Hər bir sürücü bilməlidir ki, nəqliyyat vasitəsini qapısı açıq şəkildə idarə etmək insan ölümünə səbəb ola bilər.
Bu sözləri Axar.az-a “Digesta” hüquq firmasının rəhbəri, nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, avtobusu və ya digər nəqliyyat vasitələrini qapısı açıq idarə etmək qadağandır:
“Bakıda sürücülərin adətən marşrutu qapısı açıq formada idarə etməsinə səbəb daha çox sərnişin yığmaq istəyidir. Bəzən sürücülər yay aylarında havanın isti keçməsini də bəhanə gətirərək, marşrutun qapısını bağlamırlar. Nəticədə sərnişinlər açıq qalmış qapıdan sallanmış formada gedir. Bu hal baş verdikdə sərnişinin həyatı üçün təhlükə yaranır. Sərnişin avtomobildən yıxıla, başqa nəqliyyat vasitəsi tərəfindən vurula bilər”.
Ekspert bildirib ki, belə hallarla qarşılaşdıqda sərnişinlər Bakı Nəqliyyat Agentliyinin 141 - Qaynar xəttinə şikayət edə bilərlər:
“Respublikanın hər hansı bölgəsində belə hal baş verdikdə isə nazirliyə, xəsarət aldıqları təqdirdə isə polisə şikayət edilməlidir. Qapısı açıq şəkildə nəqliyyat vasitəsini idarə etməyə İnzibati Xətalar Məcəlləsinin 343-cü maddəsinə görə 40 manat cərimə nəzərdə tutulub”.