Son xəbərlər

6 azərbaycanlı koronavirusdan öldü
“Bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə altıya çatıb”.

Bunu REAL TV-yə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim COVID-19-a yoluxan və bu virusdan ölən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayarkən deyib. 

Səfir sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:<ins'>

“Türkiyə və Azərbaycan qardaş dövlətlərdirlər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər.

Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var.

Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var. Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur”.

Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub.

Xeberle.com məlumatına görə, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb. 

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya olunduğu qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova bildirib ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin bir əməkdaşı koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb:

“Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha dörd nəfərdə test nəticələri pozitiv olub”.

 G.Gözəlova vurğulayıb ki, bununla əlaqədar qovşağın daha 18 əməkdaşından testlər götürülüb və nəticələr bəlli olanadək onlar evdə sosial izolyasiya olunublar:

“Qovşağın inzibati binasında, iş otaqlarında mütəmadi dezinfeksiya işləri aparılır. TKQ-nin rəhbərliyinin koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınması məlumatı isə həqiqəti əks etdirmir”.

Mətbuat katibi sözlərinə onu da əlavə edib ki, hazırda Sumqayıt TKQ-nin fəaliyyəti normal şəkildə davam etdirilir. Karantin qaydalarına riayət edilməklə abunəçilərə rabitə xidmətləri göstərilir. 

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 260 nəfər koronavirusa yoluxub.

Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxdu
Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

Oxu.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb.

Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir.

 Bu barədə idmançının özü məlumatı təsdiqləyib.

Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
Göyçay rayonunda intihar hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Alıkənd kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu özünü körpüdən çaya atıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.<ins'>

Qeyd edək ki, E.Məmmədov ailəlidir, iki övladı var. Onun uzun müddət Rusiyada yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtobus partladı
Bakıda avtobus partlayıb.

Hadisə yerindən videonu Day.Az-a şahidlər göndəriblər.

Onların sözlərinə görə, hadisə ötən gecə aeroport trasında, Suraxanı kəndinə girişdə baş verib.

Hadisənin təfərrüatları açıqlanmayıb, xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur. Hadisə yerinə FHN işçiləri gələrək, yanğını söndürüb.

FHN-dən verilən məlumata görə, “Temsa” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda güclü YANĞIN BAŞLADI
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.

FHN-in saytı xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

“Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. (publika.az)

Balakəndə bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Şamil Qarayevin vəzifəli şəxsin övladı olduğu məlum olub.

Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Şamil Qarayev Balakən Rayon İcra Hakimiyyəti başçısının Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur.

Şamil Qarayev 2012-ci ildə də Cinayət Məcəlləsinin 228.4 (soyuq silah gəzdirmə) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şamil Qarayev bir-neçə gün əvvəl Balakən RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.(APA)

 

Gömrükdə “yemiş” əməliyyatı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya yük maşınında külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, həmin əməliyyat məlumatı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan “yemiş” yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb.

Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb.

Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkar edilib. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb.

Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

AzTV-də koronavirus həyacanı - Karantinə alındı
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında bildirib ki, həmin operator karantinə alınıb:

"Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.