Son xəbərlər

Gələn ilin fevral ayında 86 yaşı tamam olacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Akif Əlizadə vəzifəsindən istefasından sonra Prezident İlham Əliyev 81 yaşlı Ramiz Mehdiyevi Azərbaycan Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etdi.

Akif Əlizadənin istefasından sonra Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik edəcəyi məlum oldu.

Prezident üç gün əvvəl səhhətinə görə təqaüdə çıxan ölkənin Baş nazirinin keçmiş müavini Hacıbala Abutalıbovla görüşdə qeyd edib ki, 70 yaşına çatmış məmurlar gənclərə yol verməlidirlər.

Onlardan birincisi Akif Əlizadə, ikincisi Ramiz Mehdiyev oldu.

Eyni zamanda, qeyd etməliyik ki, bu gün hökumətdə və digər dövlət qurumlarında hələ 70 yaşdan yuxarı məmurlar var. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır.

Prezident Administrasiyasının işlər müdiri Oqtay Şahbazovun 78 yaşı, Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var.

Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır. Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun 71 yaşı var.

Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev 82 yaşındadır. Ümid edirik ki, onlar da İlham Əliyevin çağırışını eşidəcəklər və tezliklə gənc və istedadlı kadrlara yol verəcəklər.

Yeri gəlmişkən, 70 yaşdan yuxarı şəxslər Azərbaycan Milli Məclisində də təmsil olunurlar. Bunlar vitse-spiker Valeh Ələsgərov (73 yaş), deputatlar Yevda Abramov (71 yaş), Ziyad Səmədzadə (79 yaş), Eldar İbrahimov (74 yaş), Əhliman Əmiraslanov (72 yaş), Arif Rəhimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş) və Hadi Rəcəblidir (72 yaş).

Bu baxımdan, çox istərdik ki, yeni çağırışda parlamentin tərkibi xeyli yenilənsin və orada işləmək istəyən daha çox gənc deputat meydana çıxsın.    /oxu.az/

Hələ Təhsil naziri təyin olunanda bu vəzifənin öhdəsindən gələ biləcəyinə bəziləri şübhə ilə yanaşsalar da, görünür Mikayıl Cabbarovun həmin postdakı fəaliyyəti ölkə rəhbərliyini qane edib. Bunu sonradan onun uzun müddət Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan Vergilər Nazirliyinin başına gətirilməsi də təsdiq etdi.

Vergilər naziri postundakı fəaliyyəti göstərdi ki, Mikayıl Cabbarovun bu vəzifəyə gətirilməsi kadrlarla bağlı verilmiş ən uğurlu qərarlardan biridir. İnsafən, məhz onun artıq bütün əndazələri aşmış Fazil Məmmədovun yerinə təyinatından sonra xüsusilə də kiçik və mikro sahibkarlıq subyektləri nisbətən rahat nəfəs almağa başladılar. Qanunsuz yoxlama və tələblər demək olar ki, heçə endirildi. Sahibkarların müraciət və şikayətlərinə daha həssas yanaşılmağa başlandı.

Sahibkarlar da əvəzində nazirliyin çağırış və tələblərini nəzərə alaraq, vergi intizamını artırdılar.Misal üçün, əvvəllər qeydiyyatdan yayınan böyük sayda vətəndaşla rəsmən əmək müqavilələri bağlandı ki, bu da sosial ödəmələrin artmasına şərait yaratdı. Həmçinin, məlum oldu ki, repressiv, qanunsuz üsullardan istifadə etmədən, sadəcə qanunun tələb etdiyi şəkildə, rüşvətsiz-filansız da vergi planını daha asanlıqla və artıqlaması ilə yerinə yetirmək mümkündür. Doğrudur, sosial ödənişlərlə bağlı hesabatların DSMF-dən alınaraq, Vergilər Nazirliyinə verilməsi prosesində bir çox texniki problemlər və narazılıqlar yarandı. Lakin nazirlik bu işin də öhdəsindən uğurla gələ bildi.

Görünür, yuxarıda qeyd edilənlər və digər faktorlar Mikayıl Cabbarovun hökumətdə əsas fiqurlardan birinə çevrilməsi üçün zəmin yaradıb. O da məlumdur ki, hökumətdə struktur islahatlarına artıq xeyli müddətdir ciddi ehtiyac vardı. Və bu prosesin başlanğıc mərhələsində məhz M.Cabbarovdan istifadə edilməsi də yəqin ki, təsadüfi sayıla bilməz…

Bununla yanaşı, Şahin Mustafayevin İqtisadiyyat naziri vəzifəsindən çıxarılaraq, Baş nazirin müavini postuna təyin edilməsini heç də vəzifə yüksəlişi kimi qiymətləndirməyənlərlə də hardasa razılaşmaq olar. Çünki hər halda, indiyə qədərki müşahidələr bu vəzifənin daha çox formal xarakter daşıdığı təəssüratı yaradıb. Ancaq yenə də Ş.Mustafayevin təyinatının sadəcə İqtisadiyyat naziri postunun boşaldılması və Mikayıl Cabbarovun oraya gətirilməsi ilə bağlı olub-olmadığını yaxın zamanda görəcəyik.

