Opinion way: Seçki bu gün keçirilərsə, İlham Əliyev seçicilərinin 83-85 faizinin səsini qazana bilər















Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədi ilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.
Rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.

Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb.

“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.

Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Bununla bağlı rəyi soruşulanların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyi, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olub.

Bu nəticəni sosioloqlar onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib.

Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.
Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulanların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib.

Yenə də ekspertlər bunu onunla izah edirlər ki, son dövrdə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib.

“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib.

Görünür, belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Üç proqramın icrası nəticəsində bölgələrin infrastrukturları müasir standartlara uyğun yenidən qurulub, minlərlə istehsal müəssisəsi, iki milyondan artıq yeni iş yeri açılıb, ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub. Bu il isə regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib və icrasına başlanıb.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri “çox yüksək”, 27,5 faiz “əsasən yüksək”, 14 faiz isə “qismən yüksək” kimi qiymətləndirib.

Məsələ ondadır ki, Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. O, təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər edib, vətəndaşlarla birbaşa ünsiyyətdə olub. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Bundan başqa, dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlər bu sorğunun göstəricilərini şərtləndirən amillərdir.

Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala “əla”, 16,0 faizi “kafi” cavabı verib, 2,4 faizi “pis”, 7,7 faizi isə “dəqiq bilmirəm” kimi münasibət bildirib.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara söykənibdir. Bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Hazırda ölkənin müttəfiqləri və tərəfdaşlarının sayı gündən-günə artır, Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi səciyyələndirilib.

Beləliklə, göründüyü kimi, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən, 83-85 faizinin səsini qazana bilər.
Dilqəm Əsgərovun oğlu Nikol Paşinyana cavab verdi















“Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan sərhədyanı ərazilərdə kənd təsərrüfatı işlərinin görülməsini təmin edə bilər”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib: “Biz mülki şəxslərə, xüsusən də kənd təsərrüfatı işləri görənlərə atəş açılmayacağına təminat verə bilərik. Əgər Azərbaycan da razı olsa, bunu təmin edə bilərik”.

N.Paşinyan həmçinin Vyana görüşündə humanitar aksiyalar barədə əldə olunmuş razılıq əsasında, əsir və girovları yaxınlarının ziyarət etməsinə şərait yaradıla biləcəyini də əlavə edib: “Düşünürəm ki, bunun reallaşmasına çox yaxınıq. Amma bizim və Azərbaycan tərəfdən olan əsir və girov ailələrinin buna razı olub-olmayacağını bilmirik. İstisna etmirəm ki, bəzi insanlar siyasi yox, şəxsi motivlərə görə bu addımı atmasınlar. Aydındır ki, bu asan qərar olmayacaq”.

Xatırladaq ki, hazırda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimov düşmən girovluğundadır.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında Nikol Paşinyanın əsir və girovlarla bağlı yeni açıqlaması ilə tanış olduğunu bildirdi: “Nikol Paşinyan bu acıqlamadan öncə şərait yaratsın ki, atam Dilqəm Əsgərovdan canlı video gəlsin. 1 il 6 aydı atam haqqında ancaq şifahi məlumat alıram. İndi isə Paşinyan acıqlama verir ki, girov ailələri girovlara baş çəkə bilər. Paşinyana növbəti sözüm odur ki, gəl kişi kimi söhbət edək və kişi kimi hərəkət edək, atam yaşlı və xəstə kişidi, sən və hökumətin 1 il 6 aydı icazə vermir ki, Dilqem Əsgərovdan video, şəkil, foto gəlsin. İndi bu acıqlama ilə kimi aldatmağa calışırsan?! Paşinyan birinci növbədə atamın saxlanma durumu, hərəkət etməsi, danışması, oturması barədə video göndərilməsini təmin etsin. Onda baxarıq bu dediklərində səmimidir, yoxsa yox. Atamdan canlı videogörüntü gəlməsə, onda mən əmin olacağam ki, Paşinyan söz verib sözünün üstə dura bilməz. Və belə olduğu halda ailə başçısı mən olduğuma görə heç kəsə icazə verə bilmərəm ki, Nikol Paşinyanın bir sözü ilə atamı ziyarətə getməyə cəhd etsin. Mənim atam qanunsuz girov saxlanılır, azad edilməlidir”.

İlham Əliyev ile ilgili görsel sonucu
2018-2019-cu illər Azərbaycan tarixində sosial sahədə inqilabi islahatlar illəri kimi tarixə düşəcək.
2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının növbəti mərhələ üçün etimadını qazanan İlham Əliyev seçkidən dərhal sonra seçkiöncəsi verdiyi vədlərin dərhal həytata keçirilməsinə start verdi.

2018-ci ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar sosial sahədə həyata keçirilən islahatlara əlavə bir stimul da vermiş oldu.
Azərbaycan prezidentinin son bir ildə sosial sahədə həyata keçirdiyi islahatları “Ölkə.Az”a şərh edən millət vəkili İqbal Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildən deyil, 2003-cü ildə seçildiyi andan etibarən əhalinin sosial müdafiəsinin güclənməsi və rifah halının yaxşılaşması istiqamətində addımlar atıb və bu siyasət bu gün də davam etməkdədir.

“Sadəcə olaraq bu sahədə həyata keçirilən islahatlar daha da dərinləşib və sürətlə davam edir. Son bir ildə həyata keçirilən islahatlar isə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması və rifah halının yaxşılaşmasına xidmət edir”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, ölkə başçısının son aylarda verdiyi fərman və sərəncamlar 3 milyondan artıq insanı əhatə edəcək və bu istiqamətdə işlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək.

Deputat bildirib ki, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə səsləndirdiyi kimi Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb:

“Dövlət başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə əldə edilən gəlirlərin ilk növbədə sosial sferaya yönəldilməsinə təmin edib”.

Ötən bir ildə həyata keçirilən islahatlar xronologiyasına diqqət yetirən İ.Məmmədov bildirib ki, cənab İlham Əliyevin yeritdiyi kursu qətiyyətlə böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, bu, hətta islahata inqilabi yanaşmanın nümunəsidir:

“Bu isə yüksək səriştə, dönməz siyasi iradə və mükəmməl idarəçilik qabiliyyəti tələb edən xüsusiyyətdir. Bu özünü son bir ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi məsələsinin bu gün tam şəkildə həllini tapmasında göstərdi.

Bu xarakteri eyni zamanda aşağıda sadalayacağım məsələlərdə də görmək mümkündür. Cari ilin mart ayının 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün məbləği 242 manat deyil, 300 manat, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manat yox, 300 manat məbləğində hesablanmağa başlayıb.
Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım var ki, bu da ümumilikdə 800 mindən çox insanın həyatına müsbət təsir göstərəcək. 2019-cu il aprel ayının 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olacaq. Təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə artırılacaq”.

Deputat bildirib ki, həyata keçirilən bu islahatların kökündə bir amal dayanır:
“Bu da insanları rifah halında yaşayan daha güclü, qüdrətli bir dövlət qurulmasıdır. Həyata keçirilən islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirərək daha güclü, qüdrətli bir dövlət qurulmasıdır. Bu islahatlar həmin məqsədlərə xidmət edir və həmin siyasətin tərkib hissəsidir. Məhz ona görə də Azərbaycanda dövlətin sosial siyasəti əhalinin sosial müdafiəsi, təhsili, vətəndaşların sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir. Əhalinin sosial ehtiyaclarının ödənilməsi, təhsilin, səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi dövlətin mühüm funksiyası hesab olunur. Ümumilikdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Məhz buna görə də iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir”.

Deputat qeyd edib ki, bildiyiniz kimi 2016-ci ildə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı “Yol xəritəsi” müəyyənləşib və bu sənəddə Azərbaycan Avropa Sosial Xartiyasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməlidir:

“Yəni Xartiyaya, əsasən Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalıdır. Bütün bu və digər məsələlər qarşıdakı 4-5 il ərzində həyata keçirilməlidir. Məqsəd də yoxsulluğu tam aradan qaldırılaraq, kasıb insanların sayının minimuma endirilməsidir. Dövlət əhalinin sosial rifah halını yüksəltməklə cəmiyyətdə barışın və harmoniyanın yaradılmasına çalışır”.

Deputat əlavə edib ki, bütün bunlar Azərbaycan prezidentinin ötən müddətdə verdiyi andına və vədinə sadiqliyinin göstəricisidir:

"Prezidentin 2019-cu il islahatlarının genişliyini göstərən ən müxtəlif məqamları vurğulamaq mümkündür. Yuxarıda qeyd etdiklərim sosial təminat paketinin ayrı-ayrı hissələri kimi diqqət çəkməkdədir. Ancaq islahat vətəndaşlarımızın yalnız maddi rifah halının yaxşılaşdırılmasını, yəni əmək haqqı, təqaüd və müavinətlərin artırılmasını yox, onların sıxıntılarının aradan qaldırılmasını nəzərdə tutur. Bu baxımdan iki məsələnin üzərində dayanmaq mümkündür.
Bunlardan birincisi barədə söz açarkən cənab İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli Fərmanına nəzər salmaq yerinə düşər. Dövlət sənədində də deyildiyi kimi, məqsəd istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərinin qorunmasıdır. Bu zaman sosialyönümlük və humanizm prinsipləri əsas götürülür. Axı burada söhbət hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binalardan gedir. Həmin binaların istismarına icazə proseduru və müddəti optimallaşdırılır ki, bu isə mövcud sahədəki idarəçiliyin şəffaflığına yönələn addımdır.

İkinci məsələ isə Cənab İlham Əliyevin problemli kreditlərlə bağlı sərəncamıdır ki, bu, sənəd təqribən 2 milyondan artıq əhalini əhatə edir. İnsanların son bir neçə ildə üzləşdiyi ən ciddi problemlərdən biri idi.

Heç şübhəsiz, Prezidentin fərman və sərəncamları ümumən vətəndaş məmnunluğunun daha da artırılmasına hesablanıb. Bəli, ölkə başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacibdir. Prezidentin belə yanaşma tərzi onun siyasi lider xarakterini sübut etməklə yanaşı, yürütdüyü kursun alternativsizliyini və dünyada analoqunun olmadığını bir daha təsdiqləməkdədir.

Ona görə də 2018-ci ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən, insanlarının rifah halının yaxşı olduğu, daha güclü, qüdrətli dövlət qurmaqdır”.

Deputat qeyd edib ki, ölkə başçısı eyni zamanda humanizm siyasətinə sadiqliyini nümayiş etdirib. Belə ki, Azərbaycan prezidenti ötən bir il ərzində əfv sərəncamı və fərmanı imzalayıb və bu mindən artıq məhbusa şamil edilib.

“Ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq mayın 24-də imzaladığı əfv sərəncamı 648 məhbusa şamil edilib. 2019-cu ildə martın 16-da Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanı isə 399 nəfərə şamil edilib. Ümumilikdə isə 2003-cü ildən bu günə kimi 33 əfv sərəncamı imzalanıb və bu əfv sərəncamları beş minədək məhbusa şamil edilib. Bu müddət ərzində H. Əliyev Fondunun təşəbbüsü ilə bir neçə dəfə Amnistiya Aktı qəbul edilib və bu amnistiyalar on minlərlə məhbusa şamil edilib. Ölkə başçısını bu humanist siyasətinin kökündə hətta ağır cinayətlər etmiş şəxslərə özlərini cəmiyətdə doğruldub, islah etməsi üçün şanslar verməsi durur. Məhz bu ölkə başçısının 16 mart 2019-cu ilə Əfv sərəncamında 3 ömürlük məhbusun digər cəza ilə əvəzlənməsində özünü göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, humanizm Azərbaycan Prezidentinin yürütdüyü siyasətin prioritetini təşkil edir. Məhz xalq da onun yürütdüyü siyasətə dəstək verir. Azərbaycan vətəndaşı bilir ki, onun taleyi əmin əllərdədir və ona görə də onun ətrafında sıx birləşib, inanıb, islahatların daha da dərinləşməsinə dəstək verirlər. Son olaraq onu demək olar ki, Azərbaycanın prezidenti İlham Əliyevin siyasətinin əsas amalı xalqa xidmətdir”, - deyə deputat İ.Məmmədov bildirib.

