Son xəbərlər

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri başlayıb.

Gələn ilin büdcəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Büdcəyə növbəti günlərdə digər komitələrdə də baxılacaq.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.

Vilayət Eyvazovdan yeni
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl polis polkovniki Hikmət Qasımov yerinə yetirirdi. O, Mingəçevir Şəhər Polis Şöbəsinə rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb. 

Bakıda Hərbi Dialoq iclası başladı

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb.

 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib.

Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirirlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edirlər.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.


“Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir”.

 “Ölkə.Az”-a istinadla xəbər verir ki, bunu sabiq deputat və İcra başçısı Vaqif Abdullayev deyib.

Onun sözlərinə görə, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusunun komandanı, bütün türk dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.

“Araz Əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb.

Bu gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara, əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə, türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır”- V.Abdullayev bildirib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir. “Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.
Tarixə qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.

… Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı mübarizliyini, əzmkarlığını nümayiş etdirir.

Türkün heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəxr edirik.

Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən Araz Əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət Sadığın dediyi kimi, “biri elə çalır, biri belə çalır, biri də elə – belə çalır”. Araz Əlizadə də beləsindəndir.

Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür”.


Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib.

Oxu.Az xəbər verir ki, yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib.

Sabahdan büdcə müzakirələri başlayır

Noyabrın 5-dən etibarən Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci il dövlət büdcəsinin müzakirəsi başlanacaq

 Bu barədə Milli Məclisdən məlumat verilib.

Dövlət büdcəsinin parlamentin komitələrində müzakirəsi noyabrın 5-dən 7-dək davam edəcək. 3 gün ərzində, hər gün 5-6 komitəsinin birgə iclasında  büdcə paketi parlamentarilər tərəfindən müzakirə olunacaq.

 Dövlət büdcəsini hökumət adından Maliyyə naziri Samir Şərifov təqdim edəcək.

 Komitə iclaslaırnda yeni iqtisad naziri Mikayıl Cabbarovun iştirakə və çıxışı gözlənilir.

Komitələrdə müzakirələr bitdikdən sonra büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirəsinə tövsiyyə olunacaq.
Büdcə zərfinin  parlamentin plenar iclasının noyabrın 12-də  keçiriləcək iclasında başlayacaq və noyabrın 14-dək davam edəcək.

Parlamentin plenar iclasında büdə zərfinin müzakirəsi başda Baş nazir Əli Əsədov olmaqla, hökumətin digər üzvləri də yaxından iştirak edəcək.  Hökumət üzvləri büdcə zərfini parlamentarilərə təqdim etməklə yanaşı, 3 gün ərzində müzakirələr zamanı səslənən təkliflərə öz münasibətlərini bildirəcəklər.  


Məlahət İbrahimqızı: “Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyənlərdə yarasa sindromu var…”

“ASDP sədri Araz Əlizadənin İTV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin ”Bir millət, iki dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Partiya sədrinin bu fikirlərini məhz Türk Şurasının sonuncu zirvə samitindən sonra səsləndirməsi bir daha göstərir ki, bu – sifarişlidir”. 

Deputat, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu sözləri “Yeni Müsavat”a açıqlamasında deyib. M.İbrahimqızı daha sonra bildirdi ki, yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində belə deyil: “O, Azərbaycan xalqını şamil etmək istədiyi və özünün mənsub olduğu irqin Ari (Aryan) irqi olduğunu demək əvəzinə Hind-Avropa irqi deyir. Hansı ki, belə bir irq bu günədək antropologiya elmində mövcud deyil, əslində bu, Hind-Avropa dil ailəsi adlanır. Bizim coğrafiyamızda isə ari irqinə əsasən farslar və ermənilər daxildir. Bu iki xalqın dili də Hind-Avropa dil ailəsinə aiddir. Üç minillik dövlətçilik tarixi olan qonşu və dost İranda yaşayan 30 milyona yaxın azərbaycanlı soydaşlarımız azərbaycanlı deyil, türk adlandırılırlar. Ana dilimiz olan Azərbaycan türkcəsi isə Altay dil ailəsinə və Türk Dilləri Qrupuna aiddir. Azərbaycan xalqı monoetnik deyil, ölkəmizin gözəlliyi çoxsaylı etnik qrupların əsirlər boyu bir ailə şəkilində mehriban yaşamasıdır. Bu mənada Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərləri ilə örnəkdir və biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir-birləri ilə qardaşdır. Amma kiməsə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağına da imkan verilməz! Araz Əlizadə kimi insanlar Azərbaycan və Türkiyə münasibətlərinin geniş və daha sürətlə inkişafını gördükcə vaxtaşırı könül bulandırmağa çalışırlar”.

Deputatın sözlərinə görə, dünyada elə dəyərlər var ki, insan onu istəsə də seçə bilmir: “Bunlardan biri də onun etnik kimliyidir. Bu dəyərlər insanlara ancaq Allah tərəfindən verilir. İstər İslam inancımızda, istərsə də Ümumdünya İnsan Haqları bəyənnaməsində və Ana Qanunumuzda bütün insanlar bərabər hüquqludur. İnsanlar bir-birlərindən ancaq mənəvi dəyərləri ilə fərqlənə bilər. Etnik kimlik Allah tərəfindən verilən  dəyər olduğuna görə şükür etməliyik ki, o, bizi bəşəriyyətin əşrəfi olan insan yaradıb. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, ”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir”. Lakin ASDP deyilən bir mini-partiyanın sədri vaxtaşırı peyda olaraq həqiqətləri təhrif etməklə xalqın heysiyyatına toxunmağı qəhrəmanlıq hesab edir. Bu günlərdə möhtərəm prezidentimiz İlham Əliyevin Rusiyanın mətbu orqanı olan “Komersant”a verdiyi müsahibəsində səsləndirdiyi “XXI əsr Türk Dünyası əsri olacaq” fikirləri türk düşmənçiliyi edən erməni və ermənipərəst qüvvələrin canına birə salıb. Prezidentimizin Azərbaycan-Türkiyə diasporunun 1-ci qurultayında “…Bir millətin iki diasporası ola bilməz” fikri iki ölkənin strateji əməkdaşlığının təməl prinsiplərindəndir. Möhtərəm prezidentimiz hər zaman fəxrlə deyir ki, Azərbaycan – Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Bu mənada dövlət siyasətinə qarşı çıxan bu cür qüvvələr cəmiyyətdə ifşa olunmalıdır!”

Xanım deputat əlavə etdi ki, iki qardaş dövlətin dostluq və qardaşlığını pozmaq istəyən yeganə qüvvə isə dünya erməniliyidir: “Əslində bəlkə də belə insanlara fikir vermək lazım deyil, çünki onlarda nə dəyişəcək ki? Belələri ətlə dırnaq arasında olmağı sevirlər. Amma ətlə dırnaq arasında olanlar irinə çevrilir. Belə insanlarda müqəddəs dəyər deyilən məfhum yoxdur. Bu tip insanlar dahi Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və onlarca xalqımızın tarixi şəxsiyyətləri haqda donos verərək onların üzünə durublar. Nəhayət, bu insanlara bir sözüm var: tarixin utanc səhifəsində olmaq istəmirsizsə, heç olmasa susun! Hələ XX əsrin əvvəllərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun Qurtuluş savaşı zamanı qardaş Türkiyənin çətin günlərində etdiyi yardımı Atatürk borc hesab edərkən Nərimanov ”qardaşın qardaşa borcu olmaz” deyib. 1918-ci illərdə erməni daşnaklar imperialist qüvvələrin dəstəyi ilə ölkəmizdə soyqırım törədərkən Nuru Paşa 3 mindən çox Türk əsgəri ilə xalqımızın harayına yetişmiş, Azərbaycanın könüllüləri ilə birgə müqəddəs vətənimizi daşnaklardan azad etmişlər. Təsadüfi deyil ki, iki xalqın qardaşlığının qürurverici tarixi keçən il bu iki dövlətin Ali Baş komandanlarının iştirakı ilə, möhtəşəm hərbi paradla təntənə ilə qeyd edildi. Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələrdə görünür, “yarasa sindromu” var. Çox təəssüf ki, tibb elmi bu sindromu müalicə etməkdə hələ də acizdir. ?Nəhayət, mini partiyanın sədrinin Nuru Paşanın və şəhid olmuş türk əsgərlərinin ünvanına səsləndirdiyi hörmətsiz fikirlər Qurtuluş savaşında Çanaqqala, Sakariya və Qarabağda şəhid olan Azərbaycan şəhidlərinin ruhuna da hörmətsizlikdir. 1919-1923-cu illər Qurtuluş müharibəsində Azərbaycanlılardan kimisi əlində olan 3-5 kuruşunu, kimisi isə canını Türk qardaşları üçün əsirgəmədi. Böyük ehtimalla, Aryan irqinə məxsus olanlar bu müharibədə əks cəbhədə vuruşurdular və onları Azərbaycan xalqının nümayəndəsi hesab etmək olmaz. Ülvi hisslərdən uzaq olan bu cür insanlar dövlətinə, vətəninə, millətinə xidməti ancaq maddiyyətlə ölçürlər! Son olaraq, onu qeyd edim ki, Azərbaycan və Türkiyə qardaşlığına kölgə salanlara möhtərəm prezidentimizin bir fikri ilə yekun vurmaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq!”

Qeyd edək ki, ASDP sədri, deputat A.Əlizadə İTV-də yayımlanan 3D proqramında aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia edib. Deputat həmin müsahibəsində bir neçə il əvvəl Türkiyə və Osmanlı ordusu barədə dilə gətirdiyi fikirlərini təkrarlayaraq deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət bir şey yoxdur”. Müsahibəsinin davamında daha da irəli gedən Araz Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını iddia edib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə Hind-Avropa irqinə aiddir”.

Qalmaqallı açıqlama Türkiyədə də səs-küy doğurub, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər A.Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etiraz bildiriblər.

Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni təyinat

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Oxu.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.

E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat İdarəsinin rəisi işləyib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib.

Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Qohum olan məmurlar

Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib.
"Ölkə.Az" "yenisabah”a istinadla xəbər verir ki, iqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Qohum məmurları oxucuların diqqətinə çatdırırıq. 
 
Mərkəzi Bankı sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır. ASC sədrinin oğlu baş bankirin qızı ilə ailə həyatı qurub.
 
Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.
 
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyevlə qudadır. Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızı ilə evlidir. 
 
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov isə Xətai rayon prokuroru Yusif İldırımzadə ilə qudadır. Prokurorun qızı Ramil Usubovun oğlu Emil Usybovla evlidir. General-mayor rütbəsi daşıyan Emil Usubov Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisidir.
 
Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin qardaşı Adil Əliyev millət vəkilidir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib.
 
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub. Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışır. Talıbovun digər oğlu Rza Talıbov  Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.
 
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli Abşeron Rayon Polis idarəsinin rəisidir. 
 
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.   
 

Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.

Prezidentin Ramiz Mehdiyevin yerinə təyin etdiyi Samir Nuriyev kimdir?

Xəbər verdiyimiz kimi Prezidenti İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 Samir Nuriyevin dosyesini oxuculara təqdim edir.

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb, 2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Evlidir, iki uşaq atasıdır.