Psixoloqlara müraciət etdiyinə görə cəmiyyət tərəfindən damğalanmaq hissi insanlarda qorxu yaradır.
Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Elmir Əkbər deyib. Onun sözlərinə görə, hazırda psixoloqlara müraciət edənlərin sayında artım var:
“Psixoloqa gedən insanlar özlərini diskomfort hiss edirlər. Çünki ətrafdakı insanların münasibəti birmənalı olmur. Buna “stiqma” deyirlər, yəni damğalanmaq. Halbuki psixoloq psixoloji baxımdan sağlam insanlarla məşğul olur. Cəmiyyətdə maariflənmənin getməsi artıq insanlara imkan verir ki, “mənim şəxsi psixoloqum” ifadəsini çəkinmədən istifadə etsinlər. Bu sivilizasiya ilə bağlı bir prosesdir. Bəzən elə hallar olur ki, psixoloji problemlər olduqda xəstə ilə psixoloq və psixiatr birlikdə məşğul olur. Hər ikisi təyinata uyğun olaraq bu prosesə cəlb olunur.
Ailə münaqişələrinin, xəstə doğulan uşaqların sayında artımın müşahidə olunması ilə insanlar psixoloqa müraciətə ehtiyac duyurlar. İnformasiya, internet, sürət əsrində yaşamağımız insanlar arasında psixoloji gərginliyə, stresə, depressiyalara, fobiyalara səbəb olur. Bu amillər də psixoloqlara müraciətlərin artmasına səbəb olub”.
Ekspert bildirib ki, psixoloqlar cəmiyyətdən təcrid olunmuş insanların adaptasiyası üçün müəyyən konsultasiyalar həyata keçirir:
“Bəzi insanlar həbs olunur, bir neçə il həbsxanada yaşamaq məcburiyyətində qalır. Bu insanların sonradan cəmiyyətə adaptasiyasında, ətrafdakı insanlar tərəfindən düzgün qəbul edilməsində, iş tapmasında, karyera qurmasında problemlər yaranır. Bəzi insanlar var ki, həyatının hansısa bir dövründə zərərli vərdişləri olub və bunlardan azad olub. Belə insanların yaxınları onlardan utanır və ya hər hansı bir mövzu düşdükdə özündə kompleks hiss edir. Bu zaman psixoloqa müraciət etmək ən düzgün çıxış yoludur”.