Tonoyan Azərbaycana səsləndi: “Biz müharibə istəmirik" — Erməni nazirin qorxu ETİRAFI















Azərbaycan dövlətinin son dövrlərdəki hərbi ritorikası Ermənistanda əməlli-başlı qorxuya səbəb olub.
Bir müddət əvvəl müharibə bəyanatları ilə çıxış edən Tonoyan artıq sülhdən danışır. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbət zamanı Azərbaycan hökumətinin hərbi bəyanatlarına münasibət bildirib:
“Biz müharibə istəmirik. Azərbaycanın hərbi-siyasi elitası isə öz ordusunu sülhə hazırlasın”.
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi














Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyəti başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 
Məhərrəm Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısı Novruz Nəcəf oğlu Novruzovu Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Asif Həbib oğlu Hüseynovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ramil Usubov iki rayona yeni polis rəisi təyin etdi














Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Generaldan ordumuz haqda böhtanlara sərt cavab














General-leytenant Rövşən Əkbərov: “Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir”

Azərbaycan ordusunun Birlik komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ordu.az-a müsahibə verib. R.Əkbərov bildirib ki, bu günlərdə başa çatan geniş miqyaslı təlimlər də bir daha sübut etdi ki, Azərbaycan ordusu dinamik inkişaf edir. Təlimlərdə biz şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, onun bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, eyni zamanda müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin formalaşdırılmasına nail oluruq. Hər təlimin öz təyinatı var:

“Ali Baş Komandanın göstərişi, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən budəfəki təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu məsələsini daim diqqətdə saxlayır, ona daim və hərtərəfli qayğı göstərir”.

Birlik komandiri deyib ki, ordumuzun əldə etdiyi nailiyyətlərə qara yaxanlar fərdlərdir. Onlar həm də el arasında deyildiyi kimi, “kiçik budaqların üstündə oturub böyük budaqları silkələmək istəyən” fərdlərdir. İstər respublikamızda yaşasınlar, istərsə də xaricdə. Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir: “Uzaqdan-uzağa ordumuz haqqında danışanlar, orduda nöqsan axtaranlar bilsinlər ki, bu, vicdana sığan hərəkət deyil. Bu, heç bir əsl azərbaycanlıya yaraşan hərəkət deyil. Bəzi saytlar belə fərdlərin qərəzli informasiyalarına yer verməklə öz nüfuzunu da nəzərəçarpacaq dərəcədə azaldır. Belə qərəzli fikirlər Azərbaycan ordusunun nüfuzuna təsir göstərə bilməz”.

