Gürcüstanda gənclərdən ibarət təşəbbüs qrupu azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə Əli Bədirovun namizədliyini irəli sürüb.
Təşəbbüs qrupunda azərbaycanlı və gürcü gənclər təmsil olunub.
Ə.Bədirov bildirib ki, təşəbbüs qrupunun qərarı onun üçün gözlənilməz olub: “Qrupun qərarı ilə bağlı rəsmi cavabım olacaq. Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədliyimi mütləq irəli sürəcəyəm”.
Qeyd edək ki, Ə.Bədirov Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistridir. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Marneuli rayonu icra başçısı vəzifəsinə aralıq seçkilər mayın 19-da keçiriləcək. Ə.Bədirovla rayon rəhbəri vəzifəsinə irəli sürülmüş namizədlərin sayı 3-ə çatıb. Bu vəzifəyə digər namizədlər hakim Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallı və müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyevdir. (“Report”)