Son vaxtlar məktəbli formalarının keyfiyyəti ilə bağlı problem yenidən gündəmə gəlib.
Milli Məclisin deputatı Fazil Mustafa da müzakirələrə qatılaraq, məktəbli formalarının materialının sintetik olması və bunun uşaqların sağlamlığını ciddi risk altında qoyması barədə fikirlər səsləndirib.
Dermotoloqlar da bu fikri təsdiqləyərək, sintetik materialdan olan geyimlərin dəri xərçənginə səbəb ola biləcəyini vurğulayıblar.
Axar.az xəbər verir ki, müzakirələrdə səsləndirilən məqamlara aydınlıq gətirən Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov "Yeni Sabah”a açıqlama verib:
"Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən hazırlanır. Bütün polo köynəklər 95 faiz pambıq, 5 faiz lexrondan, şalvar və ətəklər isə 60 faiz yun, 40 faiz polyesterdən istehsal olunur. Nazirlər Kabinetinin verdiyi qərarda belə nəzərdə tutulub. Satış mərkəzlərimizdən alınan hər bir formaya biz zəmanət veririk. Əminik ki, məktəbli formalarımız keyfiyyətlidir, uyğunluq sertifikatı var. Bu səbəbdən onların insan səhhəti üçün təhlükə yaratması mümkün deyil”.
E.Əzimov satışda olan saxta formaların təhlükəli olduğunu bildirib:
"Danılmazdır ki, Azərbaycandakı mağazalarda saxta məktəbli formaları da satılır. Həmin formalar kilo ilə alınıb gətirilir və heç bir zəmanəti, sertifikatı yoxdur. Təbii ki, həmin geyimlər uşaqlar üçün təhlükə riski yaradır. Satışda olan saxta formalar uşaqların dərisində səpki və qızartıya səbəb ola bilər. Bu da olduqca zərərli və qorxuludur.
Bu məsələyə aidiyyatı orqanlar riayət etməlidir. Ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz məktəbli formalarının gətirilməsinin qarşısını almaq lazımdır. Niyə Çindən, yaxud digər ölkələrdən Azərbaycana saxta formalar gətirilməlidir? Buna niyə icazə verilir? Bu işlə məşğul olan qurumlar buna icazə verməməlidir. Azərbaycanda bir neçə fabrik var ki, onlar da məktəbli formaları istehsal edir. Bu formalar keyfiyyətlidir”.