Xidmət sahələrində yerli və xarici istehlakçıların aldadılması halları baş verir.
Bu sözləri Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əcnəbi turistlərin ölkəmizdə qarşılaşdığı neqativ hallara münasibət bildirərkən söyləyib.
O, turistlərin ən çox qarşılaşdığı avtomobillə daşıma xidmətindəki aldatmaların qarşısının alınmasına diqqət çəkib:
“Bu sahədə ciddi qüsurlar var. Avtomobillərə sayğac quraşdırılmalı, sayğacdan çek verilməlidir. Sayğacı olmayan taksilərin fəaliyyəti qadağan edilməlidir. Belə hallar Azərbaycanda turizmi gözdən salır və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Lakin turizmə mane olan başqa səbəblər də var”.
Eyyub Hüseynov belə halları da sadalayıb: “Məsələn, turist zonasındakı məşhur restoranlardan birində monitorinq aparanda məlum oldu ki, 200 qramlıq kabab 7 manatadır. İstehlakçı bir dəfə gedib aldadıldıqdan sonra bir də ora getmir. Bu, Azərbaycan bazarında ətin kilosunun 40-50 manata olması təsəvvürü yaradır.
Yaxud restoranlarda menyuların təqdim edilməməsini qeyd edə bilərik. Hesab gətirəndə bir çox hallarda aldatmalara yol verilir.
Turistlərin ən çox gəzdikləri yer olan Dənizkənarı Parkda çay dəstgahı 50 manatadır. İstehlakçının əsas hüquqlarından biri onun seçim haqqına sahib olmasıdır. Lakin bizdə bir çox yerlərdə müştəriyə seçmək şansı verilmir.
Bir stəkan və ya bir çaynik çayın yanında baha qiymətə əlavə şeylər təqdim olunur".
Eyyub Hüseynov həmçinin xidmət sahələrində fəaliyyət göstərən insanların peşəkarlığına, işçilərin sağlamlığına və ümumi gigiyenik qaydalara riayət edilməsinə diqqət yetirilməli olduğunu bildirib.