Kiçik və orta sahibkarlar artıq daha irihəcmli kreditlər əldə edə biləcəklər.
Xəzər xəbər məlumat verir ki, buna dövlət başçısının sərəncamı ilə təsdiqlənən tədbirlər planında yaradılması nəzərdə tutulan Kreditlərə Zəmanət Fondu imkan verəcək. Bu isə öz növbəsində kiçik və orta sahibkarlığın inkişafına böyük imkanlar yaradacaq.
Sahibkar krediti qaytara bilməsə, fond onun ödənişini öz öhdəsinə götürəcək. Bank sisteminə insanların inamını artırmaq, eləcə də şəffaflığın təmin edilməsi üçün atılacaq addımlardan biri isə banklara məcburi olaraq audit hesabatlarını saytlarında elan etmək tələbinin qoyulmasıdır.
Tədbir planında icra edilməsi nəzərdə tutulan tədbirlərdən biri də daşınar əmlakın yükümlülüyünün tətbiqi imkanlarını artırmaqdır. Artıq vətəndaşlar girov kimi qoyduğu daşınar əmlakı, məsələn, televizor, mebel və digər əşyaları sonradan dəyişdirə də biləcək.
Ümumilikdə isə biznes mühitinin formalaşdırılmasına əlverişliliyin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının sərəncamı ölkənin sosial-iqtisadi həyatında ciddi uğurların əldə edilməsində vacib rol oynayacaq.