Abşeron rayonu ərazisində işıqforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, “İsuzu” markalı 10 TG 026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Kəmaləddin Yavər oğlu Quliyev və “İsuzu” markalı 90 RB 533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişindaşıma fəaliyyəti göstərən Firdovsi Abgül oğlu Rəcəbov sərnişin dolu avtobusla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdiyi üçün DYP-yə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb və qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək, onları hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərin də həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırır", - məlumatda qeyd olunub.