Son xəbərlər

Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu
Tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Oxu.az xəbər verir ki, bu barədə jurnalist özü “Facebook” səhifəsindən açıqlama verib. 

O bildirib ki, anası və özü yeni tip koronavirusa (COVİD-19) yoluxub və xəstəliklə mübarizəsi davam edir.  

Jurnalistin ilk testinin cavabı neqativ çıxsa da, sonrakı test pozitiv nəticə verib.  

O, həmçinin insanlara səslənərək virusa qarşı diqqətli olmağı tövsiyə edib.

Sabah 36 dərəcə isti olacaq

22 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda koronavirusun tüğyan etdiyi zonada ƏMƏLİYYAT
Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. 

Yevlaxda qaraçıların yaraladığı polis haqda açıqlama

Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo” verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir. 

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. 

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuzda 20 yaşlı gənc intihar etdi
Tovuzda intihar hadisəsi olub.
 
Report məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. 
 
Belə ki, 20 yaşlı Orxan Ələsgərli özünü asaraq intihar edib. Fakt araşdırılır.
AzTV-dən araşdırma: DTX həbslərinin təfərrüatıAzərbaycan Televiziyasının (AzTV) "Jurnalist araşdırması" verilişi DTX-nın həyata keçirdiyi son həbslər və onun təfərrüatlarına həsr olunub.

"Ölkə.Az" mövzunun aktuallığını nəzərə alaraq, həmin verilişi hit.az-a istinadən oxuculara təqdim edir.

Sabah 34 dərəcə isti olacaq
Mayın 21-də gözlənilən hava proqonozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 30-34° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

Azərbaycanlı zabitimiz koronavirusdan dünyasını dəyişdi
"Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov, Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu."

Axeber.az xəbər verir ki, bu sözləri feysbuk statusunda general-mayor Qabil Məmmədov yazıb:

"Dəyərli Dostlar!

Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov, Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu.

Rəşad, yaddaşlarda çox mərd, qorxmaz, ədalətsizliyə və haqsızlığa qarşı daima səfərbər, zəiflərə arxa, özünəməxsus prinsipial baxışları ilə digərlərindən seçilən bir ləyaqətli insan kimi yadda qalacaq. Onun ürəyi həyat sevgisilə çırpınır, Qarabağın azad olunacağını çox səbirsizliklə gözləyirdi. Azərbaycanımızın xoş gələcəyi naminə hər zaman ölümə atılmağa hazır idi...
Allah rəhmət eləsin! Valideyinlərinə, yaxınlarına Allah səbr versin, başımız sağolsun deyirəm!"

Allah rəhmət eləsin!

Nazirliyin sabiq əməkdaşı həbs edildi

Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs edib.

Bununla bağlı Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumatda deyilir:

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi ölüb.

Bu məlumatı Qarabağ separatçı-terrorçu rejimi yayıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Henrix Aramyan adlı hərbçi hərbi hissələrdən birində naməlum şəraitdə aldığı güllə yarasından ölüb.