Tez-tez qəzaların baş verdiyi Masazır dairəsinin bütün yolayrıclarına işıqforlar quraşdırılıb.
Axar.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, həmin ərazi ilə bağlı idarəyə sürücülər dəfələrlə müraciət edib. Əraziyə baxış keçirildikdən sonra qərara alınıb ki, Abşeron rayonundakı dairəyə işıqfor qoyulsun.
Sürücülər də dairənin işıqforla tənzimlənməsinin çoxdan tətbiq edilməli olduğunu deyirlər. Onlar həmin ərazidə işıqforlar quraşdırıldıqdan sonra yol-nəqliyyat hadisələrinin azalacağını bildirirlər.
Qeyd edək ki, işıqfor yaxın günlərdə işləyəcək. Bundan başqa Bakıdan Masazır qəsəbəsinə və o cümlədən də Xırdalandan paytaxt istiqamətində işıqforun sağa hərəkət istiqaməti daimi yaşıl olacaq. Digər istiqamətlərdən hərəkət isə avtomobillərin sıxlığı nəzərə alınaraq tənzimlənəcək.