Niyə  geniş ərazisi olan, fərdi yaşayış evlərini deyil, 5-6 mərtəbəli binaları sökürsünüz..? 

Biraz olmayan başınızı işlədin, həm çox qazanın, həm də milləti bezdirməyin dəə.. İki gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasından bəlli oldu ki, növbəti illərdə paytaxtda 1000-ə yaxın bina söküləcək. Açığı 30 ilə yaxındır ki, Bakı şəhərində köhnə binaların sökülüb yerində çoxmərtəbəli göydələnlərin tikilməsi artıq paytaxt sakinləri üçün  adi hala çevrilib, yəni bu məsələ ilə bağlı kimisə təəccübləndirmək mümkün deyil. Amma..

Əmması odur ki, tikinti bumu artıq paytaxtımız Bakı üçün ciddi problemlər yaradıb. Paytaxtdakı cəhənnəm əzabını xatırladan tıxacların səbəblərindən biri də MƏHZ  tikilən  göydələnlərdir. “Şamaxinka” adlanan ərazinin yaxınlığında tikilən hündürmərtəbəli binaları hər gün görəndə dəhşətə gəlirəm, binaların arasındakı məsafə az qala 1-2 metrdir, binanın birindən o birində hoppanmaq olar.
Bəs, axı, Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən binalararası ara məsafə, bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır. 
Cənablar, o binaların hündürlüyünə baxanda adamın gözü qaralır, yəni 30-40 metr hündürlüyü var, deməli, binaların ara məsafəsi  30 - 40 * 0.6 =  18-24 metr  arasında olmalıdır. Başa düşürsünüz, binaların arasındakı məsafə 18-24 metr arası olmalıdır. Bəs harada qaldı, Nazirlər Kabinetinin qərarı..? 
Bütün bunlar azmış kimi, 3-4 mərtəbəli köhnə “xruşovka”  binalarını söküb yerində 20-25 mərtəbəli binalar tikirsiniz, milyonlar qazanırsınız, olsun. Amma... Əmması odur ki, axı o binalara uyğun infrastruktur olmur, hətta avtomobilləri saxlamağa yer tapılmır. 
Biz hələ digər problemləri demirik. Deyirsiniz ki, söküləcək 5-6 mərtəbəli binalar sovet dövründə tikilib, guya müasir tələblərə cavab vermir və s. Axı, həmin binalarda sakinlər neçə illərdir ki, normal yaşayırlar, heç bir ciddi problem yoxdur, qəzalı vəziyyətdə deyil. Onları hansı məqsədlə sökürsünüz..? Məqsədiniz bütün camaata bəllidir. Amma bunu barı  adam balası kimi edin, insanlara problem yaratmayın. Mən demirəm ki, müasir, sivil Avropadan, Amerikadan nümunə götürün, barı Özbəkistandan, Qazaxstandan nümunə götürün dəə... 
Bəli, 2 gün öncə öz gözlərimlə gördüyüm videoreportaj məni heyrətə gətirdi. Qardaş Qazaıxstanın 1 milyon əhalisi olan Türküstan şəhərində nə səhər, nə günorta, nə də axşam “probka” olmur. Çünki orada , yəni Türküstan şəhərində  köhnə binalrı söküb iç-içə, ağız-ağıza, qarın-qarına göydələnlər tikmirlər. 
Başa düşdünüzmü, cənablar..? Bizdən fərqli olaraq  Qazaxıstanda şəhərsalma qaydalarına ciddi əməl edirlər, şəhərin kənarında yeni mikrorayonlar salırlar, bizim kimi şəhərin içini zəbt  etmirlər, tikintini planlı şəkildə edirlər, yeni tikilən mikrorayonlarda yaşayış binaları bir-birindən xeyli aralıdır, küçələr genişdir, yollar  dörd  və altı zolaqlıdır, hətta geniş səkilərdən başqa velosiped sürmək üçün enli qırmızı cığırlar var. Tikilən çoxmərtəbəli binaların arasında, fərdi evlərlə yolların arasında əməlli-başlı meşə zolaqları salınır.  
Təsəvvür edirsiniz, binaların arasında meşə zolağı. Bizim bəzi məmurlar isə ağacları, yaşıllıqları məhv edirlər. Deyirsiniz ki, guya həmin 5-6 mərtəbəli binaların istismar müddəti başa çatıb. Bunu kim və hansı komissiya sübut edib..? 
Cənablar, sizin yeganə məqsədiniz ancaq və ancaq QAZANMAQDIR. Başınız işləmirsə, bizə qulaq asın, həm çox qazanın, həm də millətə problem yaratmayın. Belə ki, sökdüyünüz  5-6 mərtəbələrin yaxınlığında  az  sayda  fərdi, həyətyanı yaşayış evləri var, onları söküb yerində binalar tikmək sizə daha çox qazanc gətirəcək və arada  xeyli sahə boş qalacaq. 
Qandınızmı, 4-5 fərdi yaşayış evinin yerində  30 mərtəbəli bina tikərsiniz, ətrafını yaşıllıq edərsiniz, həm də şəhər rahat nəfəs alar. Məsələn, Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzi ilə üzbəüz, Ekologiya Nazirliyinin departamentinin arxasında, daha dəqiq desək, İsmayıl Hidayətzadə küçəsi 215-217 ünvanda xeyli boş ərazi, daha doğrusu, fərdi yaşayış evləri var. Söhbət təkcə bu ünvandan getmir ee... 
Ümumiyyətlə, tikinti üçün mütləq savadlı, inşaat və biznesdən başı çıxan, eyni zamanda millətə problem yaratmayan adamlar ortaya çıxmalıdır. Yoxsa, dünənədək, dağda-dərədə qoyun otaranlar gəlib Bakıda inşaat biznesi ilə məşğul olur... 
Sözün qısası, bizdən demək... Biz demək istəyirik ki, bu işə məsul şəxslər başa düşməlidirlər ki, ölkə rəhbərliyi bu cür məsələlərin həlli ilə bağlı vəzifəyə təyin etdiyi insanlar var. O insanlar vəzifələrinin öhdəsindən layiqincə gəlmiş olsalar, bu tip problemlər ortaya çıxmaz. Belə məsələlərin həlli üçün də cənab Prezident vaxt sərf etməlidirmi? O qalıb sizin öz insafınıza.
P.S. Bu yaxınlarda baş verəcək həbslərin içərisində təəccüb doğuracaq vəzifəli şəxslər ola bilər.