Son xəbərlər

Məşhur Məmmədov,
Millət vəkili


"Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər".

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında dediyi kimi, müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. Ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Bizi Şuşaya qovuşduran “Zəfər yolu” cəmi iki ilə yaxındır ki çəkilib. Biz Şuşaya rahat yolla gedə bilirik. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Məhz Şuşanın alınmasından sonra bizim hərbçilərin keçdiyi döyüş yolu hərb tarixində yenilik oldu, maraq doğurdu, hazırda nüfuzlu ölkələrdə hərbi dərsliklərə salınır, tədris olunur. Şuşaya gedən yol 27 sentyabr tarixində başladı. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atılmadı.
Ermənistan ordusunda 10 mindən çox fərari olduğu halda Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər.
İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Lakin təbliğatları fiaskoya uğradı. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçdi. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə ölkənin maliyyəsi, iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. Hazırda dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq.
Cənab ilham Əliyevin rəhbərliyi ilə vətənpərvərlik məsələləri ilə bağlı ölkənin çox fəal siyasəti olub. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi; bütün bunlar ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsidir. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib.
Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, cənab Prezidentin dediyi kimi, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır.
Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.

Sabiq rektor haqqında yayılan fikirlərə münasibət bildirdi- "Mənim ADAU-da iş otağım saxlanılır..."

Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyətiadından saytlara göndərilən və müraciətdə adı keçən professor,AMEA-nın müxbir üzvü İbrahim Cəfərov məsələyə münasibət bildirib.

ADAU-nun sabiq rektoru Faktinfo.az saytına açıqlamasında bildirib ki,Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin olunan Zəfər Qurbanovun onu Universitetə buraxmamasına dair yayılan məlumatların heç bir əsası yoxdur. 

İbrahim Cəfərov:"ADAU-da iş otağım saxlanılır,şəxsən xahişimi nəzərə alaraq mənə dərs saatı verilməyib.Qarşıdan gələn semestr imtahanlarından sonra Azərbaycan Dövlət Aqrar Universitetində dərslərimi tədris edəcəm.Buna hazırkı rektor əvəzi Zəfər Qurbanov tərəfindən hər hansı məhdudiyyət qoyulmayıb. Bizim səmimi münasibətlərimiz var,hər ikimiz eyni sistemdə çalışırıq.Necə mən ondan narazı ola bilərəm.

Biraz əvvəl Bitki Mühafizə vəTexniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna  (BMTBETİ) direktor təyin olunmuşam.Bununla əlaqədar universitetdə dərs deməyimin bir neçə aylığa ertələnməsini, dediyim, kimi özüm istəmişəm.Təkrar edirəm Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən  müraciətdə adımın yer almasının heç bir əsası yoxdur."

 Qeyd edək ki,10.11.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabına "Zəfər Qurbanov ADAU-nu məhvə aparır" başlığı altında, Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından müraciət ünvanlanıb.Müraciət müəllifi kimi Həsənov Naməddin Tofiq oğlunun adının qeyd olunduğu məktub onlarla sayta göndərilib.ADAU-ya rektor əvəzi təyin olunan Zəfər Qurbanovun əvvəlki rektor İbrahim Cəfərovu universitetə buraxmamaq haqqında göstəriş verməsi,ona müəllim kimi  universtetdə dərs deməyə şərait yaratmaması  müraciətdə qeyd olunub.

 Onu da qeyd edək ki, Faktinfo.az saytına göndərdiyi məlumatda Həsənov Naməddin Tofiq oğlu bildirir ki,Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən müraciətin onunla heç bir əlaqəsi yoxdur.


Səbəb nədir ki, Kəmaləddin Heydərov və Tahir Məmmədov bir ailəni “düzdə qoyan” şəxslərin əməllərinin araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırıqlarını vermirlər?

Uzun müddətdir ki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi ictimailəşdirsək də, 2014-cü ildə bu ailəyə qarşı edilmiş haqsızlıqlarla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırsaq da, yenə də qeyd olunan bu problem aradan qaldırılmır ki, qaldırılmır. Bu da onu söyləməyə əsas verir ki, vaxtilə problemin əmələ gəlməsinə (hansısa maraqlar əsasında) səbəb olan vəzifə sahibləri, bu gün də müəyyən təsir imkanlarına malik olduqlarından, məhz onlar Rəcəbovlar ailəsinə məxsus fərdi yaşayış evi ilə bağlı problemin aradan qaldırılmasına imkan vermirlər. O halda sual oluna bilər ki, görəsən Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov və Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədov, qeyd olunan bu problemin araşdırılmasına niyə cəhd göstərmirlər? Axı, Rəcəbovlar ailəsi üzvlərinin danışdıqlarından, aidiyyatı dövlət qurumlarına ünvanladığımız məktublara verilən cavablardan, şəxsi mülahizələrimizdən və s. aydın olur ki, bu ailəyə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemin əmələ gəlməsində əsas məsuliyyət yükü, birbaşa FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və 2012- 2014-cü illərdə Şamaxı RİH-də vəzifə sahibi olmuş bəzi şəxslərin üzərinə düşür. Problemin mahiyyətinə qayıdıb bir daha onu qeyd etmək istəyirik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış evi, həmçinin həyətyanı torpaq sahəsi müəyyən qədər yararsız vəziyyətə düşür. Hadisə baş verən vaxt FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kəndində olurlar və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edib akt da tərtib edirlər. Adları çəkilən bu qurum əməkdaşlarının tərtib etdikləri akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Qeyd edək ki, az sonra 47 ailədə yaşayan şəxslərin siyahısı dəqiqləşdirilir və hər ailəyə aid məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Həmin vaxtlarda evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrlə bağlı tərtib olunmuş ilkin siyahıda Rəcəbovlar ailəsinin üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və evlər 2014-cü ildə zərərçəkən ailələrə verilir.

Saxtakarlıq Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şamaxı RİH əməkdaşlarının işbirliyi sayəsində baş tutur
Redaksiyamıza çatdırılan məlumatlara görə, evlər zərərçəkən ailələrə paylanarkən Şamaxı RİH Aparatından mərhum Yadigar Rəcəbova da zəng edirlər və ona qeyd olunan əraziyə gəlməsi bildirilir. Çox keçmir ki, o, həmin əraziyə gedib evlərin paylanması işlərini kənardan müşahidə edir. Çox keçmir ki, Şamaxı RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş siyahıdakı şəxslərin adlarını bir-bir çəkir və həmin siyahıda Yadigar Rəcəbovun ailə üzvlərinin adları da olur. Həmin vaxt yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov hər kəsin gözü önündə “Evlər o siyahı ilə deyil, mənim əlimdə olan siyahı üzrə paylanılacaq” deyir. Qeyd edək ki, həmin vaxt evlər ilkin siyahı üzrə deyil, məhz mərhum Ağamustafa Vahidov da olan siyahı üzrə verilir. Beləliklə, evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır, amma Rəcəbovlar ailəsinə verilməli olan ev, Şamaxı RİH tərəfindən başqa bir ailəyə verilir. Buna da əsas səbəb, Yadigar Rəcəbovun RİH-də vəzifə sahibi olan əsas şəxslərin “bığının altından” keçməməsi olur. Ona görə də, bu ailənin üzvlərinin adları ilkin siyahıdan çıxarılır.

Mərhum Yadigar Rəcəbovun ərizəsi təsirli və keçərli olur

Bu cür haqsızlıq baş verdiyindən Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına və digər dövlət qurumlarına şikayət ərizələri göndərir. Üç gündən sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə Yadigar Rəcəbov (05 avqust 2022-ci il tarixdə rəhmətə gedir) dünyasını dəyişdikdən bir neçə gün sonra, həmin ailə hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir. Beləliklə, bu ailə üzvlərinin 2014-cü ildən üz-üzə qaldıqları problem, hələ də yaşanmaqdadır.
Kəmaləddin Heydərovun hansı işçisi ona “quyu qazır?”
Rəcəbovlar ailəsindən redaksiyamıza çatdırılan məlumatlara görə, Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verən vaxt, Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov və əlavə bir neçə vəzifə sahibi olan şəxslər bu kənddə olurlar. Hətta, Kəmaləddin Heydərovun şəxsən özü Rəcəbovlar ailəsinə məxsus evin həyətində olur və əsl reallığı öz gözləri ilə görür. Təəssüf və təəccüb doğuran hal o olur ki, cənab Nazirlə birlikdə olan şəxslər bu ailəyə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyət düşməsi ilə bağlı akt tərtib etsələr də, bir müddətdən sonra bu ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır. Bu da onu sübut edir ki, söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun tabeliyində çalışanlar, bir müddətdən sonra bu şəxsə qarşı sayğısızlıq edirlər və öz rəhbərlərinə qarşı “dönük” çıxırlar.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Şamaxı RİH Aparatına ünvanlanan məktublar, sanki “daşa dəyir”

2014-cü ildə baş verən qanunsuzluqlarla bağlı tərəfimizdən istər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, istərsə də Şamaxı RİH Aparatına ünvanladığımız məktublar, sanki “daşa dəyir”. Çünki, hər iki qurumun səlahiyyətliləri tərəfindən verilən cavablar mahiyyət etibarilə şablom xarakterli və eyni məzmunlu olur.
Fövqəladə Hallar Nazirliyinə və Şamaxı RİH-nə ünvanladığımız məktublar, sanki "daşa dəyib" üzümüzə qayıdır- İLGİNC  FAKTLAR
Yəni, bu qurumların əməkdaşları tərəfindən “Evlər paylanana qədər sizə (mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır” belə bir formada başdansovdu cavablar verilir.

Görəsən başdansovdu cavabları verən şəxslər öz məsuliyyətlərini dərk edirlərmi?

O halda sual oluna bilər ki, axı Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə evlərin paylanması işləri 2014-cü ildə həyata keçirilir?. Həmin vaxt nə baş verir ki, yaşayış evi ortada olan Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus yaşayış evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və bununla bağlı akt da tərtib olunur?. Niyə bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Bu haqda həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub.

Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, həm Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov, həm də və Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədov, 2014-cü ildə hansısa maraqlar çərçivəsində saxtakarlığa qol qoymaqla bir ailəni “düzdə qoyan” şəxslərin əməllərinin araşdırılması yöndə, aidiyyatı üzrə lazımi tapşırıqlarını verəcəklər. Yəqin ki, o halda Rəcəbovlar ailəsini olmazın problemlə üz-üzə qoyan həmin şəxslərin, məhz hüquqi müstəvidə hüquqi məsuliyyətləri müəyyən olunacaq.