İlham Əliyev “Diqlas”dakı yanğınla bağlı müşavirə keçirdi – FOTO















Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib.

Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir.

Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

“Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, – deyən prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Azərbaycan prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MÜJDƏ - SON DƏQİQƏ






Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Diqlas” ticarət mərkəzi ilə bağlı tapşırıq verib.

Bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.

Onun sözlərinə görə, ticarət mərkəzində malları yanan sahibkarların müraciətləri İlham Əliyevə çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

Görüşdə çıxış edən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib ki, “Diqlas”da yanğın hadisəsi baş verən andan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarəti altında olub:

“Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırıldı. Şükürlər olsun ki, insan tələfatı baş vermədi. Amma sahibkarlara ciddi maddi ziyan dəyib. Belə hadisələr dünyanın hər yerində olur. Bunların qarşılığında da dövlət öz tədbirlərini görür. Hər ölkənin öz qanunları var”.

Hüseyn Mövsümov qeyd edib ki, İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək:

“Bunun üçün komissiya yaradılacaq. Sahibkarların, dövlət qurumlarının iştirakı ilə yaradılan komissiya əraziyə baxış keçirəcək və dəymiş ziyan müəyyənləşdiriləcək. Hər şey obyektiv olacaq. Bu işdə sui-istifadəyə yol verilməyəcək. Burada aldatmaq cəhdi yolverilməzdir.

Xahişimiz bundan ibarətdir ki, səbrli olun, dövlət daim sizin yanınızdadır”.
Milli təhlükəsizlik orqanlarının yaranmasından 100 il ötür















Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Artıq 22 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. 

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 

Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub. Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı. 

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərini əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatların aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. 
Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərəsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib. 

Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar yubiley münasibətilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının hərbi qulluqçularının bir qrupunu ali hərbi rütbələr, orden və medallar, yüksək fəxri adla təltif etməsi təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədə çalışan hərbi qulluqçulara ikiqat bayram sevinci yaşatdı. 

Ulu öndər Heydər Əliyev deyirdi: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun". Bu gün əlamətdar yubileyi və peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.
Gürcüstanda daha bir azərbaycanlının icra başçısı vəzifəsinə namizədliyi irəli sürülüb















Gürcüstanda gənclərdən ibarət təşəbbüs qrupu azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə Əli Bədirovun namizədliyini irəli sürüb.

Təşəbbüs qrupunda azərbaycanlı və gürcü gənclər təmsil olunub.

Ə.Bədirov bildirib ki, təşəbbüs qrupunun qərarı onun üçün gözlənilməz olub: “Qrupun qərarı ilə bağlı rəsmi cavabım olacaq. Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədliyimi mütləq irəli sürəcəyəm”.

Qeyd edək ki, Ə.Bədirov Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistridir. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.

Marneuli rayonu icra başçısı vəzifəsinə aralıq seçkilər mayın 19-da keçiriləcək. Ə.Bədirovla rayon rəhbəri vəzifəsinə irəli sürülmüş namizədlərin sayı 3-ə çatıb. Bu vəzifəyə digər namizədlər hakim Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallı və müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyevdir. (“Report”)

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi














Nizami rayonunun icra başçısı dükanları yanan sahibkarlarla görüşdü; ticarət mərkəzinin idarəçısı iş adamlarının qarşısına çıxıb vaxt istədi

Martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın zamanı sahibkarlara milyonlarla manat ziyan dəyib.

“Diqlas”da obyektləri kül olan, zərərçəkən sahibkarlar martın 27-də ticarət mərkəzinin qarşısında toplaşaraq kompensasiya tələb ediblər.

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verib ki, onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər. Yüzlərlə sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, bazar rəhbərliyinin əraziyə gəlməsini istəyiblər.

İcra başçısı: “İmkan verilməyəcək ki, kiminsə 1 manatı haqsız yerə batsın”

Əraziyə toplaşan sahibkarlar Nizami Rayon İcra Hakimiyyətinə dəvət edilib və sahibkarlarla icra başçısı arasında görüş keçirilib.

İcra başçısı Arif Qasımov sahibkarlara bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək.

Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi


Zərərçəkmiş sahibkarlar bildirib ki, “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.

“Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarə haqqı verirdim. İki ay əvvəl gəlib ”şapka” istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat arenda verəcəksən” – deyə sahibkarlardan biri bildirib.

Ticarətçi bildirib ki, “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyi hələ də onlarla görüşməyib.

“Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımız, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur” – deyə zərərçəkmişlər qeyd ediblər.

İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.

“Mən burada dövlətimizin nümayəndəsi kimi çıxış edirəm. Hamınızın dedikləri nəzərə alınır, qeyd edilir. Bütün sözlər ölkə rəhbərliyinə çatdırılacaq. Hazırda istintaq gedir. Hər kəs qəbul ediləcək, şikayəti dinləniləcək. Nə qədər zərər dəydiyi müəyyən ediləcək”- deyən icra başçısı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində nəzarətdədir.

Sahibkarlar bazar rəhbərliyinin sahibkarlarla görüşə gətirilməsini tələb ediblər.

İcra başçısı qeyd edib ki, bazar rəhbərliyinin və ya bu işdə kiminsə günahkar olduğunu demək indi mümkün deyil. Başçı qeyd edib ki, yekun qərar araşdırmalardan sonra veriləcək.

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi


İcra başçısı ilə görüşdən sonra “Diqlas”ın idarəediçisi Araz Rəhimov külə dönmüş ticarət mərkəzi önündə sahibkarlarla görüşüb. Görüşdə mindən çox sahibkar iştirak edib.

İdarəçi deyib ki, yanmış binanın da sığortası yoxdur və yanğına görə onlara da pul verilməyəcək. O bildirib ki, satıcıların tələblərini və təkliflərini ticarət mərkəzinin sahiblərinə çatdıracaq: “İcazə verin, gedim sahibkarla görüşüm danışım, görüm necə olacaq?! Axşam onlarla görüşəcəm. Bir-birimizə kömək edək, görək bu işin altından necə çıxırıq. Mən burada hamını adbaad tanıyıram, 10 ildir burada birlikdə işləyirik. Əlimdən gələni edəcəyəm ki, dəyən ziyanla bağlı bir şey edə bilək. İçinizdən 10-15 nəfər ağsaqqal-ağbirçək seçin, lazım olanda da gedək qapıları döyək. Mən də sizinlə bir yerdəyəm. Heç bir provokasiyaya uymayın. Ancaq haqqınızı istəyin”.

TM-in idarəçisi deyib ki, obyektin tezliklə təmir edilməsinə və yenidən işləyəcəyinə ümid edir.

Sahibkarlar deyib ki, onlara son bir ildə ödədikləri kirayə pullarını geri ödəsinlər.

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi


TM-in idarəçisi sahibkarlardan vaxt istəyib: “Mənə vaxt verin, gedim adamlarla danışım, görək fikirləri nədir. Öyrənim, ondan sonra mən yenə sizinlə görüşüb, ətraflı məlumat verəcəm, ondan sonra qərar verərik nə edəcəyimizə. Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum gəldim. ”Diqlas”ın təməli qoyulandan buradayam. İş elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və digər hissəni idarə edən Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik”.

Nəzərə çatdıraq ki, Musavat.com-a daxil olan məlumata görə, “Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. Vəzifədən uzaqlaşdırılan sabiq nazirin əlində qalan çox az əmlakdan birinin də məhz “Diqlas” olduğu bildirilir. Mülkün hazırda onun adına olduğu bildirilir.

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi


Qeyd edək ki, vaxtilə “Diqlas”ın qonşuluğunda yerləşən “Vosmoy” bazarı kimi tanınan bazarı E.Mahmudovun MTN çetesi ələ keçirmişdi. Bununla bağlı bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda mediaya ətraflı danışıb.

Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə veriblər.

Muavat.com-un əldə etdiyi digər məlumata görə isə “Diqlas”a yeri o vaxtlar Nizami RİH-in başçısı olmuş Mehbalı Əliyevsərəncamla ayırıb. Lakin həmin vaxt Nizaminin bələdiyyə sədri bu sənədə imza atmayıb. Səbəb kimi ərazinin yaşıllıq olmasını göstərib. Bundan sonra bələdiyyə sədrinə ciddi təzyiqlər başlayıb. Hətta onun MTN-də bir neçə gün saxlandığı, sənədi imzaladıqdan sonra sərbəst buraxıldığı deyilir.

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi


Bəzi iddialara görə isə “Diqlas” bilərəkdən, təxribat, sabotaj məqsədilə yandırılıb. Səbəb ölkədə sosial narazılıq, xof və gərginlik mühiti yaratmaq ola bilər.

Musavat.com bildirir ki, yanan ticarət mərkəzində milyonlarla manatlıq mal külə dönüb. Xeyli sahibkar bundan ziyan görüb. Onların sığorta və sair başqa adlarla bəzi tələblərdə bulunacaqları istisna edilmir. Son aylar ölkə prezidentinin sosial-iqtisadi sahələrə aid verdiyi sərəncam və fərmanlar əhali tərəfindən rəğbətlə qarşılanır. Prezident xalqla hakimiyyət arasında olduqca isti münasibət yaradıb, ardıcıl təmaslar qurub. Bunun da nəticəsində sosial narazılıqlar xeyli azalıb. Hökumətin işinin yaxşı getdiyi bir vaxtda bu cür hadisənin olması istər-istəməz bəzi şübhələrə yol açır. Ona görə də “Diqlas”ın qəsdlə yandırıldığına dair indidən ictimaiyyətdə fikir formalaşmaqdadır. Bu məsələdə də əsas şübhələr ticarət mərkəzinin sahiblərinin üstünə gedib çıxır. Xatırladaq ki, 2015-ci ilin may ayında 8-ci mikrorayonda yaşayış binasının yanmasından sonra qəsd versiyası ortaya çıxmışdı. Bu məsələdə də əsas şübhələr həmin vaxt dövlət rəhbərliyinin gözündən düşmüş Eldar Mahmudovun üzərinə tuşlanmışdı.

***

Nəzərə çatdıraq ki, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (ONA)

“”Diqlas” Ticarət Mərkəzinin sahibləri, görünür, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə barədə təlimatlarına və tələblərinə riayət etməyiblər. Ona görə də belə bir hadisə baş verib. Biz mütəmadi olaraq bu cür böyük obyekt sahiblərindən yanğından mühafizə sistemlərinin təkmilləşdirilməsini tələb edirik və əməkdaşlarımız yoxlamalar aparır”. Bunu isə BakuPost-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib. O bildirib ki, “Diqlas” TM-də təhlükəsizlik qaydalarına tam əməl edilməyib. Mətbuat xidməti rəhbəri onu da deyib ki, yaxın günlərdə ticarət mərkəzinin sökülüb-sökülməyəcəyi barədə də yekun qərar veriləcək: “Müvafiq qurumlar ekspert rəyləri verəcək. Əgər hesab edilsə ki, ticarət mərkəzini təmir etməklə fəaliyyətini davam etdirmək mümkündür, o zaman bu bina sökülməyəcək. Lakin ekspertlərin rəyi binanın təməllərinin sarsıldığı və istifadəyə yararsız vəziyyətdə olduğu barədə olsa, bu zaman ticarət mərkəzi mütləq sökülməli olacaq”.



Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi


“Diqlas” Ticarət Mərkəzində yanğının yayılmasının əsas səbəbi alkopon üzlük olub, alkopon tez alışan və sürətlə yanan materialdır”.

ONA-nın məlumatına görə, bunu canlı yayımda “Lent.az”ın suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

Xudiyev bildirib ki, yanğın yan tərəfə deyil, daha çox yuxarı, vertikal vəziyyətdə yayılır: “Alkopon da tez alışan və sürətlə yanan olduğundan yanğın vertikal vəziyyətdə qısa müddətdə yuxarı mərtəbələrə yayıldı”.

Rəis müavini qeyd edib ki, hadisə yerinə çatan ilk yanğın bölmələri yanğının məhz piştaxtalarda baş verdiyini bildiriblər: “Yəni ilkin mərhələdə yanğın artıq binaya yayılmışdı. Alkopon qara zəhərli tüstü buraxır. Ona görə də qısa zamanda orada böyük tüstü kütləsi yaranmışdı”.

Xudiyev nəzərə çatdırıb ki, yanğının söndürülməsinə əsas problemi zirzəmi yaradıb: “Zirzəmidə artıq yüklənmə var idi. Mən təsəvvürümə gətirmirəm ki, zirzəmidə necə mağaza ola bilər? Bu, ağlasığmaz bir şeydir. Zirzəmidə adi şamdanlardan, lüstrlərdən tutmuş taxta, sintetik materiallara qədər nə istəyirsiniz, var idi. İki yanğınsöndürənimiz də orada xəsarət aldı”.

Xəzər Universitetindən işdən çıxan alimindən yeni ittihamlar















Mail Yaqub hökuməti Xəzər Universiteti haqda ölçü götürməyə çağırdı; Hamlet İsaxanlı isə deyir ki…

“Bu məsələdən sonra Hamlet İsaxanlı nə mənə zəng edib, nə maraqlanıb. Hazırda işsizəm və inşallah, hər şey yaxşı olacaq. O, ən yaxşı halda deyə bilərdi ki, bizim ona bu qədər məvacib verməyə gücümüz çatır. Amma mənə böhtan atırlar, guya universitetdə əxlaqsızlıq eləmişəm.

Mən onu bu şər-böhtana görə məhkəməyə verə bilərəm, qoy sübut eləsin. Sadəcə, buna vaxtım gedəcək. Qoy açıqlasın ki, əxlaqsızlıq deyəndə nəyi nəzərdə tutur? Hansı tələbəyə qarşı nalayiq hərəkətim olub?”

Bu sözləri “Yeni Müsavat”a “Xəzər” Universitetindən müəllim vəzifəsindən istefa verən Mail Yaqub bildirdi. Adıçəkilən ali məktəbdə təhsil haqqının yüksək olmasına baxmayaraq, müəllimlərə həddən artıq az maaş verilməsini əsas gətirərək işdən gedən M.Yaqub 160 manat əmək haqqı alırmış.

Xəzər Universitetindən işdən çıxan alimindən yeni ittihamlar


M.Yaqub universitetin təsisçisi Hamlet İsaxanlının onun işdən çıxarıldığını, pis hərəkətə görə qovulduğunu deməsinə cavabında qeyd etdi ki, beləydisə nə üçün 11 il işdə saxlanılıb: “Mən özüm universitetdən istefa vermişəm. Sonra deyirlər ki, biz onu çıxarmışıq. Bu illər ərzində tələbələrimdən utanmışam deyə işdən çıxmamışam, qəpik-quruş maaşa orada işləmişəm. Onlar demək istəyir ki, tədris qrupunda guya xanım tələbələrə qarşı pis hərəkətlər eləmişəm. Sual verirəm – mən əxlaqsızamsa, 11 il niyə işdə saxlamısınız? Deyir ki, bütün bunları sənədləşdirmişik. Təbii ki, 20 dəqiqəyə əlli sənəd yazmaq olar. Məsələ gün kimi aydındır – şər-böhtan”.

M.Yaqubun sözlərinə görə, 2013-cü ilə qədər saathesabı işləyib: “Məndən də aşağı maaş alanlar var. Bu hadisədən sonra oradan iki müəllim mənə yazıb. Adlarını çəkmək istəmirəm ki, aldıqları qəpik-quruşdan da olmasınlar. Biri yazıb ki, mənə ayda 260 manat maaş verilməliydi, ancaq 120 manat verildi. Hər tələbə illik 4000-5000 manat təhsil haqqı ödəyir. Amma universitet ştatdankənar işləyən müəllimə 120-150 manat maaş verir. Orada çoxu saathesabı işləyir, sayca az müəllim ştata götürülüb. Hamlet İsaxanlı deyir ki, ayda 1500-2000 manat maaş alan müəllim var. Kimlərdir o müəllimlər? Bu qədər təhsil haqları ödənilir, milyonlar dövriyyə edir, universitetin müəllimə normal maaş verməyə pulu yoxdur? Bəs bu maliyyə hara gedir? Xəzər Universitetinin heç normal laboratoriyası yoxdur. Ümumiyyətlə, ora tədris üçün yaxşı müəllim gəlmir. 23-25 yaşda magistr səviyyədə müəllimlər işə götürülür. Demirəm ki, onların hamısı savadsızdır. Amma 7-8 müəllim maaşa görə oranı tərk eləyib. İctimaiyyət, hökumət və Təhsil Nazirliyi bu universitet barədə ölçü götürməlidir.

Təsəvvür edin, 80 tələbəmin hər biri təkcə mənim dərsimə görə universitetə 400 manat ödəyiblər. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq. Bundan əlavə, Hamlet İsaxanlı bildirir ki, universitetin hoteli var. Amma Xəzərin yataqxanasında qalmaq üçün hər tələbədən ayda 150 manat alırlar, illik təhsil haqqına bu xidməti daxil etmirlər”.

Xəzər Universitetindən işdən çıxan alimindən yeni ittihamlar


Təhsil eksperti Etibar Əliyev də M.Yaquba dəstək verib və facebook hesabında yazıb ki, bu universtetdə müəllimlərin böyük əksəriyyəti saathesabı çalışır: “Şəxsi qazanc gözlərini elə tutub ki, ştata müəllim götürməyi ciblərinə ziyan vurmaq kimi başa düşürlər. Universitetlərin dünya reytinqlərində ştatda olan müəllimlərin say göstəricisi də mühüm rol oynayır. Hamlet müəllim deyə bilərmi ki, qazanılan milyonlar hesabına indiyə qədər Təbiət elmləri və mühəndislik fakültəsində neçə müasir laboratoriya qurulub? Bunu biz təhsil ekspertləri və media nümayəndələrinə göstərə bilərmi? Universitetin müəllim heyəti ilə ictimaiyyəti tanış edə bilərmi?

Son illərdə universitetin 7-8 tanınmış müəllimi hansı səbəbdən universiteti tərk edib? Bunun izahını verə bilərmi?

Tanınmış müəllimlərdən biri yay məzuniyyətinin pulu ödənilmədiyi üçün universiteti tərk edib, bəs qalanları?”

Xəzər Universitetinin təsisçisi və Direktorlar Şurasının sədri Hamlet İsaxanlı bildirib ki, M.Yaqub əxlaqsızlığa görə qovulub: “Gərək öz ayıblarının üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O, özü bizə yalvarıb ki, mənə bir dənə dərs verin. Bir dənə dərsə də nə verilməlidi ki? Onu müəllim kimi saxlamayıblar. Xəzər Universiteti yüksək məvacib verir.

İndi əmək haqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Bütün sənədlər də var, şikayətlər, yazılmış müraciətlər…

Nizam-intizam komissiyasının da rəyi var. Ləyaqətsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə, o, nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib”.
Milli Məclis bu quruma səlahiyyət verməkdən imtina etdi














“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) sabah, martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılıb.
Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.
Bu məsələnin adıçəkilən Palatadan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.
“Diqlas”da dükanları yanan sahibkarlar Nizami icra başçısı ilə görüşür – fotolar














İcra başçısı: “İmkan verilməyəcək ki, kiminsə 1 manatı haqsız yerə batsın”
“Diqlas” ticarət mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlarla icra başçısı arasında görüş keçirilir.

Musavat.com-un görüşdə iştirak edən müxbiri xəbər verir ki, görüş Nizami Rayon İcra Hakimiyyətində baş tutur.

İcra başçısı Arif Qasımov sahibkarla bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək.

Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.

Zərərçəkmiş sahibkarlar bildirib ki, “Diqlas” ticarət mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.

“Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarə haqqı verirdim. İki ay əvvəl gəlib “şapka” istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat arenda verəcəksən”- deyə sahibklardan biri deyib.

Sahibkarlar bildirib ki, “Diqlas” ticarət mərkəzinin rəhbərliyi hələ də onlarla görüşməyib.

“Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımı, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur”- deyə zərərçəkmişlər qeyd edib.

İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.

“Mən burada dövlətimizin nümayəndəsi kimi çıxış edirəm. Hamınızın dedikləri nəzərə alınır, qeyd edilir. Bütün sözlər ölkə rəhbərliyinə çatdırılacaq. Hazırda istintaq gedir. Hər kəs qəbul ediləcək, şikayəti dinləniləcək. Nə qədər zərər dəydiyi müəyyən ediləcək”- deyən icra başçısı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində nəzarətdədir.

Sahibkarlar bazar rəhbərliyinin sahibkarlarla görüşə gətirilməsini tələb ediblər.

İcra başçısı qeyd edib ki, bazar rəhbərliyinin və ya bu işdə kiminsə günahkar olduğunu demək indi mümkün deyil. Başçı qeyd edib ki, yekun qərar araşdırmalardan sonra veriləcək.
Azərbaycanda üç polkovnikə general rütbəsi verildi














Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC-ın xəbərinə görə, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova

polkovnik Zaur Aydın oğlu Əliyevə

polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.
Prezident Tahirə Cəfərovanı təltif etdi














Prezident İlham Əliyev Tahirə Cəfərovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilib.