dövlətin sərhədini necə poza bilər?

Buradan belə çıxır ki, guya Gürcüstan öz dövlət sərhədlərini layiqincə qoruya bilmir. Azərbaycanla dostluq münasibəti və strateji tərəfdaşlıq müqəddəsdirsə, sərhədlərin pozulmasına heç cür göz yumula bilməz. Gürcüstanın keçmiş müdafiə nazirinin, ”Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvilinin, Azərbaycan sərhədinə gələrək xalqımıza qarşı sayıqlayan partiya liderinin təhqirləri və azərbaycanlıları “çoban” adlandırmaları bizdə ciddi narahatlıq doğurub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq idman yarışları zamanı Bakıya gələn iki gürcünün Şəhidlər Xiyabanında “Keşikçidağ bizimdir” deyə plakat qaldırması da ciddi narahatlıq doğurmalıdır”.

Akademik hesab edir ki, Azərbaycan-Gürcüstan dostluğu əbədidir: “Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz. Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri pisləşərsə, bu, ən çox gürcü xalqına mənfi təsir göstərəcək. Təəssüfedici hal odur ki, hələ də Gürcüstanın müvafiq qurumları bu insidentin ciddi qüsur olduğunu dövlət səviyyəsində etiraf etməyiblər. Təxribatların törədilməsində erməni lobbisinin də xüsusi xidmətləri var. Azərbaycanın sərhədləri BMT-nin qanunları ilə dünya birliyində tanınıb və bütün qonşular Azərbaycan sərhədlərinin toxunulmazlığına əməl etməlidirlər”.

Direktor Azərbaycan sərhədçilərinin insident zamanı soyuqqanlılıq nümayiş etdirməsini dəstəklədiyini bildirib: “Çünki sərhədçilərimiz iki dövlət arasında əlaqələrin pozulmaması üçün silahdan atəş açmayıblar. Təxribatçılar və onlara dəstək verənlər bilməlidir ki, David Qareci də, Şərqi Gürcüstan da tarixi Azərbaycan torpağıdır. Tiflis Azərbaycanın qədim şəhəridir. Bir qrup gürcü təxribatçısının yolu ilə gedilərsə, onda Azərbaycan da öz tarixi torpaqları ilə bağlı iddia qaldıra bilər. Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz ”hünərlərini” Cavaxetiyada göstərsinlər. Ötən əsrin 30-cu illərində Stalin Şirək yaylasını – Qanıx (Alazan) çayının sağ sahilindəki torpaqlarımızı Azərbaycan xalqının razılığı olmadan Gürcüstana verib. Biz təbii ki, bu iddiaları qaldırmırıq. Çünki biz gürcü xalqı ilə dostuq. Dostluqda xəyanət olmaz!”

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir. Bu, birmənalı şəkildə təxribatdır və bu hadisələrdə maraqlı dairələrin əli var”.

Bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçidağı Məbəd-Kompleksində baş verən insidentlə bağlı yaydığı bəyanatda bildirilib. “Gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökumət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.

Sənəddə qeyd olunub ki, Azərbaycan və Gürcüstanın dövlət və xalqları arasında qarşılıqlı ehtiram və etimad mühiti görünür bədxahlarımızın işinə yaramır: “Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın arxasında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub”.

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağ Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaq: “Bu istiqamətdə işlər gedir və davam etdirilərək öz hüquqi həllini tapacaq. Biz xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik”.

Bəyanatda vurğulanıb ki, dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrahdoğurucu haldır: “Biz Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin, dini liderlərimizin mövqeyindən çıxış edərək, bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarımızın, marağı olan qüvvələrin məkrli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaq”.

Qeyd edək ki, 14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxs Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edərək onların ünvanına nalayiq ifadələr səsləndirib. Azərbaycan XİN Keşikçidağda baş verən hadisəyə reaksiya verib. Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. Bu vaxta qədər hələlik Bakının notasına Tiflisdən cavab gəlməyib. Təxribat törədənlərin cəzalandırılması barədə də məlumat yoxdur.

Gürcüstanın XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Sonraki günlərdə məbədə giriş qadağan edilib.

Hazırda ciddi problemlər yaranmasa da, məsələnin açıq qalması narahatlıq doğurur. Bəzi təhlilçilər hesab edir ki, Gürcüstanda anadan olmuş tanınmış azərbaycanlılar Tiflisə səfər edərək Gürcüstanın ayrı-ayrı dairələri ilə görüşlər keçirib məsələnin sakit şəkildə həll olunması zərurətindən bəhs etsələr, bu, işin faydasına olar.

Borçalıda, Qardabani rayonunun Kosalı kəndində anadan olan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a açıqlamasında mövzu barədə danışarkən bunları bildirdi: ““Borçalı” Cəmiyyəti Keçikçidağ məbədi ətrafında yaradılan gərginliyi hər hansı təxribatçı şəxslərin törədiyi qanunsuzluq kimi dəyərləndirməyi doğru hesab etmir. Proseslərin inkişaf dinamikası deməyə əsas verir ki, bu, ciddi mərkəzlərin hazırladığı planlı bir təxribatdır. Hesab edirik ki, bu təxribatların hədəfi iki xalqı üz-üzə qoymaqdan, yeni etnik-dini qarşıdurma yaratmaqdan, destruktiv mərkəzlərin bölgəyə müdaxiləsi üçün münbit şərait yaratmaqdan, Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığını təhdid altına salmaqdan, Cənubi Qafqaz dövlətləri arasında sağlam əməkdaşlığı pozmaqdan ibarətdir. “Borçalı” Cəmiyyəti bu problemin həllində ictimaiyyətin daha az iştirakını məqbul hesab etməklə, Azərbaycan və Gürcüstan arasında rəsmi təmasların daha da intensivləşməsini, məsələnin mütləq anlamda aktiv diplomatik müstəviyə daşınmasını zəruri bilməklə, tədqiqatçı alimlərin də daxil olduğu yeni problemlərin həllinə səlahiyyətli etimadlı ortaq dövlətlərarası komissiyasının formalaşdırılmasını təklif edir”.

Z.Məmmədli əlavə etdi ki, iki xalq arasında etimad mühitini zaman-zaman sarsıtmış aşağıdakı məsələlərin həmin komissiyanın səlahiyyətində müzakirəyə salınmasını və həll yollarının aranmasını təklif edir: “Demorkasiya və delimitasiya problemləri; Əsassız dəyişdirilmiş toponimlərin bərpası məsələsi; Gəncə qapılarının geri qaytarılması məsələsi; Ədalətsiz olaraq kəndçilərdən alınmış torpaqlara görə təzminatlar məsələsi; Soydaşlarımızın Gürcüstan ərazi bütövlüyü çərçivəsində statusu məsələsi; Azərbaycanda məskunlaşmış gürcülərlə bağlı təklif olunan məsələlər; Azərbaycan və Gürcüstan arasında uzunmüddətli strateji əməkdaşlıq prioritetlərinin müəyyənləşməsi məsələsi; Azərbaycan dilinin regional dil statusu məsələsi; Borçalı türklərinin Elat Mədəniyyəti günü – Elat bayramının bərpası; Siyasi motivlərlə girişinə yasaq qoyulmuş şəxslərin üzərindən qadağanın götürülməsi və sair”.

Təşkilat rəhbəri dedi ki, “Borçalı” Cəmiyyəti eyni zamanda ən yaxın zamanda “Azərbaycan-Gürcüstan münasibətləri və mövcud problemlər” mövzusunda milli qüvvələrin zirvə toplantısının çağırılmasını, yaranmış durumun müzakirəsi, ortaq maraq və milli mənafeyimizi ehtiva edən vahid sənədin qəbul olunmasını, Azərbaycan milli qüvvələrinin “Azərbaycan və Gürcüstan milli qüvvələrinin əməkdaşlıq şurası”nın yaradılması kimi yeni təşəbbüslə çıxış etmələrini təklif edir.

Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olan deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya hazırda bu məsələ ilə məşğul olur: “Bu məsələ yaradılmış komissiyada, araşdırma mərhələsindədir. İnanıram ki, ortaq məxrəcə gəlinəcək və məsələ öz həllini tapacaq”.

“Bu ilin 20 avqust tarixindən sonra iki ölkənin ekspertlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”. Bunu isə XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında söylədi. Gürcüstana xüsusi bir heyətin göndərilməsi təklifinə gəldikdə, XİN təmsilçisi buna zərurət olmadığını bildirdi: “Azərbaycan Respublikası və Gürcüstan arasında Dövlət Sərhədlərinin delimityasiyasi və demarkasiyasi üzrə Komissiyanın növbəti iclası keçirilənədək bu kimi tədbirlərə ehtiyac yoxdur”.