Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxda kirayədə yaşayan Tovuz sakini Nüsaməddin Məhəmmədovun başına gəlib. Zərərçəkmiş deyir ki, 13 gün əvvəl səhər saatlarında telefonunun danışıq balansını artırmaq üçün bank tətbiqinə daxil olarkən müəyyən edib ki, kartında olan külli miqdarda vəsait oğurlanıb.
Nüsaməddin Məhəmmədov dərhal bu barədə banka məlumat verib. Bankdan ona bildiriblər ki, pul başqa kartlara köçürülüb. Zərərçəkmiş iddia edir ki, heç kimə karın 16 rəqəmini göndərməyib və onlayn oyunlara da pul köçürməyib. 9 min manatdan çox pulunun oğurlandığını görən Nüsaməddin bundan sonra ''102''-i xidmətinə də məlumat verib.
Zərərçəkmiş onu da əlavə edir ki, həmin pulları kartda saxlamasının səbəbi ev tikmək üçün torpaq sahəsi almaq olub.
Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin hadisə kiberdələduzlar tərəfindən törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev onu da əlavə etdi ki, bu cür faktla üzləşən şəxslər ''102'' xidmətinə və yaxud da DİN-in sosial şəbəkə hesablarına məlumat versinlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.