Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır

Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə
inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi,
habelə, regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi
imkanlarından məharətlə istifadə edir. Respublikamız zəngin neft-qaz resurslarına malik
ölkədir və dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri böyükdür. Bütün bu uğurların
təməlində dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. “Əsrin
müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi və ölkəmizin iqtisadi,
siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı.
Tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi
ixracatçısı kimi beynəlxalq aləmdə nüfuzu gündən-günə artmaqdadır. Ölkəmizin malik
olduğu enerji resurslarından səmərəli istifadəsi yeni enerji layihələrinin planlaşdırılmasına
yol açır. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələri, münasibətlər strateji tərəfdaşlıqdan
etibarlı tərəfdaşa doğru inkişaf edir. Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında
Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Bu, çox
müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan
Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Çoxşaxəli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa
çatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə,
Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Sonrakı mərhələdə üç Balkan
ölkəsinin- Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu
layihəyə qoşulacağına əminlik ifadə edilir.
2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan
Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji
sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycanla bu
qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı
əməkdaşlıq böyük nailiyyətdir. Günümüzün reallıqlarından da göründüyü kimi, yeni
çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Avropa Komissiyası ilə imzalanmış bu
sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı
planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar
da var. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını
genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz
üçün ən əlverişli bazardır.
Dövlət başçısı İlham Əliyevin Macarıstana dövlət səfəri Azərbaycanın dünyanın enerji
təhlükəsizliyinin təminatında artan rolunu bir daha bəyan etdi. Bu gün Azərbaycan öz enerji
təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının
üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi,
neft-kimya məhsulları ixrac edir. Azərbaycanın dünyanın enerji bazarında yerinin,
mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf
edirlər.
Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa
dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər
dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə
mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox
önəmli, əvəzolunmaz layihədir. Bu gün Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı
etibarlı tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi
əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz
resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan
sonra Avropa üçün etibarlı tərəfdaş olsun.

Sübhan Xəlilov,
Salyan rayon Qarabağlı-2 kənd tam orta məktəbin müəllimi, YAP fəalı

Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici
siyasətinin vacib istiqamətlərindən biridir


Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli
əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu gün
Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli
münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan
ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib
istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən
etibarlı tərəfdaşlarından biridir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il
dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla
diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik
münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın
Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu vaxtadək
iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində
mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq
Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında
davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə
olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə
arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi
sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində
əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən
kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan
Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1
milyon ABŞ dolları investisiya yatırıb.
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir.
Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı
marağını ifadə edib.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla
inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın
Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air”
şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində
iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr
təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə
fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.
Bildiyimiz kimi, bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi
səfər edib. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü
səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da
inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə
verməkdir. Dövlətimizin başçısının Macarıstana rəsmi səfəri və səfər zamanı strateji
tərəfdaşlığın dərinləşməsinə dair imzalanmış Birgə Bəyannamə bunun əyani
nümunəsidir. Bu Azərbaycan - Macarıstan tərəfindən strateji tərəfdaşlığa dair imzalanmış
ikinci çox əhəmiyyətli sənəddir və hər iki dövlətin milli maraqlarına uyğundur.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm
rol oynayır. Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində də əsaslı işlər
görülmüşdür. Səfər zamanı dövlətimizin rəhbəri bildirmişdir ki, “vaxtilə tarixə qovuşmuş
sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq intekomektorlar vasitəsilə
Azərbaycan qazı Bolqarıstana, oradan sonra Ruminiyaya, ondan sonra Macarıstana və
Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”. Göründüyü kimi
Macarıstan həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən bir ölkə kimi
fəaliyyət göstərəcək ki,  bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan yaşıl
enerjisini Avropaya çatdırılmasında Macarıstanın imkanları böyükdür və bu istiqamətdə
də vacib layihələr hazırlanmışdır. Macar şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və
Zəngəzur torpaqlarında fəaliyyəti üçün zəmanət var və səfər zamanı bu məsələlər
barədə ətraflı söhbətlər aparılmışdır.
İmzalanmış Bəyannamələr, həyata keçirilən çox mühüm layihələr, qarşıya qoyulan
yeni vəzifələr deməyə imkan verir ki, Azərbaycan - Macarıstan əlaqələri artıq strateji
tərəfdaşlığa çevrilmişdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün
faydalanacaqlar.

 

Gülşən Piriyeva,
Salyan şəhər 7 saylı məktəb-liseyin müəllimi,
Əməkdar müəllim.


Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli
nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər


Cari ilin 30 yanvar tarixində Macarıstanda rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Budapeştdə mətbuat qarşısında bəyənatla
çıxış edib. Çıxışı zamanı ölkə Prezidenti qeyd etmişdir ki, Azərbaycan açıq dənizlərə
çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin
birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar
mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana,
Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də
böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan
ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin
həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər
tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun,
bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
Macarıstan və Azərbaycanın iki dost və tərəfdaş ölkə olduğunu bildirən cənab
İlham Əliyev, bildirib ki, bundan sonra da ölkələrimiz, həm ikitərəfli əməkdaşlığı
dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında
olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük
önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki,
həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə
Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi
dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında
əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat
dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub
saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində
Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. 
Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr
ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu
sahədən daxil olan gəlirlərin həcminin durmadan artmasına geniş imkan yaradır.
Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz
Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun
avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən
tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm
verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox
yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq. 
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi
regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz
Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib
hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana
Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan
verəcək.
Son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların
istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol
oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili
nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın
nəqliyyat qovşağına çevirir.
Beləliklə, gənc müstəqil Azərbaycan dövləti Heydər Əliyev siyasi kursunun
davam etdirilməsi ilə müstəqilliyin əbədiləşdirilməsi və xalqın rifahının daha da
yüksəldilməsi istiqamətində lazım olan bütün addımları atır və qarşıya qoyulan
məqsədlərin hamısının reallaşmasına nail olur. Çünki bu dövlətin sükanı arxasında
xalqın inanıb etimad göstərdiyi  Prezident İlham Əliyev dayanır.

 

Əli Məmmədov,
Salyan bələdiyyəsinin üzvü, YAP fəalı


Məşhur Məmmədov

Milli Məclisin deputatı

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə heç vaxt qayğısını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır.  Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.  Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir

Gənc kadrların irəli çəkilməsi siyasəti ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı  ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi.

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Nəsimi rayonu Ağsaqqallar Şurası Azərbaycan səfirliyinə qarşı İranda həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir, baş verənləri Azərbaycana qarşı təxribat kimi qiymətləndirir. Hesab edirik ki, cinayət tam surətdə araşdırılmalı və günahkar layiq olduğu cəzasını almalıdır. Tolerantlığın, xalqlara qarşı sülh və bərabərliyin həyat norması olduğu Azərbaycan Respublikasının səfirliyinə qarşı terror aktlarının baş verməsi bütün tərəqqipərvər bəşəriyyət, sivilizasiyalı ölkələr tərəfindən pislənməlidir və qətiyyətlə pislənməkdədir. Allahdan şəhidimizə, terrorçunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış zabit Orxan Əsgərova rəhmət diləyir, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılarımızın tezliklə sağalmasını Allahdan diləyirik. Terror aktını törətmiş qulduru qəhrəmancasına zərərsizləşdirmiş Azərbaycanın mərd oğlu Vasif Tağıyevi ürəkdən alqışlayırıq, Vətənimizin, yurdumuzun  əmin-amanlığının keşiyində durmuş bütün igidlərimizlə qürur duyuruq!  

Millət vəkili Erkin Qədirlinin məlum açıqlaması həmkarları arasında birmənalı qarşılanmayıb. Bunu gün ərzində verilən açıqlamalarda da aydın görmək olur.
Azadmedia.az 70 saylı Masallı Şəhər Seçki Dairəsindən deputat seçilən millət vəkili Məşhur Məmmədovdan məsələyə münasibət öyrənib. Qalmaqallı açıqlamalardan uzaq duran deputat bildirib ki, bu sözləri demək, ən azı hər bir millət vəkilinin minlərlə seçicisinə qarşı hörmətsizlikdir. Kimsə özünü xalqın etimadı qarşılığında seçilmiş hesab etmirsə, biz onu məcbur edə bilmərik ki, əksini desin. Ümumiyyətlə, millət vəkilləri seçiciləri, dövləti üçün gördükləri işlərlə gündəmə gəlsə, yaxşı olar. Sosial şəbəkələrin üstünlük təşkil etdiyi bir dövrdə hər bir deputatın fəaliyyəti, seçicilərin ona münasibəti göz önündədir, əlavə şərhə ehtiyac yoxdu.
Sonda M.Məmmədov hər kəsə öz adından danışmağı tövsiyə etdi.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Son illər Çin və Azərbaycan arasında dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkənin dövlət başçıları arasında görüşlərin təşkil olunması buna sübutdur.

Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

Ölkələrimiz arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var.

Siyasi tərəfdaşlıqla yanaşı iqtisadi əməkdaşlıq əlaqələri də durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.

Perspektiv əməkdaşlıq əlaqələrimiz bununla kifayətlənmir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Azərbaycan Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir.

Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bildirdi ki, Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodu inşa edilib. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır. Dəmir yolu infrastrukturuna geniş investisiya yatırılması dediklırimizin təsdiqidir.

Uğurlu xarici iqtisadi siyasət nəticısində açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir, Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Sevindirici haldır ki, marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.

Cənab Prezidentin müsahibə zamanı sadaladığı nailiyyətlər hər birimizi sevindirir. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir.

Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - 1990-cı il yanvar ayının 20-də paytaxt Bakıya və ölkənin bir sıra rayonlarına sovet ordusu hissələrinin cəza məqsədilə qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı yönəldilmiş ağır cinayət idi. Bu il xalqımız 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünü qeyd edir. Azərbaycan özünün igid oğul və qızlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu gün paytaxtımızın ən möhtəşəm məkanında müstəqilliyimiz uğrunda canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli kimliyimizin təsdiqinin simvolu kimi bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olaraq qalacaqdır. Təsadüfi deyil ki, 2020-ci ilin noyabr ayında Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Azərbaycanın tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsində əldə etdiyi ən parlaq qələbənin, qədim Şuşa şəhərinin işğaldan azad olunmasının xəbərini xalqa çatdırmaq üçün məhz bu müqəddəs məkanı, Şəhidlər Xiyabanını seçmişdi. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə olmaqla yanaşı, eyni zamanda da ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixinə şərəfli bir səhifə kimi yazıldı, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.
Niyazi Bayramov: Qanlı Yanvar hadisəsi xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu
20 Yanvar qırğını həmin dövrdə respublikamızda hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycan xalqını cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Məlum olduğu kimi, həmin il hələ yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdilər. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

Qeyd etmək lazımdır ki, 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verən Ulu Öndər əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi və Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələbini qəti formada irəli sürdü: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır.”
Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Ölkə Prezidenti İlham Əliyev tərəfindən indiyədək mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-də, saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bütün şəhidlərinin xatirəsini hər zaman uca tutur.      

 

 
Daha bir mütəxəssis KTN-dən prezidentə şikayət etdi - Təqaüd yaşına 3 il qalmış...

"Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa rayon bölməsinin bağlanmış müqaviləsinə xitam verilmiş mütəxəssisi İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə müraciət edib.

Bir nüsxəsi də Faktinfo.az saytına göndərilən və ictimailəşdirilməsi istənilən müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mexanizasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Rayonun Nəriman Nərimanov sovxozunda maşın və mexanizmlər qarajında çilingər, birqadir, mexanik və mühəndis vəzifəsində çalışmışam. Sovxozda bir neçə rəhbər vəzifələrə irəli çəkilmişəm.2017-ci il fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olmuşam.Həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm. 2021-ci ilin dekabr ayında "Aqroservis" ASC-nin sədri kənd təsərrüfatı mütəxəssisi olmağıma baxmayaraq, məni tutduğum vəzifədən azad etdi.2022-ci ilin fevral ayından təkrar mühəndis-mexannik vəzifəsinə keçdim.

İşlədiyim,bölmədə ən ağır iş mənim sahəmə aid olub. İşimdə heç bir nöqsan, geriləmə və s. hallar olmadığı təqdirdə, gözlənilmədən 21 dekabr 2022-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildi. 41 ilə yaxın kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssisi təqaüd yaşına 3 il qalmış işdən çıxardılar. Mən razıyam, bu günün özündə belə "Aqroservis" ASC-nin əməkdaşları ilə fikir mübadiləmiz olsun.Əlimi vicdanımın üzərinə qoyub söz verirəm ki,ixtisasımı onlardan az bilərəmsə, bütün ölkə mətbuatından, narahat etdiyim şəxslərdən üzr istəyib,vəziyyətlə barışacam.

Hörmətli cənab Prezident!

Məruz qaldığım haqsızlıqla bağlı məlumat və araşdırılma aparılması məqsədilə 22.12.2022-ci il tarixində kənd təsərrüfatı naziri İnam Kərimova teleqram vurdum. Heç bir nəticəsi olmadı. 27.12.2022-ci ildə Sizə, (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəzərdə tutulur) 10.01.2023-cü ildə Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevaya teleqram vurmaq məcburiyyəti yarandı.

Əminəm şikayətim aidiyyatı qurumlar tərəfindən araşdırılacaq, nə səbəbdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyinə aydınlıq gətiriləcəkdir.

Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu

Qeyd: Şikayətçinin saytlara ünvanladığı digər müraciətdə "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinin anbardarı Elmin Əliyev,işə gecikmə halları,idarədə baş vermiş hadisə və bir sıra məsələlərdən bəhs olunur. Bu barədə hazırlanacaq növbəti yazıda məlumat veriləcək.