Sükan arxasında qayda pozaraq görüntüləri sosial şəbəkələrdə yayan sürücülər, hətta buna görə həbs də edilə bilərlər.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu il ərzində 18 sürücü sosial şəbəkədə yayılan görüntülər əsasinda məsuliyyətə cəlb edilib. Belə pozuntulara daha çox yol verənlər isə adətən tanınmışlar olur.
Bam.az xəzərxəbər-ə istinadən xəbər verir ki, əsasən də tanınmış insanlar sükanı azyaşlı uşağa verir, təhlükəsizlik kəmərini taxmır, yaxud xüsusi vasitə olmadan ön oturacaqda uşaq əyləşdirirlər.
Belə görüntülər əsasən də məşhurlar tərəfindən tez-tez sosial şəbəkələrdə paylaşılır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu görüntülərin hər biri araşdırılır və onu törədən sürücülər cərimələnir.
Belə görüntülər vasitəsilə hətta xətanı törədən sürücü həbs də edilə bilər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, belə faktlar dəfələrlə qeydə alınıb və xətanı törədənlər həbs edilib.
Bölmə rəisinin sözlərinə görə, edilmiş xətaların sosial şəbəkələr vasitəsilə yayılması halları ən çox məşhurlar arasında baş verir ki, bu da təəssüfləndirici faktdır. Çünki həmin şəxslər öz hərəkətləri ilə cəmiyyətə örnək olmalıdırlar.
Vaqif Əsədov deyir ki, hətta film və klip çəkilişlərində belə icazə alınıb, təhlükəsizlik təmin edilmədən qayda pozan şəxslər də cərimə olunacaqlar.