Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhainin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır.

Avtomobil satışı üzrə ekspert Sərxan Qədirov Lent.az -a verdiyi açıqlamada qiymətlərdə kəskin ucuzlaşma olduğunu dilə gətirib:

“Hazırkı vəziyyətdə Azərbaycanın avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Maşın bazarının, avtosalonların fəaliyyət göstərməməsi və rayonlardan insanların gəlişinə icazə verilməməsi də qiymətlərin bu qədər ucuzlaşmasına gətirib çıxarıb. Hazırda ölkədə maşınların satışı ancaq sayt və avtomobil satış səhifələrində aparılır.

Ancaq yenə də, alıcı qıtlığı var və satışlar yox səviyyəsindədir. Əsasən, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərdə 10 faiz ucuzlaşma müşahidə edilir. Ancaq sovet maşınlarının qiymətində heç bir enmə qeydə alınmayıb. Bu da həmin avtomobillərə olan tələbatdan irəli gəlir. Karantin günlərindən sonra alıcıların kütləvi şəkildə bazara axışı gözlənilir. Buna görə də qiymətlərin ən azı əvvəlki səviyyəyə qalxacağı qaçılmazdır. Xüsusən, yay və payız aylarında qiymətlər daha da bahalaşacaq. Sovet maşınlarının isə əvvəlkindən də baha olacağı gözlənilir”.

Masallıda 10 ədəd subartezian quyusu qazılacaq

Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Bakıda torpağın qiyməti ucuzlaşıb
Koronavirus pandemiyası Bakıda torpağın və ticarət obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində torpaq bazarında qiymətlər 0.9 faiz azalıb.

N.İbrahimov vurğulayıb ki, kommersiya obyektləri bazarında isə qiymətlər mart ayı ərzində 5.54 faiz ucuzlaşıb. Ekspert əlavə edib ki, ümumilikdə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.

Ekspertin sözlərinə görə, pandemiya səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.
Kənd təsərrüfatı sahəsində çalışanlara
Kənd təsərrüfatı sahəsində çalışan işçilərə gündəlik nağd ödəniş edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında müzakirə edilərək  qəbul edilib və baxılması üçün pelnar iclasa tövsiyyə edilib.

 “Nağdsız hesablaşmalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklik barədə deputatlara məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  ilk olaraq qanuna edilən dəyişikliyin  əhəmiyyətini  qeyd edib. Bildirib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.

Müzakirəyə çıxarılan   “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verən komitə sədri vurğulayıb ki, qanuna təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söyləyiblər.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ arasındakı razılaşma çərçivəsində neft istehsalını 1,6 milyon barel azaltmağı qəbul edəcək.

Bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Rusiya Energetika Nazirliyinin adı açıqlanmayan rəsmisi 2020-ci ilin ilk rübü üçün bu azalmanın 14% olacağını bildirib.

Bu yenilikdən sonra neftin qiymətində yüksəliş gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC və Rusiya liderliyindəki bəzi OPEC+ ölkələri arasında ədalətli razılaşma əldə olunması üçün çağırış etmişdi. Bundan sonra ölkələr arasında 9 apreldə videokonfrans yolu ilə toplantı keçirilməsi planlaşdırılmışdı. (publika.az)

Elman Rüstəmovla bağlı qərar verildi
Milli Məclis Elman Rüstəmovu növbəti 5 il üçün Mərkəzi Bankın İH üzvü təyin edib.

Deputatlar ilk məsələ kimi  Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsini müzakirə etdi.

 Müzakirlərin yekunu olaraq deputatlar E. Rüstəmovu növbəti 5 il üçün Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediblər.

Prezidentdən fərman

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədin 1.1-ci bəndinə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilib.

Həmin bənddə yazılırdı ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

Bundan sonra isə Agentlik müvafiq sahədə təminatlar da verəcək.

Sənədin 2.0.3-cü yarımbəndinə isə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə olunub.

Sənədin əvvəlki variantında qeyd olunurdu ki, aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək Agentliyin fəaliyyət istiqamətidir.

Prezidentin fərmanı ilə edilən dəyişikliyə əsasən isə, 2.0.3 yarımbəndində nəzərdə tutulan kreditlərə təminat da verilməsi vurğulanıb.

Sənədə aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilib:

“Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək”.

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı

“Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”. 

Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:

“Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.

S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.

Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

Azərbaycanda bu şəxslərə koronavirusa görə 215 manat veriləcək
Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) üçün ayrılan kompensasiyanın məbləği müəyyən olunub.

Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

Belə ki, 300 min nəfəri əhatə edəcək muzdla çalışan işçilərə 215 manat vəsait ayrılacaq.

Baş nazirdən qərar
“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı” təsdiqlənib.

Oxu.az xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı müəyyənləşib.

Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların, digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri ƏDV-dən azad edilib.

Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün işlənmiş yükləyici qurğuların, digər yükləyici qurğuların hissələri də siyahıya daxil edilib.

Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınlarının hissələri də ƏDV-dən azad edilib. Lakin qazon və idman meydançaları üçün katokların hissələri istisna təşkil edir, yəni onlar bu siyahıda yer almır.

Pres toplayıcılar, saman, quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması, döyülməsi üçün maşınlar, mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, kalibrlənməsi üçün maşınların hissələri ƏDV-dən azad olunan malların siyahısına düşüb.

Qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisnadır.