Son xəbərlər

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti və bu müraciətdə səsləndirilən fikirlər Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini qiymətləndirmək, həm də o dövrün uğurlarını, çətinliklərini, ziddiyyətlərini bir daha xatırlatmaq, dərk etdirmək baxımından əhəmiyyətlidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, həqiqətən Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə Azərbaycan çox çətin, böhranlı günlər yaşadığı dövrdə gəlmişdir.

“Prezidentimizin xatırlatdığı kimi, 1969-cu ildə respublika ağır vəziyyətdə idi. Ölkədə iqtisadi-mənəvi böhran hökm sürürdü. İttifaqın ən geridə qalmış respublikasının bir neçə ildə İttifaqın ən qabaqcıl respublikası sırasına çıxarması yalnız Heydər Əliyev kimi böyük təşkilatçılıq bacarığına, uzaqgörənliyə, bəşəri dəyərlərə, yüksək insani xüsusiyyətlərə malik olan bir şəxsiyyət bacara bilərdi və belə də oldu.

Ulu Öndərimizin xalqla birliyi, insanlara arxalanması, bacarıqlı kadrları irəli çəkməsi, həyata keçirdiyi mühüm layihələr, görülən səmərəli tədbirlər nəticəsində Azərbaycan nəinki iqtisadi cəhətdən inkişaf etdi, eləcə də xalqımız tanındı, şöhrətləndi, özünü, milliliyini dərindən dərk etdi, dilinə, dininə, tarixinə, milli-mənəvi dəyərlərinə ehtiramla yanaşdı, əməllərindən, uğurlarından qürur duydu. Heydər Əliyev xalqa yalnız iqtisadi uğurlar bəxş etmədi, ilk növbədə insanlara ruh verdi, ürəklərdə torpağa, vətənə inam yaratdı. Bütün uğurların təməlində məhz bu ruh, inam, sədaqət, məhəbbət dururdu və bu amillər insanları daha yüksək uğurlara aparır, onlara qüvvət verirdi.

 

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə respublikada sənaye istehsalının həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,4 dəfə artmışdı. Ümumi məhsul istehsalı əvvəlki əlli ilə bərabər, ölkənin su-meliorasiya sistemi kompleksinə qoyulan xərc əvvəlki əlli ildəkindən 2,5 dəfə çox olmuş, 18,5 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Bu rəqəmlərin sayını bir neçə dəfə artırmaq olar, ancaq bu nümunələr uğurlara müəyyən təsəvvürləri yaratmaq baxımından xarakterikdir.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də ölkə çıxılmaz vəziyyətdə idi və o günləri xalqımız çox yaxşı xatırlayır. Ulu Öndər həmin dövrdə bir xilaskar missiyasını uğurla həyata keçirdi və xalqı ağır bəlalardan, torpaqlarımızı daha geniş işğaldan xilas etdi. Prezidentimizin xatırlatdığı kimi həmin dövrdə Heydər Əliyevin ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, ölkəmizi beynəlxalq aləmdə tanıtdırmaq, xalqın birliyini təmin etmək oldu.

Cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, Heydər Əliyev bütün dövrlərdə xalqına sədaqətlə xidmət etmişdir. Bu danılmaz faktdır. İstər Moskvada işlədiyi, istər vəzifədən uzaqlaşdırıldığı, istər “20 yanvar” günlərində, istərsə də vəzifədə olduğu bütün dövrlərdə Ulu Öndərimizin qəlbi xalqı ilə bir döyünmüş, o Azərbaycanın inkişafı və xalqının xoşbəxtliyi naminə həyatını qurban vermişdir. Məhz buna görə də dövlətimizin rəhbərinin qeyd etdiyi kimi, Ümummilli Liderimizin xatirəsi böyük hörmət və ehtiramla yad edilir və Azərbaycan xalqı durduqca Heydər Əliyevin xatirəsi sonsuz məhəbbətlə yad ediləcəkdir.

Ulu Öndərimizin ruhu bu gün şaddır. Çünki onun ən böyük arzusu xalqımızı xoşbəxt və torpaqlarımızı azad görmək idi. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Qarabağ, Şərqi Zəngəzur torpaqları işğaldan azad edilmişdir. Həmin torpaqlarda indi möhtəşəm işlər görülür, şəhər və kəndlərimiz sürətlə bərpa edilir, yenidən qurulur, abadlaşdırılır. Bu, Heydər Əliyev arzularının çiçəklənməsi, ideyalarının həyata keçirilməsi, amallarının, əməllərinin yüksəlişi, əbədiliyi, ölməzliyidir”, - deyə Tahir Rzayev bildirib.


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.

Bu barədə Axar.az-a AMB-dən məlumat verilib.

Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.

Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi, Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.

Eyni zamanda investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcək.