Son xəbərlər

“Azərbaycanda yaşayan əcnəbilərdən virusa yoluxanlar və karantinə yerləşdirilənlər olub”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, yoluxan şəxslərin sayı dəqiq bilinmir.

ATV-nin daha bir əməkdaşı koronavirusa yoluxdu
"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki , ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.

O, bu barədə məlumatı saytımıza təsdiqləyib.

Bununla belə, digər müxbir Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.

Vilyam Hacıyev həbsdən müqavimətə başlayıb
Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq icra başçısının şikayəti təmin edilməyib və Səbayel Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Mayın 6-da Səbayel Rayon Məhkəməsində V.Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, V.Hacıyev icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməkdə,  vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda şübhəli bilinir.

Axtarış  zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.  Həmçinin V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair ittihamlar yer alır.

V.Hacıyevə verilən ittihamlar ağır olsa da, o, barəsində verilən qərara qarşı açıq etiraz mövqeyi tutub. İndiyədək həbs edilən sabiq icra başçılarından heç biri onlar barəsində çıxarılan həbs qərarına etiraz etməyiblər. Hər halda, belə bir fakt varsa da, mediaya sızmayıb. V. Haciyev isə evindən çıxan paçkalarla pula, rüşvət alması ilə bağlı əməliyyat çəkilişinə rəğmən barəsində hələ məhkəmə qərarı çıxarılanda buna etiraz etmişdi.

Belə ki, V. Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısını ailə üzvləri gözləyib. İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları V. Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirərkən sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq...” Bunlar istənilən bir adamın əli qandallı olarkən ailə üzvlərinə deyə biləcəyi sözlərdir. Amma V.Hacıyev həmin kateqoriyaya aid təqsirləndirilən şəxs deyil.

Əvvəla, onun suçlu olması ilə bağlı kifayət qədər faktlar toplandıqdan sonra DTX əməliyyat  qərarı verib. Yəni faktlar ortadadır. İkincisi,  bütün bu görünən sübutlara, tapılan külli miqdarda pullara baxmayaraq, sabiq icra başçısı özünün haqsız yerə cəzalandırıldığını düşünür.  Onun  “Haqq yerini tapacaq...” sözlərinin başqa izahı yoxdur. Nəhayət, V.Hacıyev bu düşüncəsinin davamı olaraq barəsindəki qərarın dəyişdirilməsini (və ya ləğvini) istəyir. Bu, artıq  V.Hacıyevi həbsdə olan digər sabiq məmurlardan  fərqləndirir, seçdirir. Bu halda, ortaya çox təbii bir sual çıxır: Vilyam Hacıyev  niyə müqavimət göstərir və  kimə arxayındır?

Əlbəttə ki, hər bir təqsirləndirilən şəxs barəsindəki qərarlardan şikayət verə bilər və bu, onun istisnasız  hüququdur. Amma yenə qeyd edirik ki, söhbət adi həbsdən deyil, Prezidentin birbaşa nəzarətində olan cinayət işindən gedir.  V.Hacıyev kimə arxayındır ki, şikayəti verir, suçsuz olduğunu  göstərməyə çalışır və sairə... Bu yerdə şəxsən bizim mediaya təqdim edəcək heç bir versiyamız yoxdur. Amma xatırladacaq bir mühüm  detal var. Prezident icra başçılarının həbsindən  danışarkən onların kimlərinsə köməyinə arxayın olduğunu tez-tez xatırladır. Və dəfələrlə qeyd edir ki, həm həbsdə olanlar, həm bəzi özünü  yığışdırmayan məmurlar heç kimə arxayın olmasınlar, çünki  heç kimə belə şans verilməyəcək.  Bu mənada  V.Hacıyevin  həbsdən müqavimətinin mənası da qalmır, amma o isə...(musavat.com)

Sabah hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Qətlə yetirilən şəxs istirahət mərkəzində basdırıldı
Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report” xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır.

Azərbaycanda saxlanılan şəxs polis bölməsindən qaçdı
Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

Insan alverində təqsirli bilinən Lətifə Ağayevanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham edilən L.Ağayevanın məhkəmə prosesinə hakim Azər Paşayev sədrlik edəcək.

İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan 4 qadını- O.Ə.Məmmədovanı, F.O.İmamquliyevanı, A.M.Paşayevanı və X.E.Omarovanı Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.    /Yeni Sabah/

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb.

Bir neçə gün əvvəl Gəncə şəhər ərazisində fəaliyyət göstərən “Bazarstire”a aid mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Əliyeva orada ölüb.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.   /Cebhe.info/

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

 Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan iclasda Vilyam Hacıyevin şikayəti üzrə qərar elan olunub.

Vilyam Hacıyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, mayın 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində istintaq davam edir.  /Axar.az/

Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi
Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Hadisə ötən gün paytaxtın Nəsimi rayonu Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində baş verib.

Hadisə zamanı “Mercedes” və “Kia” markalı avtomobillər toqquşub. Qəzaya “Kia”nın işıqforun qırmızı işığında keçməsi səbəb olub. 

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.

Həmin görüntüləri təqdim edirik: