Son xəbərlər

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib.

O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama
Xəbər verdiyimiz kimi, ötən gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib.

 "Qafqazinfo" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da gəlib.

Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının cırıq olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib.

"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar cırıla bilməz. Bir az ağılla fikirləşin", - deyə nazir məsələyə münasibət bildirib.

Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı kürəkənindənAzərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan xəbərlərə akademikin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev aydınlıq gətirib.

İlham Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar doğru deyil:

"Ramiz Mehdiyev Novruz bayramı günündən bəri Bakıda evindədir, karantin qaydalarının tələblərinə uyğun olaraq evdən bayıra çıxmayıb. Biz də onunla görüşmək istəyəndə yanına gedirik. Səhhəti normal və qaydasındadır. Artıq bir həftədir ki, işinin başına dönüb. Hazırda da Ramiz müəllim AMEA-da işinin başındadır".

Sabiq deputat deyib ki, Ramiz Mehdiyevin Göyçayda dincəlməsi barədə yayılan məlumatlar da tamamilə yalandır:

"Ağsaqqal Novruz bayramı günündə Bakıda evində olub. Ağsaqqalın ad gününü Göyçayda keçirməsi barədə yayılan xəbərlər yalan idi. Ramiz müəllim ad gününü Bakıda övladlarının və nəvələrinin yanında keçirib. Həmin günü mən də yanında olmuşam. Axı onun Göyçayda nə işi vardı? Gedib Göyçayda nə edəcəkdi?"

11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirlikdən “Yeni Sabah”a verilən məlumata görə, zəng daxil olandan 6 dəqiqə sonra – saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi, təqribən, 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.

Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

Kürdəmirdə hamilə qadını qaynı güllələdi
Kürdəmirdə hamilə qadını qaynı güllələyib.

Apa xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində baş verib. 

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşı arvadı Könül İbrahim qızı Mövlayevaya atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən R. Mövlayev polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.

Bərdədə gənc təzə paltarlarını geyinib intihar etdi
Bərdədə 20 yaşı gənc intihar edib.

Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Kənd sakini Rəşad Məmmədov yaşadığı evin həyətində özünü asıb.

Anası işdən qayıdan zaman oğlunun təzə pencək və ağ köynəyini geyinərək, intihar etdiyini aşkarlayıb.

Azərbaycanda daha 70 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197 545 test aparılıb.

DTX daha bir rayonda əməliyyat keçirdi?
Dövlət Təhlükəsizliyi Xidmətinin Sabirabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında Sabirabad İH İnformasiya təminatı və təhlil sektorunun müdiri Aftandil Həsənov deyib. O bildirib ki, İcra Hakimiyyətinin hər hansı işçisi saxlanılmayıb.

Qeyd edək ki, mətbuatda Sabirabad rayon İcra Hakimiyyətində DTX-nin əməliyyat keçirməsi, əməliyyat zamanı başçının müavini Həsən Həsənovun və bir sıra şəxslərin saxlanılması barədə məlumat yayılmışdı. axar.az

Azərbaycanın bu ərazilərinə qar yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ və Xınalıqda qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.