Son xəbərlər

Müdafiə naziri Çində bir sıra görüşlər keçirdi
Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Vitali Babayan

“1in.am”, Ermənistan, 18 oktyabr 2019-cu il

Artsaxın (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan bu günlərdə baş tutmuş mətbuat konfransının gedişində Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin tənzimləməsilə bağlı siyasəti haqqında danışarkən, deyib ki, 2018-ci ilin dinc, məxməri, xalq inqilabınadək danışıqlar masasında olan təkliflər paketindən imtina edilməməlidir.

O demək istəyir ki, Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməlidir və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.

Bu bəyanatdan sonra yaranan əsas sual budur: Serj Sarkisyan danışıqlar masası arxasında qeyd edilmiş hansı nəticələri əldə edib?

Aşağıda həmsədrlərin 18 yanvar 2018-ci ildə etdiyi son təklifləri təqdim edirik:

Həmsədrlərin təklifləri, Krakov, 18.01.18.

1-ci bənd

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinin bir-birinə bağlı olan son məqsədləri:

– Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması;

– tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan, – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq, – ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;

– regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;

– mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;

– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsidir.

2-ci bənd

Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.

Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca, – Kəlbəcər və Laçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla, – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.

3-cü bənd

Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.

Qarabağın mövqeyi

Mətbuatda çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Bako Saakyan, öncəki hakimiyyət nümayəndələrilə görüşdən, Serj Sarkisyan tərəfindən təyin olunmuş məsləhətçilərlə müzakirələrdən sonra keçirib.

Yaranan əsas sual budur: Qarabağ hakimiyyəti, şəxsən Bako Saakyan Serj Sarkisyanın miras qoyduğu bu təklifləri dəstəkləyirmi? Eyni zamanda, bütün DQR (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) prezidentliyinə namizədlər, parlament seçkilərində iştirak edən bütün qüvvələr də bununla bağlı mövqe bildirməlidirlər.

Yeri gəlmişkən, bu, Artsaxın (Dağlıq Qarabağ-tərc.) danışıqlar prosesinə qaytarılması üçün ciddi bir siqnal ola bilər. Qoy onlar bəyan etsinlər ki, Paşinyandan fərqli olaraq, danışıqlar prosesini Serj Sarkisyanın qoyub getdiyi nöqtədən başlamağa hazırdırlar.

Hazırda Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyanınn kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir.

Qoy DQR hakimiyyəti açıq şəkildə bəyan etsin ki, 3-cü bənd istisna olmaqla, elə həmin təkliflərdən ibarət olan “Lavrov planı”nı dəstəkləyir. Yəni, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, hətta aralıq status olmadan, Azərbaycana qaytarılması nəzərdə tutulur. Bəzi məlumatlara əsasən, “Lavrov planı” Artsaxın (Dağlıq Qarabağın-tərc.) statusuna heç cür təsir etmir.

Qoy Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyan Vitali Balasanyanın dili ilə deyil, birbaşa bəyan etsin ki, bu planı dəstəkləyirlər.   /Strateq.az/

“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.

“30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, – deyə Eldar Əzizov bildirib. (Azxeber.com)

İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Əmək” ordeni ilə
Babayev Məmmədhəsən Cəbir oğlu
Cəfərov Tahir Dəmir oğlu
Quliyev Şirin İsmayıl oğlu
Yusifov Üzeyir Milan oğlu

"Tərəqqi” medalı ilə
Abzərov Mübariz Əli oğlu
Baxışov Qeysər Qəzənfər oğlu
Ələkbərov Rauf Həsən oğlu
Əliyev Həsənbala İskəndər oğlu
Gözəlov Eyyub Xamməmməd oğlu
Hatəmi Tomrid Fərzulla oğlu
Xəlilov Xeyrulla Musa oğlu
İsayev Abusalat Fərhad oğlu
Qədimov Valeh İsmayıl oğlu
Mitsuyuki Sato
Morimitsu Masao Yasuo
Musayev Rəşid Nurəddin oğlu
Ocaqov Sübhi Daşdəmir oğlu
Sadıqov Ağasəməd Mirzəhüseyn oğlu
Sadıqova Həvva Tahir qızı
Süleymanlı Araz Süleyman oğlu
Şəfiyev Hakim Xəlil oğlu
Tağıyev Vaqif Qoşunəli oğlu
Vəliyeva Şəfa Aslan qızı
 

 

 
Vilayət Eyvazovdan yeni — TƏYİNAT
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Prezident Milli Məclisə uşaqlarla bağlı qanun layihəsi göndərdi
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
Komitə sədri Aqiyə Naxçıvanlı iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə komitəyə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirə olunacağını bildirib.

Qeyd olunub ki, sənəd Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin üçüncü Zirvə toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, eləcə də digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb.

Komitə sədri vurğulayıb ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Prezident İlham Əliyevin qərarı ilə verilmiş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub. Bəyanatda deyilir: “Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir.

Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaqlar”.

Çıxış edən komitə üzvləri Sahibə Qafarova, Sədaqət Vəliyeva, Tahir Rzayev, Ağacan Abiyev, Dilarə Cəbrayılova milli maraqlarımızın qorunmasına xidmət edən sənədin uşaqların gələcəyində böyük əhəmiyyətə malik olacağını söyləyiblər.

Müzakirələrin sonunda qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına dair Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birgə Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə olundu.
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Feysbuk səhifəsində ictimai-siyasi proseslərlə bağlı diqqətçəkən məqalə ilə çıxış edib.

Axar.az sözügedən məqaləni təqdim edir:

İyirmi altı il bundan əvvəl Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş ümummilli lider Heydər Əliyevin ölkəmizin sanki bu gününə ünvanlanmış müdrik bir kəlamı var: “Tarix həmişə hər şeyi öz yerinə qoyur... Əgər hər hansı bir ölkənin vətəndaşları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik məmləkət belə ən böyük dövlət qədər qüdrətli olur”. Ulu Öndər bu tarixi sözləri ölkəmizin ən ağır günlərində, xalqın gələcəyə inamının, ümidlərinin tükəndiyi çox çətin bir vaxtda söyləmişdi. Lakin o təkcə bu çətinliyi və reallığı görməklə, bu haqda həyəcan təbili çalmaqla kifayətlənməmiş, doğma xalqını öz ətrafında birləşdirərək siyasət meydanına atılmış , Azərbaycanın müstəqil dövlətçiliyini xilas etmişdir və bugünkü güclü dövlətimizin əsaslarını yaratmışdır.

Həqiqətən keçən dövr göstərdi ki, tarix hər şeyi öz yerinə qoyur; bu xalqı sevməyən, bu dövləti dağıtmağa çalışan xəbis niyyətli insanların bütün planları zaman-zaman puç oldu. Min illər boyu yaşadığımız bu torpaqlarda babalarımızın xəyal belə edə bilməyəcəyi tarixin ən qüdrətli Azərbaycan dövləti quruldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dövlət hazırda öz tarixinin ən möhtəşəm inkişaf dövrünü yaşayır. Tək elə buna görə Azərbaycan xalqının və onun müdrik liderinin adı qızıl hərflərlə tarixə yazilmışdır. Çünki, 1993-cü ildə ölkənin məhv olmaq təhlükəsini görən və nicatını öz liderinin - Heydər Əliyevin qayıdışına bağlayan da, 2003-cü ildə ölkəni yenidən 1990-cı illərin anarxiya və xaosuna qaytarmaq istəyənlərə yox deyərək, Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşən də məhz bu xalqdır!

Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başlayarkən ilk çıxışında Heydər Əliyevin daxili və xarici siyasət kursunu dönmədən davam etdirəcəyini, ölkəni davamlı islahatlar yolu ilə gələcəyə aparacağını bəyan etmişdi. Aradan keçən zaman ərzində bu vədə dönmədən əməl olunmuş, ölkə həyatının bütün sahələrində Heydər Əliyev kursu, milli-mənəvi dəyərlərə sadiqlik qorunmaqla dinamik islahatlar həyata keçirilmişdir. İlham Əliyevin 16 illik prezidentlik fəaliyyəti onu məhz qurucu-islahatçı lider kimi xarakterizə etməyə tam əminlik yaradır. İslahatçı liderlər xalqının, dövlətinin gələcək taleyi üçün lazım olan və vaxtı çatan dəyişiklikləri zamanında görür, müasir dövrün yeniliklərini və trendlərini uyğun formada öz ölkəsində tətbiq edir, davamlı islahatlar yolu ilə iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrini modernləşdirirlər. Bununla yanaşı, yenilikçi liderlər həm də geniş xalq kütlələrini öz siyasəti və islahat kursu ətrafında birləşdirir, ictimai ideallara, milli-mənəvi dəyərlərə söykənir, onları inkişaf etdirir və qoruyurlar.

İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı bu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı qeyd etmişdir ki, biz islahat naminə islahat aparmırıq, məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına təkan verək, hələ də həllini tapmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmazlıqları aradan qaldıraq. Bizim gənclərimiz də dövlət həyatında yaxından iştirak etməlidirlər, yaxşı təhsil almalı, fiziki və mənəvi cəhətdən sağlam olmalı, milli vətənpərvərlik ruhunda böyüməlidirlər.

Bu fikirlərdə İlham Əliyevin islahatçı yanaşması özünü aydın şəkildə büruzə verir və bəzi postsovet ölkələrində müşahidə etdiyimiz ”rəngli inqilab” ssenarilərindən köklü şəkildə fərqlənən inkişaf yolunu təqdim edir. Rəngli-qanlı inqilabların liderləri özlərinə qədər hər hansı idealların, siyasi, bəzən də mənəvi irsin mövcudluğunu inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, ölkənin adının, əlifbasının, bir sözlə, hər şeyin məhv edilərək yenidən başlanması yolunu tuturlar. Prezident İlham Əliyevin islahatlar kursunda belə eksperimentlərə, nihilist yanaşmalara yer yoxdur. 2019-cu ildə Azərbaycanda yeni islahatlara start verilməsi də “rəngli inqilab”ların təklif etdiyi yol deyil, 1930-cu, 1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad Adenauer Almaniyasında, 1980-1990-cı illərin Məhazir Muhəmməd Malayziyasında, 1960-1970-ci illərdə Sinqapur və Cənubi Koreyada, eləcə də qansız-rəngsiz inkişaf yolu keçmiş digər ölkələrdə müşahidə etdiyimiz təkamül, köklü islahatlar yoludur.

Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadə bir vəd vermirdi, xalqa xidmət missiyasının strateji hədəfini göstərir, ana xəttini ortaya qoyurdu. Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində İlham Əliyev verdiyi vədə, seçdiyi strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın prezidenti olduğunu nümayiş etdirmişdir. O, hər zaman xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi üçün əzmlə çalışmış, milli mənafelərimizin müdafiəsi naminə beynəlxalq platformalarda ən ağır şərtlər altında belə öz mübarizəsindən, prinsipial mövqeyindən geri çəkilməmişdir. Dövlətimizin suverenliyi, müstəqilliyi naminə aparılan bütün mübarizələrin önündə dayanmışdır.

Bu illər ərzində Azərbaycanın iqtisadi bazisi kökündən dəyişmiş, ölkədə böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyişə nail olunmuşdur. Ötən müddət ərzində iqtisadiyyat 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmış, ölkə iqtisadiyyatına 260 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu, müstəqillik dövründə Azərbaycana yatırılan investisiyaların 93 faizini təşkil edir və onun təxminən yarısı daxili mənbələrin payına düşür. Valyuta ehtiyatlarımız artıq 49 milyard dolları keçmiş, ölkədə 2 milyondan çox yeni iş yeri yaradılmışdır. Bəhs etdiyimiz dövr ərzində maaşlar və pensiyalar 10 dəfəyə qədər artırılmış, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilmiş, güzəştli şərtlərlə sahibkarlara 2 milyard manatdan çox kredit verilmişdir.

Ötən 16 il ərzində Azərbaycanın sosial-iqtisadi infrastrukturu başdan-başa yenilənmiş, paytaxt küçələrindən tutmuş ən ucqar bölgələrə qədər müasir nəqliyyat şəbəkəsi yaradılmış - 14 min kilometr yol çəkilmiş, 450 körpü inşa olunmuşdur. Paytaxtda 4 yeni metro stansiyası istifadəyə verilmiş, bir neçə stansiyada yenidənqurma işləri həyata keçirilmişdir. Onu da qeyd edim ki, Azərbaycan postsovet məkanında metro tikintisi aparılan iki ölkədən biridir. Azərbaycanın tranzit imkanlarını genişləndirən Xəzər dənizində ən böyük liman – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır. Ölkədə 3100-dən çox məktəb, 650-dən çox tibb müəssisəsi inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Mədəni və elmi infrastruktur, o cümlədən tarixi binalar, teatr və muzeylər, ali təhsil ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Paytaxtda müasir tələbələrə uyğun inşa edilən idman sarayları, meydançalar illərdir əhaliyə xidmət göstərir, mühüm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin edirlər. Bununla yanaşı, respublikanın bütün bölgələrində vətəndaşlara xidmət edən sosial mərkəzlər, Olimpiya-İdman kompleksləri və s. obyektlər inşa olunaraq istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.

Prezident İlham Əliyevin ciddi səyi ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və funksionallığının artırılması istiqamətində böyük işlər görülmüşdür. Respublikada 7 hava limanı yenidən qurularaq istifadəyə verilmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı isə dünyanın “5 ulduz”lu 9 əsas hava limanı sırasına daxil olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz artıq nəhəng enerji və nəqliyyat qovşağına çevrilmişdir. Həmçinin Azərbaycan özünün üç süni peykini orbitə çıxararaq dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işlərin əsas qayəsi, əlbəttə ki, ilk növbədə xalqa xidmətdir. Ötən dövrdə ölkəmizdə sadəcə modernləşmə və infrastruktur yenilənməsi baş verməmiş, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində ciddi addımlar atılmış, sosial-siyasi və digər sahələrdə sistem xarakterli köklü islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, yenilənmiş və modern Azərbaycan dövlətini yaratmağa müvəffəq olmuşdur. Bu dövlətin əhaliyə xidmət sferası da müvafiq olaraq tamamilə yenilənmiş, “şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir” deyən dövlət başçımızın müvafiq qərarı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilmiş, əhaliyə göstərilən xidmətlər ASAN Xidmət mərkəzlərində - vahid sistemdə birləşdirilmişdir. Təkcə 2013-2018-ci illər ərzində bu mərkəzlərə 24 milyona yaxın müraciət qeydə alınmışdır. Beləliklə, Prezident İlham Əliyev bu addımı ilə eyni zamanda Azərbaycanın atrıq dünyada tanınan, beynəlxalq miqyasda maraq göstərilən və tətbiq olunan ASAN Xidmət brendini formalaşdırmışdır. Dövlət başçısının əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamı kimi xarekterizə edilməlidir.

Hakim Yeni Azərbaycan Partiyası da öz liderinin təşəbbüslərinə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmişdir. Partiya öz sıralarına çoxsaylı yeni üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edəcək yeni intellektual kadrlar cəlb etmişdir. Yeni Azərbaycan Partiyası özünün siyasi ənənələrinə söykənən yenilənmə kursunu davamlı və ardııcıl şəkildə davam etdirmişdir.

Göründüyü kimi, Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin təməlində insan, vətəndaş amili, xalqın maddi-mənəvi, milli maraqları dayanır. Təbiidir ki, 16 il ərzində bir əsrə sığacaq nəhəng işlərə, böyük uğurlara imza atan liderin – cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqı tərəfindən tam dəstəklənir. Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi Prezident İlham Əliyevə müstəqil, prinsipial, qətiyyətli, milli maraqları ifadə edən siyasət yürütməyə imkan verir. Belə liderə qalib gəlmək heç bir qüvvəyə, ələlxüsus da hazırkı radikal müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq.

Bu ölkədə yenilənmək istəməyənlər yalnız 26 ildir Azərbaycanı xaos və anarxiyaya sürükləyən radikal müxalifət cəbhəsinin rəhbərləridir. Uzun illərdir heç bir cəlbedici ideya və yaxud alternativ təklif ortaya qoya bilməyən, eyni cəfəng fikirləri təkrar-təkrar tirajlayan, bir neçə ambisiyalı şəxsin ətrafında cəmləşərək gecə-gündüz hakimiyyət eşqi ilə qovrulan, əsassız iddialarla dövlət qurumları və dövlət qulluqçularını mənəvi terrora, biabırçı söyüş kampaniyasına məruz qoyan, Azərbaycan cəmiyyətini ənənəvi pozucu fəaliyyətləri ilə bezdirən, 1990-cı illərin kif bağlamış qaranlığından çıxmaq iqtidarında olmayanlar keçən bütün dövr ərzində dayanmadan ölkədə hakimiyyətin dəyişməsini tələb etmişlər. Əlbəttə, heç bir iqtidar daimi deyil. Hər hansı bir siyasi partiyanın formalaşdırdığı iqtidarın ölkəni hansı müddətdə idarə etməsini Azərbaycan xalqı seçki yolu ilə müəyyən edir. Bu il fevralın 18-də qələmə aldığım “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləmdə də qeyd etmişdim ki, cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin cari proseslərə, gələcəyə hesablanmış proqramlara, konsepsiyalara baxış və rəylərini öyrənmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazır formada qalması üçün vacib şərtdir. Lakin Azərbaycan xalqı, onun iradəsi ilə formalaşmış dövlət strukturları, xalq qarşısında öz məsuliyyətini dərk edən hakimiyyət, əlbəttə ki, dövləti kimin, hansı qüvvələrin ümidinə buraxacağının fərqində olmalıdır. Məsuliyyətli hakimiyyət gələcək iqtidarların antimilli və məişət təfəkkürlü ünsürlər, yenilənmək istəməyən klaviatura qəhrəmanları, “sosial şəbəkə pələngləri”, şübhəli xarici dairələr önündə xüsusi öhdəlikləri olan yalançı opponentlər tərəfindən formalaşdırılmasına qətiyyən yol verə bilməz. Sağlam və etibarlı iqtidarlar yalnız yüksək dövlətçilik təfəkkürünə malik, özünütənqid ruhunda yetişmiş, yeniliklərə, dünyada gedən qlobal proseslərə açıq, xalqın fərqli kəsimləri ilə işləməyə hazır və qadir olan iradəli, milli düşüncəli insanlar tərəfindən formalaşırlar. Odur ki, dövlətimizin indiyə qədər qət etdiyi yol, cəmiyyətin bugünkü reallıqları və inkişaf perspektivləri iqtidar komandası tərkibində, hakimiyyət strukturlarında olduğu kimi, müxalifət düşərgəsində, siyasi partiyaların rəhbərliyi və tərkibində də daim yenilənməni, yeni düşüncəli, yeni təfəkkürlü və sağlam reputasiyalı insanların ortaya çıxaraq sağlam opponentlik missiyasını öz əllərinə almasını əsl sosial sifarişə çevirmişdir.

Lakin nədənsə biz yeni müxalifətin yaranma zərurəti haqqında danışanda, bəzi opponentlərimiz məsələyə ifrat həssaslıqla mənfi reaksiya verirlər. Əgər, doğrudan da siyasi mübarizə aparmaq, “pozisiyada” deyil, “oppozisiyada” olmaq iddia edildiyi kimi, məhrumiyyətlər, sıxıntılar, təqiblər, itkilər deməkdirsə, o zaman onların yeni qüvvələr tərəfindən əvəzlənməsi niyə bu qədər narahatlıq yaratsın ki? Axı yeni müxalifət, yeni qüvvələr deyəndə başqa bir məmləkətdən, başqa bir qalaktikadan sifarişlə hansısa yeni siyasi liderləri gətirib partiyaların başına qoymaqdan, yaxud opponent etməkdən söhbət getmir. Son prezident, parlament, bələdiyyə seçkilərinin nəticələri ortadadır, burda II, III, IV nəticə göstərən qüvvələr var, onların adları, ünvanları cəmiyyətə bəllidir, fəaliyyətləri də göz qabağındadır. Onlar parlamentdə, bələdiyyələrdə təmsil olunurlar. Bu partiyaların fəaliyyətinin də nə dərəcədə səmərəli olub-olmadığını növbəti seçkilərdə seçicilər müəyyən edəcək. Yəni, iqtidarın necə yanaşmasından asılı olmayaraq, cəmiyyətdə yeni müxalifət formalaşır. Əlbəttə, biz fərqindəyik ki, sosial şəbəkələrin, yeni informasiya vasitələrinin imkanlarından istifadə edərək özünü cəmiyyətə yaxşı təqdim etməyi bacaran, müəyyən alternativ ideoloji baxışların daşıyıcıları olan gənc və orta nəsil siyasətçilər də meydana çıxmaqdadır. Yaxud, köhnə müxalifətin içərisindən müəyyən insanlar bu imkanlardan istifadə edib özlərini cəmiyyətə yeni biçimdə təqdim etməkdədirlər. Həmçinin vaxtilə AXC hakimiyyətində təmsil olunmuş və AMİP, Müsavat, AXCP, ASDP sıralarında olmuş onlarla siyasətçi, mütəxəssis, ekspert dövlət qurumlarında, QHT sektorunda, elm sahəsində, biznesdə, parlamentdə uğurla fəaliyyət göstərir, fərqli beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Əminik ki, bu cür potensialı olan, lakin hazırda üzv olduqları müxalif partiyaların dəyişməz rəhbərləri tərəfindən potensiallarının açılmasına imkan verilməyən çoxsaylı gənclər də ortaya çıxacaqdır. Yaşlı və orta nəsil müxaliflərə gəlincə, onların arasında antimilli fəaliyyətdə, “xüsusi söyüş dəstələri”nin təşkilində iştirak etməmiş sabiq nazirlər, keçmişdə iri məmur korpusunda təmsil olunan şəxslər də var. Biz “yeni müxalifət” deyəndə məhz ölkəmizin belə geniş spektrini nəzərdə tuturuq. Düşünürəm ki, bu geniş spektr Azərbaycanda sivil mübarizə aparmaq istəyən, ölkədəki nümunəvi sabitliyin davam etməsində və lazımi məqamlarda yenilənməsində maraqlı olan bütün ictimai-siyasi qüvvələri əhatə edir. Biz bu cür qüvvələri təqdir edirik, bu il sentyabrın 9-da dərc edilmiş məqaləmdə də vurğuladığım kimi, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa tam açıqdır.

Əminəm ki, bu gün xalqı inqilaba səsləyənlərin bir zamanlar öz cılız siyasi ambisiyaları ilə uçurumun kənarına gətirdikləri, yalnız ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində xilas olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başdan-başa yenilənib qüdrətli dövlətə çevrilən Azərbaycanın yenidən 1990-cı illərin riskləri ilə üz-üzə buraxılmasına xalqımız və dövlətimiz heç zaman imkan verməyəcək. nXalqımız 2003-cü ildə İlham Əliyevə ciddi etmiad göstərmiş və böyük səs çoxluğu ilə onu özünə rəhbər seçmiş, sonrakı seçkilər də bu etimadın daha da yüksəldiyini əyani şəkildə nümayiş etdirmişdir. Prezident İlham Əliyev ökəmizə 16 illik rəhbərliyi dövründə Azərbaycanı daha müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan, sözünü deməyi və prinsipial mövqeyini sonadək müdafiə etməyi bacaran bir dövlətə çevirməyi bacarmışdır. Hazırda keçirilən sorğuların nəticələri də təsdiq edir ki, Azərbaycan xalqı İlham Əliyevə alternativ görmür, onun arxasındadır, ona etimadı və güvəni hədsizdir. Amma ötən 26 ildə radikal qrupların təhriki və anti-milli fəaliyyəti nəticəsində yalnız qalmaqlallarla, didişmələrlə, ziddiyyətlərlə, qopma və parçalanmalarla yadda qalan qeyri-konstruktiv müxalifət bu gün fəlakətin bir addımlığındadır. Reallıq budur ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyat ritmini pozmağa çalışan belə müxalifətçilərlə birlikdə gələcəyə doğru addımlaya bilməz. Bu müxalifət hakimiyyət uğrunda sivil mübarizə metodlarını inkar edir, hal-hazırda belə dağıdıcı və qeyri-konstruktiv qruplarla iqtidar-müxalifət dialoqunu təşkil etmək mümkünsüz görünür və onların bundan sonrakı dövrdə siyasi arenada qalması ölkəmizin siyasi palitrası üçün yaxşı heç nə vəd etmir. Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilən 50 nəfərlik qanuni piketi qeyri-qanuni küçə yürüşü və mitinqə, özlərinin iddia etdiyi kimi “sosial inqilaba”, vətəndaş qarşıdurmasına çevirmək istəyənlər, süni qarışıqlıq yaradaraq öz çirkin məqsədlərinə nail olmağa çalışanlar, əlbəttə ki, yenilənməyə müqavimət göstərəcəklər. Azərbaycanda yenilənmək istəməyən də məhz belələridir ki, özlərinin bir ovuc tərəfdarı ilə aranı qarışdırmağa cəhd göstərməkdən başqa bir fəaliyyət ortaya qoya bilmirlər.

Bəli, bu gün Azərbaycanda hər şey inkişaf edir və yenilənir. Hətta, müxalifətin əsas etiraz məkanı olan “Məhsul” stadionu da yenidən qurulur, təmir olunur və müasir görkəm alır. Amma 26 il müddətində radikal müxalifət düşərgəsində rəhbər kürsüləri zəbt edərək, sivil istefa nümunəsi ortaya qoymağı bacarmayan Əli Kərimli tipli “əvəzsiz liderlər” təmsil olunduqları düşərgədə istənilən pozitiv dinamikanı öz mövcudluqları üçün təhlükə hesab edirlər. Buna görə də xalq tərəfindən kütləvi şəkildə baykot olunmuş bu radikal və dağıdıcı müxalifət “liderlərindən” qurtuluşun tam zamanıdır. Dinamik inkişaf edən, müasirləşən Azərbaycana, yeniləşən cəmiyyətimizə, yenidən qurulan geniş meydanlara sağlam düşüncəli təşkilatlar, qurucu, konstruktiv və sağlam müxalif qüvvələrin gəlişi zamanın tələbidir.
Prezident Rövşən Rzayevi qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
Bəzi məmurların “reket jurnalistlər” ilə əlaqəsi var - Əflatun Amaşovdan sensasion ETİRAF
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi müşavirədə ölkənin inkişafı ilə bağlı bir sıra vacib məqamları vurğuladı

O, həmçinin bu inkişaf üçün aparılan islahatlara maneçilik törədən hallar barədə də ətraflı söz açdı. İslahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğunu diqqətə çatdıran dövlət başçımız həmin şəxslərin öz istək və maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi. Cənab İlham Əliyevə belə həssas məsələyə diqqət ayırdığı üçün təşəkkürümü bildirirəm”.

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

O qeyd edib ki, Azərbaycan Mətbuat Şurası ayrı-ayrı şəxslərin mediadan korporativ maraqlar naminə yararlandıqları reallığını dəfələrlə vurğulayıb.

“Bunu bəzən özlərinə rəqib şəxslər barədə kompramat materiallar dövriyyəyə buraxmaqla gerçəkləşdiriblər. Həmin materiallar isə bir qayda olaraq jurnalistikadan sui-istifadə edənlərin əlinə düşüb. Mətbuat Şurası belələrini «reket jurnalistlər» adlandırır. Hətta bəzi məmurlarla «reket jurnalistlər» arasında təmasın olduğuna dair şübhələrimiz də olub. Bu qənaətimiz Şuraya daxil olan şikayətlərin motivinə əsaslanıb”, - Ə.Amaşov qeyd edib.

Ə.Amaşovun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası belə hallara qarşı daim mübarizə aparıb.

“İllərdir ki, Şuranın tərkibində «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası fəaliyyət göstərməkdədir. Komissiyada dövlət qurumlarının nümayəndələri də təmsil olunurlar.

Mətbuat Şurası peşə vəzifəsindən sui-istifadə edən, insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzuna zərər vuran kütləvi informasiya vasitələrinin adlarının yer aldığı «qara siyahı» tərtib edib. «Qara siyahı» media sahəsindəki yarıtmazlıqlara qarşı mübarizədə ən tutarlı ictimai qınaq tədbiridir. Ancaq bu yetərlidirmi? Təbii yox.

Bəli, ictimai qınaq yetərli deyil. Çünki məsələnin kökündə hansısa KİV-in peşə müstəvisində yol verdiyi nöqsan və ya nöqsanlar dayanmır. Bir çox məsələlər bilərəkdən, planlaşdırılmış şəkildə həyata keçirilir. Cənab Prezidentin çıxışında səsləndirdiyi məqamlar məhz bundan irəli gəlir.

Ölkədə aparılan islahatları gözləri götürməyən qüvvələr mövcuddur. Ancaq məsələnin digər tərəfi də var. Heç kəs təminat verə bilməz ki, bu qüvvələr nə vaxtsa xaricdəki anti-milli dairələrlə əlaqə qurmayacaqlar. Bu gün islahatı özlərinin şəxsi maraqlarına təhdid kimi görənlər sabah bu təhlükəni aradan qaldırmaq üçün kimlə desən əməkdaşlığa gedərlər. Şübhəsiz ki, hazırkı boşluqda onların medianın gücündən faydalanma ehtimalları mümkündür. Deməli, qarşıda duran vəzifə həmin boşluğu aradan qaldırmaqdır. Yəni bir daha vurğulayım, yalnız ictimai qınaqla kifayətlənmək olmaz.

Medianın sırf dövlət tərəfindən nizamlandığı, tənzimləndiyi dövrə qayıda bilmərik. Buna görə Azərbaycan Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsini təklif etmişik. Nəzərə almaq lazımdır ki, medianın özünütənzimləmə modeli kimi Şuranın ictimai qınaqdan başqa müəyyən təsir rıçaqları olmalıdır. Bu, yalnız bizim fikrimiz deyil, bütövlükdə media ictimaiyyətinin mövqeyidir.

İkincisi, bu gün internet media orqanlarının həyatımıza təsiri çox güclüdür. Amma bu təsir cəmiyyətin tələblərinə nə dərəcədə adekvatdır? Biz bəzən yayımladığı material şikayətə səbəb olmuş internet KİV-in ünvanını tapa bilmirik. Sayta baxırsan, heç bir əlaqə vasitəsinə rast gəlinmir. Çünki KİV kimi bunu onlardan heç tələb edən də yoxdur. Yəni məsələnin hüquqi məsuliyyətini daşımırlar. Buna görə təklif etmişik ki, internet media hüquqi münasibətlər sistemində özünə məhz KİV kimi yer tutsun”.

Mətbuat Şurasının sədri bildirib ki, ümumən islahatlar KİV sahəsini də əhatə etməlidir:

“Reklam bazarı genişləndirilməlidir. Bunun üçün hüquqi mexanizmlər işə salınmalıdır. KİV-lərin yayımı və satışı işi təkmilləşdirilməlidir. Əgər birbaşa qanunvericilik islahatından danışırıqsa, diffamasiya məsələsinə ciddi önəm verilməlidir. Nəzərə alınmalıdır ki, diffamasiyanın dekriminallaşdırılması yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması demək deyil. Diffamasiya mühiti media sisteminə yeni düzən gətirən sistemdir. Dünya praktikasına baxsaq, bu sistemdə sözə, ifadə edilən fikrə görə məsuliyyət həddən artıq böyükdür, cəza tədbirləri isə kifayət qədər adekvatdır. Biz buna nail olmalıyıq.

Bir daha bildirməliyəm ki, cənab İlham Əliyevin iqtisadi müşavirədə səsləndirdiyi fikirlər son dərəcə vacibdir, aktualdır. İstənilən cəmiyyətdə yeniliyi bir növ, süngü ilə qarşılayanlar olur. Azərbaycanda da var. Dövlət başçımız çıxışında bunun media üzərindən gerçəklişdirildiyinin anonsunu verdi. Bu bizim üçün kifayət qədər ciddi siqnaldır.

Əlbəttə, media islahat gedişində nəzərə çarpan nöqsanları, çatışmazlıqları diqqətə çatdırmalı, hətta ən sərt tənqidə də yer verməlidir. Ancaq heç bir halda tənqid qərəzə köklənməməlidir, onun hərəkətverici qüvvəsi yalnız ictimai maraq və mənafe olmalıdır. Hansısa media orqanı nəyinsə müqabilində islahatın qarşısında dayanan qüvvənin ruporu rolunda çıxış edirsə, özünün ictimai missiyasını unutmuş olur. Dövlət başçısının da bildirdiyi kimi, ortaya çox ciddi siyasi iradə qoyulub - “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”. Peşəsinə sadiq jurnalistlərin toplaşdıqları media orqanlarımız məhz bunun üçün çalışırlar və heç bir qüvvə bu yolun gedilməsinə qarşı çıxa bilməz”.
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
“The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurasının nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillikdən sonra” kitabının müəllifi Svante Kornellin məqaləsi dərc edilib.
Müəllif Prezident İlham Əliyevin apardığı islahatları təhlil edib, onların regionun inkişafına təsirini və ABŞ ilə strateji dialoqun möhkəmlənməsinə əlverişli şərait yaratmasını əsaslandırıb.

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm ölkədir.

Qeyd edilir ki, İsraillə sıx münasibətləri olan dünyəvi Azərbaycanın əhalisi qərbyönlüdür. Ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiya üzərindən Avropa ilə Çini birləşdirən quru yolları marşrutunun inkişafında əsas mərkəzə çevirir.

Müəllif qeyd edir ki, daha əhəmiyyətlisi, Azərbaycanın öz neft-qaz ehtiyatlarını Avropa bazarlarına ixrac etmək üçün boru kəmərlərini inşa etməsi digər tədarükçülərdən asılılığı azaldan mənbənin yaradılmasına və qaz ixracını şaxələndirməyə imkan verib.

Məqalədə vurğulanır ki, bu səbəblərdən Vaşinqton və Bakı arasında strateji münasibətlər Azərbaycanın ərazisinin ölçüsü ilə müqayisə edildikdə, ehtimal ediləndən daha mühümdür.

Tramp administrasiyasının ABŞ-ın Avrasiyada strateji mövqeyini yenidən nəzərdən keçirdiyini nəzərə alsaq, ölkədə həyata keçirilən islahatlar zamanla səsləşir. İslahatların həyata keçirilməsi ilə bağlı indiki səylər 2015-ci ildə - neftin qiymətlərinin enməsi ilə bağlı olsa da, onlar Azərbaycanda bundan əvvəl də aparılıb.

Məsələn, 2001-ci ildə Norveç modeli əsasında Dövlət Neft Fondu yaradılıb. 2012-ci ildə “süni vasitəçiliyi aradan qaldıran” və bununla da vətəndaşlarla dövlət qulluqçuları arasında təmasları azaldan, habelə ölkədə dövlət xidmətlərinin göstərilməsinə mane olan kiçikmiqyaslı korrupsiyanı minimuma endirən “ASAN xidmət” istifadəyə verilib.

Bu xidmət çox populyardır və İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət xidmətlərinin göstərilməsində “korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında” onun fəaliyyətini yüksək qiymətləndirib, - deyə Kornell yazır.
Müəllif qeyd edir ki, 2014-cü ildə neftin qiymətlərinin düşməsi ölkədə iqtisadi vəziyyəti pisləşdirib. Bundan sonra fəal islahatlara başlanılıb. İqtisadiyyatın şaxələndirilməsinin bəlli metodu Avropa və Asiyanı birləşdirən quru yolu ilə nəqliyyat dəhlizinin inkişafı üzrə Çin və Avropa ölkələrinin planlarında iştirak etmək idi.

Kornell vurğulayır ki, Prezident İlham Əliyevin islahatlara yanaşma tərzi həmişə köhnə institutların “təmiri” deyil, mümkün qədər yeni təsisatların yaradılması olub. Sonrakı üç ildə, ilk növbədə, iqtisadiyyatda və məhkəmə sistemində islahatların təşəbbüskarı və bayraqdarı Birinci vitse-prezidentin ofisi oldu.

Amerikalı ekspert yazır ki, hökumət tərəfindən Mədəniyyət Nazirliyindən ayrı turizm agentliyi yaradıldı və viza prosedurları sadələşdirildi. Hazırda “ASAN xidmət” tərəfindən idarə edilən elektron viza sistemi dünyada bu sahədə ən sadə hesab olunub və onun sayəsində Çin, Cənubi Koreya və bəzi Körfəz ölkələrinin vətəndaşları vizaları ölkəyə giriş zamanı əldə edə bilirlər.

Bu, turizmin böyük inkişafına səbəb oldu: 2008-ci ildəki 1 milyon nəfərlə müqayisədə, 2017-ci ildə Azərbaycana 2,6 milyon turist gəlib. 2019-cu ildə turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Eyni zamanda, Bakı özünün kosmopolit ab-havası və parlaq mədəni həyatı ilə Körfəz regionunun ərəb ölkələrindən bir çox turisti cəlb edir. Lakin Azərbaycanın fəal səyləri nəticəsində Bakıda Cənubi Asiyadan gələn bir çox turisti də görmək olar.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti ölkəni iki nəqliyyat dəhlizinin – Avropa İttifaqı və Çinin həyata keçirdiyi Şərq-Qərb və Rusiya-İran və Hindistanı birləşdirəcək Şimal-Cənub layihələrinin habına çevirməyi planlaşdırır.

Bu kontekstdə Bakının ətrafında yerləşən və azad iqtisadi zona olan Ələt limanı əsas mərkəzdir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə daxil olan yükləri 2017-ci ilin oktyabrında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə dərhal Avropadakı təyinat yerlərinə göndərmək mümkündür.

Həyata keçirilən bu islahatların nəticəsində Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci pilləyə qaldırıb. Dünya Bankı biznes qurmağın asanlığını, tikintiyə icazə almaq üçün “vahid pəncərə” sistemini, mülkiyyətin qeydiyyatını və vergi və rüsumların ödənilməsi, habelə gömrük proseduralarının həyata keçirilməsinin elektron və şəffaf sistemini xüsusi olaraq vurğulayıb.

Müəllif qeyd edir ki, bütün bunlar Amerika üçün yaxşı imkanlar yaradır. Böyük dövlətlərin əhatəsində olan Mərkəzi Asiya və Qafqazdakı nisbətən kiçik ölkələr Avrasiya geosiyasətində ABŞ-ın rolunu müsbət dəyərləndirməyə meyillidirlər.

Vaşinqton bu islahatların uğur qazanmasında və hökumətdəki islahatçılara dəyişikliklərin nəticələrini neytrallaşdırmağa can atan köhnə qüvvələrə qarşı kömək etməkdə maraqlıdır. Azərbaycanda islahatların keçirilməsi səyləri Vaşinqton və Bakı arasında müsbət istiqamətdə əməkdaşlığa əsaslanan ikitərəfli strateji dialoqun aparılmasına şərait yaradır.