Hazırkı reallıq isə ondan ibarətdir ki, Vergilər Nazirliyinin və Dövlət Əmlak Komitəsinin, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin faktiki olaraq, əvvəlki statuslarını itirərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu qurumu super nazirliyə, Mikayıl Cabbarovu isə super nazirə çevirdi. Və təbii ki, əgər Cabbarov vergi sistemindəki islahatları ümumilikdə ölkə iqtisadiyyatına da daşıya bilsə, bunun yalnız müsbət nəticələrini görə bilərik. Lakin nəzərə almaq lazımdır ki, ümumilikdə ölkə iqtisadiyyatında islahatlar aparmaq, ciddi nailiyyətlər əldə etmək heç də vergi planını doldurmaq qədər nisbətən sadə iş, vəzifə deyil…

Çoxlarının Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyini gözlədiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətə çevrilərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi kifayət qədər gözlənilməz qərar oldu.

Bu komitə ölkədə barəsində ən çox danışılan, fəaliyyəti müzakirə olunan qurumlardan biri olsa da, onun struktur islahatlarının ilk hədəfinə çevrilməsini gözləyənlər çox deyildi. Burada onu da nəzərə almaq lazımdır ki, komitənin xidmətə çevrilərək, nazirliyə birləşdirilməsinə dair qərar verilsə də, bu xidmətə kimin rəhbərlik edəcəyinə aid rəsmi qərar hələ yoxdur. Əlbəttə ki, yeni quruma rəhbərliyin uzun illər komitəyə sədrlik etmiş Kərəm Həsənova həvalə olunacağı ehtimalı da az deyil. Deməli, belə nəticə yaranır ki, qurumun statusu kiçildilir və K.Həsənov ona rəhbər təyin ediləcəyi halda, M.Cabbarovun tabeliyində çalışacaq…

Ancaq M.Cabbarovun üzərinə böyük məsuliyyət qoyulduğundan, mümkündür ki, o, Kərəm Həsənovla deyil, başqa bir şəxslə işləmək istəsin. Bunu yaxın zamanlarda görəcəyik.

Ölkə başçısının son qərarları həm də onu göstərir ki, böyük ehtimalla Nazirlər Kabinetindəki struktur islahatları bununla yekunlaşmayacaq və İqtisadiyyat Nazirliyinə bənzər nazirliklərin sayı arta da bilər. Və yəqin ki, çox yaxın zamanda kadr və struktur islahatları ilə bağlı növbəti addımların şahidi olacağıq.     /AzPolitika.info/

Vilayət Eyvazovdan yeni
Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

“Fələstin xalqının yanındayıq”

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclasında çıxış edib.

"Qafqazinfo" həmin çıxışı təqdim edir:

"Fələstin Dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim. Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır.

Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konfrans təşkil olundu. Konfrans Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

Azərbaycan Respublikası həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbimizdən gəlir"

“Bu ordenin sizə verilməsi xüsusi məna daşıyır” — İlham Əliyev Ramiz Mehdiyevlə görüşdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Prezident görüşdə R.Mehdiyevin gördüyü işlərdən danışıb və ona təşəkkür edir:

“Bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var.

Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək. Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir”.
Prezident daha sonra Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni tətif edib:

“Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz”.
Bu nazirlik və dövlət qurumları LƏĞV EDİLDİ
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

 Fərmanda qeyd edilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

İqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

DSX-dan  verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları əra¬zisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayəndələri ilə əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynaması, icra hakimiyyəti, prokurorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi xüsusi qeyd olunub.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə kompleksinə baxış keçirmişdir. Hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntəqəsi, idman zalı, təminat binaları, su rezervuarları inşa olunub. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo-naqlar şəxsi heyətlə birlikdə nahar ediblər. Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.

Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş nazirin yeni köməkçisi təyin edilib.

Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.

Qeyd edək ki, bu gün Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.  /APA/

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə prioritetləri
Bakı sammitində Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Mən son üç ildə uğurlu sədrliyə görə Venesuelaya təşəkkür edirəm.

Oxu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib. 

Nazir deyib ki, Azərbaycan heç bir hərbi birlikdə iştirak etməyən ölkədir. 

O qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək:

“İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək.Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

Nazir xatırladıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirir:

“Bu isə ümumilikdə regional təhlükəsizliyə təhdiddir. Münaqişə başlayandan hərbi əməliyyatlar məhz Azərbaycan ərazisində keçirilib. Bundan infrastruktur və dinc əhali ziyan çəkib.

Nəticədə, bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edirəm”.