Sabirabadda kənd yerində yaşayan 18 yaşlı qız evdən qaçıb.
Polis onu tapsa da, qız niyə evdən qaçdığı və ya kiminsə tərəfindən qaçırıldığı haqda məlumat verməyib. O elə polis idarəsindən də qaçıb. Bir müddət sonra atası onu Şirvan şəhərindən taparaq evə gətirib, amma 18 yaşlı Zülfiyyə Hüseynova yenə evdən qaçıb. İndi onun harda olduğu bilinmir.
“Qafqazinfo”nun məlumatına görə, qızın atası Əmrah Mustafayev öz dərdini “Xəzər Xəbər”ə danışıb.
Ağlayaraq göz yaşı tökən ata bir aydır ki, qızını axtardığını söyləyib.
Sabirabad rayonu, Qaragüney kənd sakini Ə. Mustafayevin sözlərinə görə, qızı iyulun 1-dən itkin düşüb.
Rayon polis şöbəsində qızın atasının izahatı alınıb və Zülfiyyənin axtarışına başlanılıb. Bir neçə gün sonra 18 yaşlı qız tapılıb.
Əmrah Mustafayev deyir ki, qızı evdən getdikdən sonra onun psixoloji problemləri yaranıb. O, iddia edir ki, qızına pisxotrop tərkibli dərman verilib. Bu səbəbdən də onu kimin qaçırdığı və hara apardığı barədə heç bir məlumat vermir.
Ə. Mustafayev iddia edir ki, onun qızını qonşuluğunda yaşayan bir kişi ilə qadın qaçırıb. Bu barədə polisə də məlumat verib. Amma qız polisə ifadəsində bunu təsdiq etmədiyi üçün həmin şəxslər istintaqa cəlb edilməyiblər. Həmin hadisədən sonra o, qızını Şirvan şəhərində bir avtobus dayanacağından tapıb evə gətirsə də Zülfiyyə yenə də qaçıb.
İndi gözüyaşlı ata yaşadığı Sabirabad və ətraf rayonlarda qızını axtarır. Onu hansısa qruplaşmaya və yaxud da pis yola salmaq istəyən şəxslərin isə istintaqa cəlb edilməsini tələb edir.