Çin hakimiyyəti Almaniyanın xarici işlər naziri Annalena Berboku tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşr bildirib ki, Berbokun Çinə səfəri zamanı Berlin və Pekin arasında münasibətlər yalnız pisləşib. Almaniyalı nazir xüsusilə Çini Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməkdə ittiham edərək, Pekinin Moskvaya iqtisadi və hərbi yardımının Avropa maraqlarına zidd olduğunu qeyd edib.
Çin hökuməti bütün ittihamları rədd edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkə Ukraynadakı vəziyyətlə bağlı “dəfələrlə öz mövqeyini aydınlaşdırıb”, buna görə də Almaniya XİN rəhbərinin sözləri “əsassız ittiham və siyasi spekulyasiya”dır.
Çin rəsmi dairələrinə bağlı “Çin Deyli” (China Daily) yazıb ki, nazir Berbok səfərdən "ev sahiblərinə mühazirə oxumaq" üçün istifadə etməməlidir və Pekinin fikrincə, münaqişələr "silah və sanksiyalarla deyil, çeviklik və uzaqgörənliklə" həll edilməlidir.
Qeyd olunur ki, Berbok və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlardan sonra Pekin Berlinin bu addımına dözmək fikrində olmadığı üçün birgə mətbuat konfransı da ləğv edilib.
Xatırladaq ki, Almaniya xarici işlər naziri Annalena Berbokun oktyabrın 28-də Çinə etdiyi səfər qalmaqalla başlamışdı. Belə ki, onu heç kim qarşılamamışdı. Daha sonra verilən açıqlamada “təyyarənin səhv meydançaya enməsi səbəbindən” qarşılanmanın olmadığı iddia edilmişdi.