General ordumuzun silah, texnika arsenalı barədə də müəyyən məlumatlar verib, eyni zamanda qeyd edib ki, elə fərdlər var bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatmır. R.Əkbərov qeyd edib ki, ordumuzun arsenalına müasir döyüş texnikalarının böyük əksəriyyəti-Belarusun istehsalı olan yüksək manevr və atəş gücünə malik 301 mm-lik əməliyyat-taktiki raket “Polonez B-300″, İsrailin istehsalı olan 624 mm-lik əməliyyat-taktiki raket LORA, 306 mm-lik taktiki raket EKSTRA, texnika üzərində tank əleyhinə idarəolunan raket kompleksi ”Spike-ER” və daşınan tank əleyhinə idarə olunan raket kompleksi “Spike-LR”, Türkiyənin istehsalı olan 300 mm-lik taktiki raket TR-300 E “Qasırğa”, Rusiyanın istehsalı olan 300 mm-lik 9A52-2 “Smerç” (YARS), ağır odsaçan sistem TOS-1A, 203 mm-lik 2S7 “Pion-M” və 152 mm-lik 2S19 “Msta-S” özüyeriyən artilleriya qurğuları, tank əleyhinə kompleks 9K123 “Xrizantema-S”, Çexiyanın istehsalı olan 122 mm-lik yaylım atəşli reaktiv sistem-YARS RM 70 və 152 mm-lik özüyeriyən artilleriya qurğusu DANA daxil edilib. Bundan əlavə, Azərbaycan ordusunun arsenalında olan T-90S tankı, ZTR-82A, 152 mm-lik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 220 mm-lik TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi və s. son illərdə tədarük edilib: “Aldığımız müasir artilleriya sistemlərinin proqram təminatı İsrailin mütəxəssisləri tərəfindən yenilənərək ən yeni sistemlərlə təchiz edilib. Bu da öz növbəsində düşmənin REM vasitələrinin təsirini məhdudlaşdırır və asanlıqla onun üzərində atəş üstünlüyə nail olunur. Həmçinin bu döyüş texnikaları mütəmadi keçirilən irimiqyaslı təlimlərdə tətbiq edilir. Bu və ya digər texnikanın ”köhnə” olduğunu iddia edən həmin fərd texnikanın adını niyə demir?! Xalqını, dövlətini sevməyənlər olmayanları var kimi təqdim etməyi bacara bilməz. Qoy o fərdlər unutmasınlar ki, yalançı vətənpərvərliyin sonu yoxdur. Sözü ilə əməli düz gəlməyənlər gec-tez ifşa olunur. Elələri də var ki, bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatırmı?! Ordu quruculuğu haqqında səmərəli fikri varsa, buyursun desin”.

R.Əkbərov 2016-cı ilin aprel döyüşlərini tarixi qələbə adlandırıb və bildirib ki, Azərbaycan ordusu bununla torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu dünyaya nümayiş etdirib.
Famil Sadıqov “Qazprom”da yüksək vəzifəyə təyin olundu














Azərbaycanlı Famil Sadıqov Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini təyin olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, o, maliyyə-iqtisadi blokuna rəhbərlik edəcək. Ona qədər bu vəzifəni Andrey Kruqlov icra edib.

Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.

Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.
Kamran Əliyevdən Turalın iradlarına cavab: Elə bilməsin ki, görmürük















Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Avtostop” verilişinin aparıcısı Tural Yusifovun Oxu.Az saytında dərc olunmuş “Niyə yollarda qırılırıq?” başlıqlı müəllif yazısına cavab verib.

K.Əliyev saytımıza göndərdiyi açıqlamada onun fikirlərindən bəziləri ilə həmrəy olduğunu dilə gətirib, bəzilərinin isə düzgün müqayisə olunmadığını hesab edir.

“Yol qəzaları ilə bağlı dünyanın ən təhlükəsiz ölkəsi hesab edilən İsveçin müsbət nailiyyətlər əldə etməsinin əsas səbəblərindən biri ölkə vətəndaşlarının qanunların tələblərinə ciddi riayət etmələri, yol qaydalarına hörmətlə yanaşmalarıdır”, – deyə vurğulayan rəis nümunə gətirib:

“Məsələn, həmin ölkədə yaş kateqoriyasından asılı olmayaraq, bir nəfər də olsun piyadanı müəyyən olunmayan yerdən keçən görə bilməzsiniz. Bunun nəticəsidir ki, həmin ölkədə piyada vurulması halları, demək olar ki, sıfıra bərabərdir.

Bizdə isə qəzaların respublika üzrə 52 faizini, paytaxt Bakıda isə hətta 67 faizini piyadaların vurulması təşkil edir. Yəni bizim piyadalarımız da yollarda həmin dövlətin vətəndaşları kimi davransalar, bizdə də hər 100 min nəfərə düşən ölü sayı 7,8 deyil, 4,2 ola bilər ki, bu da yol təhlükəsizliyi baxımından dünyada kifayət qədər yüksək göstərici hesab edilir”.

Polkovnik qeyd edib ki, bu səbəbdən qəzaların baş verməsində yalnız sürücüləri qayda pozmaqda, əzbərçilikdə, məsuliyyətsizlikdə təqsirləndirmək ədalətsiz yanaşmadır.

“O ki qaldı sürücülüyə namizədlərdən təcrübi imtahanların qəbuluna, artıq altı ilə yaxındır ki, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan təkcə qapalı meydançalarda deyil, ikimərhələli prinsiplə – birinci mərhələdə xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir.

Nəzəri imtahanlardakı sualların sayının artırılması, namizədin psixoloji durumunun yoxlanılması məsələlərinə gəlincə, bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla, mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması üçün təlim-tədris prosesinin təkmilləşdirilməsi, habelə yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanaraq tətbiq edilməsi və digər məsələlər ötən ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və icrası ilə bağlı hazırda iş gedir.

Odur ki, yol hərəkətinin təhlükəsizliyi üzrə qanunvericiliklə bağlı vaxtaşırı fikirlər paylaşan hörmətli hüquqşünaslarımız, ekspertləriniz, mütəxəssislərimiz elə hesab etməsinlər ki, bu sahəyə cavabdeh olan dövlət qurumları zamanın tələbi ilə dəyişikliklərə zərurət olan halları görmür və ya həlli istiqamətində fəaliyyət göstərmirlər.

Sadəcə, biz qanunvericilik aktları ilə bağlı hər hansı təkliflərimiz haqqında deyil, qanuni qüvvəyə minmiş dəyişikliklər haqqında ictimaiyyətə məlumat verir, izahat işləri aparır və icrasını təmin edirik”, – deyə Kamran Əliyev vurğulayıb.
Asim Mollazadə: “Məmur özbaşınalığı Azərbaycan dövlətini zəiflədir”















“Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr fəallaşıb”

Bu günlərdə Azərbaycan parlamentinin üç deputatı “hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstəyi” təmin etmək üçün Vaşinqtona səfər ediblər.

Milli Məclisin üzvləri Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Həmçinin İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər. Deputatların səsləndirdiyi fikirlər kifayət qədər maraq doğurub.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Mollazadə “Yeni Müsavat”a müsahibəsində səfərlə bağlı ətraflı danışdı, maraqlı fikirlər söylədi.

– Asim bəy, ABŞ səfəriniz zamanı səsləndirdiyiniz fikirlər kifayət qədər rezonans doğurdu…

– Mən orada yeni bir söz deməmişdim.

– Amma geniş müzakirə olundu. Sizcə, niyə?

– Mən həm Azərbaycan haqqında, həm də keçmiş sovet sisteminin dəyişdirilməsi və perspektivlər barədə danışdım. Bunlar da hər zaman dediyim sözlərdir. Orada yeni bir şey yoxdur. Mən bunları ABŞ-da birinci dəfə demirdim. Sadəcə olaraq, mövqeyim Azərbaycan iqtidarının fikirləri ilə üst-üstə düşür, onlar da artıq anlayıblar ki, bu yolla getmək lazımdır.

– Maraqlıdır, siz orada müxalifəti təmsil edirdiniz, yoxsa hakimiyyəti?

– Yox. Mən müxalifət və Azərbaycan mövqeyindən danışırdım. Mənə elə gəlir ki, iqtidar-müxalifət olmasından asılı olmayaraq, ən əsas məsələ müstəqillik, ərazi bütövlüyü və inkişaf yoludur. Mənə elə gəlir ki, bu, ümumiyyətlə, siyasi mövqe deyil, ilk növbədə vətəndaş mövqeyidir.

– ABŞ-a səfər etməkdə əsas məqsədiniz nədən ibarət idi?

– Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Azərbaycan parlamentinin Amerika ilə dostluq qrupu və ABŞ Konqresində olan Azərbaycanla dostluq qrupu arasındakı münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri idi. Azərbaycan ABŞ-la tərəfdaşlıq siyasəti aparır və bizim bir sıra istiqamətlərdə fikirlərimiz üst-üstə düşür. Bilirsiniz ki, erməni lobbi qrupları və Ermənistanın arxasında duran qüvvələr Azərbaycana qarşı ABŞ-da, dünyada informasiya müharibəsi aparır. Ona görə də ABŞ-la ABŞ Konqresi ilə münasibətlərin gücləndirilməsinə yönəlmiş bir səfər idi.

– Görüşlər əsasən harada keçirildi?

– Həm ABŞ Konqresində, həm Senatda, həm Təmsilçilər Palatasının nümayəndələri ilə çoxsaylı görüşlərimiz keçirildi. Bu görüşlərdə ikitərəfli münasibətlər, ortaq maraqlar və ortaq dəyələrdən danışıldı. Həmçinin Azərbaycan barədə məlumatlar verdik. Əslində Azərbaycan öz dəyərləri ilə dünya üçün çox önəmli bir ölkədir. Biz bir daha ABŞ-da bunu xatırlatdıq.

– Bəs Azərbaycana qarşı vaxtilə qəbul olunmuş və hələ də ləğv olunmamış “907-ci düzəliş”i necə, amerikanlara xatırlatdınızmı?

– Təbii ki, “907″-ni xatırlatdıq. Həm də orada Azərbaycana qarşı çox ciddi qüvvələr var və çox ciddi mübarizə gedir. Əslinə qalsa, Azərbaycan çox fəal olmalıdır. Bizim güclü diasporumuz yoxdur. Həmçinin bizimçün işləyən güclü lobbi qruplar olmadığına görə biz məhz parlament diplomatiyasını gücləndirməyi çox önəmli hesab edirik. Rəsmi diplomatiya ilə yanaşı, parlament diplomatiyasının bu müharibədə böyük rolu var.

– Sizin görüşlərin birində “islahatları aparmaq üçün islahatçılar lazımdır” deməyiniz də marağa səbəb olub.

– Mən gənc nəslin savadlı, peşəkar olmasının, Azərbaycanın təhsil sistemində sürətli islahatlar həyata keçirərək dünyada mövcud olan güclü təhsil sisteminə inteqrasiya etməsinin tərəfdarıyam. Burada da ABŞ-la əməkdaşlığın çox böyük rolu var. Azərbaycanın gələcəyi məhz savadlı, peşəkarın gücü ilə bağlıdır. Yeni siyasi, ictimai menecerlər, biznes menecerləri gələcək, müasir Azərbaycanın ən əsas islahatlarını həyata keçirən qüvvəsi olacaq.

– Bunu həm də hakimiyyətə yönəlik mesaj kimi də qəbul etmək olarmı?

– Mən bu fikirləri Bakıda da, Amerikada da, Avropada da hər zaman deyirəm. Söhbət islahatların zəruriliyindən gedir və Azərbaycan gəncliyinin inkişafı ilə bağlıdır. İlk növbədə də bu inkişafı mən təhsil və mədəniyyət sahəsinin güclənməsində görürəm.

– Asim bəy, Azərbaycanda son zamanlar islahatlarla bağlı atılan addımları ABŞ-da necə qarşılayırlar?

– Müsbət qarşılayırlar. Ən azı dostlarımız çox gözəl anlayırlar ki, Azərbaycan Amerikanın strateji maraqları üçün də çox önəmli ölkədir və Azərbaycanla əməkdaşlığın zərurəti barəsində olan fikirləri həm icra strukturlarında, həm Konqresdə, həm Senatda müdafiə edəcəklər.

– Vaxtaşırı ABŞ-ın Azərbaycanla bağlı planlarının olmasından danışılıb, yazılıb. Bir neçə il əvvəl demişdiniz ki, Ağ Evin Azərbaycan hakimiyyətini dəyişmək planı yoxdur. Budəfəki səfərdə hansı qənaətə gəldiniz, Azərbaycan hakimiyyətinə münasibət necədir?

– ABŞ çox gözəl anlayır ki, hər bir xalq öz yolunu, öz rəhbərliyini seçməlidir. Sadəcə olaraq, demokratiyanın, fikir azadlığının inkişafı üçün dəstək verə bilər. Mən hər zaman bunu demişəm, ABŞ-da da təkrar etməkdən çəkinməmişəm ki, nə demokratiyanın, nə də Trotskinin inqilabının ixracı heç vaxt nəticə vermir. Demokratiyanı ixrac etmək olmaz. Hər bir xalq demokratiyanı öz gücünə, öz dəyərlərinə arxalanaraq, özü inkişaf etdirir. Azərbaycan isə tarixən Türk və İslam dünyasının lideri olub. Birinci dünyəvi dövlət qurub. Hətta ABŞ-dan qabaq qadınlara seçib-seçilmək hüququ verib. Azərbaycan xalqının çox böyük bir potensialı var ki, liderliyini inkişaf etdirsin və bu liderliyini digər ölkələrə də nümayiş etdirsin.

– Oxuduq ki, bu proseslərdə ABŞ və Avropadan dəstək istəmisiniz. Elədirmi?

– Bəli. Dəstəyə də böyük ehtiyac var. Çünki Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr fəallaşıb. Azərbaycanın müasir dövlət kimi inkişafından qorxan dairələr bu yolda Azərbaycanın qarşısını almağa çalışırlar. Ona görə də Azərbaycana dəstək verilməsinə ehtiyac var.

– Sovetizmdən imtina çağırışınızın səbəbi nə idi? Bu ismarış Azərbaycan daxilindəki sovetpərəstlərə, Rusiyaya meyllənənlərə yönəlmişdi?

– İlk növbədə Azərbaycanda köhnə idarəçiliyi həyata keçirən qüvvələrə yönəlik fikir idi. Təbii ki, Azərbaycanın daxilində, yerindən, iqtidar, ya müxalifətdə olmasından, imkanlarından asılı olmayaraq, hər kəsə aid idi. Amma mən təbii ki, ilk növbədə köhnə idarəetmə üsulları həyata keçirən məmurları nəzərdə tuturam. Çünki məmur özbaşınalığı Azərbaycan dövlətini zəiflədir. Məmurlar məhz xalqa yaxın olmalıdırlar və xalqa xidmət eləməlidirlər. Bu fikriləri mən hər zaman ifadə edirəm, yerindən, vaxtından asılı olmayaraq.

– Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etməsi şəraitində Rusiyanın Azərbaycana hər hansı təhlükəsi barədə ABŞ-da narahatlıq varmı?

– Əslində hər zaman belə bir təhlükələr var, həm Rusiyadan, həm Rusiya ilə birgə olan qüvvələrdən. Yəni bu təhlükə ilk növbədə bizim müstəqilliyimizə yönəlik təhlükədir. Azərbaycanın müstəqilliyi ölkəmizin və xalqımızın gələcək qarantiyasıdır. Müstəqillik Azərbaycan xalqının əldə etdiyi ən böyük dəyər və nemətdir. Məncə, bu müstəqilliyi qorumaq üçün də beynəlxalq əməkdaşlığı daha da gücləndirməliyik.

– ABŞ-dan bununla bağlı istək varmı?

– Əlbəttə. Mən xatırlatmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinin müstəqilliyi, ərazi bütövlüyü ilə bağlı dəstəyə həmişə böyük ehtiyac olub.

– Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı ABŞ-ın istəyini necə, müşahidə etdinizmi?

– Təbii ki, belə bir istək var. Amma biz unutmamalıyıq ki, Amerika, Avropa, Fransa, yaxud Rusiyada çox güclü və ciddi erməni diasporu, erməni lobbi qrupları var, onlar Azərbaycanla müharibə aparırlar. ABŞ-da onların çox böyük nüfuzu və imkanları var. Onunçün də mən təkrarən bunu vurğulayıram ki, cəbhə xətti tək səngərdən keçmir. Azərbaycana qarşı olan müharibə məhz informasiya müharibəsi, siyasi müharibədir. Bir sıra dövlətlərdə biz bu müharibə ilə bağlı səfərbər olunmalıyıq və mövqeyimizi gücləndirməliyik.