İnternetdə qeyri-ciddi, dayanıqsız, insanları aldararaq pul qazanan saytlar var.
Bir çox insan bu saytlar haqqında araşdırma aparmadan onlayn alış-veriş edir. Nəticədə isə bəzən külli miqdarda pulları mənimsənilmiş olur.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internet alış-veriş zamanı alıcıların aldadılması barədə danışarkən deyib. O.Gündüz bildirib ki, fırıldaqçılıqla məşğul olan saytları ayırd etmək üçün həmin saytın domen ünvanına xüsusi nəzər yetirmək lazımdır:
“Sonra isə saytın kontaktı, sertifikatı və istifadə qaydaları haqqında məlumatın olub-olmaması yoxlanmalıdır. Müştərisini aldadan onlayn satış saytlarının cəzalandırılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək lazımdır. Onlar belə hallar ilə qarşılaşan şəxslərin hansı addımlar atmalı olduqları barədə məlumat verəcəklər. Kibercinayətkarlıqla qarşılaşan şəxslər mütləq hüquq mühafizə orqanlarına da müraciət etməlidirlər”.
Osman Gündüz fırıldaqçıların hər yerdə, o cümlədən internet məkanında olduğunu unutmamaq lazım gəldiyini vurğulayıb:
“Alış-veriş edən şəxslər haradan mal aldıqlarına diqqət yetirməlidirlər. Etibarlı və ticarətdə öz sözünü demiş onlayn mağazalara müraciət etmək daha məsləhətlidir. Onlayn mühitdə kartlar, virtual pullar vasitəsi ilə ödəniş edən şəxs ilk növbədə təhlükəsizlik qaydalarına riayət etməlidir. Yəni ödənişdən öncə onun işlətdiyi kompüter və telefonlar normal vəziyyətdə olmalıdır. Həm casus proqramlarından ehtiyat etmək, həm də anti-virusdan istifadə etmək lazımdır”.
Qeyd edək ki, tanınmış hüquqşünas Fərhad Mehdiyev internetdə alış-veriş edən bir şəxsin ona hüquqi yardım üçün müraciət etdiyini bildirib. F.Mehdiyev qeyd edib ki, internet üzərindən alış edən müştəri 450 dollar ödəniş edib, əvəzində isə fırıldaqla üzləşib və pulu mənimsənilib.
Bu yolla mənimsənilən vəsaitin geri qaytarılmasının çox müşkül məsələ olduğunu vurğulayan hüquqşünas internet istifadəçilərini diqqətli olmağa çağırıb və tövsiyyələrini verib.