“Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr fəallaşıb”
Bu günlərdə Azərbaycan parlamentinin üç deputatı “hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstəyi” təmin etmək üçün Vaşinqtona səfər ediblər.
Milli Məclisin üzvləri Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Həmçinin İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər. Deputatların səsləndirdiyi fikirlər kifayət qədər maraq doğurub.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Mollazadə “Yeni Müsavat”a müsahibəsində səfərlə bağlı ətraflı danışdı, maraqlı fikirlər söylədi.
– Asim bəy, ABŞ səfəriniz zamanı səsləndirdiyiniz fikirlər kifayət qədər rezonans doğurdu…
– Mən orada yeni bir söz deməmişdim.
– Amma geniş müzakirə olundu. Sizcə, niyə?
– Mən həm Azərbaycan haqqında, həm də keçmiş sovet sisteminin dəyişdirilməsi və perspektivlər barədə danışdım. Bunlar da hər zaman dediyim sözlərdir. Orada yeni bir şey yoxdur. Mən bunları ABŞ-da birinci dəfə demirdim. Sadəcə olaraq, mövqeyim Azərbaycan iqtidarının fikirləri ilə üst-üstə düşür, onlar da artıq anlayıblar ki, bu yolla getmək lazımdır.
– Maraqlıdır, siz orada müxalifəti təmsil edirdiniz, yoxsa hakimiyyəti?
– Yox. Mən müxalifət və Azərbaycan mövqeyindən danışırdım. Mənə elə gəlir ki, iqtidar-müxalifət olmasından asılı olmayaraq, ən əsas məsələ müstəqillik, ərazi bütövlüyü və inkişaf yoludur. Mənə elə gəlir ki, bu, ümumiyyətlə, siyasi mövqe deyil, ilk növbədə vətəndaş mövqeyidir.
– ABŞ-a səfər etməkdə əsas məqsədiniz nədən ibarət idi?
– Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Azərbaycan parlamentinin Amerika ilə dostluq qrupu və ABŞ Konqresində olan Azərbaycanla dostluq qrupu arasındakı münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri idi. Azərbaycan ABŞ-la tərəfdaşlıq siyasəti aparır və bizim bir sıra istiqamətlərdə fikirlərimiz üst-üstə düşür. Bilirsiniz ki, erməni lobbi qrupları və Ermənistanın arxasında duran qüvvələr Azərbaycana qarşı ABŞ-da, dünyada informasiya müharibəsi aparır. Ona görə də ABŞ-la ABŞ Konqresi ilə münasibətlərin gücləndirilməsinə yönəlmiş bir səfər idi.
– Görüşlər əsasən harada keçirildi?
– Həm ABŞ Konqresində, həm Senatda, həm Təmsilçilər Palatasının nümayəndələri ilə çoxsaylı görüşlərimiz keçirildi. Bu görüşlərdə ikitərəfli münasibətlər, ortaq maraqlar və ortaq dəyələrdən danışıldı. Həmçinin Azərbaycan barədə məlumatlar verdik. Əslində Azərbaycan öz dəyərləri ilə dünya üçün çox önəmli bir ölkədir. Biz bir daha ABŞ-da bunu xatırlatdıq.
– Bəs Azərbaycana qarşı vaxtilə qəbul olunmuş və hələ də ləğv olunmamış “907-ci düzəliş”i necə, amerikanlara xatırlatdınızmı?
– Təbii ki, “907″-ni xatırlatdıq. Həm də orada Azərbaycana qarşı çox ciddi qüvvələr var və çox ciddi mübarizə gedir. Əslinə qalsa, Azərbaycan çox fəal olmalıdır. Bizim güclü diasporumuz yoxdur. Həmçinin bizimçün işləyən güclü lobbi qruplar olmadığına görə biz məhz parlament diplomatiyasını gücləndirməyi çox önəmli hesab edirik. Rəsmi diplomatiya ilə yanaşı, parlament diplomatiyasının bu müharibədə böyük rolu var.
– Sizin görüşlərin birində “islahatları aparmaq üçün islahatçılar lazımdır” deməyiniz də marağa səbəb olub.
– Mən gənc nəslin savadlı, peşəkar olmasının, Azərbaycanın təhsil sistemində sürətli islahatlar həyata keçirərək dünyada mövcud olan güclü təhsil sisteminə inteqrasiya etməsinin tərəfdarıyam. Burada da ABŞ-la əməkdaşlığın çox böyük rolu var. Azərbaycanın gələcəyi məhz savadlı, peşəkarın gücü ilə bağlıdır. Yeni siyasi, ictimai menecerlər, biznes menecerləri gələcək, müasir Azərbaycanın ən əsas islahatlarını həyata keçirən qüvvəsi olacaq.
– Bunu həm də hakimiyyətə yönəlik mesaj kimi də qəbul etmək olarmı?
– Mən bu fikirləri Bakıda da, Amerikada da, Avropada da hər zaman deyirəm. Söhbət islahatların zəruriliyindən gedir və Azərbaycan gəncliyinin inkişafı ilə bağlıdır. İlk növbədə də bu inkişafı mən təhsil və mədəniyyət sahəsinin güclənməsində görürəm.
– Asim bəy, Azərbaycanda son zamanlar islahatlarla bağlı atılan addımları ABŞ-da necə qarşılayırlar?
– Müsbət qarşılayırlar. Ən azı dostlarımız çox gözəl anlayırlar ki, Azərbaycan Amerikanın strateji maraqları üçün də çox önəmli ölkədir və Azərbaycanla əməkdaşlığın zərurəti barəsində olan fikirləri həm icra strukturlarında, həm Konqresdə, həm Senatda müdafiə edəcəklər.
– Vaxtaşırı ABŞ-ın Azərbaycanla bağlı planlarının olmasından danışılıb, yazılıb. Bir neçə il əvvəl demişdiniz ki, Ağ Evin Azərbaycan hakimiyyətini dəyişmək planı yoxdur. Budəfəki səfərdə hansı qənaətə gəldiniz, Azərbaycan hakimiyyətinə münasibət necədir?
– ABŞ çox gözəl anlayır ki, hər bir xalq öz yolunu, öz rəhbərliyini seçməlidir. Sadəcə olaraq, demokratiyanın, fikir azadlığının inkişafı üçün dəstək verə bilər. Mən hər zaman bunu demişəm, ABŞ-da da təkrar etməkdən çəkinməmişəm ki, nə demokratiyanın, nə də Trotskinin inqilabının ixracı heç vaxt nəticə vermir. Demokratiyanı ixrac etmək olmaz. Hər bir xalq demokratiyanı öz gücünə, öz dəyərlərinə arxalanaraq, özü inkişaf etdirir. Azərbaycan isə tarixən Türk və İslam dünyasının lideri olub. Birinci dünyəvi dövlət qurub. Hətta ABŞ-dan qabaq qadınlara seçib-seçilmək hüququ verib. Azərbaycan xalqının çox böyük bir potensialı var ki, liderliyini inkişaf etdirsin və bu liderliyini digər ölkələrə də nümayiş etdirsin.
– Oxuduq ki, bu proseslərdə ABŞ və Avropadan dəstək istəmisiniz. Elədirmi?
– Bəli. Dəstəyə də böyük ehtiyac var. Çünki Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr fəallaşıb. Azərbaycanın müasir dövlət kimi inkişafından qorxan dairələr bu yolda Azərbaycanın qarşısını almağa çalışırlar. Ona görə də Azərbaycana dəstək verilməsinə ehtiyac var.
– Sovetizmdən imtina çağırışınızın səbəbi nə idi? Bu ismarış Azərbaycan daxilindəki sovetpərəstlərə, Rusiyaya meyllənənlərə yönəlmişdi?
– İlk növbədə Azərbaycanda köhnə idarəçiliyi həyata keçirən qüvvələrə yönəlik fikir idi. Təbii ki, Azərbaycanın daxilində, yerindən, iqtidar, ya müxalifətdə olmasından, imkanlarından asılı olmayaraq, hər kəsə aid idi. Amma mən təbii ki, ilk növbədə köhnə idarəetmə üsulları həyata keçirən məmurları nəzərdə tuturam. Çünki məmur özbaşınalığı Azərbaycan dövlətini zəiflədir. Məmurlar məhz xalqa yaxın olmalıdırlar və xalqa xidmət eləməlidirlər. Bu fikriləri mən hər zaman ifadə edirəm, yerindən, vaxtından asılı olmayaraq.
– Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etməsi şəraitində Rusiyanın Azərbaycana hər hansı təhlükəsi barədə ABŞ-da narahatlıq varmı?
– Əslində hər zaman belə bir təhlükələr var, həm Rusiyadan, həm Rusiya ilə birgə olan qüvvələrdən. Yəni bu təhlükə ilk növbədə bizim müstəqilliyimizə yönəlik təhlükədir. Azərbaycanın müstəqilliyi ölkəmizin və xalqımızın gələcək qarantiyasıdır. Müstəqillik Azərbaycan xalqının əldə etdiyi ən böyük dəyər və nemətdir. Məncə, bu müstəqilliyi qorumaq üçün də beynəlxalq əməkdaşlığı daha da gücləndirməliyik.
– ABŞ-dan bununla bağlı istək varmı?
– Əlbəttə. Mən xatırlatmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinin müstəqilliyi, ərazi bütövlüyü ilə bağlı dəstəyə həmişə böyük ehtiyac olub.
– Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı ABŞ-ın istəyini necə, müşahidə etdinizmi?
– Təbii ki, belə bir istək var. Amma biz unutmamalıyıq ki, Amerika, Avropa, Fransa, yaxud Rusiyada çox güclü və ciddi erməni diasporu, erməni lobbi qrupları var, onlar Azərbaycanla müharibə aparırlar. ABŞ-da onların çox böyük nüfuzu və imkanları var. Onunçün də mən təkrarən bunu vurğulayıram ki, cəbhə xətti tək səngərdən keçmir. Azərbaycana qarşı olan müharibə məhz informasiya müharibəsi, siyasi müharibədir. Bir sıra dövlətlərdə biz bu müharibə ilə bağlı səfərbər olunmalıyıq və mövqeyimizi gücləndirməliyik.