Son xəbərlər

Bakıda iki oğlanın nişanı oldu
Bakıda baş tutduğu iddia edilən görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Oxu24.com xəbər verir ki, videodan göründüyü kimi Bakıda ilk dəfə homoseksual cütlüyün nişan mərasimi keçirilib.

Oğlanlardan biri diz çöküb və digər oğlana evlilik təklif edir. "Hə" cavabını alan cütlük daha sonra öpüşür.

Sözügedən kadrlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Evliliyi normal qəbul edənlərlə yanaşı çox sərt formada tənqid edənlər də var.

Yüksək səslə danışanlara XƏBƏRDARLIQ
SARS-CoV-2 virusu təkcə öskürək və asqırıqla deyil, yüksək səslə danışanda, eyni zamanda qışqıranda da yayılır.

Bu barədə ABŞ Milli Səhiyyə İnstitutu araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, virus daşıyıcısı şəxs maskasız formada yüksək səslə danışanda və ya qışqıranda ətrafa tüpürcəklə birlikdə yayılan virus damcıları 8-14 dəqiqə havada qalır. Araşdırmaya qatılan şəxslərin 1 dəqiqə ərzində danışığı zamanı ətrafa ən az 1000 viruslu damla yaydığı təsbit olunub.

Maska taxmağın həyati əhəmiyyətə sahib olduğunu vurğulayan araşdırmaçılar ətrafa yayılan damcı sayının 100 minə çata biləcəyini qeyd ediblər. (publika.az)

Azərbaycanda dəhşətli qəza
Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qafqazinfo məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. 

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur. 

Faktla bağlı araşdırma aparılır.

Bakı polisi ƏMƏLİYYAT KEÇİRDİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi ilə bağlı saxlanılanlar var.

Report xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt şöbəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin şöbənin əməkdaşları - S.Ələkbərova, G.Tağıyeva və T.Vəliyeva müəyyən olunaraq tutulublar.

Faktla bağlı başlanmış cinayət işi üzrə şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. Belə ki, may ayında poçtda daxili audit yoxlaması zamanı 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı üzə çıxıb. Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.(Report)

Azərbaycanlı blogeri həbs edib başını qırxdılar
Bir neçə gün öncə bir qrup gəncin nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq DİN məlumat yaymışdı.

Baku.ws xəbər verir ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Digər nəqliyyat vasitəsi - “Kia” markalı avtomobilin sürücüsünün Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

Səbail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayevə 30 gün, Z.Cəfərov və R.Məcidovun hər birinə 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Qeyd edək ki, Zaur Cəfərov sosial şəbəkələrdə "Daqqılı" ləqəbi ilə tanınır. 

Laçının işğalından 28 il ötür
Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsindən 28 il ötür.

 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.

Tərtərdə hərbi hissəyə hücum edib əsgəri öldürmüşdü

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.

 "Qafqazinfo" DTX-nın saytına istinadən xəbər verir ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.

Hazırda həbs olunmuş Saleh Adilov barəsində cinayət işi davam etdirilir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Şuşa şəhərinə səfər edib. Bundan əvvəl isə Qarabağdakı qondarma rejim saxta “seçkilər” keçirdi.

Təbii ki, bu kimi hadisələr hər bir Azərbaycan vətəndaşında narahatlıq yaradır. Cəmiyyətimizi maraqlandıran bir sıra suallarla bağlı Azərbaycan ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovla söhbətləşdik.

Komandiri hər bir vətən övladı yaxşı tanıyır, lakin bir daha xatırlatmağı özümə borc bilirəm.
Məlumat olaraq bildirək ki, Şair Ramaldanov hərb tariximizin şanlı səhifələrindən olan uğurlu Horadiz əməliyyatının komandiri olub. Əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib.

Konkret.az

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb
Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi sakinlərlə izahedici söhbətlər aparsa da, etiraz edənlər öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini tələb ediblər.

Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.

Sakinlərin hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək.